From Wikipedia, the free encyclopedia
Yaşıl Ox (ing. Green Arrow) — DC Comics tərəfindən nəşr edilən komik kitablarında görünən uydurma personajdır. Mort Veyzinger və Corc Papp tərəfindən yaraılmış personaj ilk dəfə 1941-ci ilin noyabrında “More Fun Comics #73” nəşrində təqdim edilmişdir. Əsl adı Oliver Cona Kuin olan personaj zəngin iş adamı və “Queen Industries” adlı şirkətin rəhbəri, Star-sitinin tanınmış şəxslərindəndir.[2] Bəzən Robin Hud kimi geyinən və mahir oxçu olan Yaşıl Ox, bacarıqlarını doğma şəhərləri Star-siti və Sietlda cinayətkarlığa qarşı mübarizə aparmaq üçün istifadə edir, bu məqsədlə tez-tez Ədalət Liqası üzvü olan digər qəhrəmanlarla iş birliyində olur. Müasir hekayələrdə daha az istifadə olunmasına baxmayaraq, Yaşıl Ox adi oxlarla yanaşı yapışqanlı, partlayıcılı, qarmaqlı, gözyaşardıcı qazlı və hətta xüsusi hallar üçün kriptonit başlıqlı oxlardan da istifadə edir. Debüt etdiyi erkən dövrlərdə Betmenin ox mövzulu analoqu olan Yaşıl Ox, sonradan yazıçılar tərəfindən Betmen xarakterindən tamamilə fərqlənən sol qanad personajı kimi inkişaf etdirilmişdir.
Yaşıl Ox | |
---|---|
ing. Green Arrow | |
Nəşriyyat | DC Comics |
Yayım tarixi | More Fun Comics #73 (noyabr, 1941) |
Yaradıcı(lar) |
Mort Veyzinger Corc Papp |
Xüsusiyyətlər | |
Əsl adı | Oliver Conas "Olli" Kuin |
Cinsiyyəti | kişi |
Boyu | 180 sm<[1] |
Çəkisi | 88 kq<[1] |
Göz rəngi | mavi |
Saç rəngi | sarı |
Növü | insan |
Vətəndaşlıq | |
Komiks bioqrafiyası | |
Kainat | yaxşı |
Üzvlükləri |
Ədalət Liqası Amerikanın Ədalət Liqası Birləşmiş Ədalət Liqası Queen Industries Autsayderlər Yeddi Qələbə Əsgəri |
Partnyorları |
Spidi Qırmızı Ox Konnor Houk Qara bülbül Yaşıl Fənər Betmen Fleş |
Düşmənləri | Merlin, Detsrouk, Dedşot, Ras al-Qul |
Ləqəbləri | Ox, Qalaqçı, Kapüşon, Zümrüd oxçu |
Gücləri |
|
Silahları |
Yüksək texnologiyalı ox Müxtəlif effektli oxlar Möhkəm materialdan kostyum |
İlk illərində məşhurluq qazanmış Yaşıl Ox dəfələrlə “More Fun” seriyasının üz qabığında yer almış, həmçinin digər seriyalarda da görünmüşdür. Buna baxmayaraq, nəşrinin ilk iyirmi beş ilində personaj heç vaxt böyük satış uğuru və məşhurluq qazanmamışdır. 1960-cı illərin sonlarında rəssam Nil Adamsın personajı yeni dramatik üslubda təsvir etməsindən ilhamlanan yazıçı Dennis O’Nil onun üçün yeni istiqamət müəyyənləşdirərək, gücsüzlər və kasıbları incidənlərə qarşı səlibçi kimi təqdim etməyə başlamışdır. 1970-ci illərdə novator və sosial yönümlü komiks seriyasında Yaşıl Ox daha çox qanuna meylli personaj olan Yaşıl Fənərlə birlikdə fəaliyyət göstərir. Bundan sonra personaj komiks oxuyucuları arasında məşhurluq qazanır və yazıçılar onu daha çox şəhər mühitində təsvir etməyə çalışırlar.[3] 1990-cı illərdə Oliver Kuin ölür və onu oğlu Konnor Houk əvəz edir. Buna baxmayaraq Konnor oxucular arasında o qədər də məşhurluq qazanmır, buna görə də Oliver Kuin yazıçı Kevin Smitin 2001-ci ildə yazdığı “Quiver” hekayə xəttində dirildilir. 2000-ci illərdə personaj əsasən Yaşıl Ox və Qara bülbülün birgə fəaliyyəti üzərində qurulan “The Green Arrow/Black Canary Wedding” kimi böyük hekayə xəttlərində iştirak etmiş, 2011-ci ildə DC personajlarının yenilənməsinə kimi isə həm də “Justice League: Cry for Justice” kimi mühüm hekayə xəttində rol oynamışdır.
Yaşıl Ox komiks fanatları xaricində o qədər də məşhur olmamışdır: o, 1973-cü ildə “Super dostlar” animasiya serialının seriyalarından birində görünmüşdü. 2000-ci illərdə personaj DC-nin “Limitsiz Ədalət Liqası”, “Gənc Ədalət”, “Betmen” və “Betmen: Kobud və məğrur” kimi televiziya məhsullarında, həmçinin, müxtəlif DC Kainatı Orijinal Animasiya Filmlərində rol almışdır. Canlı aktyor oyunu ilə personaj ilk dəfə Castin Hartli tərəfindən “Smolvil” teleserialında canlandırılmışdır. 2012-ci ildə The CW telekanalı personaja həsr edilmiş “Ox” adlı teleserialını təqdim etmişdir. Həmin serialda personaj Stiven Amell tərəfindən canlandırılmışdır. Serial müsbət rəylər almış[4] və bir neçə spin-off seriyalı çıxarılmışdır ki, nəticədə “The CW telekanalının DC televiziya kainatı”nın yaranmasına səbəb olmuşdur.
Yaşıl Ox və Spidi ilk dəfə Corc Pappın rəsmləri ilə “More Fun Comics #73” nəşrində (üz qabığında tarixinoyabr 1941) təqdim edilmişdir. Mort Veyzinger personajı yaradarkən Robin Qudla yanaşı Edqar Uollesin romanı əsasında çəkilən “Yaşıl oxçu” adlı film serialından da ilhamlanmışdır. O, ideyanı Betmen təsiri ilə superqəhrəman istiqamətində inkişaf etdirmişdir.[5] Oxşarlıqlar arasında personajın Spidi adlı köməkçiyə malik olması, Arroucar və Arroupleyn kimi nəqliyyat vasitələri və Ox-mağarasından istifadə etməsi, zəngin pleyboy alter-eqosu, köməyə ehtiyac olduğu zaman onun çağırılması üçün Betsiqnal kimi Arrousiqnaldan istifadə edilməsi və Betmenin arxidüşməni Coker kimi, Yaşıl Oxun da ağlını itirmiş “Bull's Eye” adlı arxidüşmənə malik olmasını göstərmək olar. Yaşıl Ox və Spidinin mənşə hekayəsi ilk dəfə “More Fun Comics #89” nəşrində təqdim edilmişdir.
Yaşıl Ox 1940-cı illərin ortalarına kimi “More Fun Comics” nəşrlərində, 1946-1960-cı illər arasında isə “Adventure Comics” nəşrlərində ikinci plan personajı kimi istifadə edilmişdir. Bundan başqa, Yaşıl Ox və Spidi “World's Finest Comics #140” nəşrinə (1964) kimi həm də həmin seriyadan olan müxtəlif komikslərdə görünmüşdür. Yaşıl Ox və Spidi “Leading Comics” dəstə kitablarının təbliği üçün istifadə edilən beş əsas qəhrəmandan biri olmuşdur.
Yaşıl Ox Komikslərin qızıl dövründən sonra nəşrinə davam edilən azsaylı DC Comics personajlarından biri olmuşdur. Personajın uzunömürlüyü onun müəllifi olan Mort Veyzingerin təsiri ilə bağlı olmuşdur; yazıçı personajı Superboy başlıqlı “More Fun Comics”, daha sonra isə “Adventure Comics” seriyalarında ikinci dərəcəli personaj kimi saxlamışdır, həmin dövrlərdə Supermenlə əlaqəli komikslərin uğuru şübhə doğurmadığından, Yaşıl Ox 1940-1950-ci illəri uğurla yaşayaraq eyni dövrdə yaradılmış bir çox personajlardan fərqli olaraq unudulmamışdır. Nəticədə, personaj yenidən formalaşmaya məruz qalmamış, Fleş və Yaşıl Fənər kimi Gümüş dövründən yenidən təsvir edilməsinə ehtiyac qalmamışdır.
“Adventure Comics” seriyasında görünməklə yanaşı, #258 nömrədə gənc Yaşıl Ox və Superboyun görüşü də təsvir edilmişdir. Yaşıl Ox və Spidi həm də 1958-ci ildə çıxarılmış, Dik və Deyv Vud tərəfindən yazılmış, Cek Körbi tərəfindən rəsmləri çəkilmiş seriyada rol almışdır. Həmin müddət ərzində personajın əsas macəraları 1947-1963-cü illərdə personajın əsas ssenari müəllifi olmuş Frens Herron tərəfindən yazılmışdır.[6]
1969-cu ildə personajın vizual görünüşünü yeniləyən Nil Adams onu Van Deyk saqqalı və ilk dəfə “The Brave and the Bold #85” (avqust–sentyabr, 1969) nəşrində təqdim edilmiş şəxsi dizaynı olan kostyumla təsvir etmişdir.[7] Yazıçı Dennis O’Nil personajın yeni görünüşündən ilhamlanaraq onu “Justice League of America #75” (üz qabığında tarixi noyabr 1969) nəşrində tamamilə yenilənmiş xarakterlə təqdim etmiş, varidatını itirən Oliver Kuin bütünlüklə sol qanada meyl etmişdir. Hekayədə həm də personajın əvvəl birlikdə döyüşdüyü Qara bülbül onun sevgi marağı kimi təsvir edilmişdir.[8]
1970-ci illərdə personaj O’Nil və Adams tərəfindən yaradılmış və böyük uğur qazanmış seriyada Yaşl Fənərlə (Hel Cordan) birlikdə sosial və siyasi problemlərə qarşı mübarizə aparmşdır. İki həmkar həm də bir-birinə zidd mövqelərdə təsvir edilmişdir: Yaşıl Ox radikal dəyişiklik tərəfdarı olsa da, Yaşıl Fənər daha liberal mövqe tutmaqla mövcud dövlət institutları ilə əlbir və qanunlar çərçivəsində işləməyə meyl edirdi.[8] Kuin Cordanı inandırmağa çalışır ki, əzilən və haqqları yeyilənlərə kömək etmək üçün, o, tabe olduğu Yaşıl Fənərlər Korpusunun qaydalarından kənara çıxmalıdır. O’Nil izah edərək deyir ki, “Nümunəvi vətəndaş olan Yaşıl Fənərlə kontrast təşkil etməsi üçün Yaşıl Ox tez coşan anarxist kimi təqdim edilmişdir.”[9] Duet “Amerikanı kəşf etmək üçün” yola çıxaraq ölkədəki rüşvətxorluq, rasizm, çirklənmə, həmçinin əhali çoxluğu problemləri üzləşir. Hətta #78-79 saylı nəşrlərdə yer almış bir hekayə oxucular tərəfindən Menson ailəsinin kult qətllərinə alleqoriya kimi qəbul edilmiş, lakin, sonradan O’Nil bildirmişdir ki, hekayə avtoritar solçular haqqındadır.[8]
“Green Lantern (vol. 2) #85–86” nəşrində məlum olur ki, Yaşıl Oxun himayəsində olan Spidi heroin asılılığından əziyyət çəkir. Spidi Qara bülbülün köməkliyi ilə asılılığı ilə mübarizə aparır. Bu hekayə cəmiyyətdə böyük reaksiya doğurmuş və nəşriyyat bu hekayəyə görə Nyu-York meri Con Lindsidən təbrik məktubu almışdır.[8] Lakin, buna baxmayaraq həmin dövrdə Yaşıl Fənər komikslərinin satış göstəriciləri aşağı düşməyə davam etmiş, O’Nil və Adams tərəfindən Yaşıl Oxun rolunun artırılması isə düşüşlərin aradan qaldırılmasına kömək etməmişdir.[8] #89 saylı nömrə (aprel/may 1972) ilə “Green Lantern” seriyası tamamlanmış Yaşıl Fənər/Yaşıl Ox hekayə xətti isə “The Flash” seriyasının #217-219 saylı nömrələrində arxa plan hadisəsi kimi nəşr edilmişdir. Daha əvvəl yayımlanmış Yaşıl Ox hekayələri ilə sərt kontrast təşkil edən yeni hekayələrdə sosial məsələlərə yox adam öldürdüyünə görə mənəvi əziyyət çəkən Yaşıl Oxun hisslərinin təsvirinə üstünlük verilmişdir. #421 saylı nəşrdən etibarən Yaşıl Ox ikinci plan personajı kimi “Action Comics” seriyasından olan komikslərdə görünməyə başlayır. “Green Lantern (vol. 2) #87” nəşrində Yaşıl Ox hekayəsi ilə debüt edən Elliot S. Meqqin sonrakı bir neçə ildə personajla bağlı hekayələrin əsas yazarı olmuşdur.[8]
1976-cı ildə O’Nilin yazıları və Mayk Qrellin rəsmləri ilə Yaşıl Fənər/YaşılOx seriyası yenidən buraxılmağa başlasa da, əvvəlki nəşrlərdə qabardılan sosial məzmundan imtina edilmişdir. Başlığın Yaşıl Fənər seriyası kimi nəşr edilməsinə başlanmasından sonra “World's Finest Comics” seriyası çərçivəsində müstəqil Yaşıl Ox başlığının nəşrinə start verilmişdir. Solo seriyasında Oliver qəzet köşə yazarı kimi işə düzəlmişdir ki, bu da ona siyasi fikirlərini daha açıq şəkildə ictimayətə çatdırmağa kömək etmişdir. “World's Finest #255” (1979) nəşrində Oliver Kuin Star-siti meri olmaq üçün çalışsa da cəhdi uğursuzluqla nəticələnir.
1983-cü ilin mayında Yaşıl Oxa həsr olinmiş ilk şəxsi limitli komiks seriyası çıxarılır.[10] Bu mini-seriyada Yaşıl Ox və supercani Qraf Vertiqo arasındakı düşmənçilikdən bəhs edilir.
1985-ci ildə “Sonsuz dünyalarda böhran” zamanı hələ də qırmızı çəkmə və əlcək geyinən Dünya-2 Yaşıl Oxu vəfat edir. Qızıl dövr Dünya-2 personajı Ədalət Liqası və Ədalət Cəmiyyəti tərəfindən çağırılmış Yeddi Qələbə Əsgəri dəstəsinin zaman axarında itmiş və qayıtmış üzvü kimi dirildilir. Böhrandan sonra DC-nin keçmiş multikainatına son verilməsi ilə əlaqədar olaraq Dünya-2 Yaşıl Oxu və Spidisi tamamilə xəttlərdən uzaqlaşdırılır.
1987-ci ildə DC Comics personajı böyümüş oxucular üçün nəzərdə tutulmuş yeni davamlılığa daxil edir. Personajın yeni versiyası Mayk Qrell tərəfindən yazılmış və rəsmləri çəkilmiş “Green Arrow: The Longbow Hunters” (azərb. Yaşıl Ox: Uzunoxlu ovçular) seriyasında təqdim edilmişdir.[11] Üç cildli prestij formatlı limitli seriyada narkotik tacirlərinə qarşı mübarizə faciə ilə nəticələnir, cinayətkarlar Qara bülbülü tutaraq incidirlər. Cavab olaraq Oliver ona hücum edənləri öldürür. Bu seriyada həm də cazibədar yapon oxçusu Şado təqdim edilir. Şado daha sonra Oliverə cinsi təcavüz edərək ondan hamilə qalır və Oliverin ölmüş oğlunun şərəfinə adlandırılmış Robert adlı uşağı dünyaya gətirir.[12]
Qrellin rəhbərliyi altında Yaşıl Ox ənənəvi qadcetlərin istifadəsindən imtina edərək, Star-sitini tərk edir və Sietl, Vaşinqtonda yaşayır. Komiks DC Comicsin daha böyük yaşlı oxucuları üçün nəzərdə tutulduğundan orada çoxlu sayda şiddət səhnələrinə yer verilmiş, Oliver isə əksər hallarda düşmənlərinə qarşı ölümcül gücündən istifadə etmişdir. Qrell ilk 80 nömrəni personajların superqəhrəman xüsusiyyətlərini azaldaraq yazmışdır: Oliver maskasından imtina edir, personajlar Yaşıl Ox və Qara bülbül adlandırılmır, ikinci isə səs gücü bacarığından istifadə etmir. Bu xüsusiyyət personajın həmin bacarığını “The Longbow Hunters” hadisələri zamanı itirilməsi ilə izah edilsə də, paralal olaraq yayımlanan komikslərdə personajın həmin bacarığını istifadə etməsi ilə uyğunlaşmamışdır. Krossover nəşrləri digər yazıçıların da personajlarla işləməsi üçün nəzərdə tutulsa da (məsələn həmin dövrdə Betmen və böyüklər üçün nəzərdə tutulmuş “Sual” komiksi üzərində işləyən Denni O’Nilin personajla işləməsi üçün), Qrell Yaşıl Ox hekayələrini DC Kainatından mümkün qədər izolyasiya olunmuş formada yazmışdır; digər DC personajları, məslən uzun müddət birgə çalışdıqları Hel Cordan (həm də Yaşıl Fənər kimi tanınır) Yaşıl Ox komikslərində peyda olduqda adi küçə geyimi geyinməli və vətəndaş adını istifadə etməli olurdular.[13]
Superqəhrəman heyətlərindən imtina edən Qrell, Yaşıl Ox üçün xüsusi ikinci plan personajları yaratmışdı. Şado ilə yanaşı Qrell, Yaşıl Oxun viqilant fəaliyyətini (o cümlədən cinayətkarları öldürməsini) Sietl polis leytenatı Cim Kameron, MKİ agenti Qreq Osborn, muzdlu qatil Eddi Fayers obrazlarını yaratmışdı. Daynanın Oliveri tərk etməsindən sonra, “Arrow #80” nəşri ilə Qrellin seriyası başa çatdırılmışdır.
Bu seriya çərçivəsində 1992-ci ildə çıxarılmış dörd cildlik “Green Arrow: The Wonder Year” nəşrində personajın mənşə hekayəsinə də yeni baxış təqdim edilmişdir. Qrell Oliveri gənc yaşında ailə biznesinin başına keçmiş sərt hisslər axtarışında olan biri kimi təqdim edir. Adada olduqdan sonra dəyişilən Oliver doğma şəhərində cinayətkarlığa qarşı mübarizə aparmağa başlayır. Qrellin seriyasında həm də Yaşıl Oxu ilk dəfə təhlükəli qadınlar cəlb etməyə başlayır.
Qrellin seriyası başa çatdıqdan sonra DC tədricən Yaşıl Oxu DC Kainatının ənənəvi üslubuna uyğunlaşdırmağa başladı. Hələ Qrellin seriyadan ayrılmasından əvvəl, #63 nömrəli nəşrdən etibarən personajın əsas seriyası (əsasən Kelli Pakket tərəfidən yazılmış, rəsmləri isə Cim Aparo tərəfindən çəkilmişdir) böyüklər üçün (ing. Mature Audience) xəttindən çıxarılmış (həmin xəttə sonradan DC Vertigo adı ilə yayımlanmağa başlamışdır), personaj özü isə ilk dəfə “Green Lantern #47” nəşrində, daha sonra isə digər superqəhrəman nəşrlərində də qonaq kimi görünməyə başlamışdır. Həmin nəşrdə Hel Cordana sevgilisi Kerol Ferris və onun ailəsini Helin düşmənlərinin birindən xilas etməyə kömək edən Oliver, daha sonra 1994-cü ildə çıxarılmış “Zero Hour” (azərb. Sıfır saatı) adlı mini seriyada iştirak etmişdir. Həmin nəşrdə Yaşıl Fənərlər Korpusunun Kost-sitini dağıtmasından sonra, Konnor Houk həlledici anda kainatı dəyişməyə çalışan köhnə dostu Helə oxdan atəş açmalı olur. DC Kainatı ilə yaxşı uyğunlaşdırılmış Konnor Houk obrazı Oliver Kuinin əvvəlki münasibətindən olan oğlu kimi təqdim edilir.
“Green Arrow #100–101” nəşrlərində Kuin, Eden Korpusu kimi tanınan eko-teroristlərin dəstəsinə qoşularaq özünü qurban vermək bahasına, Metropolisi məhv etməli olan bombanı zərərsizləşdirir.[2] Supermen məsələyə müdaxilə etməyə çalışsa da, Kuinin bomba bağlanmış əlini uzaqlaşdırmasından sonra o, kənara çəkilir.[14] Supermen və Kuin arasındakı bu münasibət Frenk Millerin 1986-cı ildə çıxarılmış “Qara cəngavərin qayıdışı” komiksinə hörmət olaraq yaradılmışdır. Kuin daha sonra “Quiver” hekayə xəttində dirildilsə də, tək əli ilə oxçu kimi faydasız olduğunu hiss edir və əziyyət çəkir. Kuinin ölməsi yazıçılara status-kvonu dəyişərək Konnor Houku Yaşıl Ox kimi təsvir etməyə imkan vermişdir. Çak Dikson tərəfindən yazılmış və Houkun macəralarına əsslanan seriya #137 nömrəli nəşrlə tamamlanmışdır.
Kevin Smit tərəfindən yazılmış, rəsmləri Fil Hester və Ande Parks tərəfindən çəkilmiş və “Quiver” hekayə tağının tərkibinə daxil olan 2000-ci illərin “Green Arrow vol. 3” nəşrində Kuin yenidən dirildilir. Aydın olur ki, Helin Oliveri diriltməsi (Oliver/Connor seriasının son nömrəsi olan “Green Arrow #137” nəşrinin son səhifəsində göstərilir) daimi bilərəkdən atılmış səhv addım idi. “The Final Night” nəşrində Yeri xilas etmək üçün özünü qurban verməsindən bir neçə saat əvvəl Hel o biri dünyada Oliverin ruhu ilə danışır. Müzakirə nəticəsində onlar Oliver Kuinin qaytarılmasına razılaşırlar: lakin dirildilən Oliver ruha malik olmur (normal Oliver o biri dünyada qalır), buna görə də, “The Longbow Hunters” mini-seriyasında və ondan sonra çıxarılan seriyalarda baş verən hadisələrdən danışarkən Oliver həmişə “məndən sonra” ifadəsini işlədir.
Dirildilməsindən sonra bir neçə il Star-sitidə viqilant kimi yaşayan Oliver daima superqəhrəman dostlarının nəzarəti altında olur, lakin vaxt keçdikcə özünə inamsızlıq hiss edir və ruhu olmadığını başa düşür. Onun dirildilməsindən Stenli Doverin babası istifadə etmək qərarına gəlir. Belə ki, o, Oliverin ruhu olmadığını nəzərə alaraq, onun bədənini AƏL resurslarının bədheybəti tabe etmək üçün istifadə edilməsinə yönəldir. Sonda Oliverin ruhu o biri dünyadan qayıdaran dirildilmiş dünyəvi bədəni ilə birləşir və Konnor Houka iblislər ordusu ilə mübarizədə kömək edir. Dover bədheybət tərəfindən məğlub edilir və onun bədəni ələ keçirilir, lakin, sonradan iblis öz istəyi ilə bədəni tərk edir. Bədəninin ələ keçiriləcəyini gözləyən Dover bütün varidatını Oliverə verir və Kuin yenidən zəngin və müstəqil şəxsə çevrilir. Oliver, həm də, sonradan öz nəzarəti altında Spidiyə çevriləcək yeni köməkçisi Miya Derdenlə işləməyə başlayır.[15]
Dirilmədən sonra Smit daha qısa bir hekayə xətti də yazır. Burada supergücə malik cani Onomatopoeya son hədəfi kimi Konnoru seçir. Bundan sonra Smit personajla bağlı hekayələrin yazılmasından uzaqlaşır və onun yerini Bred Meltzer tutur.
Onun yazdığı “Green Arrow” adlı yeganə hekayə xəttində köhnə köməkçisi Roy Harperlə yenidən birləşən Oliver Kuin köhnə əşyalarını, o cümlədən illər əvvəl Hel Cordan tərəfindən ona etibar edilmiş ehtiyat güc üzüyünü götürmək üçün köhnə məkana üz tuturlar. Hekayədə həm də göstərilir ki, Oliver Konnor Houkun onun oğlu olmasından xəbərdar idi və hətta doğulmasında da iştirak etmişdi, lakin, sonradan qorxduğuna görə uşaqdan imtina etmiş və anası onu tək böyütməli olmuşdu. Meltzerin hekayə xətti “Green Lantern: Rebirth” mini-seriyasına kimi davam etdirilmişdir. Həmin mini-seriyada Oliver güc üzüyünü bir neçə il ərzində öldüyü düşünülən Sinestroya qarşı istifadə etməyə çalışır, lakin, sonra yenidən doğulan Hel Cordan üzüyü geri çağırır.
Meltzerin yazdığı “Identity Crisis” (azərb. Şəxsiyyət böhranı) adlı min-seriyada Yaşıl Ox mühüm rola malikdir. Burada o, Uzanan adamın həyat yoldaşı Syu Dibninin qətlini araşdırır və iş zamanı Ədalət Liqası üzvlərinin onların kimliyini bilən müxtəlif canilərin yaddaşını sildiyini öyrənir. Bu dövrdə personaj “Justice League” (Ədalət Liqası) kimi müxtəlif başlıqlarda da təsvir edilir. “Justice League Elite” nəşrində Liqanın əsas üzvləri qüdrətli Gamemnae tərəfindən öldürüldüyünə görə Betmen “ehtiyat Liqa” yaradır və Yaşıl Ox Liqanın taktiki məsləhətçisi olur. Həmin dövrdə Yaşıl Ox və Manitou Reyvenin həyat yoldaşı Daun arasında qısa sevgi münasibəti yaşanır.
Cudd Vinik “Green Arrow” seriyasının müəllifi olduqdan sonra, çoxlu dəyişikliklərə yol vermişdir. Oxun yeni köməkçisi və yeni Spidi olan Miya Derdenin QİÇS daşıyıcısı olması müəyyən edilir. Yaşıl Oxun düşmənlər bazası zənginləşdirilir; o, oxçu Merlin və Konstantin Drakonla yanaşı, Denni Brikvell (Kərpic), Qraf Vertiqo və Onomatopoeyaya qarşı da mübarizə aparır. Riddler kimi digər DC caniləri isə qonaq kimi çıxış edirlər.
2006-cı ildə “Infinite Crisis” (azərb. Sonsuz böhran) hadisələrindən sonra başlıq (digər DC Comics başlıqları ilə birlikdə) bir il sonraya (One Year Later nəşri) atılır. Yenidən böyük maddi gəlir toplayan və Star-sitinin meri seçilən Oliver həm küçələrdə, həm də siyasi meydanda cinayətkarlıqla mübarizə aparmağa davam edir.[16] O, həm də yeni kostyumla təsvir edilir; həmin kostyum həm Nil Adamsın klassik kostyumu, həm də Mayk Qrellin “Longbow Hunters” kostyumunun elementlərini özündə birləşdirir. Fleşbeklərdən məlum olur ki, “Infinite Crisis” zamanı Oliver ölümcül hücuma məruz qalmış və gücünü bərpa etməyə uzun müddət sərf etmişdir. O, bir neçə döyüş ustadından, o cümlədən sensey kimi tanınan və bir zamanlar Detstrouku da məşq etdirmiş olan Natasdan döyüş dərsləri alır və qılıncla döyüşməyi öyrənir. Gizli şəkildə Autsayderləri dəstəkləməsi ortaya çıxdıqdan sonra şəhərdə ciddi siyasi qalmaqal yaranır və Oliver mer postunu tərk etməli olur. Kuin xələfinin onun tərəfindən yaradılmış ictimai insitutlara hörmətlə yanaşacağı halda, könüllü şəkildə istefaya getməyə razılaşır.[17] Seriya Oliverin Daynaya (Qara bülbül) təklif etməsi ilə başa çatır.
2007-ci ildə Endi Diql və Cokun müəllifliyi ilə çıxarılmış “Green Arrow: Year One” (azərb. Yaşıl Ox: Birinci il) nəşrində personajın mənşə hekayəsinin yeni versiyası təqdim edilmişdir.[18] Əvvəlki nəşrlərin materiallarına əsasən Oliver Kuin zəngin, macəra axtaran gənc kimi təsvir edilir. Gəmi qəzasından sonra tənha adaya düşən Kuin qaçaqmalçılıq əməliyyatının üstünü açır. Nəticədə o, dəyişilmiş xarakterlə doğma şəhərinə qayıdır. Hekayənin yekun hissəsində Oliver bildirir ki, heroin tacirləri ilə bağlı hadisəni üz qabığı kimi istifadə etmək olar və bu Yaşıl Ox mənşə hekayəsinəv və Mayk Qrellin versiyasına istinaddır.
Davamlı seriyanın tamamlanmasından sonra DC Comics dörd hissədən ibarət aylıq “Black Canary” (Qara bülbül) nəşrinin yayımına başlayır. Burada Yaşıl Ox Sini məktəbdən götürərək yeni həyata uyğunlaşdırmağa kömək edir. Seriya Qara bülbülün Yaşıl Ox tərəfindən təklif edilmiş evlənmə təklifini qəbul etməsi ilə başa çatır. Bu, DC Comicsin Yaşıl Ox/Qara bülbül ətrafında cərəyan edən və “Countdown to Final Crisis” (azərb. Yekun böhrana geriyə sayım) nəşri ilə əlaqəli olan üç xüsusi buraxılışın yayımlanmasına gətirib çıxarmışdır. Bunlar “The Black Canary Wedding Planner” (azərb. Qara bülbül toy planı), “JLA Wedding Special” (azərb. AƏL Toy Xüsusi) və “The Green Arrow/Black Canary Wedding Special” (azərb. Yaşıl Ox/Qara bülbül Toy Xüsusi) nəşrləridir. Xüsusi toy nəşrləri “Green Arrow/Black Canary” (azərb. Yaşıl Ox/Qara bülbül) nəşri üçün əsas olmuşdur. Xüsusi toy nəşrinin sonunda Qara bülbül özünə nəzarəti itirmiş Yaşıl Oxu öldürməli olur.
Yeni ardıcıl seriyada məlum olur ki, Qara bülbülün öldürdüyü yalançı Yaşıl adam imiş, bu müddət ərzində isə əsl Yaşıl Ox Afroditanın əsirliyində olmuşdu. Qara bülbül, Konnor və Miya Yaşıl Oxu xilas etmək üçün işə başlayırlar. İş zamanı Oliveri vurmaq üçün atılmış güllə Konnora gəlir. Konnor dincəldiyi vaxt Qara bülbül və Yaşıl Ox həqiqətən evlənirlər, evə qayıtdıqda isə Konnorun qaçırıldığını görürlər.
Bu hekayə xətti Konnorun gizli düşməndən azad edilməsinə həsr edilmiş ikinci hekayə xəttinə başlanğıc verir. Nəticədə Doktor Sivananın manipulyasiyaları sayəsində Konnor zərər çəkmədən azad edilir. #15 nömrəli nəşrdən etibarən seriyanın yazarı kürsüsünə Endryu Kreysberq keçir.
“Blackest Night” (azərb. Qaranlıq gecə) komiksində Qara Fənərlər Korpusunun üzvü olan Oliver keçmiş tərəfdaşlarına, o cümlədən oğlu, həyat yoldaşı və köməkçisinə qarşı döyüşməyə başlayır. Döyüş zamanı Konnor deyir ki, heç vaxt atasını başğışlamayıb[19], Oliverin daxili monoloqu isə ailəsinə olan sevgisi və gördüyü işə nifrətini üzə çıxarır. Komanda Oliveri maye azotla donduraraq təhlükəsizləşdirir.
“Cry for Justice” (azərb. Ədalət üçün göz yaşı) mini-seriyasında AƏL düşməni Prometey Liqa üzvlərini qıcıqlandırmaq üçün Star-sitini dağıdır. Cinayətkarı ələ keçirən Yaşıl Ox onu öz mağarasına gətirir və iki qaşının arasından oxla vurmaqla öldürür.[20]
Oliverin ədalətin bərpası hesab etdiyi və gizli həyata keçirilmiş bu qətl şəhərdə həyata keçirilmiş bombalamalara (partlayışlar zamanı Roy Harperin (Qırmızı Ox) qızı Lian Harper də vəfat edir) cavab olsa da, əhali arasında narazılıqlara səbəb olur.[21] Bundan sonra Oliver qisas almağa davam edir, Prometeylə əlaqəsi olan və ya ona kömək etmiş bütün supervinayətkarları bir-bir taparaq təhlükəsizləşdirir. AƏL-dan olan tərəfdaşlarının onun əməllərindən xəbərdar olmasından sonra, Yaşıl Oxu sakitləşdirirlər, o sərhədləri keçdiyini başa düşür və özünə gəlir: Qara bülbül evlilik üzüyünü geri qaytarır. “Green Arrow/Black Canary ” hekayə xətti bu yerdə başa çatır və “Justice League: Rise and Fall Special” (azərb. Ədalət Liqası:Yüksəliş və Eniş Xüsusi) hekayə xətti başlayır; Oliver məhkəmə qarşısına çıxır, lakin, andlılar onun motivlərini inandırıcı sayıb günahsız elan edirlər. Bundan sonra o, Star-sitidən qovulur və meşədə tək yaşamağa başlayır.[22]
Qaranlıq gecə hadisələrindən sonra ağ üzük Dedmeni Star-siti xarabalıqlarına gətirib çıxarır.[23] Yerin həyat gücünü istifadə edən üzük şəhərin xarabalıqları arasında bir günün içində böyük meşə yaradır.[24]
Star-sitinin məskunlaşmış olmasından xəbəri olmayan Yaşıl Ox xarabalıqlar arasında yerləşən bu meşəyə gələrək məskunlaşır.[25]
2011-ci ildə #1 nömrəli nəşrlə bütün başlıqlarını yenidən buraxan DC, yenilənmiş davamlığı “The New 52” adlandırmışdır. “Green Arrow” yenilənmiş 52 başlıqdan biri olmuşdur.[26] “Fleşpoint”dən (ing. Flashpoint) əvvəlki ardıcıllıqda Yaşıl Ox olan Oliver Kuin özü qaydaları pozsa da, bütün dünyada ədaləti bərpa etməyə və qanunları pozan cinayətkarlara qarşı mübarizə aparır. Yeni ardıcıllıqda “Queen Industries” şirkətinin tərkibində “Q-Core” adlı şirkət yaradan Oliver bu şirkət vasitəsiylə Yaşıl Oxu təmin edir. O, Roy Harperlə olan keçmiş əməkdaşlığını xatırlasa da, Royun “Red Hood and the Outlaws” nəşrindən olan xatirələrindən aydın olur ki, onların arası ciddi şəkildə dəyib və Oliver onu “Q-Core”dan qovub.[27] Syetlda məskunlaşan Oliver texnika dahisi olan yaxın dostlarının köməyi ilə vigilant fəaliyyətini davam etdirir. Əlavə olaraq, onun Qara bülbüllə romantik əlaqəsi,, Yaşıl Fənərlə (Hel Cordan) dostluğu və ata olması (Konnor Houkun və Şadodan olan II Robert Kuinin) faktları da rebut nəticəsində ləğv edilir.
The New 52 seriyası əvvəlcə J. T. Krul tərəfindən yazılmış, sonradan onu Keyt Giffen və Den Curgens, daha sonra isə Enn Nosenti əvəz etmişdir. Lakin, bu yazıçıların heç biri nə tənqidçilər, nə də oxucular tərəfindən müsbət qarşılanmamışdır. #17 nömrəli nəşrdən etibarən seriya üzərində yazıçı Ceff Lemyer və rəssam Andrea Sorrentinodan təşkil olunmuş yeni heyət çalışmağa başlayır və bu cütlüyün işi müsbət qarşılanır. Lemyerin hekayəsində Oliverin adada keçirdiyi dövrlə bağlı yeni sirli hadisələr təqdim edilməklə yanaşı, həm də qədim Ox klanı və Yaşıl Oxla əlaqəli olan Autsayderlər kimi komandalar da xatırlanır. Yeni antaqonist kimi Oliverin atasının oxçusu olan qatil Komodo təqdim edilir. Onunla yanaşı New 52 seriyasında Qraf Vertiqo, Şado, Saatların kralı, Riçard Drakon və “Ox” teleserialı üçün yaradılmış Con Diql personajları da istifadə olunur.
Şado ilə görüşən Oliver öyrənir ki, o, Oliverin atasından (Robert Kuin) Emiko adlı qız uşağı dünyaya gətirib və uşaq Komodo tərəfindən öz övladı kimi böyüdülüb. Autsayderlərin missiyası çərçivəsində və “yaşıl ox” adlı relikviyanı tapmaq üçün yenidən adaya qayıdan Oliver öyrənir ki, əslində atası bu vaxta kimi sağ qalıb, onun adada olduğu müddətdə isə zamanla manipulyasiya edərək Oliverin hazırda olduğu adama - Yaşıl Ox adlı qəhrəmana çevrilməsinə səbəb olub. Yeni öyrəndiyi məlumatdan ikrah hissi keçirən Oliver Şado və atasını adada tərk edərək Amerikaya qayıdır. Şado və Robert Oliverin ardınca Praqaya gəlirlər, atasının kim olması haqqında öyrənən Emiko Komodoya qarşı çıxır. Qızını qorumaq istəyən Robert Komodo tərəfindən öldürülür, daha sonra isə Emiko Komodonu öldürür.
2013-cü ildən etibarən DC Yaşıl Oxu “Justice League” (vol. 2) (azərb. Ədalət Liqası (II cild)) və “Justice League Dark” (azərb. Qara Ədalət Liqası) seriyaları ilə paralel çıxarılan “Justice League of America (vol. 3)” (azərb. Amerikanın Ədalət Liqası (III cild)) seriyasının əsas qəhrəmanlarından birinə çevirmişdir. Bu kitabda Amanda Uoller və Stiv Trevor A.R.Q.U.S-un qalıqlarından ABŞ hökumətinə xidmət edəcək, Supermen və Betmenin başçılıq etdiyi Ədalət Liqasının nəzarətdən çıxacağı halda onlara qarşı çıxacaq Amerikanın Ədalər Liqasını yaradır, Yaşıl Ox da həmin komandaya daxil olur. AƏL xəttinin tamamlanmasından sonra “Forever Evil” (azərb. Əbədi İblis) hekayəsinin sonunda Yaşıl Ox Lemyer tərəfindən yazılan “Justice League United” (azərb. Birləşmiş Ədalət Liqası) seriyasında görünür.
3 iyul 2014-cü ildə #34 nömrəli nəşrdən sonra Lemyer və Serrentinonun Yaşıl Ox seriyasını tərk edəcəyi, onların yerinə personajın hekayələri üzərində yazıçılar Endryu Kreysberq və Ben Sokolovski, rəssam Deniel Samperenin çalışmağa başlayacağı elan edilmişdir. Kreysberq və Sokolovskinin ilk The New 52 nəşrində Felisiti Smok və Miya Derden seriyada debüt etmişdir. Kreysberqin seriyasında personaj Miyanın atası olan və Merlini işə cəlb edən güclü maqnat Con Kinqlə mübarizə aparır. Kinqin imkanları ilə mübarizə aparmaqda aciz qalan Oxa kömək etmək üçün onun köməkçiləri Felisiti və Diql Betmen, Arsenal, Emiko, Katana, Oniks, Kupidon, hətta o zaman Ədalət Liqası üzvü olan Leks Lütoru dəvət edirlər.
DC-nin 2015-ci ilin may-aprel aylarında çıxardığı “Convergence” (azərb. Konvergensiya) hekayə xəttindən sonra Yaşıl Oxun yaradıcı heyəti yenidən dəyişdirilmiş, bu dəfə personajla bağlı hekayələr üzərində yazıçı Ben Persi və rəssam Patrik Zirçer çalışmağa başlamışdır. Onların seriyası daha çox qorxu janrına yaxınlığı ilə seçilmişdir. “Ox” serialından olan elementlər ləğv edilmiş, Lemyerin yaratdığı Emiko və Henri Fiff kimi personajlara üstünlük verilmişdir. Persinin ilk hekayə xəttində Yaşıl Oxun drona oxşar qurğu vasitəsiylə rasist cinayətkara qarşı fəaliyyət göstərməsi qeyd edilmişdir.
2016-cı ildə “New 52” davamlılığına zərər vurmadan “Flashpoint” (azərb. Fleşpoint) hadisələridən əvvəlki DC Kainatı elementlərinin bərpası üçün DC Comics DC Rebirth hadisələri ilə əsas başlıqlarını növbəti dəfə yeniləyir.[28] Ben Persi seriyanın əsas yazarı olaraq qalsa da, onun ətrafında Otto Şmidt, Xuan Ferreyra və Stefan Birndən təşkil edilmiş yaradıcı heyət formalaşdırılır. Bu ardıcıllıqda Yaşıl Ox Emikonun xəyanətinə məruz qalır, Persi yenidən Şadonu hekayəyə daxil edir və Qrellin ardıcıllığında olduğu kimi Con Diql yenidən kitaba qaytarılır. Həmçinin Yaşıl Ox üçün xarakterik olan Van Deyk saqqalı və 2011-ci ildən bəri ilk dəfə Yaşıl Ox və Qara bülbül arasında romantik münasibətlər qaytarılır. Persi həm də Yaşıl Oxun “sosial ədalət döyüşçüsü” olan siyasi görüşlü şəxs statusunu bərpa edir.[29] Emikonun Oliverin tərəfində olması müəyyən edildikdən sonra isə o, Qırmızı Ox adını götürür.[30]
Uzun illər ərzində DC, Multikainat adlandırılan parallel dünyalarda baş verən hadisələrdən bəhs edən çoxlu kitablar nəşr etmişdi. Bu, yazıçılara davamlılıq problemləri və uyğunsuzluqlarına fikir vermədən hekayələri istədikləri kimi nəql etməyə imkan verirdi. 1940-cı illərin Yaşıl Oxu digər Qızıl dövr personajları kimi Dünya-2-də yerləşdirilmişdi. Həmin Yaşıl Ox köməkçisi Spidi ilə birlikdə Qələbənin Yeddi Əsgəri və “All-Star Squadron” komandalarına daxil olmuşdur. Müasir Yaşıl Oxla fərqli mənşə hekayələrinə malik olsa da, Qızıl dövr Yaşıl Oxu həm də çoxlu paralellərə malik idi. DC Multikainatının bütün dünyalarını məhv edərək yeganə dünya ilə rebut edən “Crisis on Infinite Earths” (azərb. Sonsuz dünyalarda böhran) hadisələri zamanı Qızıl dövr Yaşıl Oxu öldürülür.
DC-nin həftəlik 52 seriyası yeni 52-dünya Multikainatını yaratmışdır. Hazırda davam edən “Countdown” seriyasında onların bir neçəsi istifadə olunur. Dünya-3-də Yaşıl Oxun qəddar versiyası yaşayır və o, Amerikanın Cinayət Cəmiyyəti adlı supercinayətkarlar heyətinin üzvüdür. Personajın Ölügöz (ing. Deadeye) daha bir qəddar versiyası isə Antimateriya kainatında yaşayır. Dünya-15-də Oliveri Yaşıl Ox kimi Roy Harper əvəzləmişdir.[31] Personajların genderinin dəyişdirildiyi Dünya-11-də Yaşıl Ox Oliviya Kuindir.[32] “Kingdom Come” (Dünya-22) və “Dark Knight Returns” (Dünya-31) nəşrlərində görünən Yaşıl Oxlar sonradan 52-dünya Multikainatında birləşdirilmişdir.
Fleşpoint hadisələrinin akternativ xronologiyasında Oliver Kuin Green Arrow Industries rəhbəri olmaqla yanaşı həm də Yaşıl Oxlar dəstəsinə başçılıq edir. Özü ixtiraçı dahi olsa da, superqəhrəmanların qurğularını da əllərindən alaraq istifadə edir. Bir gün Oliver Yaşıl Oxların qadın tərəfidən öldürüldüyünü öyrənir. Döyüşə hazırlaşan Oliver öyrənir ki, həmin qız Oliverin keçmiş sevgilisi Viksendən olan qızıdır.
Personaj, Frenk Millerin “Batman: The Dark Knight Returns” (azərb. Betmen: Qara cəngavərin qayıdışı) və “Batman: The Dark Knight Strikes Again” (azərb. Betmen: Qara cəngavər yenidən zərbə endirir) kitablarında görünür. Bir qolunu itirməsinə baxmayaraq (Supermenə görə[33]) Oliver hələ də effektiv oxçu olaraq qalır (oxu bir əli və dişi ilə çəkərək atır). Sonradan Betmen ona itirilmiş əlini əvəzləmək üçün hazırlanmış kibernetik əl hədiyyə edir. “The Dark Knight Returns” kitabında Oliver anarxist kimi göstərilsə də, “The Dark Knight Strikes Again” kitabında o, “kommunistə çevrilmiş milyarder” kimi təsvir edilir.
“JLA: The Nail” (azərb. AƏL: Mismar) və onun sikveli olan “JLA: Other Nail” (azərb. AƏL: Başqa mismar) kitablarında Amazoya qarşı mübarizədə Oliver qolu və gözünü itirir, Qırğı-adam isə ölür. Bundan sonra əlil arabasına məhkum olmuş qəzəbli və kobud Oliver Perri Vaytın AƏL-in yadplanetlilər olduğu və dünyanı ələ keçirməyə çalışdığını qeyd etdiyi tok-şousunu hədələyir. Komanda yoldaşları bunun Oliverin mübarizə aparmaq üsulu olduğunu düşünürlər. Bundan sonra Oliverin Beyni Amazonun bədəninə köçürülür. Fleş Amazonun elektronlaşdırılmış beynini çıxarır və yerinə Oliverin beynini yerləşdirir. Yeni bədənində Oliver komanda yoldaşlarına dünya əhəmiyyətli təhlükəni aradan qaldırmağa kömək edir.
“Batman: Holy Terror” (azərb. Betmen: Müqəddəs terror) kitabında Oliverin gizli yəhudi pornoqraflarını dəstəklədiyi qeyd edilir. Din Motterin “Batman: Nine Lives” (azərb. Betmen: Doqquz həyat) kitabında Oliver kameo rolunda Brüs Ueynin cəmiyyət arasında tanınan dostu kimi qeyd edilir. Oliver Kuin həm də Mayk Miqnolanın “Batman: The Doom That Came to Gotham” (azərb. Betmen: Qotemə gələn tale) seriyasında istifadə edilir. Burada Məbəd Cəngavəri olan Oliver, Müqəddəs Sebastyanın qanına batırılmış sehrli oxlardan istifadə edir. #2 nömrəli nəşrdə o, Zəhərli sarmaşıq tərəfindən öldürülür.
Mark Veyd və Aleks Rossun “Kingdom Come” (azərb. Krallıq gəlir) nəşrində keçəlləşən Yaşıl Ox Supermenin ordusuna qarşı çıxmaq üçün Betmenlə birləşir. O, uzun müddət sevgi münasibətində olduğu Dayna Lenslə evlənir və Oliviya Kuin adlı qızı doğulur. Yaşıl ox Üzüklərin hökmdarı romanının təsiri ilə yazılmış “League of Justice” (Ədalətin Liqası) kitabında görünür və burada o, “Uzunboğaz Yaşılox” (ing. Longbow Greenarrow) adlandırılır. “JLA: Age of Wonder” nəşrində Yaşıl Ox kasıbların müdafiəçisi və qəddarların düşməni kimi təqdim edilir.
Digər DC superqəhrəmanları kimi, Yaşıl Ox da bəzən Ox komandası adlandırılan geniş dəstəkçi personajlar heyətinə və cinayətkarlar qalereyasına malikdir. Seriyadan asılı olaraq personajın köməkçi heyəti dəyişsə də, onun köməkçisi Spidi (Roy Harper və Miya Derden) və sevgi marağı Qara bülbül dəyişməz olaraq qalmışdır. Oliverin oğlu Konnor Houk və Qara bülbülün ögey qızı Sin də onların vigilant ailəsinin üzvü olmuşdur. Qısa müddət ərzində Yaşıl Oxun Xanım Ox adlı köməkisi də olmuş və onlar birlikdə çalışmışlar. The New 52 rebutu Yaşıl Oxun köməkçi personajlar dəstəsinə də təsir etmiş, bir neçə yeni personaj təqdim olunmuşdur. Yeni personajlar arasında keçmiş Queen Industries texnologiya mütəxəssisi Naomi Sinq və Henri Fiff, oxçunun ögey bacısı Emiko Kuin (sonradan Qırmızı Ox olur) də vardır. “Ox” teleserialından olan Felisiti Smok və Con Diql personajları da 2015-ci ildən etibarən komiks kitablarına uyğunlaşdırılmışdır. Oliverin köməkçi personajlarından olmasa da, oxçu Şado da onunla bağlı hekayələrdə tez-tez xatırlanır. Bundan başqa Yaşıl Ox tez-tez məşhur komiks qəhrəmanı Yaşıl Fənərlə birlikdə çalışır və uzun illər onların birlikdə macəralarına həsr edilmiş “Green Lantern/Green Arrow” seriyası çıxarılmışdır.
Ədalət Liqası üzvü kimi Yaşıl Ox tez-tez krossover nəşrlərində də görünmüş, bəzi nəşrlərdə isə əsas DC personajı kimi çıxış etmişdir. Ədalət Liqası üzvlərindən Olli həyata fərqli baxış tərzlərinə görə Qırğı-adamla davamlı qarşıdurmaya malikdir, Birləşmiş Ədalət Liqası heyətindən isə Heyvan-adamla dostluq əlaqəsi saxlayır. Yaşıl Ox həm də Betmen tərəfindən yaradılmış Autsayderlər komandasına daxil olmuşdur. Qızıl dövr komiks kitablarında Yaşıl Ox və Spidi həm də Yeddi Qələbə Əsgəri komandasına daxildir.
Yaşıl Oxun davamlı düşmənləri arasında peşəkar oxçu Merlin və Qraf Vertiqo əsas yeri tuturlar. Digər düşmənlər isə Ağ çinli, Saatların kralı, Kupidon, Kərpic və Konstantin Drakondur. 2000-ci illərdən etibarən DC-nin əsas canilərindən biri olan Detstrouk da davamlı olaraq Yaşıl Oxla mübarizə aparır.
“Smolvil” teleserialında Castin Hartli tərəfindən yaradılmış Oliver Kuin/Yaşıl Ox obrazı ilk dəfə altıncı mövsümün “Asqırıq” adlı ikinci seriyasında təqdim edilmişdir. Personaj ikinci planda doğma şəhəri Star-sitini qoruyan vigilant və Lois Leynin sevgi marağı kimi təqdim edilir. Bundan sonra o, Klark Kentlə dostlaşır. Leks Lütorun kimyəvi təcrübələrinə son qoymaq üçün “Ədalət” adlı seriyada Klark və Oliver güclərini birləşdirirlər. Növbəti dəfə “Sirena” adlı seriyada görünən Oliver LuthorCorp şirkətinə qarşı mübahisə aparmağa davam edir və Qara bülbüllə tanış olur.
Lütor, Tiq və Svonn ailələri ilə biznes əlaqələrinə görə səkkizinci mövsümdən onuncu mövsümə kimi Hartli serialın əsas aktyor heyətinə daxil olur; Oliver Leks Lütorun uşaqlıq dostu və məktəb yoldaşı olur. Səkkizinci mövsümün “Rekviyem” adlı seriyasında Klarkın fikrinin əksinə olaraq Lütoru öldürən Oliver Klarkla olan dostluğunu itirməyə risk edir. Mövsüm boyunca daha yaxın dostlara çevrilən Oliver və Klark bütün təhlükələrə qarşı birgə mübarizə aparırlar, ehtiyac olduqda isə güclərini Ədalət Liqası ilə birləşdirirlər. Bu müddətdə Oliver Loisin xalası qızı Xloya Sallivan ilə görüşməyə başlayır və sonradan onlar evlənirlər. Serialın finalında Oliver Kuin, Lois və Klarkın toyunda onların ən yaxşı dostu kimi təqdim edilir, Xloyanın isə ondan hamilə olması göstərilir. Serialın komiks davamında Oliverin oğlu Conatan Kuinin Kların ögey atası şərəfinə adlandırılması göstərilir.
18 yanvar 2012-ci ildə “The CW” telekanalı Yaşıl Ox personajı əsasında yaradılacaq və Qreq Berlanti, Mark Quqqenheym və Endryu Kreysberqin prodüserlik etdiyi teleserialın pilot seriyası üçün yaşıl işıq yandırmışdır. “Ox” serialı personaja yeni baxış təqdim edir. Burada o, heç bir supergücə malik olmadan realistik təfsirlə təqdim edilir. Serialda oxatan qəhrəman kimi təqdim olunan Oliverin həm də qəhrəman olmasına gətirib çıxaran adada keçirdiyi günlər təqdim edilir.[34] Endryu Kreysberq izah edərək deyir ki, “biz personajı koikslərdə gördüyümüz Yaşıl Oxdan bir qədər çox əziyyət çəkmiş təsvir etmişik.”[35] Serialda Oliver Kuin Stiven Amell tərəfindən canlandırılmışdır.[36][37] 10 oktyabr 2012-ci ildə Şimali Amerikada serialın premyerası baş tutmuş[38], növbəti aylarda isə birinci mövsüm yayımlanmışdır.[39] 11 fevral 2013-cü ildə serialın ikinci mövsümünün yayımlanacağı elan edilmiş[40] və 9 oktyabr 2013-cü ildə premyera baş tutmuşdur.[41] 13 fevral 2014-cü ildə The CW serialın üçüncü mövsümünün çəkiləcəyini bildirmiş və 8 oktyabr 2014-cü ildə premyera baş tutmuşdur.[42] 11 yanvar 2015-ci ildə “Ox” serialı dördüncü mövsüm üçün yenilənmiş və 7 oktyabr 2015-ci ildə premyera baş tutmuşdur.[43] Komikslərdən fərqli olaraq, “Ox” serialında Oliver Kuin dördüncü mövsümə kimi “Yaşıl Ox” ləqəbi ilə tanınmır; birinci mövsümdə o, “Kapüşon”, ikinci və üçüncü mövsümlərdə isə Ras al-Qulun təsirinə düşənə kimi isə “Ox” adlandırılır. 8 yanvar 2017-ci ildə The CW serialı altıncı mövsüm üçün yeniləmişdir.
Hadisələri paralel olaraq “Ox” serialı ilə eyni kainatda və eyni vaxtda baş verən “Fleş” teleserialında Stiven Amell tərəfindən canlandırılan Oliver Kuin də bəzi hadisələrin gedişində iştirak edir.[44] Pilot seriyasında Starlinq-sitiyə gələn Barri Allen Oliverlə görüşür və ondan məsləhətlər alır. Serialın təbliğat afişasında kostyumlu Barrini məşq etdirən Oliver təsvir olunmuşdu. Seriallardakı hadisələr və personajlar tez-tez bir-birinə təsir göstərir; cinayətkar Leonard Snartın öhdəsindən gəlməkdə Barriyə kömək etmək üçün Oliverin köməkçilərindən biri olan Felisiti Smok Sentral-sitiyə gəlir; bir müddət sonra iki serial arasında ilk krossover baş tutur. “Fleş Oxa qarşı” adlandırılan krossoverdə Oliver metainsanın təsirinə məruz qalmış Barrini xilas edir, Barri isə Kapitan Bumeranqın həbs edilməsində Oliverə kömək əlini uzadır.
“Ulduzlar komandası” seriyasında Atom kostyumunun düzəldilməsi üçün Felisiti Smok və Rey Palmer S.T.A.R. Labsı ziyarət edir, həm də robot arıları idarə edən supercaninin həbs edilməsinə köməklik göstərirlər. “Dəlilik atmosferi” seriyasında rol alan Oliver Fayerstormla mübarizədə Barriyə kömək edir. “Ox” serialının üçüncü mövsümünün finalında isə Oliverin dostlarının azad edilməsində ona Barri köməklik göstərir. “Sabahın əfsanələri” teleserialının hadisələrinin əsasını qoyan iki hissəli krossoverdə ölümsüz cinayətkar Vandal Seveycin məğlub edilməsi üçün Oliver, Barri, Kendra və Karter güclərini birləşdirməli olurlar.[45] İkinci mövsümün “Zumun peyda olması” adlı altıncı seriyasında göstərilir ki, Kuinlərin gəmisi qəzaya uğrayarkən Dünya-2 Oliveri ölür və atası Robert Ox kostyumunu götürür. “İşğal!” adlı kütləvi krossoverdə “Ox”, “Fleş” və “Sabahın əfsanələri” seriallarının qəhrəmanları yad planetlilərin hücumunun qarşısını almaq üçün güclərini Supergörllə birləşdirməli olurlar.
Oliver Kuin “Viksen” adlı veb animasiya serialında da görünür və burada personajı Stiven Amell səsləndirir.[46]
Hadisələri paralel olaraq “Ox” serialı ilə eyni kainatda və eyni vaxtda baş verən “Sabahın əfsanələri” teleserialında Stiven Amell tərəfindən canlandırılan Oliver Kuin də bəzi hadisələrin gedişində iştirak edir. İlk dəfə Oliver serialın “Pilot, I hissə” adlı seriyasında görünür. Növbəti dəfə Oliver “Star-siti 2046” adlı seriyada görünür. Hadisələrin alternativ gələcəkdə baş verdiyi bu seriyada Sara və Reyin qayıtmadığı şəhər Sleyd Vilsonun oğlu Qrant Vilson/Detstrouk və onun Mirakuru əsgərlərinin hücumuna məruz qalır. Burada Diql və kapitan Lens öldürülür, Felisiti qaçır, Lorel və Teyanın isə öldürülməsi ehtimal edilir. Qrantla döyüş zamanı Oliver sol əlini itirir və Yaşıl Ox kostyumu altında kimin olması məlum olur. Bundan sonra Oliver gizlənir və hamı onun ölməsini düşünür. Con Diqlın atasını xilas edə bilmədiyinə görə mənəvi əziyyət çəkən oğlu II Con Diql isə Konnor Houk adını götürür və Yaşıl Ox kostyumunu geyinərək mübarizəyə başlayır.
İkinci mövsümdə Oliver Natan Heyvuda kömək edir. Bundan sonra Oliver “İşğal!” adlı kütləvi krossoverdə iştirak edir. Serialda Konnor Houk/Yaşıl Ox obrazı Cozef David-Cons tərəfindən canlandırılır.
Stiven Amellin canlandırdığı Oliver Kuin obrazı “Supergörl” teleserialında da görünür. İlk dəfə "Dünya-X-də böhran” adlı krossoverdə görünən Oliver Barrinin toyunda iştirak edir. Burada Amell həm də Oliverin paralel kainatdan olan doppelceyncerini canlandırır. Qara Ox adlandırılan doppelceyncer Supergörlün Dünya-X-dən olan doppelceynceri Overgörllə evlənir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.