From Wikipedia, the free encyclopedia
Yanoş Kadar (mac. János Kádár, 26 may 1912[1][2][…], Riyeka[3] – 6 iyul 1989[1][2][…], Budapeşt) — Macar dövlət xadimi, siyasətçi, Macarıstan Sosialist Fəhlə Partiyasının baş katibi, 1956–1988-ci illərdə Macarıstan Xalq Respublikasının rəhbəri olmuş kommunist rəhbər.
Yanoş Kadar 26 may 1912-ci ildə Yanoş Krezinqer və Barbola Çermanik cütlüyünün ailəsində anadan olmuşdur. Atası alman əsilli hesab edilsə də, Yanoş uşaqlıqdan macar ənənələri ilə yetişdirilmişdi. Kiçik yaşlarından çalışmağa başlayan Yanoş Kadar ilk təhsilini 1918-ci ildə Budapeştdə məktəblərindən birində almışdır. Daha sonra Cukor küçəsində yerləşən bir məktəbə imtahan verərək daxil olmuş 1926-cı ilə qədər burada oxumuşdur. 14 yaşlı Yanoş çox keçmədən ailəsinin maddi vəziyyəti zəif olduğundan tezliklə təhsilini yarım qoyaraq maşın təmirxanasında işləməyə başlayır. 1927-ci ildə isə çap maşınlarının təmiri ilə məşğul olmağa qərar verir. Bu zaman Macarıstanda bu peşəni bacaran sadəcə 160 nəfər insan varidi.
1928-ci ildə Yanoş şahmat yarışlarının birində qalib olur və ona Fridrix Engelsin "Anti-Dürinq" əsəri hədiyyə edilir. Bu kitab onun marksizmlə ilk tanışlığı olmuşdur. 1929-cu il iqtisadi böhran zamanı o da işsiz qalan minlərlə insandan biri idi. Böhran və maddi çətinlik onun kommunist sıralarına daxil olmasına təsir edən amillər oldu. Beləliklə gənc Yanoş 1931-ci ildə Macarıstan Kommunist Partiyasının üzvü olur. Macarıstan Sovet Respublikasının dağılmasından sonra bu partiya öz fəaliyyətini qeyri-qanuni yollarla davam etdirirdi. Partiya daxilində böyük nüfuz qazanan Yanoşun buradakı gizli ləqəbi "Rona" idi. Kommunist Partiyasının digər üzvləri ilə birlikdə bir neçə dəfə həbs edildikdən sonra sonuncu sərbəst buraxılır, lakin Macarıstan Kommunist Partiyası ləğv edilir. Azadlığa buraxılan köhnə üzvlər Macarıstan Sosial Demokrat Partiyası sıralarına qoşulurlar. Sonradan 1940-cı illərdə Kommunist Partiyasına geri çağırılan üzvlər qarşısna daha əvvəllər məhbus olmamaq şərti üoyulduğu üçün Yanoş Kadar Kommunist Partiyasına geri qayıda bilmir. 1940-cı illərdə kütləvi həbslər zamanı Yanoş qaçaraq bu həbslərdən gizlənə bilir və kommunist liderlerinin bir çoxu həbs edildiyindən Kadar Kommunist Partiyasının Mərkəzi Komitəsinə seçilməyə müvəffəq olur. Partiyanın müvəqqəti rəhbəri Kadarla bağlı bu cümlələri söyləmişdi: "Çox təvəzökar və ağıllı bir insan olmasına baxmayaraq təhsil baxımdan yetərsiz idi, amma Kovaç, Kadarı partiya idarəçiliyinə daxil edərək ona Mərkəzi Komitədə vəzifə verdi." Lakin çox keçmədən 1943-cü ildə baş verən həbslər zamanı Yanoş Kadar da həbs edilənlərdən biri idi.
Kütləvi həbslər və hökumətin kommunist partiyasına olan münasibəti Yanoş Kadarın ağlına yeni bir fikir gətirdi. Belə ki, partiyanın dağılması haqqında məlumat yaydı və avqust ayında onu yeni bir adla yenidən ictimaiyyətə tanıtdı. Yeni yaradılan partiyanın adı "Sülh Partiyası" idi, lakin bu təşəbbbüs də kommunistlərin kütləvi həbslərinin qarşısını ala bilmədi. Almaniyanın Macarıstanı işğal etməsindən sonra Sülh Partiyası və Macarıstanın digər partiyaları "Macarıstan Cəbhəsi" adı altında birləşdi, lakin əhalinin yeni yaradılan cəbhəyə olan etimadı aşağı idi. İşğaldan sonra Kadar rəhbərliyindəki partiya öz hərbi komitəsini yaradaraq partizanlıq fəaliyyətlərinə başladı. Kadarın məqsədi Yuqoslaviyanın lideri İosip Broz Tito ilə əlaqə yaratmaq idi. Bundan başqa Kadar SSRİ ilə də daha güclü və möhkəm əlaqələr yaratmaq istəyirdi. Çox keçmədən o saxta pasportla Yuqoslaviya sərhədini keçərkən yaxalandı və 2 il müddətinə həbs edildi. Həbsxanada Kadar Qabor Piter və digər üst səviyyəli idarəçilərə xəbər göndərə bildi. Beləliklə, Kadarı xilas etmək üçün bir qaçış planı hazırlandı. Daha sonra baş verən hökumət dəyişikliyi hadisələrin axarına da öz təsirini göstərdi. Kadarın həbs edildiyi həbsxana ləğv edildi və bütün məhbuslar nasist düşərgələrinə göndərildi, lakin Kadar qaçaraq Budapeştdə gizləndi. Burada bir müddət propaqanda ilə məşğul olsa da, fəaliyyətləri gözlənilən nəticəni vermədi. Sovet ordusu Budapeştə daxil olduqdan sonra o əvvəlki soyadı "Çermanek"i "Kadar"la əvəz etdi.
Macarıstan işğaldan azad edildikdən sonra Sovet dəstəkli Macar kommunistlərinin lideri Zoltan Vas oldu. Tezliklə Mərkəzi Komitə yaradıldı. Kadar da yaradılan yeni komitənin üzvlərindən biri idi. İlk əvvəllər partiyanın baş qərargahında çalışan Kadar partiya üzvlərinin üzvlük kartlarını hazırlayırdı. Daha sonra bəzi sovet əsgərlərinin Macarıstanda qeyri-qanuni fəaliyyəti ilə bağlı o polis rəisinin müavini vəzifəsinə gətirildi. 1945-ci ildə isə Macarıstan Kommunist Partiyasının Baş katibi seçildi. 1945–1947-ci il parlament seçkilərində Kadar ölkənin ən nüfuzlu şəxslərindən biri kimi ön planda idi. MKP-nin 3-cü konqresində Kadar Matyaş Rakoşinin köməkçilərindən biri oldu. Tarixçi Robert Qafa yazır ki, 1946-cı il partiyanın seçki kompaniyasında Kadar böyük pay sahibi idi. Kommunist partiyası 1947-ci il seçkilərində parlamentdə üstünlük əldə etdi. Bundan başqa, Kadar Sosial Demokrat Partiyası ilə Kommunist Partiyasının birləşməsindən əmələ gələn Macarıstan Zəhmətkeşlər Partiyasının yaranmasında da rol oynamışdı.
5 avqust 1948-ci ildə Laslo Rayk xarici işlər naziri təyin edildi. Yanoş Kadar isə onun yerinə daxili işlər naziri vəzifəsinə yüksəldi. Buna baxmayaraq vacib məslələrə dair qərarlar da Rakoşi və ona yaxın digər insanlar ilə birlikdə idarəçilik edirdi. Stalin özündən əvvəlki partiya idarəçilərinə qarşı apardığı Böyük təmizlik hərəkatı başladığı zaman Rakoşi də partiya daxilində bənzəri bir "təmizlik" həyata keçirir. 1950-ci ilin avqust ayında Rakoşi Macarıstan Sosial Demokrat Partiyasının sabiq lideri Arpad Sakaşits "kapitalist ölkələr üçün casusluq" etdiyini Kadara bildirdi. Sakaşitsin həbsi kommunistlərə qarşı balaşadılan təmizlik hərəkatının başlanğıcı idi. Rakoşi Kadara olan inamsılığına görə onu istefa etməyə məcbur etdi. Səbəb olaraq isə səhhətinin pisləşdiyi göstərildi. O və xələfi Şandor Zeld sosializm əleyhinə fəaliyyətlərə təkan verməkdə günahladırılırdı. Kadar, Rakoşi rəhbərliyi tərəfindən ona qarşı edilən iddiaları təkzib etsə də, bir müddət sonra yeni ittiham və tənqidlərə məruz qalırdı. İddiaların ardı-arası kəsilmirdi. Nəhayət, təqsirlərə cavab vermədi və "müharibədən əvvəl və müharibə dövründə siyasi fikrinin tam təkamül etmədiyini və ideologiya cəhətdən zəif olduğunu buna görə də kapitalistlər tərəfindən aldadılaraq istefa etmək məcburiyyətində qaldığını" "etiraf edərək" aktiv siyasi fəaliyyətinə son qoyduğunu açıqladı.[4] Kadar inanırdı ki, bu etirafdan sonra Rakoşi ona şans tanıyacaq və məsələ bununla da həll ediləcək, lakin tezliklə 1951-ci ilin mart ayında Kadar, Zöld və Dyula Kallayinin həbs edilməsi barədə əmr verildi. Kadar Mikloş Horti üçün casusluq etməkdə ittiham edildi. Nəticədə ömürlük həbsə məhkum edildi, lakin Stalinin ölümündən sonra İmre Nad baş nazir təyin olundu və Kadar 1954-cü ilin iyul ayında azadlığa buraxıldı.[5]
1953-cü ilin iyununda Rakoşi nazirlər sovetinin sədri vəzifəsindən azad edildi. Həmin vəzifəyə onun rəqibi İ. Nad təyin edildi. İmre Nadın rəhbərlik etdiyi hökumət bir sıra islahatlar həyata keçirməyə başladı. Bununla yanaşı, ölkənin ictimai siyasi həyatında da, liberallaşdırma prosesi başlamışdı, lakin 1955-ci il aprelin 18-də Rakoşi tərəfdarlarının səyi nəticəsində İ. Nad vəzifədən və partiyadan xaric edildi. Ölkə yenidən stalinizm prinsiplərinə qayıtmağa başladı. Təbii olaraq, ciddi narazılıqlarla müşahidə olunan bu proses Moskvanıda narahat etməyə başladı. 1956-cı ilin iyulunda Moskvanın təzyiqi ilə Rakoşi baş katib vəzifəsindən azad edildi. Macarıstan Zəhmətkeşlər Partiyası ləğv edilərək Macar Sosialist Fəhlə Partiyası adı ilə yenidən fəaliyyətə başladı. 25 oktyabr 1956-cı ildə Kadar bu partiyanın baş katibi seçildi. Bununla yanaşı o Nad hökumətində dövlət nazirlərindən biri idi. 1 noyabr 1956-cı ildə Kadar və Ferenc Münnix Moskovaya səfər etdi. Səfərdə onlara Macar inqilabının nəyin hesabına olursa olsun basdırılması lazım olduğu bildirildi. Tezlilklə Kadar tərəf dəyişdirdi. Bunun müqabilində ona Rakoşi-Geryo hakimiyyətinin yenidən qayıdacağı onun isə baş nazir olacağı vədi verilmişdi. Bu hadisədən illər sonra Kadar 12 aprel 1989-cu ildə bir nitqində İmre Nadın edamında pay sahibi olduğuna görə peşman olduğunu bildirmişdi.[6] 4 noyabr 1956-cı ildə Sovet tankları inqilabı yatızdırmaq məqsədilə Budapeştə daxil oldu. Eyni gün Kadar rəhbərliyində yaradılan Macarıstan İnqilabçı Fəhlə və Kəndli hökuməti 15 maddədən ibarət proqramını nəşr etdirdi.[7]
Sovet qoşunları Macarıstandan çıxarıldı. Kadar inqilabın rəhbərlərinə söz vermişdi ki, sağ-salamat evlərinə qayıdacaqlar və onlara heç kəs toxunmayacaq, lakin o sözünü tutmadı və İmre Nad başda olmaqla inqilabın digər fəalları mühakimə edilərək edam edildi.
Kadar çox çətin bir şəraitdə hakimiyyətə keçmişdi. Ölkə bir neçə ay idi ki, sovetlərin hərbi nəzarəti altında idi. Kommunist Partiyasının devrilmiş lideri SSRİ-yə qaçmıış və hakimiyyəti yenidən ələ keçirməyi planlaşdırırdı. Çin, Şərqi Almaniya və Çexoslovakiya Sosialist Respublikasının liderləri əks-inqilab cəhd edənlərin ən ağır şəkildə cəzalandılırmasını tələb edirdilər. Bütün iqtisadi çətinliklərə və yeni rəhbərliyə inamın az olmasına baxmayaraq, Kadar qısa bir müddətdə vəziyyətin normallaşmasına nail oldu. Macar xalqı Qərbin onlara verdiyi vədlərin, Soyuq Müharibə şərtlərində verilən boş sözlər olduğunu başa düşmüşdü. Macarıstan Sovet təsir dairəsinin bir hissəsi olaraq qalırdı. Sovet İttifaqının təsiri altında olsa da, Yanoş Kadar SSRİ-dən fərqli siyasət həyata keçirə bilirdi. Məsələn, təsərrüfatda macar əkinçilərə daha geniş ərazilər verilirdi. Rakoşinin "bizimlə olmayan, bizə qarşıdır" bəyanından fərqli olaraq, Kadar "Bizə qarşı olmayan bizimlədir" şüarı ilə çıxış edirdi. Bundan başqa Rakoşinin mətbuat və söz azadlığına qarşı tətbiq etdiyi qadağaları tədricən aradan götürərək, mədəni fəaliyyətlərə qoyulan məhdudiyyətləri azaltmışdı. Macarlar digər Şərq bloku vətəndaşları ilə müqayisədə gündəlik həyatlarında daha çox azadlığa sahib idilər. Buna baxmayaraq, kommunist hökuməti cəmiyyətin bütün sahələrində mütləq bir nəzarətə sahib idi. Vətəndaşlar partiya təşkilatlarına üzv olmaq üçün təşviq edilirdi. Gizli polis təşkilatı digər Şərq bloku ölkələrinə nisbətən daha çox nəzarət altında olmasına baxmayaraq, hələ də hökumət tərəfindən ciddi təhlükə və cəza vasitəsi kimi istifadə edilirdi. Nisbətən yüksək yaşayış səviyyəsi və səhayət azadlığı olduğu üçün Macarıstan Şərq bloku ölkələri içində səyahət üçün ən yaxşı ölkə hesab edilirdi. Onun dövründə turizm inkişaf etdi. İnkişaf etmiş ölkələrlə qurulan əlaqələr sayəsində ölkəyə çoxlu sayda tələbələr gəldi. Artıq 60-cı illərin əvvəllərində Macarıstanda iqtisadi islahat haqqında qanunlar işlənib hazırlanmağa başlandı və 1968-ci ildə qüvvəyə mindi, lakin islahatlar ümidləri doğrultmadı. Dünya yanacaq-enerji böhranı iqtisadiyyata mənfi təsir göstərdi. 70-ci illərin sonu 80-ci illərin əvvəlində yenidən başlamış islahatlar kənd təsərrüfatına daha böyük səmərə verdi. Əhalinin təchiz olunmasının və xidmət sahəsinin yaxşılaşması, sənaye kooperasiyalarının inkişafı xırda ticarət məntəqələrinin, ictimai iaşə müəssisələrinin xüsusi şəxslərə verilməsinə səbəb oldu, lakin Macarıstan iqtisadiyyatı 80-ci illərin ortalarında xeyli çətin vəziyyətə düşdü. Xarici borcların xeyli artması vəziyyəti daha da mürəkkəbləşdirdi. Ölkə rəhbərliyi 80-ci illərin sonunadək radikal dəyişikliklərə girişməyə cəsarət etmədi. 1988-ci ildə Yanoş Kadar vəzifəsindən uzaqlaşdırıldı.
MSFP-nin 1988-ci ilin may ayında keçirilmiş konfransdında qocalmış Yanoş Kadar MK-nın baş katibi vəzifəsini daha gənc Karoy Qrosa verdi. O simvolik olaraq partiya rəhbərliyinə gətirildi, lakin 1989-cu ildə Qros və tərəfdaşları hakimiyyətdən uzaqlaşdırıldı. Beləliklə Kadarın bütün rəsmi titul və vəzifələri əlindən alındı.[8]
Yanoş Kadar 1989-cu ildə 77 yaşında xərçəng xəstəliyindən vəfat etmişdir.
Kadarın Budapeştdə Kerepesi qəbiristanlığında olan məzarı 2 may 2007-ci ildə oğrular tərəfindən soyuldu; Kəllə sümüyü də daxil olmaqla bir sıra sümükləri, həyat yoldaşı Maria Tamaska'nın küllərinin saxlanıldığı qab ilə birlikdə oğurlandı.[9]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.