Remove ads
From Wikipedia, the free encyclopedia
Xuan Visente Qomes (24 iyul 1857[1][2][…] – 17 dekabr 1935[3][1][…]) — Venesuela hərbçisi, dövlət xadimi və prezidenti. Venesuelanın 1908-1935-ci illərdə diktatoru.
Xuan Visente Qomez | |
---|---|
Juan Vicente Gómez | |
Venesuelanın 42-ci prezidenti | |
13 iyun 1931 – 17 dekabr 1935 | |
Əvvəlki | Xuan Bautista Peres |
Sonrakı | Хоsе Eleasar Lopes Kontreras |
Venesuelanın 40-cı prezidenti | |
24 iyun 1922 – 30 may 1929 | |
Əvvəlki | Viktorino Markes Bustilos |
Sonrakı | Xuan Bautista Peres |
Venesuelanın 38-ci prezidenti | |
19 dekabr 1908 – 13 avqust 1913 | |
Əvvəlki | Kipriano Kastro Ruis |
Sonrakı | Xose Hil Fortul |
Şəxsi məlumatlar | |
Doğum adı | Juan Vicente Gómez Chacón |
Doğum tarixi | 24 iyul 1857[1][2][…] |
Vəfat tarixi | 17 dekabr 1935[3][1][…] (78 yaşında) |
Fəaliyyəti | hərbi qulluqçu, siyasətçi, əsgər |
Rütbəsi | general, əsgər |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[4], hərbi iş[4] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qomez La Mulerada yaşayan tanınmış And torpaqları mülkədar ailəsində anadan olub. Mal-qaraya çobanlıq edən Qomez,demək olar ki, təmiz bir hindli idi. İyirmi beş yaşında atasını itirdikdən sonra, ailənin başçısı Qomez oldu.[5]
Üç il sonra onu Taçira Dövlət Muxtar Ordusunun polkovniki təyin edən Kipriano Kastro ilə tanış olur. 1892-ci ildə keçmiş prezident Xoakin Krespo konstitusiya böhranından istifadə edərək,Kipriano Kastroya qarşı silahlı üsyan qaldırdı,lakin məğlub oldu. Qomez və Kastro 1899-cu ilə qədər Kolumbiyaya sürgün edildilər. Eyni ildə prezident İqnasio Andrade Trokonisə qarşı uğurlu qiyamdan sonra,öncə Taçiranı daha sonra Karakası tutdular. Qomez Federal Bölgə Qubernatoru seçildi.
1901-ci ildə yeni konstitusiya qəbul edildi (1831-ci ildən 1945-ci ilədək müstəqillik qazandıqdan sonra Venesuelada, konstitusiyanın cəmi 22 versiyası var idi) - Qomez, general Ramon Ayala ilə birlikdə vitse-prezident oldular. 1902-ci ilin dekabrında o, hərbi qüvvələrin və torpaq mülkiyyətçilərinin bir qisminin qiyamını yatırmaq üçün hökumət qoşunlarına rəhbərlik etdi, onları məğlub etdikdən sonra "Sülhməramlı" ləqəbini aldı. Hərbi triumf onu o qədər populyarlaşdırdı ki,prezident Kastro müttəfiqinin dövlət başçısı vəzifəsini almaq istəməsindən şübhələnməyə başladı. 1906-cı ildə Kastro Qomezin reaksiyasını sınamaq üçün prezidentlikdən getdiyini elan etdi,lakin o, bu tələyə düşmədi.
1908-ci ildə prezident müalicə kursu keçmək üçün Avropaya getdi, bu dəfə Qomez yaranan şəraitdən istifadə edərək,dövlət çevrilişi təşkil etdi. Kastronun Venesuelaya qayıtmasına icazə vermədi və onu sürgündə qalmağa məcbur buraxdı.
Qomez hakimiyyətə gələndə çoxları diktatura dövrünün bitdiyini və "sülhməramlı" Qomezin vətəndaşların əhəmiyyətli azadlıqlarını təmin edəcəyinə inanırdılar. Əvvəlcə bu fikir təsdiqləndi: yeni dövlət başçısı siyasi məhbusları azad etdi və Kastronun hakimiyyəti illərində ölkələrini tərk etmək məcburiyyətində qalanlara vətənlərinə dönmək çağırışı ilə müraciət etdi. Mətbuat azadlığı bərpa edildi və prezidentlik müddəti dörd ilə endirildi. Qomezin hakimiyyəti ölkənin əsas qanunlarında tez-tez dəyişikliklərlə fərqlənirdi - onun rəhbərliyi müddətində 7 dəfə Konstitusiya qəbul edildi (1909, 1914, 1922, 1925, 1928, 1929 və 1931-ci illərdə).
1910-cu ildə Qomez prezident oldu. Hakimiyyətdə olarkən avtoritar idarəçiliyi üçün demokratik cəbhə yaratmağa çalışdı, lakin zaman keçdikdən sonra əsas qanuna şəxsi səlahiyyətlərini genişləndirərək dəyişikliklər edildi. Rəsmi olaraq dövlət başçısı postundan ayrılaraq Ali Baş Komandan oldu, xələfini Milli Konqres vasitəsi ilə bu səlahiyyətlərdən məhrum etdi, prezidentliyə qayıdaraq, bu səlahiyyətləri bərpa etdi. 1922-ci ildə dövlət başçısının səlahiyyət müddəti "Qomezin nəzarəti altında" dörd ildən yeddi ilə qaldırıldı.
1914-cü ildə konstitusiyalı diktaturanı elan etdi və ardından 1922-ci il fərmanı və 1925-ci il yeni konstitusiyasının qəbulu ilə qanuni olaraq mövqeyini təsdiqlətdi. 1929-cu ildə yenidən seçildi, ancaq baş komandan olaraq ölkəni idarə etməyi üstün tutaraq prezident seçilməkdən imtina etdi. 1931-ci ildə yenidən prezident oldu.
Daxili siyasətin həyata keçirilməsində dövlətin mərkəzləşdirilməsini gücləndirmək, şaquli güc strukturunu formalaşdırmaq, regional elitalar və liderlər arasında separatçı hissləri aradan qaldırmaq üçün tədbirlər görüldü,vergi toplanmasına birbaşa nəzarət sistemi tətbiq olundu, silahlı qüvvələrdə islahat aparıldı və nizami ordu yaradıldı. Eyni zamanda, prezident əsas vəzifələrə şəxsən ona sadiq insanları təyin etdi, əsasən Taçira əyalətinin yerli sakinləri olan həmvətənlərini. Ölkənin təbii ehtiyatlarından, ilk növbədə neft istismarından əldə olunan nağd pul axını əllərində cəmlənmişdi.
Zamanla təkcə iğtişaşları deyil, həm də yalnız bəzi məsələlərdə onu tənqid edənləri də sərt şəkildə represiyalara məruz qoydu. "Birlik, sülh və iş" ağlabatan şüar altında,məhkəmələr bu cür insanları amansızcasına həbsxanalara göndərdi və ya yol işlərinə məhkum etdi. Etibarlarını itirmiş torpaq sahiblərinin əmlakları müsadirə edildi. Qardaşının hakimiyyətdəki ambisiyalarından şübhələnən Qomez, qardaşının belə, 1923-cü ildə ortadan qaldırılması əmrini verdi.
Nəticədə köhnə regional müxalifət elitası məğlub edildi və ya ölkədən qovuldu və yenisi uzun müddət formalaşa bilmədi. Diktator üçün gözlənilməz qarışıqlıq yalnız 1928-ci ildə baş verdi. Fevral ayında, paytaxt əhalisinin dəstəyi ilə Karakasda hakimiyyət əleyhinə tələbə nümayişləri başladı. Qomez rejimi heç vaxt belə sarsıntılar yaşamayıb. Kazarma mövqeyinə cavab olaraq Hərbi Məktəbin tələbələri və hətta fəxri qarovul dəstəsi daxil olmaqla bütün hərbçilər köçürüldü. Ordu patrulları nümayişçilərə qarşı polis əməliyyatını dəstəklədi. Ancaq aprel ayında vəziyyət daha da çətinləşdi. Qomezə bir qrup hərbçi qarşı çıxdı və San Karlosun kazarmasında qiyam başladı. Hökumətə sadiq qoşunlar hazır vəziyyətə gətirildi. Karakas komandiri general Lopez Kontreras şəxsən kazarmaya girdi və üsyançıların həbs olunmasına əmr verdi. Gəlişi gözlənilməz oldu və sui-qəsdçilərin heç biri müqavimət göstərməyə vaxt tapmadı.
Daha da şübhələnən prezident parlament üzvlərinin namizədliyi ilə şəxsən razılaşdı. Məhkəmələr ciddi şəkildə nəzarət altına alındı. Hökumət Şurası müstəsna olaraq təmsiledici funksiyalara malik idi, İctimai palatanın da mövcud olması diqqət çəkirdi. Bir sıra iğtişaşlardan sonra 1931-ci ildə qurulan Kommunist partiyası da daxil olmaqla bütün siyasi partiyaları qadağan etdi.
Qomezin hökmranlığının fərqli bir xüsusiyyəti, müntəzəm olaraq,təqaüdə çıxdığını və paytaxtdan çox uzaq olmayan Marakay şəhərinə getdiyini söyləməsi idi. "Miraflores" prezident iqamətgahında, yoxluğunda protokol funksiyaları yerinə yetirən, xarici səfirləri qəbul edən, iclaslarda iştirak edən və s. nominal şəxslər qalırdı.
Rejimin ideoloji əsasını sosioloq Laureano Valenilley Lens tərəfindən yaradılan "demokratik sezarizm" və ya "lazımlı jandarma" nəzəriyyəsi təşkil edirdi. Əsas elementi müəyyən xalqların (Venesuela da daxil olmaqla) natamamlılığı, özlərini idarə edə bilməmələri haqqında tezis idi. Bu - Sezar, demokratiya və özünəməxsusluğun təklif etdiyi ən yaxşı idarəetmə metodlarını tətbiq edə bilən güclü hökmdarın qaçılmazlığına gətirib çıxardı. Sezarın hökmranlığı cəmiyyətdəki anarxiyanı aradan qaldırmaq üçün,sosial tərəqqi üçün zəruri olan barışıq və qayda-qanun üçün yeganə yol olaraq təyin olundu.
"Demokratik Sezarizm" nəzəriyyəsinin ikinci əsas postulatı, təbiətinə yad olan Anqlo-Saksoniya demokratiya modelinin Venesuela torpağında kök sala bilməyəcəyi tezisi idi. Ölkə,tarixi xüsusiyyətlərini nəzərə alaraq xüsusi bir yol seçməlidir.
Mütəmadi olaraq Marakayda olarkən qohumları və ən yaxın adamlarından başqa heç kim onu görmürdü və xalqın qarşısına da çıxmırdı. Vətəndaşlara yalnız, sorğu-sualsız yerinə yetirməli olduqları qərarlar qalırdı.
İqtisadi sahədə, hakimiyyəti illərində mədənçilik, sənaye emalı inkişaf etməyə başladı və karbohidrogenlərin ixracı yaxşı dividendlər gətirdi. Meksikanın təcrübəsini nəzərə alaraq, bənzər vəziyyətdə böyük çətinliklər yaşadıqdan sonra ən sərfəli birini seçmək üçün neft yataqlarının birgə işlənməsi variantlarını təqdim etmək təklifi ilə xarici neft şirkətlərinin nümayəndələrinə müraciət etdi. Mütəxəssislərlə məsləhətləşdikdən sonra Venesuelanın maraqlarına əməl olunmasını təmin edən və bütün maliyyə öhdəliklərinin yerinə yetirilməsini mümkün edən müqavilələr bağlamağı bacardı. Hakimiyyətinin sonunda, Venesuela dünyanın heç bir borcu olmayan yeganə ölkəsi oldu, ölkə dünyada ikinci ən böyük neft istehsalçısı oldu. Eyni zamanda, diktatorun tənqidçiləri, yalnız güzəştlərin verilməsinə görə əldə etdiyi rüşvətlə özünün 30 milyon dollarlıq sərvətin sahibi olduğunu iddia etdilər. Diktator,qurduğu rejimi ilə xarici inhisarlar arasında qurulan münasibətlərin Venesuelanın maraqlarını açıq şəkildə pozduğuna görə tənqid olundu. Əcnəbilər üçün heç bir qanuni məhdudiyyət olmadıqda, dövlətin gəlirdəki payı,öz təbii sərvətlərinin istismarından çox kiçik idi,bəzi şirkətlərin illik 100% -ə qədər mənfəət əldə etməsinə imkan verdi.
Sosial sahədə iqtisadi artıma baxmayaraq Qomez diktaturası heç bir müsbət dəyişikliyə yol açmadı. Vətəndaşların əksəriyyətinin yaşayış və mədəni səviyyəsi son dərəcə aşağı qaldı; hakimiyyətinin sonlarında uşaqların və yeniyetmələrin 70% -i savadsız idi və yalnız 11% -i təhsil müəssisələrində təhsil alırdılar.
Hökumətin aşkar müsbət iqtisadi nəticələrinə baxmayaraq, venesuelalılar diktatoru sevmirdilər və 1935-ci ildə Qomezin ölümü ümumxalq sevincinə səbəb oldu. Venesuelalılar bir sıra hökumət binalarını, rəsmi qəzetlərin ofislərini və Qomezin ən yaxın adamlarının evlərini dağıtdılar. Paytaxtdakı izdihamla polis arasında qarşıdurma baş verdi.
Qomez rəsmi olaraq heç vaxt evlənməmişdi; ancaq,onun iki xanımı var idi. Birincisi,onun yeddi övladının: Visente, Josefa, Ali, Flor de Mariya, Qrasiela, Serviliya və Qonzalonun anası olan Dionisiya Qomez Bello idi. İkinci xanımı isə, onun doqquz uşağının: Xuan Visente, Florensio, Rosa Amelia, Hermeneqilda, Kristina, Belen, Berta, Manuel Antonio və Xuan Krisostomo Qomezin anası Dolores Amelia Nunez Linares de Kaseres idi. Qomezin qısa müddətli münasibətlərindən (ən azı 64 və bəlkə də 99-a kimi) də xeyli sayda uşaqları olmuşdur.[6] Bir çox övladını dövlət vəzifəsinə təyin etdi və bu da nepotizm (qohumbazlıq) ittihamlarına səbəb oldu.
Visente Qomez, Qabriel Qarsiya Markezin "Patriarxın payızı" romanının qəhrəmanı üçün prototiplərdən biri oldu. Qomez eyni zamanda Venesuela yazıçısı Arturo Uslar Pietrrinin "Cənazə kütləsi" romanındakı obrazlardan biridir. Venesuelalı Antonio Arraisın "Yaquar dayı və Dovşan dayı" nağılında da diktatura dövrü təsvir edilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.