Vaşinqton konfransı — Paris Sülh konfransının ardı olan, 1921-ci ilin 12 noyabrı −1922-ci ilin 6 fevralına qədər davam etmiş konfrans. İri dövlətlər quruda beynəlxalq münasibətləri tənzimləsələr də, sularda nüfuz dairələri uğrunda mübarizə gedirdi. ABŞ bu sahədə xüsusi fəaliyyət göstərirdi. Bu da səbəbsiz deyildi. Çünki ABŞ, I-dünya müharibəsindən qüdrətli bir dövlət kimi çıxmışdı. Avropanın bir sıra dövlətləri ABŞ-yə 11.6 mlrd. dollar borclu idilər. ABŞ-İngiltərə ziddiyyətləri Çində və Latın Amerikasında kəskinləşirdi. Lakin ABŞ qarşıdurmadan qaçaraq İngiltərə ilə əməkdaşlığa üstünlük verirdi. Yaponiyanın Uzaq Şərqdə, Fransanın Avropada hegemonluğa can atması ingilis-amerikan diplomatiyasını yaxınlaşdırırdı.
- 1921-ci ilin iyulun 10-da ABŞ dövlət katibi Yuz Vaşinqtonda beynəlxalq konfrans çağırmaq təklifi ilə çıxış etdi.
- 1921-ci il noyabrın 12-də Vaşinqtonda bu məsələləri həll etmək üçün konfrans açıldı. Konfransda 14 dövlət iştirak edirdi. Konfransda müzakirə edilən Çində siyasət, silahların məhdudlaşdırılması, sularda nüfuz dairələri məsələsi və digər məsələlər üzrə 28 saziş, bəyanat, qətnamə qəbul olundu. Konfransda "dördlər", "beşlər" və "doqquzlar" müqavilələri imzalandı.
- 1921-ci il dekabrın 13-də ABŞ, Fransa, İngiltərə və Yaponiya "4 dövlət" müqaviləsini imzaladılar. Tərəflər Sakit okeanda bir-birilərinin hüquqlarına və mülklərinə hörmət edəcəklərini bildirdilər.
- 1922-ci il fevralın 6-da ABŞ, İngiltərə, Yaponiya, Fransa və İtaliya dəniz silahlarının məhdudlaşdırılması haqqında müqavilə imzaladılar. Bu müqavilə "5 dövlət" müqaviləsi adlandırıldı. Müqaviləyə görə, hərbi donanmanın ölçüsünün nisbəti yuxarıdakı ölkələr üçün müvafiq olaraq 5 : 5 : 3 : 1.75 : 1.75 kimi müəyyənləşdirildi. Bu saziş Sakit okeanda dəniz qüvvələrinin yenidən bölüşdürülməsi məsələsini həll etdi.
- Vaşinqton konfransı Çin məsələsinə xüsusi diqqət yetirirdi. Məlum olduğu kimi, Çin Versal müqaviləsini imzalamamışdı. Çin hökuməti ərazisində olan alman mülklərinin özünə deyil, Yaponiyaya verilməsindən narazılıq edirdi. Konfransda Çin nümayəndə heyəti həmin ərazilərin qaytarılmasını tələb etdi. ABŞ Çini müdafiə etməli oldu. Nəticədə Yaponiya Sindaodan və Şandun əyalətlərini Çinə qaytardı.
- 1922-ci il fevralın 6-da Vaşinqton konfransının iştirakçıları Çində siyasət haqqında müqavilə imzaladılar. Bu müqavilə "9 dövlət" müqaviləsi adını aldı. Müqaviləyə görə, dövlətlər Çinin suverenliyinə hörmət etmək, açıq qapılar və bütün dövlətlərin ticarəti və sənayesi üçün bərabər imkanlar prinsipinə hörmət etmək barədə öhdəlik götürdülər.
Beləliklə, Vaşinqton konfransı sularda beynəlxalq məsələləri həll etməklə Versal sülh müqaviləsini tamamladı. Vaşinqton konfransı beynəlxalq məsələlərdə ABŞ-nin rolunun sürətlə artmağa başladığını göstərdi.