From Wikipedia, the free encyclopedia
Trabzon konfransı və ya Trabzon sülh konfransı — 14 mart 1918-ci ildən 13 aprelə qədər Trabzon şəhərində Osmanlı imperiyası ilə Zaqafqaziya Seymi və hökumətinin nümayəndə heyəti arasında keçirilən konfrans. Açılış iclası 14 mart 1918-ci ildə baş tutmuşdur. Nümayəndələr heyətlərinin başçıları Osmanlı imperiyasından kontr-admiral Hüseyn Rauf bəy, Zaqafqaziya nümayəndə heyətində isə Akaki Çxenkeli idi.
Zaqafqaziya Seyminin Osmanlı hökuməti ilə danışıqlar platforması Osmanlı imperiyası ilə daimi sülhün bərqərar edilməsi və müharibədən əvvəlki dövlətlərarası sərhədlərin bərpası məqsədini daşıyırdı. Seym Osmanlı hökuməti ilə danışıqlar aparmaq üçün gürcü sosial-demokrat Akaki Çxenkelinin başçılıq etdiyi nümayəndə heyəti yaratmışdır. Nümayəndə heyətinin azərbaycanlılardan ibarət hissəsini "Müsavat"dan Xəlil bəy Xasməmmədov və Məmmədhəsən Hacınski, Müsəlman Sosialist Blokundan İbrahim bəy Heydərov, "İttihad"dan Mir Yaqub Mehdiyev, "Hümmət"dən Əkbər ağa Şeyxülislamov, bundan əlavə məsləhətçi və tərcüməçi kimi Əhməd bəy Pepinov və Məhəmməd Əmin Rəsulzadə təşkil edirdi. Danışıqların 12 martda başlaması planlaşdırılırdı və bu səbəbdən nümayəndə heyəti Trabzon şəhərinə getmişdi.[1]
Zaqafqaziya seymi Osmanlı hökuməti ilə sülh danışıqlarına hazırlaşarkən Brest-Litovskda Rusiya ilə Almaniya arasında separat sülh müqaviləsi imzalanmış, müqavilənin şərtlərinə görə Ərdəhan, Qars və Batum bölgələri Osmanlı imperiyasının hakimiyyətinə verilmişdi. Zaqafqaziya seymi bu qərarları tanımamış və Petroqrada Xalq Komissarları Sovetinə üvanlanmış teleqram göndərərək seym bolşevik hökumətini və Xalq Komissarları Sovetini tanımadığından müqaviləni də tanımadığını bildirmişdir.[1]
Osmanlı hökuməti Zaqafqaziya seyminə ultimatum verərək onlardan qoşunlarını Qars, Batum və Ərdəhandan dərhal çıxarmaqlarını tələb etmişdilər. 14 mart 1918-ci ildə Osmanlı hökuməti və Zaqafqaziya seymi Trabzonda sülh konfransı keçirmişdilər. Osmanlı nümayəndələri Zaqafqaziya müstəqilliyini elan etmədiyi üçün seymin nümayəndə heyətinin danışıqlar aparacaq hüquqi şəxs ola bilmədiyini bəyan etmişdir. Müsavat Partiyasından olan nümayəndələr danışıqlar boyu Osmanlının verdiyi ultimatumun qəbul edilməsini müdafiə etmişdilər. Onlar əks halda, seymdən ayrılıb Azərbaycanın müstəqilliyini elan edəcəklərini bildirmişdilər. Müsavatçıların Zaqafqaziyanın müsəlman hissəsinin tamamilə Osmanlı imperiyasına birləşdirilməsi tələb etməsinə baxmayaraq, Osmanlı nümayəndə heyətinin başçısı Rauf bəy və Qafqaz cəbhəsinin komandanı Mehmet Vehib paşa cavab vermişdilər ki, onların daha geniş siyasəti Azərbaycanın Cənubi Qafqazın qalan hissəsindən ayrılmaması, lakin konfederasiya şəklində müəyyən müstəqilliyini saxlayaraq onlarla ümumi dövlət formasını saxlaması idi.[2]
13 aprel 1918-ci ildə Trabzon konfransı nəticəsiz bitdikdən sonra Zaqafqaziya Seymi türk qoşunlarının yürüşünü dayandırmaq üçün Osmanlıya müharibə elan etmək barədə qərar qəbul edib. Müsəlman fraksiyası qərara qoşulmamışdı. Qərar formal xarakter daşıyırdı, çünki Seymin real ordu qüvvəsi yox idi. Buna cavab olaraq türk qoşunları Qars və Ərdəhanın ardınca Batumu tutdu və Ermənistan (Gümrü) istiqamətində irəliləməyə başladı. Mayın əvvəlində Zaqafqaziya hökuməti Osmanlı ilə yeni danışıqlara Batum şəhərində razılıq verdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.