Remove ads
From Wikipedia, the free encyclopedia
Təfsir (ərəbcə: علم التفسير elm ül-təfsir) — ilahiyyat elmlərinin ən əsas bölməsidir. Quranı təfsir etmək üçün digər dini elmlərlə bərabər ərəb ədəbiyyatını da mükəmməl bilmək zəruridir. Təfsir ayə, hədis, səhabə sözü, dil qaydaları və alimlərin görüşləri diqqətə alınaraq edilməlidir.
Mənbələrə nəzər saldıqda təfsir kəlməsinin leksik olaraq iki fərqli kökdən meydana gəldiyini görürük. I. Təfsir kəlməsi, lüğətdə "bəyan etmək, kəşf etmək, üstü örtülü bir şeyi açmaq" kimi mənalara gələn "fəsr" kökündən törəmişdir. II. Təfsir kəlməsi, təqlib vəzni ilə "səfr" kökündən əmələ gələn təfil babında bir məsdərdir. "Səfr" kəlməsi müxtəlif mənalara gəlməklə bərabər "örtülü bir şeyi açmaq, aydınlatmaq və açmaq" anlamlarını da daşıyır.
Hər nə qədər bu iki kəlmə mənaca bir-birinə yaxın olsalar da, yenə də bunlar arasında fərq vardır. Belə ki, Əmin əl-Xuliyə görə "fəsr" və "səfr" kəlmələrinin ikisində də kəşf etmək, ortaya çıxarmaq mənaları vardır. Amma "səfr" kəlməsində maddi, zahiri bir kəşf, "fəsr" sözündə isə mənəvi bir kəşf vardır. Elə buna görə də, məna ilə əlaqədar olduğu üçün o "təfsir" kəlməsinin "fəsr " sözündən törədiyini iddia edir.
Təfsir, Qurani-Kərimin mənasını bəyan və izah etməklə əlaqədar olan elmdir. Quranın anlaşılması istiqamətindəki fəaliyətlər əsri-səadət dövrü ilə birlikdə başlamışdır. Bu fəaliyətlər əvvəlcə şifahi olaraq başlamış, hicri II əsrin ikinci yarısından etibarən isə yazılı şəkildə davam etmişdir. Qur’ani-Kərimi yalnız oxumaq kifayət deyildir. Oxumaq savabdır. Ancaq həmin xəzinənin açarı təfsirdir. Təfsir Qur’anın başa düşülməsini təmin edir. İşin ən mühümmü də Qur’anı başa düşərək oxumaqdır. Hansı dövrdə təfsir elmi ilə məşğuliyyət çox isə orada tərəqqi vardır. Çünki müsəlmanlar Qur’ana tabe olduqca ucalmış, ona zidd hərəkət etdikcə isə geri qalmışlar.
Qurani-Kərimin ilk nazil olmasından etibarən səhabələr, onun mənasını dərk edirdilər. Ona görə ki, Qur’an öz dillərində enmişdir. Digər tərəfdən ayələrin nazil olma səbəbləri onlara aydın idi. Bu səbəblə Peyğəmbər dövründə yaşayan müsəlmanlar arasında çox az münaqişə olurdu, zəbt və tədvinə ehtiyac da olmurdu. Bununla birlikdə başa düşülməkdə çətinlik çəkdikləri ayələrin mənasını, Peyğəmbərdən soruşub öyrənirdilər. Həmin məlumatlar o zamandan etibarən rəvayət yolu ilə bu günə qədər gəlmişdir.
Quranın insanlara anlatılmasında ilk müfəssirlik vəzifəsini yerinə yetirən Peyğəmbərdir. Belə ki, Qurani-Kərimin ilk təfsiri
يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَ ...
"Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən (Allahın) risalətini (sənə həvalə etdiyi elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan…" (Maidə 5/67) məalındakı ayəsi ilə
… وَأَنزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ…
"Sənə də Quranı nazil edik ki, insanlara onlara göndərilənə (hökümləri, halal-haramı) izah edəsən və onlar da düşünüb dərk edələr" (Nəhl 16/44) şəklindəki ayəsinin ifadə etdikləri kimi Peyğəmbərlə başlamışdır.
Müsəlmanlar, Əshabədən eşidilən bu rəvayət yolu ilə gələn təfsirləri sonradan toplayaraq yazıb təsbit ediblər. Bu şəkildə ilk təfsir kitabları Təfsiri-Rəvayə olaraq meydana çıxmışdır. Həmin rəvayət və nəqlin yardımı ilə bəzi İslam alimləri Qur’anı izah etməyə başlamışdılar ki, buna Təfsiri-Dirayə deyilir. Əvvəl rəvayət təfsiri yaranmış, sonra, dirayət təfsiri ona isnad edilərək ortaya çıxmışdır. Təfsiri-Rivayənin ən məşhuru İbn Cərir ət-Təbərinin "Təfsiri-Təbəri", Təfsiri-Dirayəninki isə, Fəxrəddin Razinin "Təfsiri-Kəbiri"dir.
Bütün bunları nəzərə alaraq Quranın təfsir səbəblərini aşağıdakı kimi sıralıya bilərik.
Peyğəmbər vəfat etdikdən sonra səhabilər hər hansı bir ayəni təfsir etmək istədikdə öncə Qurana, onda tapmasalar Peyğəmbərin sünnəsinə, onda da tapmasalar özlərinin rəy və ictihadlarına müraciət edirdilər. Ancaq səhabilər zamanında Quran başdan sona qədər təfsir edilməmişdir. Onlar daha çox mənası gizli olan ayələri təfsir etmişlər. Sonrakı dövrlərdə isə təfsir fəaliyyətləri bir xeyli genişləndi və bunun nəticəsində də fərqli-fərqli təfsir və izahlar çoxaldı. Bu fərqliliyin səbəblərini aşağıdakı kimi açıqlamaq olar:
1. Qiraət ixtilafları
2. Çox mənanılıq
3. İtlaq və təqyid
4. Ümumilik və xüsusilik ixtilafları
5. Mənsux möhkəm olma ehtimalı
6. Sələfdən gələn fərqli rəvayətlər
"Ənvarüt-tənzil və Əsrarut-təvil" adlı təfsiri Beyzavinin müfəssirliyini göstərən ən sanballı əsəridir. O, bu əsərində özündən əvvəlki əsas təfsir kitablarını ustalıqla xülasə etmiş, ayələrə verdiyi yorumlarda dil qaydalarına istinad edərək, məharət göstərmişdir.
Bu təfsir, İslam və qərb dünyasında dəfələrlə nəşr edilmişdir. Onu da qeyd edək ki, bu təfsir üçün yazılan şərh, haşiyə və təliqlərin sayı iki yüz əllini keçməkdədir.
Beyzavi Quran ayələrini əhli-sünnə üsulu üzərə dəlillər verərək təfsir və təvil etmişdir. Məsələlərin təfərrüatına girmədən qısa, ecazkar bir surətdə onların faydalı olan tərəflərini izah etməyə çalışır. Sərf, nəhv, lüğət, məntiq, qiraət, tarix və kəlam kimi mövzuları bəzən çox qısa və vəciz bir şəkildə verdiyi üçün onları anlamaq çətindir.
Təfsir əsərini yazarkən iki mühüm qayanaqdan -əz Zəməxşərinin "Kəşşaf" və İbn Kəsirin "Miftahül-Ğeyb" əsərlərindən istifadə etmişdir. Ləfizlərin və tərkiblərin bəyanı, mənalardakı incəlikləri ifadə etməkdə "Kəşşafa", Quran hikmətinin ruhunu ortaya qoymaq, üsulüddin, fəlsəfə və üsululfiqh cəhətindən olan görüşlərini izahda isə "Miftahül-Ğeybə" əsaslanır.
Beyzavi təfsirinə qısa müqəddimə yazmışdır. Müəllifin metodunu bilmək üçün onun özünü dinləmək oxucuya faydalıdır. Buna görə də müqəddiməsini aşağıda olduğu kimi veririk: "Şəriət qaydalarının binası və əsası, dini elmlərin başı və rəhbəri olan təfsir elmi, qədri-qiymət yönündən elmlərin ən böyüyü, şərəf və əlamət baxımından da ən yüksək olanıdır. Təfsir yazıb və onun haqqında danışmaq, ancaq dini elmlərin hamısında, üsul və füruunda müasirlərinə üstün gələn, ərəb dili sənətində, ədəbi fənlərdə yüksək dərəcədə olan kimsələrə aiddir.
Uzun zamandan bəri, həm səhabələrin böyüklərindən, tabiinlərin alimlərindən və bunların xaricindəki sələf bilginlərinindən mənə çatan xəbərlərin xülasəsini əhatə edən, həm də mənim və öncəki fəzilətli kimsələrin və araşdırmaçıların ortaya qoyduqları mühüm bir sıra incəlikləri və əsrarları barındıran, meşhur səkkiz imamdan gələn qiraət vəcihlərini və mötəbər qurradan rəvayət edilən, şazları da açıqlayan, fənləri içinə alan bir kitab yazmağı düşünməkdəydim. Ancaq, acizliyim buna imkan verməməkdə və istədiyimə nail olmaqda əngəl təşkil etməkdə idi. Nəhayət, etdiyim istixarədən sonra, məzhər olduğum bərəkət və asanlıq sayəsində təlaşdan qurtuldum və etmək istədiyim şeyə başlamağa, niyətimi yerinə gətirməyə iradəm sağlamlaşdı. Kitabı yazıb bitirincə, ona "Ənvarüt-tənzil və Əsrarüt-tənzil" adını verdim.
Allah Təaladan diləyim, doğru yolun gözəlliklərinə məni çatdırmasıdır. Hər xeyrə müvəffəq qılan və hər bir istəyənə dilədiyini verən Odur." Bu məşhur təfsir üçün bir çox alimlər şərhlər də yazmışdır
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.