Remove ads
etnik qrup From Wikipedia, the free encyclopedia
Türkmənlər — türk xalqlarının Oğuz qrupunu təşkil edən Azərbaycanlıların və Oğuz qrupundan olan digər xalqların etnogenezində iştirak etmiş ən qədim və ilk Oğuz əsilli türk xalqıdır.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Türkmənlər | |
---|---|
Sayları və yaşadığı ərazilər | |
Dili | Türkmən dili |
Dini | İslam |
Mənşəyi | Oğuz (Türk) |
Vikianbarda əlaqəli mediafayllar |
Türkmənistan Respublikasında, Əfqanıstan İslam Respublikasında və İran İslam Respublikasında kompakt halda yaşayan türkmənlər türk xalqları arasında Türkiyə türklərindən, Azərbaycan türklərindən , özbəklərdən , uyğurlardan və qazaxlardan sonra ən böyük türk xalqı hesab olunurlar.[1]
Bugünkü Türkmənistan Respublikasının yerli türk əhalisi olan türkmənlər əsas etibarilə VIII əsrdən sonra tarix səhnəsinə çıxan qınıq, salur, qayı, bayat, beydilli boylarının birləşməsi ilə meydana gələn Oğuz qövmlərindəndirlər. Oğuz-Türkmən mədəniyyətinin formalaşmasında bu bölgədə yaşamış olan qədim Türk alanların, aakaların və xəzərlərin də mühüm rolu olmuşdur. "Türkmən" etnik adı tarixi mənbələrə görə, V əsrdən bəlli olsa da, bu ad X əsrdə kəsinlik qazanmışdır. Qərb tarixçiləri Türkmənləri saf qanlı Türk adlandırdıqları kimi, bəzi müəlliflər də Türkmənləri Türk xalqlarının kökü olaraq qəbul edirlər. Çünki Türkmənistan böyük tarixi Türküstanın ən qədim insan yaşayan bölgələrindən biridir. Burada aparılan arxeoloji tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, Türkmənistan ərazisində 300 min il bundan əvvəl insanlar yaşamışlar. Qərb Türklərinin və səlcuqluların əsasını təşkil edən Oğuz və ya Türkmənlər moğol tipindən tamamilə fərqlidirlər. Məşhur orta əsr tarixçisi Rəşidəddinə görə, "Oğuzların Mavəraünnəhr, İran və Azərbaycanda nəsilləri çoxalmış, digər yerli Türklərlə qaynayıb-qarışdığından taciklər onlara "Türk-manənd", yəni "Türkə bənzər" adını vermişlər… Oğuzlar "Türkmən" adı aldıqdan sonra digər Türk tayfaları olan qarluq, xələc, qıpçaq, kanqlı və uyğurlardan ayrılmışlar"[2], halbuki Mahmud Kaşğarlı müsəlman olan qarluq, çigil və yağmalara da əvvəllər "Türkmən" deyildiyini yazmışdır[3]. Məşhur alim Əl-Biruni də Doqquz Oğuzlara qonşu olan əraziləri "Türkmən məmləkəti — Ərz üt-Türkməniyyə" kimi göstərmişdir[4]. Məşhur Macar alimi, türkoloq Rasonyi Türkmənləri "müsəlman Oğuzlar" deyə adlandırmış və göstərmişdir ki: "İsık-göl tərəfində Türkmənlər — müsəlman Oğuzlar və qarluklar yerləşmişdilər… Bugünkü Türkmən oymaq adlarının bir çoxu qədim Oğuz oymaq adları ilə eyniyyət təşkil etdikləri üçün türkmənləri də oğuz saymamız gərəkir"[5]. Bəzi müəlliflərə görə, "Türkmən" adı köçəri Türk anlamına gəlir. Müsəlmanlığı qəbul edən oğuzlar yayı yaylaqda, qışı qışlaqda keçirdiklərindən və daha sonraları müxtəlif yerlərə yayıldıqlarından Türk əsilli qövmlərin ortaq adı olaraq "Türkmən" deyə adlandırılmışlar. Oğuzların tarix səhnəsinə çıxdıqları bölgə günümüzdə "Türkmən ölkəsi" anlamına gələn "Türkmənistan" olaraq adlandırılmaqdadır[6]. Türküstan, Azərbaycan "Yaxın Şərq və Anadoluda Türkmənlər yalnız öz varlıqlarını qoruyub saxlamamış, eyni zamanda ən böyük imperatorluqlar və dövlətlər qurub yüksək bir mədəniyyət və Cahan hakimiyyəti davasının da öncül bir təmsilçisi ola bilmişdilər"[7].
Türkmənləri dünyaya tanıtdıran ən böyük şəxsiyyət Səlcuq Bəy və onun övlad və nəvələri olmuşdur. İslam dinini qəbul edən Oğuz boylarına rəhbərliyi əlinə alan Səlcuq Bəy digər peçeneq türklərinin hücumlarından ölkəsini qorumuş, Qaraxanlı Türk dövləti ilə savaşmış, Qəznəvi Türklərini — Qəznəviləri məğlub etdikdən sonra tarixdə məşhur Səlcuqlu Dövlətini qurmuşdur. Səlcuqlu dövləti Səlcuq Bəydən sonra da övlad və nəvələri tərəfindən zaman-zaman genişlənmiş, Türküstanın böyük bir qismi ilə yanaşı, Farsistan, Xorasan, Azərbaycan, Gürcüstan, İraq, Anadolu və bütün Ön Asiyanı öz hakimiyyətləri altına alaraq müəzzəm bir İmperatorluq qurmuşlar.
XI əsrdən XIV əsrə qədər Türküstandan Aralıq dənizinə qədər böyük bir ərazidə İmperatorluq quran Səlcuq Bəyin oğulları Arslan, Yusif, Musa, nəvələri Toğrul, Çağrı, nəticələri Alp Arslan, Məlik şah və başqaları bir neçə dövlət qurmuş, bu dövlətlərdən bəziləri Böyük Səlcuqlu İmperatorluğuna tam bağlı olmuş, bəziləri isə müstəqil dövlətlər olmuşlar. Tarixdə Səlcuq Bəyin nəvələri olan Toğrul və Çağrı Bəylərin türkmən topluluğuna səlcuqlular, oğlu Yusif Yınalın topluluğuna isə Yınallılar deyilmişdir. Böyük Səlcuqlu Türk sultanı Toğrul Bəy Abbasi Xəlifəsi Əl-Qaim bi-Əmrullahın dəvəti ilə Türkmən-Oğuz boylarından ibarət müəzzəm bir ordu ilə Bağdada daxil olmuşdu. Tarixçilər göstərirlər ki, Türk və Oğuzlardan təşkil olunan 120 minlik Səlcuqlu ordusunun Bağdada girməsi Xilafət mərkəzində bir həyəcan dənizini andırırdı. Əsrlərdir bir ümid və səbrlə gözlənən təmiz, saf Allah ordusu, İslamın qurtarıcıları olan Türklər gəlmişdi[8]. Səlcuqlu İmperatorluğunu yaradan Oğuz-Türkmənlərin əsas qayəsi Cahan hakimiyyəti qurmaq və Türkmənlərin köçlərini yönləndirmək olmuşdur. Ümumiyyətlə, Cahan hakimiyyətinə nail ola bilməsələr də böyük bir mədəniyyət yaradaraq fərqli mədəniyyətləri çulğalaşdıran Səlcuqlular Türk və İslam mədəniyyətini birləşdirməyə nail olmuşdular. Səlcuqlular getdikləri bölgələrə də öz Oğuz-Türkmən mədəniyyətlərini aparmışlar. Səlcuqlu İmperatorluğu iç savaşlar, tac-taxt qovğaları nəticəsində parçalandıqdan sonra yerində ayrı-ayrı dövlətlər, atabəyliklər və bəylərbəyliklər yarandı. Oğuz-Türkmənlərin Səlcuqlulardan sonra yaratdığı ən mühüm dövlətlər Azərbaycan, İraq və Mosul Atabəyləri, Anadolu Səlcuqluları, Osmanlı, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri olmuşdur. Bu anlamda Səlcuqluların tarixi Oğuz-Türkmənlərlə yanaşı, həm də Azərbaycan, İraq və Anadolu Türklərinin tarixidir. Beləliklə də Səlcuqlu İmperatorluq orduları üçün insan deposu görəvini yapan Oğuz-Türkmənlər Xorasan, İran, Azərbaycan, İraq və xüsusilə də Anadoluya və s. ölkələrə yayılaraq indiki Türkmənistan ərazisində saylarının xeyli azalmasına səbəb olmuşdu. Səlcuqlu Türkmənlərin hakimiyyətini müsəlman dünyasının o dövr bütün ərəb və fars tarixçiləri belə təqdir etmiş, onların gətirdiyi əmniyyət və səadətə dayanaraq onlara qarşı heç bir pis fikir yazmamışlar. Səlcuqlu Türkmənlərin Anadoluya gəlişini Bizans yağmalarından cana doymuş Anadolu xalqlarının da sevinclə qarşıladıqlarını tarixi mənbələr xüsusi qeyd etmişlər[9]. Hətta qədim Türk inancına görə, Tanrının Oğuz xaqana və övladlarına İrkıl Xoca və Dədə Qorqud, Çingiz xana Gökcənin dünya hakimiyyətini necə ərməğan etdiyini söyləmişdilərsə, o dövrün Həmədan övliyası Baba Tahirin də İslam və dünya hakimiyyətini Allahın Səlcuqlu Türkmən Toğrul bəyə və sülaləsinə elə ehsan etdiyini müjdələməsini bir çox orta əsr tarixi mənbələri xüsusi qeyd etmişlər. Türkmən Toğrul bəylə doğrudan da 900 illik Türk-İslam səltənəti başlamış, yeni bir çulğalaşmış dünya mədəniyyətinin qapısı açılmış, İslam dünyasına da qurtuluş və nizam yolu bəxş etmişdi. Oğuz Türkmənlər İslam dinini qəbul etdikdən sonra da uzun müddət Türk adət-ənənələrinə sadiq qalmış, Türk qadınının istər dövlət və istərsə də cəmiyyətdəki nüfuzunu qoruyub saxlamış, hakim olduqları yerlərdə Türkə məxsus ədalət və əmniyyəti bərpa etmişlər. Keçmiş Türk xaqanları kimi Səlcuqlu Türkmən sultanları da dövlət işlərində xatunlarla məsləhətləşər, onların fikirlərinə hörmətlə yanaşar, bəzən onlara üstünlük də verərdilər. Hətta Səlcuqlularda "Türkan" adı daşıyan Sultan xatunları təkcə hökmdarlara və siyasi hadisələrə təsir etməklə yetinməyib, həm də idarəçilikdə iştirak etmiş, digər xatunlar da hərbi yürüşlərdə iştirak etmişlər. Bunu təsdiq edəcək onlarla orta əsr mənbələri mövcuddur. Belə ki uzun müddət Səlcuqlu sultanlarının vəziri olmuş məşhur "Siyasətnamə" əsərinin müəllifi Hizam ül-Mülk yazır ki: "Türküstan xaqanları və Türkmən padişahları dövlət işlərində xatunların fikirlərini üstün tutarlar" (Hizam ül-Mülk. Siyasətnamə)[10]. Bu iş Türmənlərin sonradan Azərbaycanda yaratdıqları Qaraqoyunlu və xüsusilə Ağqoyunlu dövlətlərində (Sara Xatun) də davam etdirilmişdi. Belə ki, XV əsrdə Türkiyəyə gələn Fransız elçisi Broquere "Türkmən qadınlarının kişilərdən qaçmadığını, çox gözəl və ismətli olduqlarını anladarkən Türkmən Dulqadir oğullarına bağlı 30 min qadın süvarisi olduğunu, kişilər kimi silahlanıb savaşdığını" yazmışdır[11][12]. Beləliklə orta əsr Xristian Avropasında qadın "şeytanın aləti" sayıldığı halda, Oğuz Türkmənlərdə və bütövlükdə qədim Türk dünyasında qadın ictimai-siyasi, hüquqi mövqeyə sahib idi. Səlcuqlulardan sonra indiki Türkmənistan ərazisində zaman-zaman Xarəzmşahlar, Çingizoğulları, Teymuroğlulları, Səfəvilər, Əfşarlar və b. sülalələr hakimiyyət sürsələr də Türkmənlər müstəqil xanlıqlar yaradaraq öz siyasi varlıqlarını davam etdirmiş, müəyyən dövrlərdə Səfəvilər, Əfşarlar, Qacarlarla müxtəlif savaşlar yapmış, nəticədə geri çəkilərək Xivə və Mərv bölgələrinə doğru yayılmağa başlamışlar. XVIII əsrin ortalarında Türkmənlər Nadir Şah Əfşarın sui-qəsd nəticəsində öldürülməsindən istifdə edərək özlərini müstəqil elan etmişdilər. Bu müstəqillik çar Rusiyasının 1891-ci ildə Türkmən ölkəsini zəbt etməsinə qədər davam etmişdi. Çar hökumətinin devrilməsi ilə bütün Türküstanda olduğu kimi Türkmənistanda da Sovet hökuməti qurulmuş, 1920-ci ildə Türkmənistan Sovet Sosialist Respublikası elan edilmiş, 1925-ci ildə isə digər Sovet Respublikaları kimi Türkmənistan da Sovet İttifaqının bir subyektinə çevrilmişdi. Bütün Türküstanı yenidən işğal edən ruslar onu beş yerə parçalayıb "Türküstan" adını tarixdən silməyə çalışsalar da "Türkmənistan" adını silə bilmədilər. Yüz illik rus istilasından sonra nəhayət Sovet İmperiyasının dağılması ilə 1991-ci ildə Türkmənistan da öz müstəqilliyini elan etdi. Türkmən xalqı özünün Anayasasını qəbul edərək Prezidentli Respublikaya çevrildi. Ölkə Konstitusiyasına görə, Türkmənistan Respublikası demokratik, layiq, hüquqi bir dövlətdir. Hakimiyyətin tək sahibi Türkmən xalqıdır. Çağdaş demokratik Anayasalarda olan əsas maddələr Türkmənistan Anayasasında da öz əksini tapmışdır. Ölkədə hakimiyyət bölgüsü Anayasa ilə tənzimlənmiş olsa da, Anayasada bütün demokratik dəyərlər öz əksini tapsa da, çağdaq demokratiya baxımından mübahisəli məsələlər də bulunmaqdadır. Belə ki ölkənin ilk prezidenti mərhum Safarmurad Hiyazov guya xalqın istəyi ilə "Türkmənbaşı" (Türkmənlərin atası) ünvanı almış və özünü ölənə qədər dövlət başçısı elan etmişdi. Bu məsələ demokratiya baxımından ziddiyyət təşkil etsə də, tarix göstərdi ki, Türkmənistan kimi Sovet şinelindən çıxan və xüsusilə neft və qazla zəngin bir ölkədə iqtidar qovğalarının yaşanmasının qarşısını aldı və ölkədə sabitliyi bərpa edərək keçid dövründə ölkə üçün müsbət nəticələr verdi. Türkmənistan Respublikasının ərazisi 488. 100 km², əhalisi təqribən 4,5 milyon nəfərdir. Əhalinin əsasını Türkmənlər təşkil edir. Türkmənlərdən başqa ölkədə Özbək, Qazax, Tatar, Azərbaycan Türkləri, Ruslar, Ukraynalılar və az miqdarda başqa xalqlar yaşayır. Türkmənistan əhalisinin 90–95 faizini Türksoylular təşkil edir. Türkmənlər Türkmənistandan başqa toplu halda Xorasanda, Əfqanıstanın Türküstan bölgəsində, İraqda, Suriyada, Özbəkistanda, az sayda olsa da Rusiya Federasiyasının müxtəlif yerlərində və başqa ölkələrdə yaşamaqdadırlar. Ölkə ərazisinin beşdə dördünü (350.000 km².) Qaraqum çölü təşkil edir. Mütəxəssislərin fikrincə, Qaraqum çölü Xəzər dənizinin içəri çəkilməsindən sonra yaranmışdır. Türkmənistan Balkan, Mərv, Levap, Ahal və Taşoğuz adlı beş vilayətə bölünmüşdür. Paytaxtı Aşqabad şəhəridir. Ölkə iqlimi çox sərtdir, yayı çox isti, qışı çox soyuq olur. Ölkədə Tecən, Amudərya, Artak, Murqar adlı kiçik çaylar olsa da Türkmənistanın su ehtiyacını başlıca olaraq 9 yüz km uzunluğundakı Qaraqum kanalı təmin edir. Əkin yerlərinin əksəriyyəti sulamadan yararlanır. Kənd təsərrüfatının əsasını pambıqçılıq təşkil edir. Ölkədə həmçinin qovun-qarpız və üzüm yetişdirilir. Heyvandarlıqda əsas yeri Qaragül qoyunları tutur. Pambıqçılıqla əlaqədar olaraq ölkədə toxuculuq sənayesi xeyli inkişaf etmişdir. Türkmənistan yeraltı sərvətlərlə də zəngindir. Ölkənin əsas yeraltı sərvəti təbii qaz və neftdir. Bundan başqa, ölkədə kükürd, qurğuşun, kalium, duz və s. istehsal edilir. Müstəqillik qazandıqdan sonra Türkmənistan dünyaya açılmışdısa da ölkənin keçmiş prezidenti Türkmənbaşının dönəmində ölkə xeyli qapalı saxlanılmış, ölkənin ümumi iqtisadi inkişafı ləngidilmişdi. Türkmənbaşının vəfatından sonra Türkmənistan yeni bir inkişaf yoluna qədəm qoyub. Yeni prezident Qurbanqulu Berdiməhəmmədov dünyanın inkişaf etmiş dövlətləri, xüsusilə ABŞ-la əlaqələri genişləndirməyə başlamış, qardaş Azərbaycan və Türkiyə ilə münasibətləri sağlam istiqamətdə qurmağa çalışmaqdadır. Gələcək Türküstanın birliyi Türkmənistandan çox asılıdır.
10–21 yanvar 1995-ci il tarixlərində Türkmənistanda aparılmış əhalinin rəsmi siyahıyaalınmasının yekunlarına əsasən 4.437.570 nəfər olmuş ölkə əhalisinin 3.401.936 nəfərini və ya 76.66%-ini etnik türkmənlər təşkil etmişdir.[13] Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial məsələlər üzrə şöbəsinin (ing. United Nations Department of Economic and Social Affairs) Statistika Bölümünün (ing. United Nations Statistics Division) məlumatlarına əsasən 1 yanvar 2003-cü il tarixinə Türkmənistan əhalisinin de-fakto sayı 5.123.940 nəfər (2.571.866 nəfəri kişilər, 2.552.073 nəfəri qadınlar) olmuşdur.[14] Türkmənistan hökumətinin 2003-cü ilin sonunda Birləşmiş Millətlər Təşkilatının İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə komitəsinə (ing. UN Committee on the Elimination of Racial Discrimination (CERD)) təqdim etdiyi və 1 aprel 2005-ci ildə bu komitə tərəfindən dərc olunmuş məlumatlara əsasən Türkmənistan əhalisinin 94.7 %-i türkmənlərdən, 2 %-i özbəklərdən, 1,8 %-i ruslardan, 1,5 %-i isə digər millətlərin nümayəndələrindən ibarətdir.[15] Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial məsələlər üzrə şöbəsinin təqdim etdiyi 2011-ci ilə dair məlumatlara əsasən Türkmənistan əhalisi 5.105.301 nəfərdir.[16] Birləşmiş Millətlər Təşkilatının İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə komitəsinin 2003-cü ilə aid Türkmənistanın milli tərkibinə dair məlumatları və Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial məsələlər üzrə şöbəsinin təqdim etdiyi 2011-ci ilə aid Türkmənistan əhalisinin sayına dair məlumatlar nəzərə alınarsa 2011-ci ildə Türkmənistanda ən yüksək ehtimalla təxminən 4.835 milyon etnik türkmən yaşayır.
İran türkmənlərinin (türkm. Eýran Türkmenleri) əksəriyyəti Türkmənsəhrada (türkm. Türkmensähra) məskunlaşmışdır. Türkmən mənbələrinə əsasən 2010-cu ilə aid ehtimallara görə İranın 71.208 milyon nəfər əhalisinin təxminən 3 milyon nəfərini və ya 4.21 %-ini etnik türkmənlər təşkil edir.[17] İranda türkmənlərin 4 əsas tayfa ittifaqı mövcuddur: Yomud, Göklən, Nohurlu və Təkkə.[18] Yomud tayfa ittifaqı özlüyündə iki qola ayrılır: Atabəy və Cəfərbəy.[18]
Əfqanıstanda 1979-cu ildən bəri etnik fərqliliyi nəzərə almış əhali siyahıyaalınması aparılmadığı üçün bu ölkədə yaşayan millətlərin dəqiq sayı haqqında rəsmi məlumatlar yoxdur. Yalnız bəzi rəsmi strukturların təxminləri və ya bu etnik qrupların cəmiyyətləri tərəfindən təqdim edilən təxminlərə əsasən Əfqanıstanda yaşayan millətlərin sayına dair ehtimallar verilir:
Vilayətlər | Əhalisi, 2012-ci il rəsmi təxmini | Türkməncə danışanları və ya türkmənlərin nisbəti | Türkməncə danışanların və ya türkmənlərin təxmini sayı |
---|---|---|---|
Bəlx | 1 245 100[21] | 11.9 %[22] | 148 200 |
Cövzcan | 512 100[23] | 28.7 %[24] | 147 000 |
Künduz | 953 800[25] | 11 %[26] | 104 900 |
Badğis | 471 900[27] | 3 %[28] | 14 200 |
Daykündi | 438 500[29] | 0.22 %[30] | 1 000 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.