From Wikipedia, the free encyclopedia
Qara xan Mirzə bəy oğlu Ustaclı (?-1517) — qızılbaş sərkərdəsi, Diyarbəkir bəylərbəyi Məhəmməd xan Ustaclının qardaşı. Onun barədə anonim müəllif tərəfindən qələmə alınan “Tarix-i Qızılbaşan” adlı əsərdə qısa məlumat verilmişdir:
Qara xan Ustaclı | |
---|---|
1514 – 1517 | |
Əvvəlki | Xanməhəmməd bəy Ustaclı |
Şəxsi məlumatlar | |
Doğum yeri | Ağqoyunlu dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Mardin, Diyarbəkir bəylərbəyliyi, Səfəvilər dövləti |
Vəfat səbəbi | döyüş |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Mirzə Bəy Ustaclı |
Həyat yoldaşı | Fatma Sultan bəyim |
Uşağı | Abdulla xan |
“Xan Məhəmmədin qardaşı Qara xan ondan sonra Diyarbəkir əmir əl-ümərası oldu və 922-ci ildə (5.II.1516—23.I.1517) Mardin (yaxınlığındakı) Qoruqtəpədə «Bığlı Çavuş» adı ilə məşhur olan Mustafa paşa ilə döyüşdə öldürüldü.”[1]
Qara xan Ustaclı Ustaclı boyunun məşhur əmirlərindən olmuşdur. O, Mirzə bəy Ustaclının oğlu, Xan Məhəmməd Ustaclının isə kiçik qardaşı idi. Qara xan ən əvvəldən Şah İsmayılın yanında olan qardaşı Məhəmməd xan Ustaclı ilə Şirvan yürüşündə iştirak etmişdi. Qara xan həmçinin Almaqulağı döyüşündə Şah İsmayıl qoşununun cinahlarından birinə qardaşı ilə birlikdə rəhbərlik edirdi.[2]
Bu barədə “Aləmara-yi Şah İsmayıl” əsərində yazılır:
“Döyüş meydanına yerləşdikdə isə Şah İsmayıl mərkəzdə qərar tutdu. Sağ cinahda Abdal bəy Dədə və Əbdi bəy Şamlu qorçularla birlikdə səf çəkdilər. Sol cinaha isə Məhəmməm xan Ustaclı və qardaşı Qara xan Ustaclı rəhbərlik edirdilər. ”[2]
Şah İsmayıl Mosul, Diyarbəkir və Səncarı tutduqdan sonra Bağdadın şimalındakı Cizrə vilayətini ələ keçirmək üçün ora əsgərlərindən bir dəstə göndərdi. Lakin Cizrə hakimi Əmir Şərəf uzun müddət mübarizə apardı. Cizrə hakimi Əmir Şərəf Əmir Bədrin oğlu idi. Beləliklə mühasirə nəticəsiz qaldı və qızılbaşlar müvəffəqiyyət əldə edə bilmədən geri qayıtdılar. Bunun nəticəsində Məhəmməd xan Ustaclı qardaşı Qara xan Ustaclını Cizrəni tutmaq üçün bura göndərdi. Qara xan sözügedən ərazini ələ keçirib, şəhəri talan etdi. Əmir Şərəfin qardaşı Əli bəy isə Qara xan üzərinə yeriyib onu şəhərdən çıxardı.[3]
“Aləmaray-i Şah İsmayıl” əsərində göstərilir ki, Şah İsmayıl Azərbaycana qayıtdıqdan sonra Əlaüddövlə onunla bağladığı müqaviləni pozdu və 1508-ci ildə onun oğullarının başçılıq etdikləri zülqədər qoşunları iki dəfə Diyarbəkir üzərinə həmlə etsələr də, hər dəfə Məhəmməd xan və onun qardaşı Qara xan tərəfindən ağır məğlubiyyətə uğradıldılar. Bu yürüşlərdə Əlaüddövlənin oğulları Sarı Qaplan, Ərdüvanə, Məhəmməd (Əhməd) və Kor Şahrux həlak oldular.[4]
1507-08-ci illərdə Şərqi Anadoludakı bir sıra ərazilərin Səfəvilər dövlətinə birləşdirilməsi və Şah İsmayılın yeznəsi Qara xanın qardaşı Məhəmməd xan Ustaclunun hakim olduğu Diyarbəkir bəylərbəyiliyinin Osmanlıların Trabzon vilayəti ilə həmsərhəd olması Səlimi narahat etməyə başlamışdı. Sultan Səlim bir neçə dəfə atasından Diyarbəkirə hücum etmək üçün icazə istəsə də, rədd cavabı almışdı.
1508-12-ci illər arasında Səlim bir neçə dəfə qızılbaşlarla sərhəd münaqişələrinə girdi. İki ölkənin sərhədində mühüm mövqe olan Ərzincan bölgəsi dinc əhalinin hər iki tərəfdən qarət olunması ilə müşayiət olunan bu hərbi əməliyyatların əsas mərkəzinə çevrildi. Belə ki, Əlaüddövlənin oğullarının məğlubiyyətindən sonra Səlim Osmanlıların Ərzincan hakimi Osman paşaya məktub yazıb, ona Səfəvilərin tabeliyindəki ərazilərə soxulmağı əmr etdi. Lakin Osman paşanın sərhədi keçmiş 12 minlik qoşunu Səfəvi sərkərdəsi Əhməd sultan Qacarın qəfil hücumu ilə məğlubiyyətə uğradılmışdı.
Bu hadisədən sonra Səlim özü şəxsən 30 minlik ordu ilə Ərzincandakı Səfəvi ərazilərinə basqın edib, çoxlu talançılıqlar törədərək geri qayıtdı. Səlimin bu hərəkətlərinə cavab olaraq Məhəmməd xan qardaşı Qara xan Ustaclıya 10-12 minlik qoşun verib “Ərzincanın Sultan Səlimə məxsus nahiyəsinə basqın edib elə bir xərabəlik törətməyi tapşırdı ki, bir də oraları abad etmək mümkün olmasın”. Həmçinin ona tapşırılmışdı ki, Səlimlə birbaşa toqquşmadan yayınsın və əməliyyatı tez bir zamanda həyata keçirib geri qayıtsın.[5] Qara xanın ordusunun sərhədi keçdiyini öyrənən o sərhədin əhalisi dağlardakı qalalara çəkildilər. Osmanlıların Ərzincan paşası güclü mühafizə olunan və ətrafındakı xəndəklər su ilə doldurulmuş qalaya sığındığından qızılbaşlar oranı tuta bilmədilər və Qara xan Əhməd sultan Qacara 6 min döyüşçü verib onu Toqatın kəndlərini qarət etməyə göndərdi. Cəmi 15 gün çəkmiş bu əməliyyat nəticəsində qızılbaşlar çoxlu qənimətlə geri qayıtdılar.[6]
İsgəndər bəy Münşinin "Tarix-i aləmara-yi Abbasi" adlı əsərində Səfəvi qoşunlarının döyüş düzülüşü barədə ətraflı məlumatlar öz əksini tapır.[7] Döyüş zamanı Qara xan qardaşı Məhəmməd xan Ustaclı ilə birlikdə Səfəvi qoşunlarının sol cinahına rəhbərlik edirdi. Çaldıran döyüşündə Qara xanın qardaşı Məhəmməd xan Ustaclı öldürüldü. Qara xan isə qoşunlarını mühasirədən çıxarmağa nail oldu.[8]
“Aləmara-yi Şah İsmayıl” və "Tarixi aləmara-yi Abbasi" əsərlərində qeyd olunur ki, Şah İsmayıl öz paytaxtına qayıtdı və dərhal Çaldıran vuruşmasında həlak olmuş Məhəmməd xan Ustaclunun əvəzinə onun qardaşı Qara xan Ustaclunu Diyarbəkir bəylərbəyisi təyin etdi, Məhəmməd xanın dul qalmış arvadını (o, şahın bacısı idi) Qara xana ərə verdi və onu qoşunla həmin bölgəyə yolladı.
Qara xan Diyarbəkir hakimi təyin edildikdən sonra Amid şəhərinin (qalasının) əhalisi də dərhal Şah İsmayıla qarşı cəbhə tutmadı. Şəhər əhalisi öz nümayəndələrini Şah İsmayılın yanına göndərdi ki, Səfəvi dövlətinə sədaqətlərini saxlamaqdadırlar. Amma Şah İsmayıldan xahiş olundu ki, Qara xanın yerinə Diyarbəkirə başqa bir adam hakim təyin edilsin.[9] Çünki Diyarbəkir əhalisi Qara xanla silahlı qarşıdurmada olmuşdu və onun Diyarbəkir əhalisinə qarşı sərt tədbirlər həyata keçirəcəyindən ehtiyat edirdilər. Şah İsmayılın bu xahişə necə cavab verməsi barədə mənbələrdə və tarixi ədəbiyyatda hər hansı bir məlumata rast gəlmək mümkün deyil. Çox tezliklə Qara xanla Osmanlı qoşunları arasında döyüş başlamasından belə ehtimal etmək olar ki, ya bu xahiş Şah İsmayıla geç çatdı, ya da Şah İsmayıl təklifi qəbul etmədi və Qara xanın yerinə başqa birisini Diyarbəkir hakimi təyin etmədi. Bu da onunla izah olunur ki, Qara xan Səfəvi şahına kifayət qədər yaxın bir adam idi.[10]
Diyarbəkir ətrafında Səfəvi və Osmanlı qüvvələrinin toqquşması ilə bağlı mənbələrdə müxtəlif məlumatlar öz əksini tapmışdır.
"Aləmara-yi Səfəvi" və "Aləmara-yi Şah İsmayıl" əsərləri məlumat verir ki, Məhəmməd xan Ustaclı hələ Çaldıran döyüşündə iştirak etmək üçün yola düşən zaman Əhməd Çələbi adlı bir şəxsi müvəqqəti olaraq öz yerinə təyin etmişdi. Çaldıran döyüşünün nəticəsindən xəbər tutan Əhməd Çələbi isə Osmanlılara yaxınlaşmağı üstün bildi. Hətta Diyarbəkir qalasında olan şahın bacısı Pəri bəyim xanım ona məktub yazaraq ondan kömək göstərməsini tələb edəndə o bu məktubu cavabsız qoymuş, kömək göndərməkdən imtina etmişdi. Pəri bəyim xanım isə dərhal Şah İsmayıla məktub yazıb ondan kömək istəmiş və Əhməd Çələbinin satqınlığı barədə məlumat vermişdi. Bu məktubu aparan elçi 2 gün yol gedəndən sonra yolda Qara xanla rastlaşır. Qara xan elçiyə əmr edir ki, dərhal geri qayıtsın və qala qapılarını ona açsın.[11]
"Aləmara-yi Səfəvi" və "Aləmara-yi Şah İsmayıl" əsərlərinin məlumatına görə tərəflərin üzbəüz gəlməsi Sultan Səlim Təbrizdən qayıtdıqdan sonra baş vermişdi. 1514-15-ci ilin qışında Diyarbəkirdə kürdlər Səfəvi hakimiyyətinə qarşı qiyam qaldırmışdılar. “Aləmara-yi Şah İsmayıl”a əsasən, üsyanın rəhbəri Əhməd Çələbi, Sultan Səlimə məktub yazaraq, ondan kömək istədi. Bu mənbələr Qara xanın Həsən paşanın qoşun dəstəsi ilə qarşılaşması haqqında ətraflı məlumat verir. Qara xan istinad olunan mənbələrin məlumatına görə, 4 min nəfərlik qoşun dəstəsi ilə Diyarbəkirə yollandı. Məlumata görə, Qara xan, Osmanlı qoşunlarının Təbrizi tərk etməsindən dərhal sonra Diyarbəkirə doğru hərəkətə başladı. Sultan Səlim Diyarbəkir əyalətinin ələ keçirilməsi üçün əyalətin kürd rəhbərlərindən səmərəli şəkildə istifadə etməyə çalışırdı. Çaldıran döyüşündəki qələbədən sonra Sultan Səlim hətta kürd əmirlərinə fəthnamə də göndərmişdi. Osmanlı sultanı şübhə etmirdi ki, Qara xanın rəhbərliyi altında olan 4 min nəfərlik qoşun dəstəsi ilə Diyarbəkir qalasına daxil olsa, sonradan bu qalanı ələ keçirmək xeyli çətinləşəcəkdir. Ona görə də qoşun başçılarından olan Həsən paşaya tapşırıq verdi ki, 10 min nəfərlik qoşun dəstəsi ilə Diyarbəkirə yollansın və Qara xanın Diyarbəkir qalasına daxil olmasının qarşısını alsın. Qara xan bundan vaxtında xəbər tutdu və hələ Diyarbəkirə çatmamış Osmanlı qoşunları ilə qarşılaşmağı qərara aldı. Bu məqsədlə Diyarbəkirə aparan yol üzərindəki dağ keçidinin uzun dərələrindən birində tələ qurdu, dəstəsini gizlin yerlərdə yerləşdirdi. Osmanlı dəstəsi həmin yerdən keçəndə Səfəvi döyüşçüləri Qara xanın göstərişi əsasında dərənin girişini də, çıxışını da tutdular və bununla, Osmanlı qoşun dəstəsini mühasirəyə aldılar. Osmanlı qoşun dəstəsi göstərdiyi bütün səylərə baxmayaraq bu mühasirədən çıxa bilmədi və qoşun dəstəsinin döyüçüləri demək olar ki, bütünlüklə məhv edildilər.[12]Bu hadisə Qara xanın Diyarbəkirə yetişməsindən əvvəl baş vermişdi.
1515-ci ilin yazında Diyarbəkir şəhərini tutmağa nail oldu.[13]
Az sonra Sultan Səlimin göndərdiyi Osmanlı ordusu Diyarbəkiri mühasirəyə aldı. Sultan Səlimin göstərişi ilə Qaraxana bu məzmunda xəbər göndərildi: “Gəl, mənə itaət et ki, bu ölkəni tamam sənə verim və sən bu ölkənin külli hakimi olasan”. Sultan hədələyirdi ki, “əks təqdirdə, bu qalanı top zərbəsi ilə yerlə yeksan edəcəyəm və sizi cəzalandıracağam”. Qaraxan bu təklifi qəti surətdə rədd edərək, bunun cavabında Osmanlı elçisinə bildirdi: “Get və qeysərinə de ki, sən unudursan ki, biz Şah İsmayıl Bahadırın nökərləriyik. Biz bu ocağın sufiləri və bəndələriyik. Heç bir vaxt sufi və müridi öz mürşid-i kamilindən döndərmək, onu öz ağasından uzaqlaşdırmaq mümkün deyildir”.[14]
Həsən bəy Rumlu məlumat verir ki, Əhməd Çələbi dərhal Bığlı Mehmed Çavuşa məktub göndərib ondan kömək istəyir.[15] Onun məktubuna cavab olaraq Bığlı Mehmed paşanın başçılıq etdiyi Osmanlı qoşunu 1515-ci ilin sentyabr ayında üsyançılara köməyə gələrək, Diyarbəkiri qızılbaşların əlindən qurtarmağa nail oldu. 1516-cı ildə Qara xanın hakimliyinin ikinci ilində Bığlı Mehmed paşanın 20 minlik ordusu ilə Səfəvi ordusu qarşı qarşıya gəldi. Döyüş Üləngi-Qoruq adlanan yerdə baş verdi. Bu döyüş barədə Rumlu yazır:
“Neçə gündən sonra xəbər gəldi ki, Bığlı Çavuş təxminən iyirmi dörd min süvari və piyada toplayıb Amiddən çıxmışdır. Ona görə də Qara xan öz ordugahından ayrılıb Bığlı Çavuşun düşərgəsinə doğru üz tutdu və Mardin yaxınlığındakı Qoruqda düşərgə saldı. O zaman [Qara xan] düşündü ki, tezliklə düşmənlə döyüşə girsin və yenidən yer üzünü düşmənlərin qanı ilə gül rənginə boyasın. Qudurmuş sultan da onu [bu işə] həvəsləndirdi və dedi: - Səfəviyyə xanədanının düşmənlərinə bundan daha artıq möhlət vermək lazım deyildir və onların bədənlərinin divarlarında qılınc və xəncər zərbəsi ilə deşiklər açmaq gərəkdir. Amma həmin vaxt İsgəndər şanlı xaqanın yanından bir qorçu gəlib onun hökmünü gətirdi ki, bu tərəfdən yardım gəlib çatmayınca döyüşə girməsinlər. Başqa şəxslər də savaşa atılmaqda tələsməyi məsləhət görmürdülər və deyirdilər: - Kömək gəlib çatıncaya qədər düşmənlə vuruşa başlamaq lazım deyil. [Lakin] xan Qudurmuşun fikrini daha düzgün hesab etdi. Ertəsi gün o, öz fələk yerişli atına minib bayraqlarını dalğalandırdı, sağ və sol cinahı necə lazımdırsa tərtib etdi. O tərəfdən Bığlı Çavuş sağ və sol cinahları iş bacaran adamlarla möhkəmləndirdi, öz qoşununun qabağında zərbzən və firəngilərlə dolu arabalar yerləşdirdi, onun ətrafını zəncirlə bir-birinə bağladı və qoşunun arxasında dəvələr və təchizat yerləşdirdi. Məhşər çölünü xatırladan o səhrada hər iki qoşunun səfləri tərtib olunduqdan sonra ilk öncə qazilər qılınclarını sıyırıb və nizələrini düşmənlərə yönəldib rumilərin üzərinə at çapdılar, [onların] sol və sağ cinahlarını yerlərindən dəbərdib mərkəzə doğru sıxışdırdılar. Rumilərin fərar yolu bağlı olduğundan onlar naçar qalıb döyüşə başladılar.”[16]
Qara xan baş verən döyüşdə qalib gəldi. Lakin o düşməni təqib edən zaman tüfəng gülləsinə tuş gəlib atdan düşdü. Nəticədə Qara xan vafat elədi. İsgəndər bəy Münşi yazır ki, Bu haldan qızılbaşlar pərişan oldular, rumilər isə açıq-aşkar basılma və məğlubiyyətdən sonra qələbə çaldılar. Onlar xondgardan yardım alaraq, Diyarbəkir vilayətini ələ keçirdilər.[17]
Qara xan Şeyx Heydər Səfəvinin qızı Fatma Sultan bəyim ilə evlənmişdi. Abdulla xan adlı oğlu vardı.[18][19]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.