From Wikipedia, the free encyclopedia
Portuqal–Səfəvi müharibəsi — 1507–1622-ci illər arası Portuqaliya imperiyası və onun vassalı Hörmüzlə, Səfəvilər İmperiyası və onları dəstəkləyən ingilislər arasında baş vermiş bir sıra hərbi toqquşmalar. Müharibə portuqalların Hörmüz və Bəhreyn adalarının, eləcə də Kəşm və Bəndər-Abbas qalalarının zəbt edilməsi ilə başlayıb.
Portuqal–Səfəvi müharibəsi (1621–1622) | |||
---|---|---|---|
Səfəvi-Portuqaliya müharibələri | |||
Tarix | 1622 | ||
Yeri | Hörmüz | ||
Səbəbi | Səfəvilərin dəniz limanı olan Hörmüzü portuqalların öz müstəmləkəsinə çevirməsi | ||
Nəticəsi | Səfəvi qələbəsi. Portuqalların Fars körfəzindən qovulması | ||
Ərazi dəyişikliyi | Hörmüzün yenidən Səfəvilərin əlinə keçməsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
|
XVI əsr boyunca portuqaliyalılar İran körfəzində bazalar qurmuşdular.[1] 1602-ci ildə qızılbaş ordusu onları Bəhreyndən qovmağı bacardı.[2] 1622-ci ildə isə ingilis gəmilərinin yardımı ilə Abbas Hörmüzü ələ keçirdi.[3] O, buranı ticarət mərkəzi olaraq Bəndər-Abbasla əvəz etdi. Bəndər-Abbas imperiyanın əsas quru torpaqlarına daha yaxın ərazidə yerləşirdi.[4]
Bəhreyn Bəsrə körfəzinin qərb sahillərində olan adalar qrupudur. Bu adaların ən böyüyünə Bəhreyn deyilir[5] Özbəklərlə müharibə fonunda Şah Abbasın əsas hədəflərindən biri də indiyə qədər Səfəvi imperiyasının çox az dərəcədə fəaliyyətinin olduğu İran körfəzi bölgəsi idi. Bunu düzəltməkdə qərarlı olan Abbas 1601-ci ildə bölgədəki vassal hakimlik olan Ları ilhaq etdi və oranın sonuncu hakimi İbrahim xan Fars hakimi Allahverdi xanın ordusunda özbəklərə qarşı edilən Bəlx yürüşündə iştirak etdi və yürüş əsnasında həyatını itirdi. Ların fəthi Səfəvi hökumətini Hörmüz körfəzindən imperiyanın daxili bölgələrinə qədər olan əsas quru ticarət yoluna nəzarət etməsini təmin etdi.[6]
1602-ci ildə Bəhreyn hakimi Rükunəddin Məsud, Portuqalların himayəsində olan Hörmüz hakimi Firuzşahın qorxusundan Səfəvi imperiyasının Fars vilayətinin hakimi Allahverdi xandan kömək istədi. Ada Hörmüz krallığına mənsub olsa da, kral Portuqaliyanın kuklası kimi hakimiyyətdə idi. Təklifin gəlməsindən sonra Allahverdi xan Abbasa xəbər etmədən, öz insiyativi ilə hərəkət edərək Bəhreyni ələ keçirmişdi, lakin o, Abbasın buna razılıq verəcəyini düzgün olaraq təxmin etmişdi. Amma bu işğal Abbasın Osmanlı imperiyasına qarşı Portuqaliya ilə İspaniyadan ibarət ittifaq qurmağa çalışdığı vaxta təsadüf etdiyi üçün təəccübə səbəb olmuşdu. Abbas bu bölgəni özünün qanuni torpaqları hesab edirdi və bu bölgədən gələn böyük ticarət vergilərinin portuqaliyalılara getməsinə görə qəzəbli idi. Bu qəzəb portuqaliyalıların Səfəvi tacirləri ilə kobud davranması xəbərlərinin gəlməsindən sonra daha da artdı. Hörmüzdən və qonşu quru sahəsində yerləşən Gembrundan gələn ticarət yolundan böyük gəlirlər götürməyə başlayan Abbas portuqaliyalılar üzərinə olan təzyiqini daha da artırdı.[6]
Bundan sonra portuqaliyalılar və Hörmüz hakiminin qüvvələri Bəhreynə dəniz hücumua keçdilər.[7] Səfəvi imperiyasınnı buna cavabı Gembrunu mühasirəyə almaq və karvan yollarını bağlamaqla verildi.
Bu əsnada Portuqaliyanın Hindistandakı müstəmləkəsi olan Qoadan gələn 3 portuqaliyalı augustinian keşiş Hörmüzə gəldi və Abbasa İspaniya kralı III Flippin məktubunu verdilər. Bu Abbasın 1599-cu ildə Avropaya göndərdiyi elçiliyə verilmiş ilk rəsmi cavab idi. Abbas bu zaman Bəlx üzərinə yürüşdə olduğu üçün keişlərin rəhbəri olan De Gouvea ilk öncə Bəhreyn üzərində yaranmış böhranı həll etməyə çalışdı. O, Səfəvi ordusunu Portuqaliyanın hərbi hazırlıqlarını dayandırmaq öhdəliyi müqabilində Gembrunun mühasirəsini qaldırmağa inandırdı. Lakin ticarət karvanlarının yolları qapalı olaraq qalmağa davam etdi. Bundan sonra De Gouvea Xorasandakı şahın yanına məktub göndərərək onu elçiliyin gəlişi ilə bağlı məlumatlandırdı. Abbas ilk öncə keşişləri qəbul etməyə çəkinirdi, çünki düşünürdü ki, onlar Bəhreynin geri qaytarılmasını tələb etmək üçün gəlmişdirlər. Lakin sonda onların III Filippdən məktub gətirdiklərini öyrəndikdən sonra düşüncəsini dəyişdirdi. Bəlxdən geri çəkilməyə məcbur olan Abbas öz düşərgəsini Məşhəddə qurmuşdu və keşişləri də orada qəbul edəcəkdi. Xorasana gedən keşişləri qarşılamaq üçün nümayəndələr göndərildi və onların arasında qardaşından xəbər göndərilməsinə ümid edən Robert Şirli də var idi, lakin heç bir xəbər yox idi.[6]
De Gouvea şahın qəbuluna çıxarıdlıqda şah böyük bir sarayda saray əyanları ilə oturmuşdu. Abbas adətən sadə geyindiyi üçün onu digərlərindən fərqləndirmək çətin məsələ idi, lakin şahın kim olduğunu təxmin edən De Gouvea Səfəvi ənənəsinə uyğun olaraq şahın qarşısında səcdə edib ayaqlarından öpmək əvəzinə, öz ənənələrinə uyğun olaraq ona yaxınlaşıb baş əyib əlindən öpdü. Saray əyanlarından bəziləri bunu bəyənməmiş kimi dayansalar da, Abbas onları qəbul edib əlini uzatdı. Bundan sonra III Flippin göndərdiyi məktub və Qoadakı portuqaliyalı canişinin hədiyyələri şaha təqdim edildi. Hədiyyələr arasında şah İsannı həyatından bəhs edən və augustinianlar tərəfindən hazırlanan kitabla xeyli maraqlandı. Bundan sonra şah keşişlərlə xristianlıq teologiyası, yaşamları barədə uzun söhbət etdi və sonra şah ayrı otağa keçərək böyük oğlu Səfi ilə yemək yeməyə getdi. Qərara alındı ki, sabah tezdəndən paytaxt İsfahana doğru yola çıxılacaqdır. Sabah Abbas 5–6 min nəfərlik dəstə saxlayaraq yerdə qalan ordunu tərxis edərək İsfahana yola düşdü. Yol boyunca Abbasın çadırında De Gouvea ilə şahın başqa bir görüşü daha baş tutdu və görüşdə De Gouvea şaha Osmanlıya qarşı müharibəyə başlamağa təşviq edərək ona Osmanlının Səfəvi imperiyasından nə qədər torpaq ilə keçirdiyini, Osmanlının indi daxili üsyanlara görə zəiflədiyini, onun Osmanlıya qarşı müharibəyə başlayacağı halda xristian hakimlərin əllərində qılınc yardım üçün hazır vəziyyətdə gözlədiklərini bildirdi.[8] Bu zaman keşişlərdən biri bəlkə də bu məsələ barədə belə açıq danışmağın təhlükəsiz olmadığını deyəndə, şah bunun əhəmiyyətli olmadığını söylədi, çünki onun Osmanlı imperiyasına olan nifrəti hamıya bəlli idi və onun Osmanlı İmperiyasının xarabalığa çevrilməsindən daha çox ehtirasla istədiyi heç nə yox idi. Buna cavab olaraq De Guevea niyə düşmənə qarşı əməliyyatlara başlamadığını soruşdu, Abbas isə artıq əməliyyatlar mövsümünün bitdiyini, öz elçiliyinin yaxında Avropadan geri dönməsini gözlədiyini, amma onlar imperiyanı tərk etməmişdən əvvəl əməliyyatlara başlayacağını bildirdi. Söhbətin yerdə qalan qismində Abbas yenə də keşişlərlə xristianlıq inancı barədə danışmış, İsanın ölüb-dirilməsi üzrə fikir bildirmiş və onları sarayındakı xristianlarla tanış etmişdir. De Gouvea xatirələrində şahın nə qədər bilgili və hazırcavab olduğuna təəccübləndiyini qeyd etmişdir.[9]
Bu arada Papa tərəfindən göndərilmiş iki elçilikdə Səfəvi imperiyasında idi. Onlardan birinə Dieqo de Miranda tərəfindən, digərinə isə Fransisko da Costa tərəfindən rəhbərlik edilirdi. Şah de Miranda ilə İsfahana yürüyüş ərəfəsində görüşmüş, da Costa ilə Kaşanda görüşməsi planlanmışdı. Bu iki elçilikdə ən əvvəldən özlərini pis apardılar və ancaq bir-biriləri ilə olan dava-dalaşları ilə gündəmə gəldilər. Davranışlarının hesabatı Papaya çatdıqdan sonra o, onları geri çağırsa da, bir xeyri olmadı. De Miranda şahın düşərgəsinə venesiyalı bir tacirin mallarını Papa adına müsadirə edərək təmin etdiyi böyük təmtəraqla gəldi və şaha Papanın məktubunu cibindən çıxararaq verdiyinə görə şah tərəfindən təhqir edildi. Bundan sonra şah ondan ancaq "axmaq" deyə bəhs etdi. Da Costa ilk başlarda özünü yaxşı tərəfdən göstəməyi bacarsa da, qısa müddət sonra dürüst olmayan və şiddət ehtiva edən davranışları ilə Abbası şok etməyi bacardı. Hər iki elçi bir Səfəvi elçisi ilə birlikdə Avropaya geri dönənə qədər şahın düşərgəsində qaldılar.[10]
Abbas 10 noyabrda İsfahana çatdı. İsfahana daxil olan De Gouvea şəhərin yeni paytaxt olmasına baxmayaraq Abbasın şəhəri gözəlləşdirmək üçün gördüyü işlərdən heyran oldu. Çahar Bağı "heyrətləndirici sünilik və gözəllik küçəsi" adlandıran De Gouvea, çox tağlı Allahverdi xan körpüsündən, geniş Şah meydanından ağız dolusu yazmışdır. Şah bundan sonra keşişlərə qarşı soyuq olmağa başladı, bunun səbəbi portuqaliyalıların indi Bəhreyni geri qaytarmaq üçün bölgədəki dəstələrinə ələvə qüvvələr göndərməsi və augustinianlara qrşı şiə düşmənçiliyi idi. Onlar şahdan İsfahanda daimi nümayəndəlik açmağa icazə istədilər və bu qəbul edildi, lakin onların kiçik kilsə açmaq tələbləri şiə üləma təbəqəsinin etirazları ilə qarşılaşdı və onlar şaha şikayət etdilər.[10]
Kiçik portuqaliyalı qüvvəsi Qoadan Hörmüzə gəldi və buna cavab olaraq Fars vilayətinin hakimi Allahverdi xan Hörmüzə bağlı bölgələri hücum edərəkdağıtdı. Şaha keşişlərin müraciəti ilə şah Allahverdidən hücumu dayandırmağı tapşırdı. Qərara gəlindi ki, De Goevue Səfəvi elçisi Allahverdi bəy ilə birlikdə Qoaya gedəcək, yolda De Goevue Hörmüzə gedib oradakı portuqaliyalıların əlavə qüvvə gətirməsini durduracaqdı. Əgər o, bunu bacarardısa, Allahverdi xan da ələ keçirdiyi torpaqları Hörmüz kralına geri qaytaracaqdı. Baş verənlər nəticəsində bu plan həyata keçirildi. De Gouveanın iki keşiş dostu İsfahanda qalmağa davam edirdilər və onlara şah din adamlarının etirazlarına baxmayaraq, şəhərdə kilsə tikmələrinə icazə verdi.[11]
Saraydan ayrılmamışdan bir öncəki gecə Abbas elçilərinin şərəfinə ziyafət verdi. Ziyafət zamanı portuqaliyalılardan öz mədəniyyətlərinə uyğun mahnı oxumalarını istədi və keşişlərdən biri ‘Laudate Pueri Dominum’ oxudu, bunu çox bəyəyən Abbas həyatı boyunca eşitdiyi ən gözəl musiqinin bu olduğunu bildirdi. Buna cavab olaraq da, özü öz şeirlərindən birini oxudu və ilk dəfə belə etdiyini əlavə etdi. Təstiqləmək üçün isə 12 ildir sarayında yaşayan venesiyalı diplomata səslənərək elə olub-olmamasını bildirməsini istədi və venesiyalı diplomat da təstiqlədi. Bütün gecə boyunca De Gouvea Abbası Osmanlı imperiyasına qarşı dərhal müharibəyə başlamağa təşviq etməklə məşğul oldu. Abbas isə yenidən təkrarladı ki, o, imperiya ərazisindən ayrılmadan o, Osmanlıya qarşı müharibəyə başlayacaqdır. De Gouvua bildirdi ki, o, Nəhavənddən xəbər gözlədiyi üçün İsfahanı tərk etmir. Bu zaman Səfəvilərin itirdiyi bölgələrdən biri olan Nəhavənddə yerli kürd tayfaları arasında münaqişəyə Səfəvilərin Həmədan valisi qarışmış, yerli kürd hakimi ilə birlikdə Nahəvəndi mühasirəyə almışdı. Abbas isə ona Osmanlı ilə sülh şərtlərini pozacaq hərəkətlərdən çəkinməyi tapşırmışdı. Nəhayət Osmanlı ilə müharibə başlamadan portuqaliyalı səfir İsfahanı tərk etdi və Abbas Hörmüzə tədbiq edilən ticarət blokadasını qaldırdı. 1 ildən çox ticarət blokadasında qalan və ticarət gəlirlərindən başqa gəliri olmayan Hörmüzə bu müddət ərzində xeyli ziyan dəymişdi və oraya gedən De Gouvea böyük karvanlarla birlikdə oraya yola düşdü.[12]
De Gouvea xatirələrində Səfəvi imperiyasında ticarət yollarının təhlükəsizliyindən də bəhs etmişdir. O, yazır ki, böyük ehtimalla Səfəvi imperiyası yolların təhlükəsizliyi baxımından dünyada birinci ölkədir, o, bunu Abbasın oğrulara, quldurlara qarşı amansız olması və aktiv mübarizə aparması ilə əlaqələndirməkdədir.[12]
De Gouveanın qarşısında duran vəzifələrdən biri də körfəzdəki portuqaliyalılarla bölgənin Səfəvi hakimi Allahverdi xanın arasındakı münasibətləri normallaşdırmaq idi. Onun gəlişi ərəfəsində yenicə ələ keçirilmiş bölgə olan Larda üsyan başladı və Allahverdi xan bu üsyanın portuqaliyalılar tərəfindən başladıldığını şübhələnməyə başladı. Üsyan onun tərəfindən yatırıldı və məlum oldu ki, üsyanla portuqaliyalıların əlaqəsi yoxdur. Bundan sonra o, oğlu İmamverdi xanı De Gouveanı təmtəraqlı şəkildə qarşılamağı və ziyafət verməyi tapşırdı. Səfəvi sarayında həm ata, həm də oğul öz israfçılığı ilə tanınırdılar və təşkil etdikləri ziyafətdə həm elçinin gəlişini, həm də qələbəni qeyd etdilər. Allahverdi həm də oğlu İmamverdinin Abbasın gözündə yüksəlməsini istəyirdi, çünki məqsədi onu gələcəkdə öz yerinə təyin etdirmək idi.[lower-alpha 1] De Gouvea Şirazda olarkən Abbas Allahverdiyə çapar göndərərək Nahəvəndin ələ keçirildiyini, onun öz sözünü tutması və avropalıların da öz sözlərini tutmalarını gözlədiyi barədə De Gouveaya məlumat verməsini əmr etdi. Bu ərəfələrdə Abbas Osmanlı imperiyasına qarşı topyekun müharibəyə başladı.[13]
Osmanlı imperiyası ilə 1612-ci ildə sülh müqaviləsinin imzalanmasından sonra Abbas artıq Avropa ilə ittifaq qurulmasında o qədər də maraqlı deyildi. Avropaya müharibə zamanı göndərdiyi elçilik heyətləri üzvləri də geri dönməyə başlamışdı. 1613-cü ilin yazında onun elçisi Dengiz bəy Rumlu sarayda özünü təqdim etdi. O, dizi üstünə çökərək Abbasın ayaqlaını öpməyə çalışdı və Abbas onu təpiklə özündən uzaqlaşdırdı. Bu edam edilmə əmri demək idi. Ona ittihamlara qarşı özünü müdafiə etmə imkanı da təqdim edilmədi. Dengiz bəyin edamına səbəb olan şelər Avropadan əldə edilmiş hesabatlara əsaslanırdı və şübhəsizki onu izləmək, hesabatları şaha göndərmək üçün heyətə salınmış şəxs tərəfindən göndərilmişdi. Digərlər şeylərlə yanaşı, o, öz şahının sağlamlığı qaydasında olsa belə, ispan kraliçasının ölümünə görə yas paltarı geyinməkdə, elçilik heyəti üzvləri ilə pis davranmaqda və nəticədə onlardan bir neçəsinin xristianlığı qəbul edərək Avropada qalmağı seçməyinə səbəb olmaqda ittiham edilirdi. Sonuncu əməlin cəzası edam demək idi, lakin Ser Robert Şirlinin də daxil olduğu göndərilmiş digər elçilik heyətinin rəhbəri Hüseynəli bəy heyətindən bir neçə nəfərin xristianlığı qəbul etib İspaniyada qalmasına baxmayaraq, edam edilməmişdi. Şahın Dengiz bəyə qəzəbi, ehtimal ki, Kral Filippin onun təkliflərinə müsbət cavab verməməsi və Hörmüz üzərində Portuqaliya nəzarətinə olan qəzəbinin yenidən oyanması ilə daha da artdı. O, indi ipəyin satılmaq əvəzinə İspan kralına hədiyyə edilməsindən və Dəngiz bəyin bunun əvəzində dəyərli heç nə ala bilməməsinə qəzəblənirdi. Həmçinin Dengiz bəyin ipəyin yarısını satıb gəliri cibinə atması haqda da söz-söhbət var idi. Bunu əminliklə iddia etmək çətindir, çünki o bunu etsəydi, şübhəsiz ki, Səfəvi imperiyasına qayıtmağa cəsarət etməzdi.[14]
1613-cü ilin iyununda De Gouvea da ədviyyatlar, qiymətli daş-qaşlar və maraqlı hədiyyələrlə Səfəvi sarayına gəldi. Abbas dərhal ondan bunlardan hansının ipəyin pulu qarşılığı, hansının kralın hədiyyəsi olduğunu açıqlamasını tələb etdi. De Gouveanın ədviyyatın ipək qarşılığında göndərildiyini deməsindən sonra Abbas onun qiymətini hesablatdırdı və bildirdi ki, bu məbləğ ipəyin qiymətindən aşağıdır. O, De Gouveadan yaranmış fərqi ödəməsini tələb edirdi. Həmçinin o, De Gouveanı III Flippə məktub yazmağa və krala ipəyin hədiyyə olmadığını, kommersiya məqsədli göndərildiyini bildirməsini istədi. Osmanlıya qarşı müharibə zamanı ispan kralının heç cür ona vəd etdiyi dəstəyi göstərməməsi şahın qəzəblənməsinə səbəb olmuşdu. Buna görə də, Abbas bir digər Augustunian rahibi olan Belçior dos Anjosu III Flippə yazılmış məktubla İspaniyaya göndərdi. Məktubda yazılmışdı ki, "hökmdarların dost ola bilməsi üçün 2 səbbə vardır, əgər onlar eyni inanca etiqad edirlərsə etiqad hesabına, ya da dövlət işlərinə görə. Birinci hal bizə uyğun deyil, çünki ortada belə bir böyük inanc fərqi var, və ortada digər səbəb də mövcud olmadıqda dostluq üçün təməl də qalmır". Bu, Fars körfəzində İspaniya-Portuqaliya varlığı üçün yaxşı heç nə vəd etmirdi.[15]
Belə bir siyasi ab-havada ermənilər onları nəyin gözlədiyini dərhal başa düşdülər. Avropa qüvvələrinin şaha verdiyi sözlərə əməl etmədikləri, Osmanlı ilə sülh şəraiti olduğuna görə onsuzda çətin vəziyyətdə qalan[lower-alpha 2] ermənilər De Gouveanın onlar üzərində Apostolik Ziyarətçi kimi gəlməsi ilə vəziyyətlərinin daha da pisləşdiyini anladılar və Abbası bunda onların günahlarının olmadığına inandırmağa çalışdılar. De Gouveanın şahın hüzurunda ermənilərdən "mənim təbəələrim" deyə bəhs etməsi vəziyyəti daha da qəlizləşdirdi. Şah dərhal ermənilərin İslamı qəbul etmələrini və köçürülmələr zamanı onlara verilmiş yardım pullarını geri qaytarmağı əmr etdi, əks halda onların ya qızları, ya da oğlanları qul ediləcəkdi. Karmelitlər və Auqustunianlar bir qədər pul qoymuşdular, lakin bu pulu Abbas qaytardı və o, De Quveanın yenidən suverenin öz vassalları ilə münasibətlərinə qarışmasına təəccübləndiyini söylədi. De Guvea Hörmüzə getmək üçün tələsik yola düşdü, Auqustunianlar qalan hissəsi müvəqqəti olaraq Bağdada çəkildi və Karmelitlərdən biri istisna olmaqla, hamısı İsfahanı hələlik tərk etməyi ehtiyatlı addım hesab edirdilər.[16]
1614-cü ildən etibarən isə Abbas bütün qəzəbini İran körfəzindəki portuqaliyalılara və ispaniyalılara qarşı yönləndirdi. O, körfəzdəki Hörmüzə və ya oradan daşınan bütün malların keçdiyi Gembruna yenidən hücum etdi. Hörmüzdəki portuqal komandiri ələ keçirdiyi bəzi ərəb tacirləri ilə pis rəftar edərək şahı qəzəbləndirmişdi. Hücumdan əvvəl qızılbaş ordusu karvanların hərəkət yollarını qapalı elan etdilər. Bundan sonra — sentyabrda Gembrun mühasirəyə alındı. Gembrun 80 nəfərlik portuqaliyalı döyüşçü və bundan bir qədər çox yerli əhali arasında toplanmış şəxs tərəfindən qorunurdu. Xristian təqvimi ilə yeni ildən bir neçə gün əvvəl qala İmamqulu xan tərəfindən ələ keçirildi. Lakin Hörmüz adasına hücum etmək üçün gəmilər lazım idi və bu Səfəvi ordusunda yox idi. Həmçinin Osmanlı imperiyası ilə yeni müharibənin başlamasını göstərən əlamətlərin ortaya çıxması Hörmüzün hücuma məruz qalmamasına şərait yaratdı. Artıq Abbas Osmanlı ilə yeni müharibəni dəf edə bilmək üçün başqa problemləri ən azından bir müddətlik dondurmalı idi. O, ələ keçirdiyi heç bir bölgəni verməyəcəyi şərti ilə, Karmelitlərin vasitəçiliyi ilə Hörmüz adasındakı portuqaliyalılarla danışıqlara başladı.[16]
1616-cı ildə Osmanlı imperiyası ilə müharibənin yenidən alovlanması və 1618-ci ildə kövrək sülh müqaviləsinin imzalanması Abbası Avropa ilə diplomatik təmasları davam etdirməyə məcbur edirdi. İspan və portuqaliyalıların bütün səylərinə baxmayaraq, Abbasın məsləhətçisi və diplomatı Ser Robert Şirli 1615-ci ilin martında İsfahana geri döndü. İspan və portuqaliyalılar ingilislərin Abbasa Hörmüzə hücum edə bilməsi üçün onu gəmilərlə təmin edəcəyindən qorxurdular. İngilislər portuqaliyalılar tərəfindən Hind okeanı və İran körfəzindəki hegomoniyaları üçün əsas təhdid olaraq qəbul edilirdilər. Şərqi Hindistan şirkətinin iki gəmisi 1612-ci ildə Hind çayının ağzında Portuqaliya donanmasını məğlub etdi və növbəti il şirkət Moğol imperatoru Cahangirdən yaxınlıqdakı Surat limanında fabrik və ya ticarət bazası yaratmaq üçün icazə aldı. Bura Qoadakı Portuqaliya qərargahından yerləşdiyi sahildən bir neçə yüz mil uzaqlıqda yerləşirdi. Robert Şirli Hindistana gəldikdən sonra portuqaliyalılar evini partladaraq onu öldürməyə çalışdılar. Lakin o və arvadı zədəsiz qurtula bildi. O, Cahangir şah tərəfindən yaxşı qəbul edildi və İsfahana çata bildi. Abbas bu zaman Avropaya yeni bir elçilik göndərmək ərəfəsində idi və bu heyətə yerli şəxsin rəhbərlik edəcəyi gözlənilirdi. Abbas Şirlinin gəldiyini xəbər aldıqdan sonra dərhal bu elçiliyi dayandırdı və Şirlidən bu elçiliyə də rəhbərlik etməsini istədi. Çünki şah yerlilərin rəhbərlik etdiyi diplomatik heyətlərin Avropada özlərini uyğunsuz apardığını, Avropa monarxlarının yanında həm özlərini, həm də öz suverenlərini alçaldığını düşünürdü. Şirli son yaşadıqlarından sonra bunun razılaşmağa çəkinirdi, lakin sonda qəbul etdi və karmelit keşişlərindən biri olan Redemptin də onunla getməsini istədi.[17]
Əvvəlki uğursuzluqlara baxmayaraq, Abbas hələ də İspan-Portuqal əməkdaşlığını Osmanlıya qarşı ən real hərbi ittifaq olaraq görməkdə idi. Həmçinin bu iki dövlət Aralıq dənizində hərbi dəniz donanması ilə manevrlər edə, öz ticarət donanması ilə Osmanlıya gedən Səfəvi gömrük rüsumlarına son qoya bilərdi. Görünür Şirliyə Madridlə ittifa qurmaq üçün sonuncu cəhdi etmək tapşırılmışdı. Lakin danışıqlar uğursuz olarsa, Şerli təkcə ipəklə bağlı yenilənmiş təkliflə deyil, həm də bu dəfə hərbi gəmilər əldə etmək üçün İngiltərəyə üz tutmalı idi. Bunda məqsəd yalnız Hörmüzü portuqallardan almaq ola bilərdi. Şirli İsfahandan ayrılmamış Səfəvi imperiyası ilə ticarət etməkdə maraqlı olan iki ingilis İsfahana gəldi. Şərqi Hindistan Şirkətinin nümayəndələri öz sənaye mallarının satış bazarı kimi Səfəvi bazarını dəyərləndirmək, Hörmüzün 90 mil şərqində olan Cask adasınının limanından istifadə etmək niyyətində idilər. Onların əsas satış istəkləri yun geyimlər idi və Suratdan gələn iki ingilis şirkətlərinin sata bilmədikləri malları üçün yeni bazar axtarışında idilər. Hindistan isti coğrafiyaya sahib olduğu üçün xeyli sayda yun geyim anbarlarda qalmışdı və ingilislər İran platosunun daha soyuq olmasına görə bu geyimləri burda sata biləcəklərini düşünürdülər. İngilis nümayəndələri Richard Steele and John Crowther adlı bu iki ingilis Suratdan Şirliyə ünvanlanmış məktub da gətirmişdilər. Məktubda Şirlidən Səfəvi sarayındakı nüfuzundan istifadə edərək ingilislərə yardım etməsi istənilirdi. O, əvvəlcə ispaniyalı və portuqaliyalıların bunu eşitməsi təhlükəsinə görə təklifi qəbul etməyə çəkindi, lakin sonra "bir ingilis kimi" onlara borclu olduğuna qərar verdi. O, ingilisləri Karmelit keşişlərində gizlədərək, gizli şəkildə iki ingilisi də Səfəvi baş vəziri ilə tanış etdi və onların xeyrinə Səfəviş şahının fərman imzalamasına nail oldu. Abbas ingilislərə ticarət etmək, imperiya daxilində hərəkət etmək, həmçinin Cask adasına gəlmək üçün icazə verirdi. Fərmanda Səfəvi sahillərinin xarici qüvvələrdən qorunmasında ingilislərdən yararlanmaq ifadəsi də var idi və aşkar şəkildə burada düşmən olaraq portuqaliyalılar nəzərdə tutulurdu.[18]
Nəhayət Şirli 1615-ci ilin oktyabrında İsfahanı tərk etdi. İspan-Portuqal qüvvələri ilə yaxınlaşmaq üçün o, Gembrunda əsir olaraq saxlanılan 70 portuqalı da özü ilə götürdü. Bu, Hörmüzdəki Portuqaliya hakimiyyətini ona qarşı əvvəlki düşmənçiliklərini bir kənara qoymağa inandırdı. Buradan Qoaya gedən Şirli Lissabona gedə bilmək üçün burada təxminən bir il gözləməli oldu. Burada olarkən o, yaşlı ispaniyalı elçi Don Qarcia de Silva y Figueroa ilə tanış oldu. Səfəvi imperiyasına da gəlmiş Figueroa geri dönüş yolunda De Gouveanı və Dengiz bəy Rumlunu Madridə aparmışdı. Figueroa onunla söhbəti zamanı açıq şəkildə onun gizli olaraq ingilislərə çalışdığından şübhələndiyini bildirdi. Bu, Şirlinin Qoadan ayrılışına qədər ev həbsində saxlanmasına səbəb oldu. Portuqaliyalılar onun Qoanın müdafiə sistemi barədə məlumat toplayacağından qorxurdular. Qəribədir ki, Hindistanda Moğol sarayında yeni təyin olunmuş ingilis səfiri ser Tomas Roe eyni zamanda Şərqi Hindistan şirkətini Şirli ilə münasibət qurduğuna, razılaşmaya gəldiyinə görə tənbeh edirdi. O, Şirlinin İspaniyanın maraqlarına xidmət etdiyini düşünürdü.[19]
1617-ci ilin yayında Lissabona çatan Şirli 1622-ci ilə qədər burada qaldı və İspaniya-Portuqaliyanın Səfəvilərin ipək ixracını alacağı, Qırmızı dənizi blokadaya alaraq Osmanlı hökumətinə əlavə iqtisadi təzyiq göstərəcəyi bir razılaşma əldə etməyə çalışdı. İspan hökuməti ona inanmırdı və Robertin qardaşı Entoni Şirlinin yenidən ortaya çıxması bu etibarsızlığı daha da artırdı. Rəsmi Madir qəti olaraq yeni bir razılaşmada maraqlı idi, çünki Şərqi Hindistan Şirkətinin Səfəvi imperiyası ilə ticarət əlaqələri formalaşdırdığına dair xəbərlər onlara da çatmışdı. Lkain onların Gembrunun, Qişmin və Bəhreinin geri qaytarılması barədə ön şərtləri Abbas tərəfindən qəbuledilməz idi. Buna baxmayaraq razılaşma qaralama şəklində hazırlandı və bunun iki nümunəsi Abbasa göndərildi. Bu iki nümunənin biri quru ilə, digəri isə Şirli ilə yola çıxmış olan Karmeli keşişi Redempt ilə dəniz yolu ilə göndərildi. O, 1619-cu ilin aprelində Lissabondan portuqlaiyalı admiral Ruy Freire de Andradanın komandanlığı altında 5 gəmi ilə Hörmüzə yola düşdü. Ruy Freireyə Səfəvi imperiyası ilə başqa heç bir Avropa dövlətinin ticarət etməsinə icazə verməmək və Qişm adasında qala tikmək əmr edilmişdi. Bu sonuncu əmr yerinə yetirilərsə, Səfəvilər adanı beş il əvvəl Hörmüzdən ayırıb ələ keçirdikləri üçün müharibə aktı sayılacaqdı. Bu müddət ərzində İspaniya hökuməti də Səfəvi sarayındakı səfiri Don Figeroa vasitəsilə şahla danışıqlar aparmağa çalışırdı. O, hələ 1612-ci ildə De Gouvea və Dengiz bəyin İspaniyaya gəlmiş elçiliyinə cavab olaraq dərhal elçi təyin edilmiş, lakin gecikmələri görə 1617-ci ilin oktyabr ayına qədər öz vəzifəsi üçün yola çıxa bilməmişdi. O, öz işinə Abbası Osmanlı ilə müharibəni davam etdirməyə təvşiq etməklə başladı, bunun qarşılığında Portuqaliya ilə İspaniyanın (bu zaman bir monarxiya altında idilər) da Aralıq dənizində Osmanlıya təzyiqi artıracğaına söz verirdi. O, həmçinin ipək ticarətinin Hörmüzdən keçirilməsinə dair danışıqlar aparmalı idi. Lakin onun gəlib çatdığı zaman Gembrun qızılbaşların əlinə keçmiş və ingilislərin Şərqi Hindistan Şirkəti portuqaliyalıları Hindistanla olan ticarətini sonlandırmaqla hədələyə biləcək səviyyəyə gəlmişdi.[20]
Steel və Crowtherin gəlişindən sonra Şərqi Hindistan Şirkəti portuqaliyalıların onları ələ keçirməyə çalışmasından yayınaraq Ceyms gəmisi ilə Səfəvi imperiyasına ilk mallarını satış üçün göndərdilər. Bu gəmi Caska 2 dekabr 1616-cı ildə çatdı. Bu missiyanın rəhbəri Edvard Konnock Abbasla Osmanlı cəbhəsində döyüşərkən görüşə bildi. Abbas onu dostcasına qarşılayaraq ingilislərə yeni imtiyazlar verən fərman imzaladı. Konnock həmçinin şahın onlara 3 min top ipəyi həm uyğun qiymətə, həm də kreditlə satmağa hazır olduğunu bildirdi. Bundan həyəcanlanan Konnock bütün imperiyanın ipək ticarətini əllərinə ala biləcəyini düşünməyə başladı. Bu rəqəm illik 1 milyon pound sterlinqdən çox iəpk dövriyyəsi demək idi. Son dəyişikliklərdən sonra Fiqueroa şahdan Hörmüz ətrafında ələ keçirdiyi bütün torpaqları geri qaytarmağa və körfəzdə ticarət etməyə başlayan ingilisləri kənarlaşdırmağa razı salmalı idi. Bunun çox çətin olacağı ona ən əvvəldən bəlli oldu. O, hiss edirdi ki, Gembrunun ələ keçirilməsindən sonra qızılbaşlar ispaniyalıların gücündən çəkinmirlər və şah onlara qarşı duyduğu düşmənçilik hissini özünün gizli iradəsi altında gizlətməkdədir. Fiqueroa artıq əslində hədəfinin Hörmüzün itirilməsinin qarşısını almaq, ya da onu gecikdirmək olduğunu başa düşürdü, çünki o, portuqaliyalıların qalanı müdafiə edə biləcəklərinə inanmırdı. O, Hörmüzə gəldiyi zaman portuqaliyalıları qalanın pis vəziyyətdə olmasına, müsəlmanlarla münasibətlərinin gərgin olmasına görə danlamışdı. Bu zaman portuqlaiyalılar məscidi dağıtmışdılar. De Gouvea ilə yaşadığı təcrübədən sonra Abbas hansısa Auqustinian rahibini bir daha diplomat kimi Avropaya göndərmək istəmirdi və bunu din adamlarının hücrələrindən kənarda "sudan qıraqdakı balıq" kimi olduqları ilə əsaslandırırdı. Həmçinin Fiqueroa şahla isti münasibət qura biləcək şəxs də deyildi, o, 67 yaşında, bütün dişlərini itirmiş yaşlı bir rahib idi və spirtli içki içmədiyinə görə şahla qonaqlıqlarda içki içərək yaxınlıq qura bilməzdi. Şahla görüşmək üçün imperiya ərazisindən keçərkən hakimiyyət nümayəndələri ona qadın təklif etsələr də, o, artıq yaşlı olduğu üçün qadınların ona cəlbedici gəlmədiyini bildirərək təklifləri geri çevirmişdi. Figueroa deyir ki, bu şəxslər onun salarınnı və saqqallarının tamamilə ağarmasını görmələrinə baxmayaraq, buna inanmaqda çətinlik çəkirdilər.[21]
Abbas Fiqueroa İsfahana çatdığı zaman Əşrəfdəki sarayında idi. Onun çatmasını xəbər aldıqdan sonra yanındakı italyan səyyah Pietro Della Valleyə onun kim olduğunu soruşdu. Şahın "o, böyük şəxsdirmi?", "o, həqiqətin və bütovlüyün nümayəndəsidirmi?" deyə suallar soruşdu, italyan isə öz növbəsində Fiqueroa ilə heç vaxt şəxsən tanış olmadığını, lakin mənsub oldğu ailənin öz ölkəsinin ən köklü ailələrində olduğunu bildirdi. Daha sonra Abbas Pietrodan niyə İspan kralının Osmanlı ilə müharibəyə başlamadığını soruşdu, Pietronun ispaniyalıların osmanlıları dənizdən narahat etdiyini cavabını aldıqdan sonra isə şah "bunun elə də bir əhəmiyyəti olmadı" deyə cavabladı. Abbas sözünə davam edərək əgər özü İspan kralı olsaydı, ilk növbədə Kipri fəth edəcəyini, daha sonra isə Müqəddəs Torpağı ələ keçirəcəyini bildirdi. Bundan sonra əlavə etdi:[22]
İspan kralı döyüşçü olmalı və şəxsən meydana çıxmalıdır. Vəzirlərə və ya nazirlərə arxalanmaq lazım deyil, çünki belələri ancaq özlərinin rifah içində yaşamalarını təmin etməyə çalışırlar. Ya o, məni kimi ya həyatını itirmək, ya da bütün düşmənlərini ram etmək istəyi ilə şəxsən meydana çıxmalıdır. |
Fiqueroa ilk dəfə şahla 17 iyun 1618-ci ildə Qəzvində görüşdü. Bu zamanAbbas səfərbərlik qərarı verdikdən sonra şəhər meydanında özünün Osmanlı səfiri ilə propaqanda görüşmsəsini etmiş, ələ keçirdiklərini vermək hesabına sülh təklifini rədd etmişdi. Fiqueroa saraya Qəzvin hakiminin, zabitlərin və çoxsaylı döyüşçülərin müşayəti ilə getdi. Onun Abbas üçün gətirdiyi çoxlu hədiyyələri 600-dən çox adam daşıyırdı. Fiqueroanın gətirdiyi çoxsaylı və bahalı hədiyyələr saraya daşındı. Bu müddət ərzində Fiqueroa Osmanlı səfiri ilə eyni vaxtda gəlmək üçün yarım saata yaxın bir az narahatlıqla saray xaricində gözləməli oldu. Sonra onu sarayın ərazisinə, sərv və çinar ağacları ilə düzülmüş prospektlərə apardılar və su ilə əhatə olunmuş köşkün qarşısında gözləməyi və kiçik bir körpüdən keçməyi söylədilər. O, şahın qarşısına çıxdıqda ispan üslubunda pərəstiş etdi, papağını çıxardı, dizini əydi, şahın şağ əlini öpdü, şahın xalatının ətəyinə toxunub, şahın əlini və öz kralının məktubunu öpərək şaha verdi. Abbas onu isti qarşılayaraq saraya dəvət etdi. Hər tərəfi açıq sarayda o, başda xalça üzərində, hər iki tərəfində gənc əyanla oturmuşdu. Osmanlı səfiri çox pis görünürdü. Şah Figueroa'nın ona verdiyi arquebuslardan[lower-alpha 3] birini daşıyırdı və bu, tam uyğun ölçüdə olduğu üçün onu sevindirdi.[24]
Qonaqlığa toplaşanlar arasında Şərqi Hindistan Şirkətinin iki yeni nümayəndəsi olan Tomas Barker və Edvard Monnoks da var idi. Gecə düşən kimi şamlar və məşəllər yandırıldı, hovuzun kənarına bir neçə böyük gümüş şamdan qoyuldu və ətrafdakı bütün bağ fənərlərlə işıqlandırıldı. Şah tərcüməçi vasitəsilə gürcü dilində danışaraq Fiqueroa ilə Osmanlı elçisi haqqında zarafat etdi ki, Osmanlı elçisi başa düşməsin. Fiqueroa bundan o qənaətə gəlmişdi ki, Abbas şahın ona qarşı zahirən mehribanlıq nümayiş etdirməsi tamamilə yanıldıcıdır, çünki onun "məqsədi Osmanlı səfirini qısqandırmaq, İspaniya kralının onun dostluğunu axtardığını və ona çox dəyərli hədiyyə göndərdiyini göstərmək idi".[24]
Fiqueroa qonaqlıqda Abbasın Osmanlı elçisi ilə danışığı zamanı əsəbləşdiyini, elçiyə Osmanlının onu kor olan atası ilə səhv salmamalı olduğunu, atasının bir çox torpağı onlara buraxmasına baxmayaraq, özünün bu torpaqları geri qaytardığını və birdə heç vaxt geri verməyəcəyini qışqırdı. Axşam yeməyi bitəndə artıq gecə yarısı idi və Fiqeroa artıq çox yorulmuşdu, şahın icazəsi ilə geri çəkildi və öz evinə qayıtdı. Bundan sonra şah Osmanlı ordusu üzərinə yürüşə çıxıb həmin ilin sentyabrında qələbə qazandı. Qışı şah Fərəhabaddakı sarayında keçirərkən, Fiqueroa İsfahana getdi və öz kralından gələn yeni məktubları aldı. Kral, məktubda ipək ticarətindən bəhs edir, özünün Osmanlıya qarşı Qırmızı dənizi blokadaya ala biləcəyini əlavə edirdi və bunlara qarşılıq da, Hörmüz bölgəsindən ələ keçirilmiş bütün bölgələrin geri qaytarılmasını istəyirdi. Fiqueroa bunun vaxt israfı olduğunu bilməsinə baxmayaraq, məktubu Karmelit rahibi olan Belçior dos Anxosa verərək şahın yanına göndərdi. Abbas Karmelit rahibini qəbul etməyi rədd etdi və artıq heç bir ticarət sövdələşməsinə, dənizdən blokadaya ehtiyacı qalmadığını, Osmanlını məğlub edərək sülh imzalamağa hazırlaşdığını və portuqaliyalılara ələ keçirdiyi torpaqların bir qarışını da verməyəcəyini bildirdi. Belə bir cavabdan sonra ispan-portuqal elçisi öz ölkəsinə geri dönmək üçün narahat olmağa başladı, lakin o, şahın icazəsi olmadan geri dönə bilməzdi və belə bir icazə də hələ verilməmişdi. Görünür, Abbasın buna icazə verməməsinin səbəbi Avropadakı Şirlinin məktubundan təsirlənməsi olmuşdu. Şirli məktubda Lissabonda qəbul edilməsi zaman ona hörmətsizlik edildiyini, Fiqueroanı özünün ispan sarayındakı qəbulunun nəticəsi bəlli olana qədər Səfəvi imperiyasında saxlamasını istəyirdi. Fiqueroanın vəziyyəti bölgədəki portuqaliyalıların düşmənçiliyinə görə daha da pisləşdi. O, Hörmüzdəki portuqal komandanın heç bir çaparı buraxmadığına görə Madridə xəbər göndərə bilmirdi. Portuqlaiyalı Auqustin rahibləri Bağdad və Hələbdəki şəxslərə pul verərək metropoliyaya xəbər göndərə bilirdilər. Hörmüzdəki Portuqaliya səlahiyyətliləri, şübhəsiz ki, onun tənqidi fikirlərinin Madridə çatmasını istəmirdilər.[25]
1619-cu ilin yazında Abbas İsfahana gəldi. Buraya gəlişindən bir neçə gün sonra o, heç bir xəbərdarlıq etmədən, yalnız baş xaçəsi Yusif ağa, İsgəndər bəy adlı yoldaşı, ox-kamanını daşıyan qulluqçusu ilə birlikdə Fiqueroanın evinə yollandı. Fiqueroa bağında gəzərkən şahı gördü və təəccüblənərək diz çökdü. Bağda oturan Abbas ondan Qəzvindən bəri keçən müddət ərzində nə etdiyini, kralının sağlamlığını və nə kimi əmrlər göndərdiyini soruşdu. Təxminən bir saat yarımlıq danışıqdan sonra şah oranı tərk etdi və yaxında onunla yenidən görüşəcəyinə söz verdi.[26]
Moğol elçisi Xan Aləmin şərəfinə verilən qonaqlıqda iştirak edənlərdən biri də Fiqueroa idi. Bu zaman Abbasa ispan kralının göndərdiyi yeni məktub təhvil verildi. Bundan şad olan Abbas məclis iştirakçılarına "qardaşı olan ispan kralı"nın ona məktub göndərdiyini bildirdi. Şah Karmelit rahibindən məktubun əsas yerlərini ucadan oxumağı əmr etdi. Bu zaman Fiqueroa yenə yorğun olduğu üçün məclisi tərk etmiş və evinə yollanmışdı. Lakin o, yatağına girdikdən bir qədər sonra şah onu moğol elçisinin şərəfinə fişənglərlə işıqlandırılmış bazarı gəzmək üçün öz yanına gətizdirdi.[26]
Sonrakı mərhələlərdə də Fiqueroa tez-tez saraydakı ziyafətlərə dəvət edildi. Hətta ziyafətlərdən birində Abbas onun qadınlara marağının olmamasının səbəbinin hansısa başqa şey yox, impotentlik olmasını etiraf etməsinin gərəkdiyini bildirməsinə görə məclisdə gərginlik də oldu. Bundan sonra o, moğol səfiri Xan Aləmi işarə edərək əgər moğol imperatoru Qəndəharı geri verməzsə, oranı hərbi yolla alacağını bildirdi. Fiqueroa isə buna cavabında "istəmirəm ki, uşaqlarım Fars tacından bir qarış torpağın oğurlanmasına icazə verdiyim üçün məni qınasınlar" deyərək cavablandırdı. 2 avqust 1619-cu ildə Abbasla Fiqueroanın yeni bir görüşü baş tutdu. İnsanlar arasında elçini görən Abbas atını ona tərəf sürərək "Hispaniya! Hispaniya! Hispaniya! Mən gəldim ki, görüm sənin üçün nə edə bilərəm" dedi və söhbət Abbasın yaxın 2 adamı ilə birlikdə üzbəüz şəkildə davam etdi. Abbasın elçiyə ou atası kimi sevdiyini deməsindən sonra, yaranmış isti mühitdən yararlanmaq istəyən Fiqueroa ona geri dönməsi üçün icazə verilməsini istədiyini, Karmelitlərə və Auqustinlilərə kilsə tikmək icazəsinin verilməsini, Osmanlı sarayında qarışıqlıqlar barədə yeni xəbərlərin gəldiyini, Avropa qüvvələrinin Osmanlıya qarşı yeni nüharibəyə başlayacağı barədə şayiələrin gəzdiyini, indi Bağdada hücum etmək üçün ən uyğun vaxtın olduğunu dedi. Abbas bunlara sakit şəkildə qulaq asaraq, elçiyə son müharibədə ispan kralının sözünün üstündə durmayıb osmanlıya böyük problem yaratmadığını, hətta sultanla sülh imzaladığını xatırladaraq, gər əksinin olacağı təqdirdə özünün Qüdsə qədər gedə biləcəyini bildirib, qazandığı hər şeyə görə Allahdan sonra qılıncına borclu olduğunu dedi. İspan elçi yenidən ispan tələblərinə geri dönərək Səfəvi imperiyasının ingilislərə ticarət yollarından kənarda tutması gərəkdiyin, İspaniyanın müttəfiqi Hörmüz kralından ələ keçirdiyi torpaqları geri qaytarmasının lazımlığını təkrarladı. Abbas bu adaların Hörmüz kralına yoxsa ona mənsub olmasının ispan kralı üçün nə kimi fərq yaratdığını anlaya bilmədiyini, əksinə Hörmüz kralı sünni olduğu üçün şiələrə nisbətən Avropaya daha çox düşmən olduğunu dedi. Başa düşüldüyü qədərilə, Abbas bununla heç bir halda ələ keçirdiyi bölgələri verməyəcəyini, həmçinin almaq istədiklərini də lazım gəlsə hərbi yolla alacağını bildirdi. İspan elçi bir neçə dəfə ingilis ticarət cəhdlərinin sonalandırılması üçün cəhd etsə də, bunların hamısı uğursuz oldu.[27]
Avqustun sonlarında Fiqueroa İsfahandan Hörmüzə yola düşdü. O, yolda ispan kralının məktubunu daşıyan çaparla qarşılaşdı və məktubu qəbul etdi. Bu məktuba iki imperiya arasında razılaşmanın qaralama versiyası da var idi. Məktubu oxuyan kimi Fiqueroa bunun absurd olduğunu anladı, çünki Abbasın ingilislərlə əlaqələrin kəsilməsini, torpaqların geri qaytarılmasını heç cür qəbul etməyəcəyini bilirdi. Çaparda həmçinin şah üçün yazılmış Robert Şirlinin və ispan kralının başqa bir məktubu da var idi. Bu şərtlər altında İsfahana geri dönməyin mənasının olmadığını anlayan Fiqueroa məktubların üzərinə özü də şaha məktub yazıb göndərərək, paytaxtdakı xristian keşişlərinə danışıqları davam etdirməyi tapşırdı. Məktublar və razılaşmanın təklif edilən mətni Abbas üçün oxunduqdan sonra o, qəzəbləndi, qılıncını çıxararaq portuqaliyalılar (həmçinin də ispanları) körfəzdən qovacağına and içdi. O, Hörmüzü indiyə kimi yalnız Osmanlıya qarşı ispan-portuqal monarxı ilə ittifaqda perspektiv gördüyü, həmçinin də Hörmüzə qarşı əməliyyat həyata keçirmək üçün hərbi gəmiləri olmadığı üçün ələ keçirməyə cəhd etməmişdi. İndi isə onlarla əməkdaşlığın heç bir perespektivi olmadığı bəlli oldu və əməkdaşlıq üçün ingilislər daha cəlbedici hala gəldi. Onsuzda Suratda bu iki imperiya arasında qarşıdurma var idi və Abbas bu qarşıdurmanı İran körfəzinə də yaymaq istəyirdi.[28]
Portuqaliyalı admiral Rui Freire 1620-ci ilin iyununda öz qüvvələri ilə birlikdə gəlib çatdı. Körfəzdən ingilisləri qovmaqda qərarlı olan Freire dekabrda Cask adasına gələn 4 ingilis gəmisinə hücum etdi. Döyüşdə kapitan Şillinq öldürülsə də, ingilislər qələbə qazandılar və körfəzə gedən dəniz yolu açıldı.[29] Bu hücum Səfəvi tərəfi üçün yalnız ingilis dəniz gücünün daha üstün olmasını, onların toplarının daha dəqiq nişan almasını əyani şəkildə sübut etdi. Nəticədə Freire uğursuzluqla Hörmüzə dönməyə məcbur olduğu halda, ingilislər 500 top ipəyi gəmiyə yükləyərək Cask adasını tərk etdilər. Həmin ilin yayında Şah Abbas Xəzər sahilindəki Fərəhabaddakı sarayında qızdırmalı xəstəliyə tutuldu. Sarayındakı əyanlardan və yerlilərdən xeyli sayda insan bu xəstəlikdən öldü və şahın da həyatının təhlükədə olduğu bəlli oldu. Bu xəstəliyin şərabı çox sevdiyinə görə Allah tərəfindən cəza olaraq göndərildiyini düşünən Abbas şərab satılmasını və içilməsini qadağan etdi. Bu qadağa növbəti yaz ləğv edildi. Çünki şah sağaldıqdan sonra içki yasaq olduğuna görə insanların daha zərərli maddə hesab edilən tiryək istehlak etməyə başladığına şahidlik etdi.[30]
1622-ci ildə Freire paytaxtında aldığı təlimatları həyata keçirərək Səfəvi imperiyası tərəfindən 1614-cü ildə ələ keçirilmiş Qeşm adasında qala tikdirdi. Portuqaliyalı admiral Luristanın qonşu sahillərini də talan etdi, ələ keçirilən bütün qızılbaşları öldürdü və vilayətin Şah Abbas tərəfindən ilhaqından sonra qızılbaşların məskunlaşdığı kəndləri yandırdı. Portuqallar həmçinin qoşunların daşınması üçün istifadə oluna biləcək gördükləri bütün qayıqları da yandırdılar.[31] Abbas bunu müharibə elanı kimi qəbul etdi və Fars vilayətinin hakimi İmamqulu xana portuqaliyalılara uyğun cavabı verməyi əmr etdi. İmamqulu xan Qeşmdəki adanı mühasirəyə alsa da, gəmi olmadığına görə yenə uğursuzluqla üzləşməkdə idi. Lakin dekabrda ingilislərin yenidən ənənəvi ipək almaq üçün gələcəkləri bəlli idi. Payızda İsfahandakı ingilis şirkətinin nümayəndəsi Edvard Monnoksa əgər ingilis gəmilərinin portuqaliyalılara qarşı qızılbaş ordusuna hərbi donanma dəstəyi verməyəcəyi halda, onlara ipək satışının dayandırılacağı barədə şahın əmri oxundu. Monnoks bunu prinsip olaraq qəbul etsə də, gəmi komandanları ilə məsləhətləşməsinin lazım olduğunu bildirdi. Abbas İmamqulu xanı danışıqlar üçün səlahiyyətli şəxs təyin etdi.[32]
Suratdakı Şərqi Hindistan Şirkəti İran körfəzinə güclü hərbi donanma göndərmişdi. Onlara çatan məlumata görə Qoadan yeni qüvvələrlə gücləndirilən Ruy Freire ilə yeni toqquşmaların yaxın zamanda baş tutması qaçınılmaz olacaqdı. Donanma 14 dekabrda Caska çatdı və burada onlara verilən məktubda Səfəvi imperiyasında Monnoks və digər səlahiyyətli şəxslərlə görüşmələri əmr edildi. Görüş yeri Hörmüzə yaxın olan kiçik limanda baş tutmalı idi. Monnoksu ingilis dənizçilərini şahın arzularını yerinə yetirməyə razı salmaq üçün çətin danışıqlar gözləyirdi. Çünki ingilisləri İran körfəzindən qovmağa çalışan portuqaliyalılara qarşı vuruşmaq ayrı bir şey, başqa bir müsəlman qüvvəsi ilə birləşib katolik olsa belə bir digər xristian qüvvəyə — həm də bu dövlətlə İngiltərə rəsmi olaraq müharibə vəziyyətində olmadığı halda — hücum etmək tamamilə ayrı bir məsələ idi. Lakin güclü şəxsiyyət olan Monnoks gəmi şurası ilə uzun debatdan sonra onları inandıra bildi ki, əgər Səfəvi imperiyası ilə ticarətin davam etdirilməsi istənilirsə ortada başqa bir yol yoxdur, məcbur Abbasın dediklərini qəbul edib ona Qişm və Hörmüzü ələ keçirməkdə yardım edilməlidir. 1622-ci il yanvarın 18-də Monnoks və onun köməkçisi Bell İmamqulu xanla müqavilə bağladılar, lakin sonradan ortaya çıxan fikir ayrılıqları şərtlərin kifayət qədər aydın şəkildə yazılmadığını göstərir. İngilislərə göstərdikləri kömək müqabilində qələbə qənimətinin yarısı verilməli, tərəflər döyüş xərclərini eyni miqdarda qarşılamalı, bütün gələcək gömrük gəlirlərinin yarısı onlara getməli, malları rüsumsuz idxal-ixrac etmələrinə icazə verilməli idi.[33] İranlılar ingilis gəmilərinin İran körfəzində qalmaları üçün çəkdikləri xərcləri də bölüşməyə razılaşdılar. Müqavilə İngiltərə gəmilərindən biri olan Londonun ekipajının etirazına səbəb olub. Onlar döyüş üçün deyil, ticarət üçün işə götürüldüklərini və dost bir xalqın qalasına hücumun "sülhün pozulması" olacağını söylədilər. Onların müqaviməti bir aylıq əlavə maaş vədi ilə ortadan qaldırıldı.[32]
İngilis gəmiləri tez bir zamanda Qişm üzərinə hərəkətə keçdilər. Burada onları Ruy Freirenin komandanlığı altında yerli ərəblərdən və portuqaliyalılardan təşkil edilmiş 450 nəfərlik qarnizon gözləməkdə idi. Qalanı qurudan və dənizdən bombardman edən ingilislər qala qarşısında özlərinin ən böyük 5 topundan ibarət batareya təşkil etdilər. Qalaya əsas hücumları isə 3 min nəfərlik qızılbaş ordusu həyata keçirirdi. Qişm qalasınnı divarları o qədərdə möhkəm deyildi və qısa müddət sonra dağıdıldı. Ruy Freire qarnizonun qiyam etdiyini gördükdən sonra təslim oldu. Portuqaliyalıların bir çoxu Hörmüz sahillərinə buraxıdlılar və qalaya yerləşməyən qarnizonun vəziyyətini bir qədər də çətinləşdirdilər. Digərləri isə körfəzin digər tərəfindəki portuqal mülkləri olan Məskət və Sohara sığındılar. Ruy Freire özü Surata aparılsa da, buradan qaçıb yenidən körfəzə gəlib savaşmağa nail olsa da, döyüş onun üçün uğurlu olmadı. Döyüş nəticəsində ələ keçirilmiş ərəb döyüşçülər bundan əvvəl şahın təbəələri olduqları üçün onların hərəkətləri üsyan kimi qiymətləndirildi və hamısı edam edildi. Döyüşlərdə 3 ingilis həyatını itirdi. Ölənlər arasında məşhur dəniz səyyahı və Arktika kəşfləri ilə məşhurlaşan Uilyam Baffin [lower-alpha 4] də var idi.
Qələbədən iki həftə sonra — 10 fevral tarixində böyük qızılbaş ordus Hörmüzə çıxarıldı, bölgə tez bir zamanda ələ keçirildi sürətlə şəhəri ələ keçirdi və İskəndər bəy Münşi tərəfindən "qala tikmək sənətində frankların məharətinin görkəmli nümunəsi" kimi təsvir edilən qalanı mühasirəyə aldı. Dənizdən qalanı bombardman edən ingilislər təkcə qalanı deyil, həm də qala divarlarının yanına sığınan portuqal gəmilərini də bombardman etdilər. Qişmdə olduğu kimi ingilis toplarından quruda batareya təşkil edilmişdi. Bu dəfə portuqallar inadlı müqavimət göstərdilər. 17 martda qala divarlarından birinin dağıdılmasından sonra qızılbaşlar hücum keçsələr də, qalanı ələ keçirə bilmədilər. Portuqal qarnizonu bu qədər şiddətli müqavimət göstərməkdə yaxın müddətdə Qoadan yardım gələcəyinə ümid edirdilər. Belə bir yardım gəlsə də, çox az döyüşçüdən ibarət olmaqla birlikdə, döyüşə çox gec qatıla bildi. 23 aprel 1622-ci ildə iki aylıq şiddətli müqavimətdən sonra qızılbaşların qalanı ələ keçirəcəyi zaman qırğın həyata keçirəcəyindən çəkinən portuqallar təslim oldular.[35][36]
Bununla da İran körfəzindəki bir əsrlik portuqal hakimiyyəti beləcə sona çatdı. Fiqueroa bu faciəni axmaq ispan-portuqal aqressiv siyasəti ilə əlaqələndirir:
Şuranı xüsusən də ingilislər kimi bacarıqlı bir millət tərəfindən dəstəklənən belə bir qüdrətli Krala Şah Abbasa qarşı müharibə etmək və ona öz ölkəsində hücum etmək kimi axmaq bir işə kimin məcbur etdiyini söyləməyə cəsarət etməyəcəyəm...Hindistanda kiçik qüvvələrin mövcudluğuna baxmayaraq, hər şeydən əvvəl bu qala və Hörmüz bölgəsi açıq-aşkar qaçılmaz məğlubiyyətə və ilk hücum edən tərəfin mərhəmətinə buraxılmışdır.[36] |
Sağ qalmış portuqal döyüşçüləri və qadınlarla uşaqlar Məskər və Sohara aparıldılar. Yenə də portuqallarla birlikdə döyüşən müsəlmanlar edam edildilər. Hörmüz mühüm mal-dövləti ilə birlikdə yağmalandı. Monnoks bunu belə təsvir edir:
Səfəvilər və ingilislər elə bir şəkildə talan etməyə başladılar ki, mən bunu görəndə həm kədərləndim, həm də utandım; lakin bunun üçün heç bir çarə tapa bilmədim.[36] |
Qızılbaşlar xüsusilə ələ keçirdikləri portuqal toplarınnı gücündən təsirlənmişdilər. Bu toplar İsfahana aparıldı və şah sarayının qarşısında sərgiləndi. İsgəndər bəy Münşi bu topları "hər biri Frank top düzəldənlərin sənətlərinin şah əsəri idi" deyə təsvir etməkdədir. Daha sonra ingilislər qızılbaşların qənimət paylarından çoxunu götürdüklərindən şikayətləndilər. Onlar həmçinin qızılbaşların qalanın mühasirəsi üçün daimi olaraq iki gəmi buraxmadıqları halda qalanın işğalında iştirak edə bilməyəcəkləri ilə bağlı tələblərindən də narahatlıq duydular və buna görə də, Hörmüzdən sonra qızılbaşların birlikdə Məskətdəki portuqallara hücum etmək təklifini rədd etdilər.[37] Həmçinin ingilislərin qələbə nəticəsində ələ keçirdikləri qənimət qızılbaşlar tərəfindən ucuz qiymətə satın alındı.[38][37]
Hörmüz ələ keçirildikdən sonra oranın Abbas üçün artıq elə bir əhəmiyyəti qalmamışdı. O, bütün ticarət dövriyyəsini daha yaxşı qoruya bildiyi, əvvəllər Gembrun, bundan sonra isə şahın adına Bəndər-Abbas adlandırılan limana köçürdü.[39] Bu bölgə sürətlə böyüdü və ingilis ticarət gəmilərinin giriş bölgəsi olan Caskın funksiyalarını da öz üzərinə götürdü. Qısa müddət sonra buraya Holland Şərqi Hindistan Ticarət Şirkəti də ingilislərin əvvəlcə müttəfiqi, daha sonra isə rəqibi kimi müdaxil olmağa başladı. Portuqaliyalılar bölgədəki torpaqlarını itirdikdən sonra bir neçə dəfə buraları geri qaytarmaq üçün cəhdlər etdilər. 1625-ci ilin 11 fevralında Hörmüzdə portuqal gəmiləri ilə ingilis-holland gəmiləri arasında döyüş baş tutdu. Sahildən seyr edən Səfəvi ordusunun od və tüstü çıxaran gəmiləri görəndə heyrətləndikləri deyilir. Döyüş heç bir tərəf üçün mütləq qələbə ilə nəticlənməsə də, Hörmüz üçün portuqallar bundan sonra heç bir təhlükə törədə bilmədilər. Həmin il portuqallar, avropalılar arasında rəqabətin yalnız onun xeyrinə ola biləcəyini görən Abbasın yanına gəldi və onlara bir fabrik qurmağa və Konqda sahildə qala tikməyə icazə verdi. Portuqallar həmçinin Bəsrənin Osmanlı paşası olan hakimi ilə də yaxşı münasibətlərini davam etdirdilər. Bəsrə hakimi İstanbuldan əldə etdiyi daxili müstəqilliyin qorunması üçün portuqallarla yaxşı münasibətləri əhəmiyyətli hesab edirdi.[37]
Hörmüz ələ keçirildikdən sonra iki dövlətində monarxiyası birləşdiyi üçün ispan kralı ingilis hökumətinə hərbi müdaxilə üçün etiraz edib izahat tələb etdi. İzahat olaraq bildirildi ki, şirkət Səfəvi imperiyasının məcbur etməsi ilə döyüşə daxil olmuşdur. İngilis kralı I Ceyms və onun sevimlisi Bukinqem hersoqu portuqal etirazları üçün narahat deyildilər və əldə edilmiş qənimətdən pay almaq fikrində idilər. Bukinqem hersoqu, Ali Lord Admiral olaraq, Şərqi Hindistan şirkətinin gəmilərinin son illərdə həm Portuqaliyadan, həm də Hörmüzdən ələ keçirdiyi qənimətin onda birini almaq hüququna malik olduğunu iddia etdi. Bu, 100.000 funt sterlinq olaraq təxmin edilirdi. O, şirkəti Admiralty Məhkəməsinə şikayət edəcəyi və gəmilərini limanlarda durduracağı ilə hədələdikdən sonra 10.000 funt-sterlinqini əldə etdi. Kral da eyni məbləğin həm də ona veriləcəyini açıq şəkildə bildirərək "mən səni ispanların şikayətindən qurtardımmı? və sən mənə heç nə qaytarmırsan?" dedikdən sonra 10.000 funt-sterlinq də ona verildi.[40]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.