From Wikipedia, the free encyclopedia
Osman Fuad Əfəndi (24 fevral 1895, Çırağan sarayı – 19 may 1973, Nitsa) — Osmanlı sülaləsinin dördüncü rəisi, Osmanlı ordusunun zabiti, 1911–1912-ci illərdə Fənərbaxça klubunun rəhbəri və Osmanlı şahzadəsi.
Osman Fuad Əfəndi | |
---|---|
عثمان فؤاد أفندي | |
4 iyun 1954 – 19 may 1973 | |
Əvvəlki | Əhməd Nihad Əfəndi |
Sonrakı | Mehmed Əbdüləziz Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Çırağan sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Bobigny məzarlığı, Paris, Fransa |
Fəaliyyəti | hərbi qulluqçu |
Atası | Mehmed Səlahəddin Əfəndi |
Anası | Jaləfər xanım |
Həyat yoldaşı | Kərimə Halim |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Şahzadə Osman Fuad Əfəndi 1895-ci ildə Çırağan sarayında dünyaya gəlmişdir. Atası Sultan V Muradın oğlu Mehmed Səlahəddin Əfəndi, anası isə onun beşinci xanımı Jaləfər xanım idi. Babasının taxtdan endirilib Çırağan sarayında həbs olunduğu illərində dünyaya gəlmişdi. Bu səbəblə o və digər qardaş-bacıları da babasının bu məhkum həyatına ortaq oldu. Sarayda nəzarət altında yaşasa da, xüsusi saray təhsili aldı. Demək olar ki, gənclik illərinə qədər burada nəzarət altında yaşadı. Nəhayət, 1904-cü ildə babası Sultan Muradın vəfatı ilə atasıyla birlikdə Çırağan sarayını tərk etdi. Gələcəkdəki bir neçə il boyunca atasının kirayə aldığı köşklərdə yaşadılar. Daha sonra isə nənəsi Şayan xanımla birlikdə Çırağan sarayına geri döndülər.
Liviya italyanlar tərəfindən işğal ediləndə Osman Fuad Əfəndi 16 yaşında idi. Bu səbəblə Ənvər Paşanın topladığı könüllülər ordusuna yazıldı və burada aktiv fəaliyyətə başladı. Benqazi bölgəsindəki Kirenaika əməliyyatına qatıldı. Bu əsnada ordu zabiti olan Mustafa Kamal Paşayla tanış oldu. İstanbula döndükdən sonra Osmanlı hərbi məktəbinə daxil oldu. Buradakı təhsilini bitirdikdən sonra Fələstinə getdi. Ardından Sultan Əbdülhəmidin oğlu Hayri Əfəndi və Səlim Süleyman Əfəndinin oğlu Əbdülhəlim Əfəndiylə birlikdə Almaniyaya göndərildi və Potsdamdakı hərbi akademiyada hərb təhsili almağa başladı. Təhsilini bitirdikdən sonra yüksək rütbəylə qusar dəstələrinə qatıldı. 2 ildən çox burada xidmət etdikdən sonra Birinci Dünya müharibəsinin başlaması səbəbilə Osmanlı imperiyasına çağırıldı. Ancaq vətənə dönərkən səyahət etdiyi alman sualtı gəmisinə Kil limanı yaxınlığında ingilislər tərəfindən hücum edildi və Osman Fuad Əfəndi xilas olmaq istəyərkən başından yaralandı. Adriatik sahillərindəki Avstriyalı bir hərbi hospitalda əməliyyat olundu. Səhhəti düzəldikdən sonra isə kralın süvari birliyində komandir təyin edildi. Gənc yaşına baxmayaraq olduqca güclü bir əsgər olan Osman Fuad Əfəndi Osmanlı sülaləsinin Birinci Dünya müharibəsində iştirak edən üzvləri arasında önəmli rol oynamışdır. Birinci Dünya müharibəsi başladıqdan sonra əvvəlcə Sinay yarımadasına göndərilsə də, başındakı yaranın iltihablanması səbəbilə sərhal Hələbə çağırıldı və bir müddət burada qaldı. Burada ikən yenə Mustafa Kamal Paşa ilə görüşdü. Daha sonra hamı kimi o da Geliboluya çağırıldı və Çanaqqala döyüşündə iştirak etdi. Döyüşdən sonra İstanbula gəldi və sultanın süvari birliyinin komandiri və Sultan Mehmedin şəxsi yavəri təyin olundu. Ancaq paytaxtdakı sakit həyat tərzi Osman Fuad Əfəndi üçün olduqca sıxıcı idi və o, Ənvər Paşanın heyətində yenidən Liviyaya göndərildi.
Nuru Paşanın Qafqaz İslam ordusunun rəhbərliyinə gəlməsinin ardından Osman Fuad Əfəndi Osmanlı imperiyasının Şimali Afrikadakı ordularının başına gətirildi və alman sualtı gəmisiylə yenidən Liviyaya qayıtdı. Burada 300–500 Osmanlı zabiti və 15–30 min liviyalı könüllüyə rəhbərlik edən Osman Fuad Əfəndi qat-qat çox olan italyan qüvvələrinə qarşı mübarizə apara bilmədi.
1917-ci ilin aprelində Osmanlı ordusu Benqazidə təslim oldu. Mudros sülhündən sonra Osman Fuad Əfəndi sülh şərtlərini qəbul etmədi və təslim olmadı. Misrata şəhəri yaxınlığında mübarizəyə davam etdi və Mustafa Kamal Paşanın Hərb naziri olma vədi qarşılığında Osmanlı ordusunun rütbələrindən imtina etdi. Ancaq almanların sülh şərtlərini qəbul etməsi Osmanlı ordusunu çətin vəziyyətə saldı. İtalyanlara təslim olub güllələnməkdənsə, fransızlara təslim olmağı üstün tutan Osman Fuad Əfəndi dərhal Tunis sərhəddinə doğru irəlilədi. Bu əsnada dizenteriya xəstəliyinə tutuldu. Fransızlara təslim olan Osman Fuad Əfəndi və heyətindəkilər 24 saat ərzində italyanlara təslim edildi. Osmanlı sülaləsinə mənsub bir şahzadə olduğu üçün təhlükəsizliyinə önəm verilirdi. Bu səbəblə dərhal Napoliyə göndərildi və burada gözaltında saxlanıldı. 1919-cu ilin sonlarında isə Sultan VI Mehmedin səyləri ilə sərbəst buraxıldı.
26 mart 1920-ci ildə Misir xədivi Tofiq Paşanın qızı Xədicə xanımın qızı Kərimə Halimlə evləndi. Çırağan sarayında baş tutan toy mərasimindəki qonaqlar arasında 1 ildən çoxdur ki, Osman Fuad Əfəndinin evində yaşayan İsmət bəy də vardı. Halbuki, İsmət İnönü baş nazir olduğu illərdə Osmanlı sülaləsinə, xüsusilə də Osman Fuad Əfəndiyə qarşı olduqca sərt siyasət yürütmüşdü. Kərimə xanımla baş tutan evliliyi 22 noyabr 1932-ci ildə başa çatdı. Övladı olmamışdır.
Anadoludakı milli azadlıq hərəkatı İstanbuldakı sultan səltənətinə qarşı siyasət yertiməyə başlayanda Osman Fuad Əfəndi xanımıyla birlikdə italyan gəmisiylə ölkəni gizlicə tərk etdi. Gələcəkdəki 2 il boyunca əcnəbi ölkələrdə yaşadılar. Əbdülməcid Əfəndinin xəlifə elan olunmasından sonra isə İstanbula qayıtdı və Çırağan sarayında yaşamağa başladı. 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra bütün qohumları sürgün edildi. Bu əsnada Romada olan Osman Fuad Əfəndi Mustafa Kamal Paşadan gizli bir məktub aldı: "Çok üzgünüm. Senin için bir istisna yapamam ve sürgünde kalman gerekecek. Yasa, Osmanlı ailesindeki herkes için geçerlidir." Cavab məktubunu isə Türkiyə Cumhuriyyətinin Vaşinqtondakı səfiri Muxtar Paşayla göndərdi: "Mustafa Kemal Paşa isterse, Anadolu'ya gele bilirim." Ancaq bu məktubuna heç vaxt cavab gəlmədi.
Sürgündə ikən Osman Fuad Əfəndi Cenevrə, Roma, Qahirə, Paris, Nitsa və Kann şəhərlərində yaşadı. Parisdə olduğu illərdə bacısı Adilə Sultanla yaşayırdı. Sürgündəki həyat xüsusilə də, maddi cəhətdən olduqca çətin idi. 1933-cü ildə İsveçrənin Tiçino əyalətində vəfat edən Nizaməddin Əfəndinin cənazəsinin Qahirəyə aparılaraq dəfn edilməsini təşkil etdi. Ardından uzun müddət İngiltərə idarəsindəki Qahirədə yaşadı. Bu müddət ərzində almanlara qarşı mübarizəyə çağrılsa da, keçmiş silahdaşlarına qarşı mübarizə aparmaqdan imtina etdi. Müharibənin ardından Fransa hökuməti tərəfindən diplomatik pasport aldı və bu pasportla İslandiyadan Hindistana qədər bütün ölkələri səyahət etdi.
Böyük qardaşı Əhməd Nihad Əfəndinin vəfatından sonra 1954-cü ildən etibarən Osmanlı sülaləsinin rəisi oldu. Qardaşının əksinə, Osman Fuad Əfəndi daha müasir bir həyat tərzini seçmişdi. Musiqiylə məşğul olurdu və vaxtilə babasından öyrəndiyi musiqi əsərlərini skripka və pianoda ifa edirdi. Osman Fuad Əfəndi 19 may 1973-cü ildə Nitsa şəhərində vəfat etdi və Parisdə Bobigny məzarlığında dəfn olundu.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.