Remove ads
From Wikipedia, the free encyclopedia
Osiris (qıpti. wsjr, q.yun. Ὄσιρις, lat. Osiris) — Qədim Misir mifologiyasına görə axirət dünyasının hökmdarı, dirçəlmə və münbitlik tanrısı.
Misir Tanrıları Osiris | |||||
---|---|---|---|---|---|
| |||||
Tam adı | Osiris | ||||
Digər adları | Oziri | ||||
İdeoqram | "göz oturacağı" və ya "gözün yeri" | ||||
Determinativ | |||||
Osiris dirçəliş və yeraltı dünyanın tanrısı olmuşdur. Əski Misir yazıları, eləcə də yunan yazarlarına görə, o, yer tanrısı Geb və göy tanrısı Nutun oğlu, eləcə də İsis tanrıçasının qardaşı və əri, Neftis və Setin qardaşı, Horusun atası olmuşdur. Misir ənənəsinə görə, Osiris yer üzərində ilkin tanrılardan sayca dördüncüsü olmuş, çarlığı atası Atum-Ra'dan, babası Şu'dan, atası Geb'dən almışdır. Misir üzərində çarlığ edərkən o, insanları adam yemək və vəhşi yaşamdan çəkindirmişdir. Osiris insanları arpa və buğda əkməyə, üzümçülüyə, çörək bişirməyə, çaxır düzəltməyə, qızıl və mis filizləri emal etməyə, şəhərlər salmağa, təbabətə öyrəşdirmişdir.
Osirisin qardaşı Set qızmar çöllüklərin tanrısı idi və onunla düşmənçilik edirdi. O qardaşının yerinə keçib, çarlıq etmək istəmiş, onu öldürmək planını çızmışdır.
Asiyaya yürüşdən qayıdan Osiris böyük bir ziyafət vermişdir. Oraya Set öz tərəfdarları ilə birlikdə gəlmiş, məclisin ortalığına bəzədilmiş tabutu gətirməyi buyurmuşdur. Onun dediyinə görə, kim bu tabuta girsə, yer və göylərin çarı olacaqdır. Osiris oraya girən kimi, Setin adamları onu qapatmış, Nil çayına atmışdırlar. Axar onu bir çayin kənarına gətirmişdir. Orada Osirisi, arvadı İsis tapmış, ondan möcüzəvi olaraq həyat gücünü alaraq hamilə olmuşdur. Sonra ərinin ölüsünü yerə tapşıraraq, Nil çayı yaxınlığında olan bataqlıqlara getmiş, orada Horus adlı bir uşağı doğmuş, onu boya-başa çatdırmışdır.
Horus yetkin kişi olandan sonra Setlə savaşa başlamışdır. Tanrı Anubis ona "Ucat" adlanan həqiqəti görmə gözünü vermişdir. Öncə Horus savaşı əldən vermişdir, döyüşdə "sehrli gözü itirmişdir". Ancaq sonrakı döyüşü qazanmışdır. O Seti yenərək, gözü geri almış, onu atasının məzarına aparıb orada qoymuşdur. Bunu edəndən sonra Osiris dirilmiş, ancaq bu dünyada yaşamaq istəməmişdir. O çarlığı oğlu Horusa verərək, "Duat" adlanan axirət dünyasına, ölüləri mühakimə etmək üçün yollanmışdır.
Başqa rəvayətlərdə isə, Set Osirisin bədənini 14 parçaya bölmüş, onları yer üzərinə səpələmişdir. İsis isə bu parçaları yığıb, Abidos şəhərində yerə tapşırmışdır.
Osiris əski dönəmlərin öncə ölən, sonra isə dirilən tanrısı idi. Ona bütün Misir inanırdı, onun şərəfinə baharın birinci ayında dini mərasimlər keçirilirdi. O mərasimlərdə, teatrdakı kimi, Osirisin ölümü və dirilməsini göstərən səhnələr oynanılırdı. Kahinlər onun öldüyü üçün ortalığa ağlaşma salırdılar. Sonra Horusla Setin döyüşündən səhnələr oynanılırdı.
Sonda tanrının dirçəlməsinin və təbiətin oyanmasının simvolu olan sütun ucaldılırdı. Çünki Osirisin ölümü ilə dirilməsi həm də təbiətın baharda dirçəlməsinin, becərmə işlərinin başlanılmasının simvolu idi. Bunu edərkən, mərasimə qatılanlar iki dəstəyə bölünüb savaş səhnələrini göstərirdilər. Bir dəstə qış, başqası isə yay tərəfdarları kimi çıxış edirdilər. Sonda yay qışa qalib gəlirdi.
Beləliklə, Osiris ölüm üzərində üstünlük qazanmış və ölməzlik verən tanrı idi. Osiris təbiəti dirçəldən tanrı olduğu üçün, məbədlərdə onun rəsmlərinin üzərinə səməniləri də düzürdülər. Belə görüntülər Fila şəhərinin məbədlərində tapılmışdır.
Günümüzdə Osirisin çoxlu sayda rəsmləri tapılmışdır. O, şahin görkəmində arvadı İsis, eləcə də oğlu Horusla təsvir olunurdu. Hər bir ölmüş Misir fironunun Osiris olacağı inancı da olmuşdur. Keçirilən dini mərasimlərdə fironların başlarına tac qoyulması adəti də var idi.
Osirisin və başqa Yaxın Şərqdə tanrılarının rəvayətləri, o millətlərin dini adətləri, təbiətin dirçəlməsi bayramları, tanrıların ölüb sonra isə dirilməsi inancları gələcəkdə başqa mədəniyyətlərdə də özünü göstərmişdir.
Yüzilliklər keçəndən sonra ölən və dirilən tanrılara inanclar qalmış, ancaq başqa cür özünü göstərirdi. Artıq Xristianlıq kimi monoteistik din bu olayı İsa ilə bağlayırdı. Onun ölümü və dirilməsi bütün dünyanı dəyişmişdir. "İsa dirilmişdir" kimi deyimini əski misirlilər də "Osiris dirilmişdir" kimi deyirdilər.
Dini olayların teatrlaşmış səhnələrin məbədlərdə və küçələrdə oynanılması da Yaxın Şərq inanclarından gəlir. Osiris üçün edilən tamaşalar kimi Filippində də İsanın çarmıxa çəkiməsi ya da Orta və Yaxın Şərqdə "Şəbih" adlanan imam Hüseynin öldürülməsi səhnələri oynanılır. Bu mərasimlərdə də, qədim misirlilərdəki kimi, ortalığa ağlaşma düşür. Sonra isə ölümdən sonra Xeyrin Şərə qalib gəldiyi iddia edilir.
Beləliklə, bir çox çağdaş adətlərin və bayramların kökü ən qədim çağlardan başlanmış, günümüzə qədər sürməkdədir. Bütün bunların təməli, eləcə də psixoloji özəllikləri birdir. Sadəcə zaman keçdikcə formasını dəyişərək çeşidli dini sistemlərə uyğunlaşıb ortalığa çıxır.
Osiris haqqında əsatir və çağdaş inanclar // Fəlsəfə elmləri doktoru Aydın Əlizadənin səhifələri.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.