From Wikipedia, the free encyclopedia
Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, "Stalin" mükafatı laureatı.
Bülbül | |
---|---|
Murtuza Məşədi Rza oğlu Məmmədov | |
Ümumi məlumatlar | |
Doğum adı | Murtuza Məmmədov[1] |
Ləqəbi | Bülbül |
Doğum tarixi | 22 iyun 1897 |
Doğum yeri | |
Vəfat tarixi | 26 sentyabr 1961 (64 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Uşağı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1916–1961 |
Janr | opera |
Səs tembri | lirik-dramatik tenor |
Təhsili | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı.[2] 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır.[3]
1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z. Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır. 1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə getmişdir. 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R. Qraninin sinfini) bitirib Azərbaycana geri dönmüş və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlamışdır.[4][5]
1932-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən Elmi-Tədqiqat Musiqi Kabineti yaradılmışdır. Elmi-Tədqiqat Musiqi Kabineti Azərbaycan musiqisinin toplanması, tədqiqi və işlənması ilə məşqul olmuşdu. Elmi-Tədqiqat Musiqi Kabinetinin bazasında Azərbaycan Elmlər Akademiyasının İncəsənət və Memarlıq İnstitutu yaranmışdı. 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlamışdır.
1937-ci ildə Moskvada Bülbülün təşəbbüsü ilə Ümumittifaq vokal konfransı keçirildi. Burada o, ölkənin bütün musiqi ictimaiyyətinin böyük marağına səbəb olmuş geniş məruzə ilə çıxış etmişdir.
Bülbül aşıq yaradıcılığına dair şifahi materialların — xalq nağılları, əfsanə, dastan, qəzəllərin, aşıq musiqi yaradıcılığının 250 çap vərəqi həcmındə toplanması üçün briqadaların təşkil edilməsinin təşkilatçısıdır. Bülbül 1938–1961-ci illərdə keçirilmiş aşıqlar qurultaylarının təşəbbüskarıdır. Həmçinin bu qurultaylarda məruzəçi və onların keçirilməsi layihələrinin müəllifidir. Bülbül Azərbaycanda not nəşriyyatının təşkilatçısıdır. Bülbül parlaq istedadların üzə çıxarılması üçün ilk musiqi olimpiadasının keçirilməsinin təşəbbüskarıdır.
Bülbül 1940-cı ildə Moskvada çağırılmış Ümumittifaq vokal konfrasında maraqlı məruzə ilə çıxış etmiş və bir sıra mühüm məsələlər irəli sürmüşdür: "Vokal kafedrasında elmi tədqiqat və elmi-metodiki iş aparmağın zəruriliyi, milli müğənnilərin hazırlanması, bütün qardaş respublikalarda Ümumittifaq Teatr Cəmiyyəti şöbələrinin təşkili, SSRİ xalqları yaradıcılığının öyrənilməsi üzrə Mərkəzi İnstitutun yaradılması".
1957-ci ildə keçirilən VI Ümumittifaq Moskva festivalında Şərq xalqlarının klassik oxuma müsabiqəsinin münsiflər heyətinə sədrlik etmişdir.
1961-ci ilin iyul ayında Şuşa şəhərində, keçmiş Şuşa real məktəbin zalında konsert verib. Bu konsert Bülbülün Şuşadakı axırıncı konserti idi.[6][7]
26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı Birinci Fəxri Xiyabandadır.
Müğənninin vətənində, Şuşada, Bülbülün bürünc büstü quraşdırılmışdır. 1992-ci ildə Şuşanın işğalından sonra büst (Natəvan və Üzeyir Hacıbəyovun büstləri ilə birlikdə) Gürcüstan ərazisinə çıxarılmışdır[9] və sonralar Azərbaycan hakimiyyəti tərəfindən alınıb. Uzun illər büst Bakıda İncəsənət Muzeyində saxlanılmışdır. Şuşa 2020-ci ildə azad olunduqdan sonra prezident İlham Əliyev Şuşaya ilk səfəri zamanı büstün yenidən Şuşada açılışını etmişdir.
1976-cı ildən Bakıda Bülbülün xatirə ev-muzeyi fəaliyyət göstərir. Həmçinin Şuşa şəhərində 1992-ci ilə qədər yerləşən ev-muzeyi onun Bakı şəhərindəki memorial muzeyinin filialı idi.[10]
Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır, onun adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbi fəaliyyət göstərir. Azərbaycan Dövlət Opera və Balet Teatrının foyesində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində büstlər quraşdırılıb. 1992-ci ildən Sumqayıt Uşaq İncəsənət Məktəbi Bülbülün adını daşıyır.
Hər iki ildən bir Bakıda Bülbül adına vokalistlərin Beynəlxalq müsabiqəsi keçirilir.
1998-ci ildə Bülbülün 100 illiyi ilə əlaqədar olaraq, Azərbaycan poçt markası və 2008-ci ildə 110 illik yubileyi münasibətilə xatirə sikkəsi buraxılıb.
2012-ci ildə Bülbülün yaşadığı evin yaxınlığında Bülbül prospektində tuncdan hazırlanan abidə ucaldılmışdır. Abidənin müəllifi heykəltaraş Akif Əsgərovdur.[11]
Bülbülün xatirəsinə həsr olunmuş qızıl sikkə |
1963-cü ildə Bülbül Məmmədovun həyat və yaradıcılığına Kamil Rüstəmbəyov tərəfindən Xalq nəğməkarı adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.