Remove ads
From Wikipedia, the free encyclopedia
Cavadzadə Mirməmməd Cavad oğlu (18 may 1927, Lənkəran, Lənkəran qəzası – 7 avqust 2008, Bakı) — Görkəmli uroloq-alim və pedaqoq, dövlət mükafatları laureatı, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru. SSRİ məkanında ilk ən güclü uroloji məktəbin yaradıcısı olub. O, həm də Azərbaycanda uroloji məktəbin yaradıcısı idi.
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Mirməmməd Cavadzadə 1927-ci il mayın 18-də Lənkəran şəhərində anadan olmuşdur. 1943-cü ildə Lənkəran şəhər 1 nömrəli tam orta məktəbini, 1948-ci ildə ADTI-nin müalicə-profilaktika fakültəsini bitirmişdir. 1951-ci ildə II Moskva Tibb İnstitutundakı urologiya kafedrası aspiranturasında oxumuş, 1954-cü ildə "Sidik axarının daşları" mövzusunda namizədlik dissertsiyası müdafiə etmişdir. 1954-cü ildən 1957-ci ilə qədər Krım Tibb Institutunda assistent, sonra urologiya üzrə dosent olmaqla, Krım Vilayətinin baş uroloqu işləmişdir. 1962-ci ildə "Böyrəklərin polikistozu" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru adı almışdır. 1963-cü ildə Bakıya dəvət olunmuş və müsabiqə yolu ilə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun urologiya və operativ nefrologiya kafedrasına müdir seçilmişdir. Doğma Azərbaycana qayıtdıqdan sonra o, yüksək səviyyəli elmi-klinik müəssisə yaratmış və bununla da müasir klinika məktəbinin və urologiya elmində yeni istiqamətin təməlini qoymuşdur. M. Cavadzadənin rəhbərliyilə bir neçə xəstəxananın urologiya şöbələri birləşdirilmiş və respublikada urologiya və onunla əlaqədar elmlərin inkişafına təkan verilmişdir.
Mirməmməd Cavadzadə əmək fəaliyyətinə 1948-ci ildə Astara rayonunda cərrah kimi başlamışdır. O, 1949–1950-ci illərdə Astara birləşmiş rayon poliklinikası və xəstəxanasında baş həkimin müavini, 1950–1951-ci illərdə Lənkəran şəhər xəstəxanasında cərrah olmuşdur. 1954-cü ildə Moskvada aspiranturanı bitirdikdən sonra 1957-ci ilədək Krım Tibb İnstitutunda assistent və dosent vəzifələrini tutmuş, 1957–1963-cü illərdə isə İkinci Moskva Dövlət Tibb İnstitutunda işləmişdir. 1963-cü ildə vətənə qayıdan Mirməmməd Cavadzadə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kafedra müdiri vəzifəsində çalışmağa başlamışdır. 1974-cü ildə görkəmli alim həmin institutun rektoru təyin olunmuş və ömrünün sonunadək bu instituta rəhbərlik edərək, qırx beş il ərzində tibb kadrlarının hazırlanması və təkmilləşdirilməsi işinə öz layiqli töhfəsini vermişdir.[1] M. Cavadzadə 1954-cü ildə namizədlik, 1962-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. O, urologiyanın problemlərinə həsr edilmiş 34 monoqrafiya və dərs vəsaitinin, 700-dən artıq elmi məqalənin müəllifidir. Alimin əsərləri respublikamızda və onun hüdudlarından kənarda mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Onun rəhbərliyi altında 17 elmlər doktoru, 73 elmlər namizədi, yüzlərlə yüksək ixtisaslı uroloq-həkim yetişmişdir. 1966-cı ildə məhz onun təşəbbüsü və iştirakı ilə Bakıda Respublika Klinik Uroloji Xəstəxana yaradılmışdır. Qısa müddət ərzində urologiya sahəsində elmi və praktik fəaliyyətin mötəbər mərkəzinə çevrilən bu xəstəxana Azərbaycan səhiyyə sistemində xüsusi yer tutur.1964-cü ildən professor, 1967-ci ildən Azərbaycan SSR əməkdar elm xadimidir. AMEA-nın həqiqi üzvüdür.
M. C. Cavadzadənin elmi tədqiqatları xarici ölkələrdə geniş şöhrət tapmış, 20 dəfədən artıq ölkəmizin urologiya elmini təmsil etmiş, beynəlxalq elmi forumlarda çıxışlar etmişdir.
Mirməmməd Cavad oğlu Cavadzadə Mirməmməd Cavadzadə respublikada ictimai xadim kimi də yaxşı tanınırdı. O, 9–12-ci çağırışlar Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuş, Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin, Azərbaycan Uroloqlar Cəmiyyətinin, digər ictimai birlik və qurumların sədri kimi fəaliyyət göstərmişdir. Mirməmməd Cavadzadənin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara layiq görülmüş, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatları – "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilmişdir.
Mirməmməd Cavadzadə 2008-ci il avqust ayında vəfat etmişdir. I Fəxri Xiyabanda dəfn olunmuşdur.
Məşhur aktirsa Nəsrin Cavadzadənin babasıdır.[2]
Respublika Kliniki Uroloji Xəstəxanasına Mirməmməd Cavadzadə adı verilmişdir [3].
1984-cü ildə Vasif Babayev tərəfindən Mirməmməd Cavadzadə və onun Bakıdakı urologiya klinikası haqqında Həqiqətin anı adlı qısametrajlı sənədli televiziya filmi çəkilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.