sahil bataqlığı, suda qabarma və çəkilmə dəyişikliyinə məruz qalan bataqlıq From Wikipedia, the free encyclopedia
Marş torpaqlar — dəniz sahilinin alçaq yerlərində, o cümlədən deltalarda dövrü olaraq qabarmalar və dəniz dalğalarının təsiri altında formalaşmış torpaq tipidir.[1] Marşlar çaylar, sahillər və estuarilər boyunca tapılan bataqlıqlardır və okeandakı qabarma-çəkilmə prosesləri nəticəsində yaranır.[2]
Marşların vəziyyəti həm təbii, həm də antropogen proseslərdən asılı ola bilər.[3] Son dövrlərdə kiçik və böyük miqyaslı insan təcrübələri marş ekosisteminin qorunmasına əhəmiyyətli dərəcədə təsir göstərən ekosistemlərdə dəyişikliklərə səbəb olub.[3] Bəzi kiçik miqyaslı dəyişikliklərə reqressiv eroziya[4] və sahilin genişlənməsi daxildir. Böyük sistem dəyişikliklərinə isə kirlənmə və dəniz səviyyəsinin qalxması (iqlim dəyişikliyindən) daxildir. Bu dəyişikliklərin hamısı marş bataqlıqlarına təzyiq göstərir.
Marşlara iki əsas yerdə rast gəlmək olar: sahillərdə və estuarilərdə. Sahildəki marşları sahillər boyunca, estuari marşları isə quruda, qabarma-çəkilmə zonası daxilində yerləşir.[5]
Marşlar duzluluq səviyyəsinə, səviyyəsinə və dəniz səviyyəsindən yüksəkliyinə görə təsnif edilə bilər.[2][6] Marşlar adətən dəniz səviyyəsindən yüksəkliklərinə görə aşağı bataqlıqlara və yuxarı/yüksək bataqlıqlara bölünür.[7] Şirinsulu marşlarda orta bataqlıq zonası da mövcuddur. Marşın yerləşdiyi yer onu idarə edən prosesləri, onun yaşını, rejimini və gələcək davamlılığını müəyyən edir. Suyun duzluluğuna görə marşlar şirin, şirin-duzlu və duzlu olaraq təsnif edilir.[2][5][7]
Şirinsulu marşlar duzlu su marşlarına nisbətən daha çox quru daxilində mövcud olur, lakin buna baxmayaraq, onların sahilə yaxınlığı qabarma və çəkilmənin gündəlik təsirinə imkan verir.[8] Daxili yerləşməsi marşdakı suyun böyük bir hissəsinin şirin su axınlarından qaynaqlanmasına imkan verdiyi üçün bu marşlarda duzun miqdarı azdır.[8]
Şirin sulu marşlar daha çox delta və saçaqlı tiplərinə bölünür.[5]
Tarixi meşələrin qırılması və intensiv kənd təsərrüfatı fəaliyyəti nəticəsində əmələ gəlmiş Çesapik körfəzində[9] delta tipli marşlar üzərində geniş tədqiqatlar aparılmışdır.[10]
Şirin sulu marşlar yüksək məhsuldarlığa malikdir və müxtəlif orqanizmlərin məskənidir. Burada şirin su bataqlıqlarında yaşaya bilən müxtəlif növlü bitki örtüyü, həmçinin quşları cəlb edən çoxlu sayda həşərat var.[8] Bu bataqlıqlarda ördək və qarğa kimi su quşları da yaşayır. Şirin sulu marşlar həmçinin bəzi balıqlar üçün kürü tökmə yerləri kimi xidmət edir.[8] Bu balıqlar həyatlarının çox hissəsini duzlu suda keçirir, lakin çoxalma zamanı yenidən şirin suya qayıdırlar.[8]
Şirin su bataqlıqları həm də yüksək məhsuldar ərazilərdir[11][5] və burada böyük miqdarda keyfiyyətli biokütlə yaranır.[5][12] Onlar həmçinin denitrifikasiya potensialına malik olduqları üçün[5] tullantıların təmizlənməsində də xidmət edirlər.[11]
Duzlu su marşları açıq okeana tam məruz qalmayan ərazilərdəki sahil xətlərində formalaşır. Buradakı suyun həcmi qabarma-çəkilmələrdən asılıdır. Belə marşlardakı bitki müxtəlifliyindəki fərqlər qabarma-çəkilmənin təsir həcmi və tezliyindəki fərqlərdən qaynaqlanır.[7]
Sahil marşları və ya duzlu su marşları həm də əsas sahil xətti ilə sədd adaları arasında əmələ gəlir. Bu adalar marşların sahil zolağına paralel və yaxınlıqlarında inkişaf edir.[13] Onların çoxu qabarma zamanı tamamilə su altında qalır, çəkilmə zamanı isə birbaşa materikə birləşir.[14][15]
Marş ekosistemi biomüxtəlifliyin müxtəlif qrupların dəstəkləyən yaşayış yerlərinin təmin edilməsi də daxil olmaqla çoxsaylı xidmətlər təqdim edir.[2] Marşların ərazisi kürü tökmə məkanı və qida zəncirinin aşağı hissəsində yerləşən “qidalandırıcı balıqların” evi olmaqla birlikdə, həm də köçəri quşlar üçün mühüm istirahət dayanacağı kimi xidmət edir. Bundan əlavə, bu bataqlılar ABŞ-ın Konnektikut ştatındakı marşlarda tapılan Ammospiza maritima və Tringa semipalmata kimi bu ərazi üçün səciyyəvi olan quş növləri üçün yaşayış yeri təmin edir.[16]
Sahil xətləri boyunca yerləşən marşların xidmətinə həm də su hövzələri üçün mürəkkəb filtrasiya sistemi rolunu oynması daxildir.[17] Belə ki, bu ərazilər qurudan açıq hövzəyə doğru axıb gələn su axınlarının tərkibindəki çirkləndiriciləri udur və özündə saxlayır.
Tarixən marşların qlobal itkisi qabarma-çəkilmə prosesində məhdudiyyətlərin həyata keçirilməsi və digər drenaj fəaliyyətləri ilə əlaqələndirilə bilər.[18][19][20] Qabarma-çəkilmə prosesinin məhdudlaşdırılması üsullarına kənd təsərrüfatı torpaqlarının genişləndirilməsi lehinə beynəlxalq səviyyədə sahilyanı torpaqlarda həyata keçirilən torpaqlamalar, qabarma keçidləri və su bəndləri daxildir.[18][21][22]
Marşlardakı tarixi dəyişikliklər (antropogen fəaliyyətlə əlaqədar) bu gün onlara davamlı təsir göstərir. Məsələn, bəzi marşlar eroziya səbəbindən bataqlıqları çöküntü ilə dolduran qızıl hərisliyinə məruz qalmışdır.[23] Ağacların kəsilməsi, həmçinin bataqlıqların parçalanması və doldurulması da marşlara zərər verib.[24] Marşların antropogen fəaliyyətə həssaslığı onlarda uzunmüddət davam edən təsirlər ilə nəticələnmişdir.
Hazırda qlobal istiləşmə və iqlim dəyişikliyinin nəticəsi olan dəniz səviyyəsinin yüksəlməsi prosesi marşlar üçün əsas təhlükələrdən biridir.[25][26] Urbanizasiya ilə əlaqədar çirklənmə də marş ekosistemini təhdid altında qoymağa davam edir.[2]
Deqradasiyaya uğramış ekosistemləri bərpa etmək üçün marşların qabarma-çəkilmə prosesindəki məhdudiyyətlərin aradan qaldırılması yolu ilə bərpası onillərdir beynəlxalq səviyyədə aparılır.[18] Məqsədli və təbii bərpa təcrübələri ABŞ, Böyük Britaniya, Avropa və Kanadada qeydə alınmışdır.[18][19] Tədqiqatlar göstərir ki, marşların bərpası bitki örtüyü, biogeokimyəvi və hidroloji reaksiyalar, həmçinin vəhşi təbiətin bu prosesə reaksiyaları kimi müxtəlif amillərlə qiymətləndirilə bilər.[27][18][19]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.