From Wikipedia, the free encyclopedia
Məcnun Leylinin çadırı qarşısında - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Mir Seyid Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır.[1]
Məcnun Leylinin çadırı qarşısında | ||
---|---|---|
| ||
Rəssam | Mir Seyid Əli | |
Tarixi | 1539-1543 | |
Üslubu | Təbriz miniatür məktəbi | |
Sifarişçi | I Şah Təhmasib | |
Saxlanıldığı yer | Britaniya Milli Kitabxanası |
Nizaminin “Leyli və Məcnun” poemasında, bir gün Məcnun qarının bir qulu zəncirləyib gəzdirdiyini görür. O, qarıdan bunun zəbəbini soruşduqda qarı işi izah edərək bildirir ki, beləcə biz kömək üçün insanlardan pul dilənirik, sonra isə qazancı bölürük. Məcnun qarıdan qulu azad etməyi və əvəzinə özünü zəncirə vurmağı xahiş edir. Əvəzində isə heç nə istəmədiyini bildirir. Beləcə qarı zəncirlənmiş Məcnunu gəzdirərək pul yığmağa başlayır. Bir gün onlar təsadüfən Leylinin çadırı qarşısına gəlib çıxırlar. Leyli arıqlayıb pis hala düşmüş sevgilisini tanımır.
Miniatürün mərkəzində zəncirlənmiş Məcnun və qoca qarı dayanmışdır. Arxa tərəfdə olan uşaqlar Məcnunu daşlayırlar, itlər ona hürüşürlər. Dərin, dramatik hissiyyatla aşılanmış bu səhnədə nəqledici təfərrüata geniş yer verilmişdir.[2] Miniatürdə ön və arxa planların ənənəvi şəkildə bir-birinin üstündə verilməsinə baxmayaraq, burada şərti də olsa fəza dərinliyi hiss olunur.[3] Rəssam buna çadırların düzülüşü və fonu təşkil edən mənzərənin rəng ahəngdarlığı vasitəsilə nail olunmuşdur. Ön plandakı yaşıl çəmənlik yasəməni və qızılı rəngli dağ sıraları boyu davam etdirilib, nəhayət, son plandakı tünd göy çalarlı səma ilə əvəz edilir.[3]
Alaçıqda oturmuş Leyli bu mənzərədən heyrətlənmişdir. Görünür, o, eşq odunda yanıb incələn öz bədbəxt sevgilisini tanımamışdır. Lakin, əl hərəkəti ilə onları çadıra dəvət edir. Aşağı planda kompozisiyanın üçdə birini əhatə edən bu səhnə mahiyyətcə həmin süjetin miniatür həllini tamamlayır.[4]
Leylinin çadırı arxasında daha dörd çadır vardır. Ətafda ev işləri ilə məşğul olan qadınlar görünür. Bunlardan bəzisi ocaq qalayır, bəzisi nahar hazırlayır, bəzisi də qoyun soymaqla məşğuldur. Kompozisiyanın mərkəzindəki çadırda iki qadın görünür, bunlardan biri uşaq əmizdirir. O, Məcnunun gəlişindən həyəcanlanmışdır. Azca aralıda çəmənlikdə sürü və iki çoban təsvir edilmişdir. Onlardan biri tütək çalır, çomağına söykənmiş digəri isə yun əyirir.[3]
Miniatürdə zaman anlayışını göstərmək meyli də nəzərə çarpır. Belə ki, ağ gövdəli çinarın saralıb yerə tökülmüş yarpaqları xəzan fəslinin başlanmasına işarə kimi səciyyələndirilir. Bir növ qüssə və kədər təlqin edən bu motivlər qolları zəncirli, boğazında ip olan zavallı Məcnunun sevgilisinin yanına gətirilməsi kimi qəmli bir səhnə ilə həmahəng səslənir.[3]
Poemada dramatik konflikt, sevgililərin faciəvi görüşü, onların iztirabı, xüsusən Məcnunun əzab-əziyyəti təsirli və mənalıdır. Miniatürdə görüş səhnəsinin rəsm ifadəsi daha çox nəqli səciyyə daşıyır və məişət janrında yaradılmış tablo təsiri oyadır. Ədəbi mətndə olmayan müxtəlif məişət səhnələrinin kompozisiyaya daxil edilməsi süjeti daha da dolğunlaşdırmışdır. Əsas surətlərin ətrafında gənclərin gündəlik həyatı təsvir olunur.[4]
Miniatürdə köçərilərin həyat və məişətini əks etdirən səhnələr diqqətlə işlənmiş və real təsir bağışlayır. Ən səciyyəvi cəhət onların ifadəli, sadə və təbiiliyidir.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.