Remove ads
Meksikada qətl From Wikipedia, the free encyclopedia
Rus inqilabçısı, keçmiş SSRİ xalq komissarı, IV İnternasionalın yaradıcısı Lev Davidoviç Trotski 1940-cı ilin avqustunda Meksikada öldürülüb. Qətl SSRİ NKVD-nin İspaniyadan olan agenti, marksist tərəfdarı adı altında Trotskinin ətrafına təqdim edilən Ramon Merkader tərəfindən törədilib.
20 avqust 1940-cı ildə Merkader Trotskinin evində olarkən buz baltası ilə onu başının arxasından zərbə endirdi və Trotski ertəsi gün öldü. Merkader Trotskinin müxalifətdə olduğu SSRİ lideri İosif Stalinin göstərişi ilə hərəkət etmişdir. Trotskiyə qarşı “Ördək” adlı sui-qəsd əməliyyatına NKVD zabitləri Pavel Sudoplatov və Naum Eytinqon rəhbərlik edirdi. Sui-qəsddən az sonra Merkader qiyabi olaraq Lenin ordeni ilə təltif edildi.
Trotskinin qətlinə görə Merkader Meksikada 20 il həbs cəzasına məhkum edildi. Cəza müddətini başa vurduqdan sonra 1960-cı ildə azadlığa buraxılmış, bundan sonra Kuba və SSRİ-yə köçmüş, orada da Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
1917-ci ilin Fevral inqilabı nəticəsində Rusiyada monarxiya devriləndə Trotski ABŞ-da idi. Uzun və macəralı səfərdən sonra mayın əvvəllərində Petroqrada gəldi. Burada o, bolşeviklərlə menşeviklər arasında olduğuna görə “mejrayonçı” adlanan qrupun rəhbərinə çevrilir. Bu qrupda xeyli parlaq isimlər vardı, amma kütlələr arasında elə də populyar deyildi. Buna görə tarxçi Doyçer onları “ordusuz generallar kəhkəşanı” adlandırırdı.
İyul ayında mejrayonçı bolşeviklərlə birləşmək qərarına gəldilər. Bu dövr bolşeviklər üçün olduqca ağır mərhələ idi. “İyul günləri” adını alan hadisələrdən sonra Lenin Petroqraddan qaçaraq Razlivdə, sonra Finlandiyada gizlənməli oldu. Partiyaya rəhbərlik edəcək səviyyədə bir şəxsə ehtiyac var idi ki, tezliklə həmin adam Trotski oldu. Oktyabr çevrilişini hazırlayan və ona bilavasitə rəhbərliyi həyata keçirən də o olur.
Bolşevik hökumətində Trotskinin ilk vəzifəsi xarici işlər xalq komissarı (1946-cı ilə qədər nazirlər belə adlanırdılar) olur. Amma iliyinə qədər inqilabçı olan birinin diplomatlığı uğurlu olmadı. 1918-ci ilin martından etibarən hərbi işlər üzrə xalq komissarı təyin edildi və burada daha uğurlu fəaliyyət göstərir. Qırmızı ordunun yaradılmasında və vətəndaş müharibəsində bolşeviklərin qalib gəlməsində Trotskinin müstəsna xidməti şübhəsizdir.
Leninin get-gedə pisləşən səhhəti fonunda Trotskiyə sovet dövlətinin gələcək rəhbəri kimi baxılır. Bəlkə də Lenin qəfil ölsəydi, elə də olardı. Amma sovet rəhbərinin aqoniyası bir ildən çox çəkdi və bu da onun rəqiblərinə təşkilatlanmaq, qüvvələrini səfərbər etmək imkanı verdi. Partiyanın Zinovyev, Kamenev və Stalin kimi üzvləri Trotskini hakimiyyətə buraxmamaq üçün triumvirat formalaşdırırlar.
Leninin 1924-cü ilin yanvarında ölümündən sonra Trotskinin mövqeləri gedikcə zəifləyir. Mahir inqilabçı olan Trotski hakimiyyətdaxili mübarizədə inanılmaz diletantlıq nümayiş etdirir və ciddi müqavimət göstərə bilmir. Nəhayət, 1925-ci ilin yanvarında hərbi işlər üzrə xalq komissarı vəzifəsindən çıxarılmaqla son dayağı ola biləcək ordu əlindən alınır.
1927-ci ilin noyabrın 7-də Trotskinin tərəfdarları Oktyabr çevrilişinin 10-ci ildönümü münasibətilə Moskva və Leninqradda alternativ bayram nümayişləri təşkil etmək istəyirlər, amma artıq hakimiyyətə təkbaşına yiyələnən Stalinin tərəfdarları tərəfindən hücumuna məruz qalırlar. Bundan 9 gün sonra Trotski partiyadan xaric olunur, yanvar ayında isə Almatı şəhərinə sürgün edilir.
Bolşeviklərin Oktyabr inqilabı adlandırdıqları hadisəyə bilavasitə rəhbərlik edən və sovet hakimiyyətinin əsasını qoyan Lev Trotski əksinqilabçı və antisovet ünsür kimi 1929-cu ilin fevralında ölkədən sürgün edilir, zorla Türkiyəyə göndərilir. Arvadı Natalya və oğlu Sergey də onu müşayiət edirlər. Amma ikinci oğlu, siyasətdən tamamilə uzaq olan Sergey mühacirət etmək üçün əsas görmür və SSRİ-də qalır.
Türkiyədə Trotski Mərmərə dənizində yerləşən Şahzadə adalarından Büyükadada məskunlaşır. Bu dövrdə İstanbulda xeyli monarxist rus mühacir məskunaşmışdı və onlar Trotskiyə düşmən münasibət bəsləyirdilər. Buna görə də özünü təhlükəsizlikdə hiss etmir və başqa ölkəyə köçməyə çalışır. Amma SSRİ-də əksinqilabçı, bütün dünyada isə inqilab mənbəyi kimi tanınan bir şəxsə sığınacaq vermək istəyən ölkələr çox deyildi.
1933-cü ildə Fransa Trotskini qəbul etməyə razılıq verir. Amma tezliklə məlum olur ki, bura da onun üçün təhlükəsiz deyil və sovet xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən izlənilir. Digər tərəfdən, Trotskinin coşğun siyasi fəaliyyətə başlaması da Fransa hökumətini məmnun etmir. Artıq 1934-cü ilin əvvəllərində ondan ölkəni tərk etmək tələb olunur. Amma heç bir ölkə didərgin marksisti qəbul etmədiyinə görə, tələb yerinə yetirilmir.
Norveçdəki son seçkilərdə Fəhlə partiyasının hakimiyyətə gəlməsini nəzərə alan Trotski 1935-ci ilin yazında bu ölkənin hökumətinə müraciət edir və sığınacaq alır. Amma tezliklə Norveç də SSRİ-nin kəskin basqısına məruz qalır. Nəhayət, 1937-ci ilin yanvarında Trotski uzaq Meksikada məskunlaşır[1].
Trotskinin SSRİ-də qalan tərəfdarları hələ 1920-ci illərin sonlarından həbs və sürgünlərə məruz qaldılar, 1930-cu illərin ortalarında isə fiziki şəkildə məhv edilməyə başladılar. Bir çox halda qətllər heç bir məhkəmə olmadan, göstəriş əsasında həyata keçirilirdi. Daha tanınmış nümayəndələr məhkəmə qarşısına çıxarıldılar və məhkəmə hökmü ilə güllələndilər.
Bu dövrdə sovet təbliğatı Trotskinin demonik bir obrazını yaradır. Ölkədə baş verən bütün bədbəxt hadisələr, problemlər, uğursuzluqlar onun ayağına yazılır. Bir zamanlar Stalinlə Trotski əleyhinə ittifaq bağlayan, sonra Trotski ilə birlikdə Stalinə qarşı çıxan Zinovyev və Kamenev “əksinqilabçı trotskist qrupun üzvü kimi güllələnirlər”. Hətta Trotskinin daimi əleyhdarı Buxarin və başqaları da eyni aqibət yaşayırlar.
İtkilər Lev Davıdoviçin ailəsindən də yan keçmir. Onun bir qızı Nina hələ 1928-ci ildə vərəmdən vəfat etmişdi. Bacısından vərəmə yoluxan digər qızı Zinaida beynəlxalq təzyiqlərdən sonra müalicə almaq üçün Almaniyaya gedə bilir, amma ona iki uşağından yalnız birini özü ilə aparmağa icazə verilir. 1932-ci ildə Trotski, arvadı və oğlu kimi qızı da sovet vətəndaşlığından çıxarılır. Bir daha SSRİ-yə qayıdıb öz qızına qovuşa bilməyəcəyini anlayan Zinaida yaşadığı mənzildə qazı açıq qoyaraq intihar edir.
Trotskinin SSRİ-də qalan oğlu Sergey 1935-ci ildə tamamilə əsassız həbs olunur və 5 il müddətinə Krasnoyarska sürgün edilir. 1937-ci ildə isə güllələnir. Trotskinin daha bir oğlu, atasının yaxın köməkçisi Lev Sedov 1938-ci ildə Parisdə keçirdiyi appendisit əməliyyatından sonra müəmmalı şəkildə vəfat etdi. Onun ölümündə sovet casuslarının barmağı olduğu iddia edilir.
Stalin repressiyaları kəşfiyyat orqanlarından da yan keçmirdi. Pavel Sudoplatov öz xatirələrində yazır ki, 1939-cu ilin əvvəllərində öz kabinetində oturub həbsini gözlədiyi zaman Beriyanın yanına çağrılır, oradan isə Stalinin qəbuluna gedirlər. Burada o, Trotskinin qətlini təşkil edəcək əməliyyata rəhbər təyin olunur. Stalin vəd edir ki, əməliyyatın uğurlu olacağı halda “partiya onun iştirakçılarını unutmayacaq, təkcə özünü deyil, bütün ailə üzvlərini qayğı ilə əhatə edəcək”.
Sudoplatov bu iş üçün Naum Eytinqonun cəlb edilməsini məqsədəuyğun sayır. Çünki Eytinqon vətəndaş müharibəsi zamanı İspaniyada fəaliyyət göstərmişdi və buraya köməyə gələn Meksika kommunistləri ilə yaxşı münasibətlərə malik idi. O zaman SSRİ-nin Meksika ilə diplomatik əlaqələrinin olmaması üzündən Trotskini aradan götürmək üçün yerli kommunistlərin köməyi əvəzolunmaz idi.
Sudoplatova görə, ilk dəfə Trotskini öldürmək 1937-çi ildə tanınmış kəşfiyyatçı Şpiqelqlasa tapşırılmışdı. Bu işdə Trotski hələ Norveçdə olarkən onun əməkdaşları arasına yerləşdirilən Afrika de las Eras adlı qadından istifadə olunmalı idi. Amma kəşfiyyatçılara qarşı repressiyalar başlayarkən onlardan bəziləri Qərbə qaçdılar. Belələrindən biri də Aleksandr Orlov idi. Onun de las Erası yaxşı tanıdığını nəzərə alaraq sonuncu geri çağrıldı. Şpiqelqlas özü 1938-ci ildə həbs olundu və bundan sonra Trotskinin qətli Sudoplatova tapşırıldı.
Stalinin tapşırığını yerinə yetirmək üçün Eytinqon iki qrup təşkil edir. Bunlardan birinin şərti adı “At” idi. İyirmi nəfərlik qrupun rəhbəri meksikalı kommunist rəssam, İspaniyadakı vətəndaş müharibəsinin iştirakçısı David Sikeyros idi. Daha azsaylı qrup “Ana” adlanırdı. Bu qrupa əslən kubalı, ərə gedəndən sonra İspaniyada yaşayan kommunist Karidad Merkader və oğlu Ramon daxil idilər. Onların da hər ikisi vətəndaş müharibəsi zamanı respublikaçılar tərəfdə döyüşmüşdülər.
Sikeyrosun qrupu Troskinin yaşadığı malikanəyə hücum etməli və onu güllələyərək öldürməli idi. Afrika de las Eras geri çağrılsa da malikanənin otaqlarının planını, eləcə də mühafizəçilərinin (bunlar əsasan amerikalı trotskiçilər idilər) xarakteristikasını bölüşməklə əməliyyata öz töhfəsini verir.
1940-cı il mayın 24-də səhər saat 4-də Sikeyrosun qrupu malikanənin darvazasını döyürlər. Mühafizəçi Şeldon Hart qapını açır. Bəzi mənbələrdə Hartın NKVD tərəfindən ələ alındığı deyilir. Sudoplatov isə onun sadəcə gələnlərdən birini tanıdığı üçün ehtiyatsızlıq etdiyini yazır.
Həyətə daxil olan dəstə de las Erasın planı əsasında Trotskinin yataq otağını tapıb gülləbarana tuturlar. İki yüzdən artıq güllə boşaldan terrorçular tapşırığı yerinə yetirdikləri inamı ilə həyəti tərk edirlər. Gedəndə Şeldon Hartı da özləri ilə aparıb öldürürlər. Çünki Hart tanıyıb qapını açdığı adamı ələ verə bilərdi.
Trotski isə ölməmişdi. Yatmazdan öncə yuxu dərmanı qəbul etdiyindən arvadının reaksiyası onu xilas edir. Ərini itələyərək çarpayıdan yerə salan Natalya özü də döşəməyə atılır və cütlük çarpayının altında gizlənir. Güllələrdən biri az öncə Trotskinin başı olan yerdə divara saplanır.
Hücum edənlər sadəcə stalinçi-kommunist olan adi insanlar idilər və xüsusi diversiya hazırlığı keçməmişdilər. Buna görə də əməliyyatı bu qədər diletant şəkildə həyata keçirirlər. Daha təcrübəli və hazırlıqlı adamlar qurbanın öldüyünü yoxlamadan getməzdilər.
Sudoplatov yazır ki, gözlənildiyinin əksinə olaraq, Stalin uğursuzluq xəbərini sakit qarşılayır. Öz bağında Sudoplatovun məruzəsini dinləyəndən sonra onu və Beriyanı axşam yeməyinə saxlayır. Yemək zamanı isə Sudoplatovun spirtli içki içməməsinə lağ edir, gülüb danışır. Halbuki Stalin Trotskinin onun haqqında kitab yazmağa başladığını bilir və tezliklə öldürülməsində həm də şəxsi marağa malik idi.
1930-cu illərdə sovet kəşfiyyatının əsas hədəflərindən biri Trotskinin yaxın ətrafına, eləcə də trotskiçi qruplara öz agentlərini yerləşdirmək idi. O zaman Trotskinin qətli hələ gündəmdə deyildi, bu işlər əsasən məlumat toplamaq, təsir göstərmək, bəzən də sabotaj etmək üçün həyata keçirilirdi. Belə adamlardan biri Ramon Merkader idi.
O, hələ 1938-ci ildə Parisdə Silviya Aqeloff adlı bir xanımla tanış olmuşdu. Nyu-Yorkda yaşayan və Parisə müvəqqəti gələn Silviyanın Rut adlı bacısı Trotskinin katibliyində işləyirdi və tanışlığın əsas motivi də bu idi. Özünü Jak Mornar adlı belçikalı kimi qələmə verən Merkader sovet kəşfiyyatından aldığı pulları gen-bol xərcləyir, zəngin olması görüntüsünü yaradır.
Parisdəki işlərini yekunlaşdırıb geriyə qayıdan Silviya sevgilisinin də verdiyi vədi yerinə yetirib Nyu-Yorka gəlməsini gözləyir. Doğrudan da Jak Mornar bir müddət sonra gəldi, amma bu dəfə Frenk Cekson adına olan Kanada pasportu daşıyırdı. Avropada artıq müharibə başlamışdı və Merkader-Mornar-Cekson öz addımını hərbi xidmətə çağrılmaq istəməməsi ilə izah edirdi.
Amma o, Amerikada çox qalmadı. Bir ay sonra bidirdi ki, bir kommersiya şirkəti tərəfindən agent kimi Meksikaya göndərilir. Tezliklə Mexikodan Ceksonun məktubları gəlməyə başladı. O, Silviya üçün çox darıxıdığını bildirir, öz yanına dəvət edir. Silviya da 1940-cı ilin yanvarında Meksikaya getdi. Qısa müddət sonra isə bacısı ona Trotskinin yanında işə düzəlməyə kömək etdi. Ceksonun istədiyi də elə bu idi.
Silviyanı tez-tez Trotskinin evinə qədər ötürən və sonra da qarşılayan Merkader-Mornar-Cekson yavaş-yavaş mühafizəçilərlə dostlaşır. Nəhayət, bir gün içəriyə daxil olur. Ehtimallardan birinə görə, işçisinin sevgilisinin həmişə qapıdan qayıtmasının etik olmadığını düşünən Trotski özü onu dəvət etmişdi. Bundan sonra Cekson həmin evdə tez-tez görünməyə başladı.
Sikeyrosun hücumundan sonra malikanənin mühafizəsi gücləndirilmişdi. Meksika hökuməti küçədəki polislərin sayını artırdı, pəncərələrə dəmir barmaqlıqlar vuruldu,yataq otağına polad qapı qoyuldu. Amma Trotski evinə gələnlərin üstünün axtarılmasına razı olmur, bunu alçaldıcı davranış hesab edirdi. Cekson da bundan istifadə etdi.
Meksikada olan Naum Eytinqon ilə məsləhətləşmə zamanı Trotskini ya bıçaqla, ya da başından ağır alətlə vuraraq öldürmək qərara alındı. Çünki qətlin səs-küysüz baş verməsi, qatilin də aradan çıxa bilməsi nəzərdə tutulurdu. Bu səbəbdən də avqustun 24-də havanın isti olmasına baxmayaraq, Trotskinin evinə gələrkən Merkaderin əynində plaş vardı. Plaşın altında üç cür silah gizlədilmişdi: tapança, bıçaq və buz baltası.
Merkader həyətdə olan Trotskiyə yaxınlaşaraq siyasi mövzuda bir məqalə yazdığını və onun rəyini bilmək istədiyini söylədi. Onlar evə keçirlər, Trotski öz kabinetində kreslosuna outraraq məqaləni oxumağa başlayır. Merkader isə onun arxasında ayaq üstdə durur. Yəqin ki, bıçaq və buz baltası arasında seçim edən Merkader sonda ikinciyə üstünlük verir. Onu çıxarıb var gücü ilə qocanın başına endirdi. Amma məhz bu zaman qurban başını azca çevirdiyindən zərbə istədiyi kimi tutmadı, Trotski huşunu itirmədi və var gücü ilə bağırmağa başladı.Bu bağırtı Merkaderi elə çaşdırır ki, daha zərbə endirə bilmir.
Özünü otağa atan mühafizəçilər qatili yerə yıxaraq döyməyə başladılar. Ancaq Trotski onları sakitləşdirir, öldürməməyi və kimin göndərdiyini öyrənməyi tapşırır. Küçədə maşında gözləyən Eytinqon və Karidad Merkader vurnuxma düşdüyünü görüb uzaqlaşırlar və elə həmin gün Meksikadan Kubaya qaçırlar. Ramon Merkader isə polisə, Trotski xəstəxanaya aparıldı. Yalnız burada huşunu itirən Trotski həkimlərin bütün səylərinə baxmayaraq, ertəsi gün, avqustun 21-də saat 07.25-də öldü.
Merkaderin vəzifəsi Trotskini öldürməkdən əlavə həm də onu şərləmək, dünya ictimaiyyətinin gözündən salmaqdan ibarət idi. Bunun üçün hətta tutulmayacağı halda belə məktub hazırlanmışdı. Məktubu Jak Mornar adı ilə imzalayan müəllif iddia edirdi ki, Trotski ona SSRİ-yə gedib Stalini öldürməyi təklif edib. Bundan əlavə, guya inqilabi fəaliyyət üçün ianə etdiyi pulları Trotskinin mənimsədiyi bildirilirdi. Hətta Frenk Cekson adına olan pasportun da trotskiçilər tərəfindən verildiyini yazırdı.
Amma Belçika diplomatik nümayəndəliyi özünü Jak Mornar adı ilə təqdim edən şəxsin belçikalı olması iddiasını təkzib etdi. Bildirildi ki, onun öz valideynləri kimi təqdim etdiyi şəxslər real deyillər. Buna görə də Mornarın göstərdiyi səbəblərə kimsə inanmadı və Trotskinin Kremlin göstərişi əsasında öldürülməsi şübhə doğurmadı.
Merkader isə işgəncələrə baxmayaraq, əsl adını deməkdən imtina etdi. Meksikada mövcud olan ən ağır cəzaya – 20 illik həbsə məhkum edilən qatilin əsl adı yalnız 1946-cı ildə aşkar edildi. Bunun necə baş verməsi barədə bir neçə versiya mövcuddur.
1942-ci ilin sonlarında SSRİ və Meksika arasında diplomatik əlaqələr bərpa edildi. İndi sovet casusları səfirliyin çətiri altında rahat fəaliyyət göstərə bilərdilər. Stalin onlara Merkaderin həbsxanadan qaçışını təşkil etməyi tapşırdı. Amma bütün cəhdlərə baxmayaraq, bunu etmək mümkün olmadı.
Ramon Merkader yalnız 1960-ci il mayın 6-da, cəzasının bitməsinə 3,5 ay qalarkən azad edildi və Kubaya göndərildi. O, buradan SSRİ-yə gəldi və gizli şəkildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Sonrakı ömrünü gah SSRİ-də, gah Kubada keçirən Merkader 1978-ci ildə Havanada vəfat etdi, amma uydurma Ramon İvanoviç Lopes adı ilə Moskvada dəfn olundu.
Pavel Sudoplatov Stalinin ölümündən və Beriyanın həbsindən sonra 1953-cü il avqustun 21-də tutuldu. Edam hökmündən qurtulmaq üçün xeyli müddət özünü dəliliyə vurdu. Yalnız ehtiraslar bir qədər səngiyəndən sonra oyunu dayandırdı və 1958-ci ildə 15 il azadlıqdan məhrum edildi. Həbsdə üç dəfə infarkt keçirməsinə və bir gözünün görmə qabiliyyətini itirməsinə baxmayaraq, heç bir güzəşt olunmadı və cəzasını günəgün çəkəndən sonra 1968-ci il avqustun 21-də azad olundu. 1996-cı ildə vəfat edəndə isə xeyli xidmət göstərdiyi Sovet İttifaqı artıq yox idi.
Naum Eytinqon hələ Stalinin sağlığında, 1951-ci ildə “Dövlət Təhlükəsizlik Nazirliyi daxilində sionist qəsd” işi əsasında həbs edildi. Stalinin ölümündən sonra Sudoplatovun müraciəti əsasında azad edildi, bir neçə ay sonra isə Sudoplatovla eyni vaxtda yenidən tutuldu. 12 il müddətinə azadlıqdan məhrum edildi və 1964-cü ildə azadlığa çıxdı. 1981-ci ildə öldü.
Trotski isə hətta Qorbaçovun hakimiyyət illərində belə əsasını qoyduğu dövlət tərəfindən bəraət almadı. Yalnız SSRİ-nin süqutundan sonra Rusiya Baş prokurorluğu onun həm Almatıya sürgün, həm də SSRİ-dən qovulması və vətəndaşlıqdan məhrum edilməsi haqqında məsələyə baxaraq bəraət verdi.
Lev Trotski yaşadığı malikanənin həyətində dəfn edildi. Qətlinin 50-ci ildönümündə, 1990-cı il avqustun 20-də həmin malikanədə ev-muzeyi açıldı. Muzeyin direktoru isə onun nəvəsi, qızı Zinaidanın özü ilə Almaniyaya apardığı oğlu Vsevolod (Esteban) Volkov oldu.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.