Remove ads
From Wikipedia, the free encyclopedia
Lələ Qara Mustafa Paşa (1500[1] – 7 avqust 1580, İstanbul) — III Murad səltənətində 28 aprel 1580 – 7 avqust 1580 tarixlərində, ümumilikdə 3 ay 9 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır.
Lələ Qara Mustafa Paşa | |
---|---|
türk. لاله قره مصطفى پاشا | |
28 aprel 1580 – 17 avqust 1580 | |
Əvvəlki | Səmiz Əhməd Paşa |
Sonrakı | Qoca Sənan Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1500[1] |
Vəfat tarixi | 7 avqust 1580 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşları | Fatma Xatun, Hümaşah Sultan |
Uşaqları | Mehmed Paşa, Sultanzadə Əbdülbaki bəy |
Dini | islam |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
İlk böyük hərbi uğurunu Kipr adasının fəthində göstərdiyi üçün "Kipr fatehi" olaraq tarixdə qeyd olunur. "Lələ" olaraq anılmasında əsas səbəb isə şahzadəlik dönəmində II Səlimə lələlik etməsi idi. Şahzadə Bəyazid və Şahzadə Səlim arasındakı mübarizəni qızışdırması və Şahzadə Bəyazidi edama aparan yolu hazırlaması səbəbilə "Qara" ləqəbi almışdır.
Əslən boşnak olub, vəzir Dəli Hüsrəv Paşanın kiçik qardaşıdır. İbrahim Peçəviyə görə, Lələ Mustafa Paşa çağdaşı olan Sokollu Mehmed Paşa ilə eyni şəcərəyə mənsub idi.[2] Həyatının ilk illəri barədə yetərli məlumat yoxdur.[3] Ərzurumdakı vəqf sənədlərində atasının adı Əbdürrəhman və ya Əbdülmənnan olaraq qeyd olunur. Doğum tarixi və saraya necə alındığı barədə dəqiq məlumat yoxdur. Ancaq yenə Ərzurumdakı Lələ Paşa məscidinin kitabəsində doğum tarixi olaraq hicri 912 (miladi 1506/1507) göstərilir.[4]
Yavuz Sultan Səlim səltənətinin sonlarında devşirilən Lələ Mustafa Paşa qardaşı Hüsrəv Paşanın vasitəsilə saraya alındı.[5][6] Əndərundakı təlim-tərbiyəsi tamamlandıqdan sonra has odaya alındı və Sultan Süleymanın bərbəri olaraq xidmət etməyə başladı. Bu vəzifədə 6 il xidmət etdi və ardından sipahi bölüyünə, daha sonra isə kiçik miraxurluğa təyin olundu. Onun miraxurluğa qardaşının yaxın dostu Qara Əhməd Paşanın sədarəti dövründə təyin olunduğu, bu vəzifədə ikən həm sədrəzəmin, həm də Şahzadə Bəyazidin rəğbətini qazandığı bilinir.
Ancaq Rüstəm Paşanın ikinci dəfə sədarətə yüksəlməsinin ardından edam edilən Qara Əhməd Paşanın digər adamları kimi Lələ Mustafa Paşa da saraydan uzaqlaşdırıldı. Belə ki, 28 iyul 1556-cı ildə rütbəsi aşağı salınaraq çeşnigirbaşı, 2 həftə sonra isə Safed sancaqbəyi təyin edilərək paytaxtdan göndərildi.[7]
11 avqust 1556-cı ildə Dəməşq əyalətinə bağlı Safed sancağına təyin edilən Lələ Mustafa Paşa bu vəzifəylə yanaşı həmin ilin 4 oktyabrında əyalətin hac əmiri vəzifəsinə gətirildi.[8] İkinci vəzifəsini nə qədər davam etdirdiyi bilinməsə də, 5 aprel 1557 tarixli bir əmrdə Musa bəy adlı birinin Dəməşq əyalətinin hac əmiri olaraq qeyd olunması, Lələ Mustafa Paşanın bu tarixdə vəzifədə olmadığını göstərir.
Bu vəzifədə ikən 3 iyun 1557-ci ildə Şahzadə Səlimə lələ təyin edilən Mustafa Paşanın bu tarixdən etibarən Şahzadə Səlim və Şahzadə Bəyazid arasındakı taxt mübarizəsini qızışdırdığı, hətta iki qardaş arasındakı düşmənçiliyə şəxsən özünün səbəb olduğu bir çox tarixi mənbədə qeyd olunur.[9][10] Xüsusilə də, Xürrəm Sultanın 15 aprel 1558-ci ildə vəfatının ardından mübarizə daha da kəskinləşdi. Bu mübarizəyə son qoymaq məqsədilə Sultan Süleyman 6 sentyabr 1558-ci ildə yazdığı fərmanla Şahzadə Səlimi Manisadan Konyaya, Şahzadə Bəyazidi isə Kütahyadan Amasyaya sürgün etdi.[11][12] Ancaq bu sürgünlər iki qardaş arasındakı düşmənçiliyi daha da artırdı. Nəticədə, 30 may 1559-cu ildə Konya yaxınlığında baş tutan müharibədə tərəflər qarşı-qarşıya gəldi və atası Sultan Süleyman tərəfindən dəstəklənən Şahzadə Səlim qalib gələrək döyüş meydanından qaçan qardaşını təqib etməyə başladı. Ələ keçməmək üçün Səfəvi torpaqlarına qaçan Şahzadə Bəyazid isə Şah Təhmasibin dəvəti ilə 24 noyabr 1559-cu ildə Qəzvinə yola düşdü. Ancaq onun bu hərəkəti məsələni daha da ciddiləşdirdi. Aparılan danışıqların ardından razılığa gəlindi və 23 iyul 1562-ci ildə Osmanlı elçilərinin önünə çıxarılan Şahzadə Bəyazidlə 4 oğlu Şahzadə Səlimin adamlarından Əli ağa tərəfindən boğularaq edam edildi.[13]
Şahzadə Bəyazidin təslimi barədə yazışmaların davam etdiyi əsnada sədrəzəm Rüstəm Paşanın təhrikilə Lələ Mustafa Paşa 14 sentyabr 1560-cı ildə Şahzadə Səlimin lələliyindən azad edilərək Pojeqa sancaqbəyi təyin edildi. Ancaq rütbəsinin aşağı salınmasından narazı qalan Lələ Mustafa Paşa təyinatla bağlı illərdir lələsi olduğu şahzadəyə məktub ünvanladı. Şahzadə Səlimin atasından xahişi nəticəsində Lələ Mustafa Paşa bir ay sonra Timeşvar bəylərbəyi təyin edildi (15 oktyabr 1560).
Ancaq Şahzadə Səlim taxt mübarizəsindəki ən güclü tərəfdarı olan Lələ Mustafa Paşanı yanında istəyirdi. Bu məqsədlə, atasına olan xahişlərini davam etdirdi və nəhayət, 8 noyabr 1560-cı ildə Lələ Mustafa Paşanı Van bəylərbəyi təyin etdirməyə nail oldu. Ancaq onun bu vəzifəsi də çox uzun çəkmədi. Belə ki, Şah Təhmasiblə təslim danışıqlarının davam etdiyi əsnada Lələ Mustafa Paşa Səfəvi torpaqlarına basqınlar tərtibləyirdi. Bu isə müzakirələrin uzanmasına və nəticəsiz qalmasına səbəb olurdu. Bu səbəblə, 1561-ci ilin sonlarında vəzifədən alınan Lələ Mustafa Paşa bir müddət təyinat gözlədi.
Yenə keçmiş şagirdi olan Şahzadə Səlimin yardımıyla 1562-ci ilin avqustunda Ərzurum bəylərbəyi təyin edilən Lələ Mustafa Paşa burada bir ilə yaxın xidmət etdi. Bu əsnada burada öz adıyla anılan 1562 tarixli kitabəsi olan bir məscid inşa etdirdi. 26 sentyabr 1563-cü ildə vəzifədən alınaraq Hələb bəylərbəyliyinə, 6 noyabr 1563-cü ildə Dəməşq bəylərbəyliyinə təyin edildi. Bu vəzifədə ikən mərkəzi hakimiyyətə tabe olmayan üsyankar ərəb qəbilələriylə mübarizə aparıldı. Mülki və iqtisadi tədbirlər alan Lələ Mustafa Paşa qısa zamanda əyalətdə əmin-amanlığı təmin etdi.
Onun bu vəzifəsi davam edərkən Sultan Süleyman son səfəri olan Sigetvar səfərinə çıxdı və səfər əsnasında 7 sentyabr 1566-cı ildə vəfat etdi. Taxt isə Lələ Mustafa Paşanın keçmiş şagirdi II Səlimə qaldı. Onun taxta çıxmasının ardından sədarətə gətiriləcəyini ümid edən Lələ Mustafa Paşa Dəməşqdə saxlanıldı. O əsnada Yəməndə çıxan Zeydi tayfalarının üsyanı səbəbilə isə vəzir rütbəsilə Yəmən sərdarı təyin edilərək üsyanı yatırmaqla vəzifələndirildi. Ancaq olduqca ləng hərəkət etməsi və Misir bəylərbəyi Sənan Paşayla aralarında yaranan anlaşmazlıq səbəbilə təyinatından 7 ay sonra sərdarlıqdan azad edildi. Üstəlik haqqında göndərilən şikayətlər səbəbilə 14 avqust 1568-ci ildə Dəməşq bəylərbəyliyindən də azad edildi.[14]
Ardından Sultan Səlimə bir məktub yazaraq vəziyyətini izah edən və bağışlanmasını istəyən Lələ Mustafa Paşa İstanbula gəldi. Bağışlandıqdan sonra altıncı vəzir olaraq divana alındı. Öncəki illərdə münasibətlərinin pis olduğu sədrəzəm Sokollu Mehmed Paşayla münasibətləri düzəldi. Ancaq bu dəfəki rəqibi isə onun ardından İstanbula çağırılaraq qübbə vəziri təyin olunan Sənan Paşa oldu.
Vəzirlik dövründə Kiprin fəth edilməsi fikrini dəstəklədi və bu səfərin sərdarı təyin olundu. 1570-ci ildə başlayan və təxminən 15 aylıq mühasirənin ardından adanı fəth edən Lələ Mustafa Paşa paytaxta döndükdən sonra qübbə vəzirliyinə davam etdi.[15] Onun bu vəzifəsi davam edərkən sürətli yüksəliş səbəbi olan Sultan Səlim vəfat etdi (14 dekabr 1574).
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.