From Wikipedia, the free encyclopedia
I Keyqubad və ya Ədalətli Keyqubad– Şirvanşahlar dövlətinin otuz birinci hökmdarı, Şirvanşah II Fərruxzadın oğlu.
I Keyqubad ibn II Fərruxzad | |
---|---|
Şirvanşahlar Dövlətinin XXXI hökmdarı | |
1317 – 1348 | |
Əvvəlki | I Keykavus |
Sonrakı | Kavus ibn Keyqubad |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı |
Atası | II Fərruxzad |
Həyat yoldaşı | Əmir Çobanın qızı |
Uşağı | |
Dini | Sünni İslam |
XIV əsrin əvvəllərində Olcaytunun oğlu Məhəmməd Əbu Səidin (1316-1335-ci illər) zamanında Elxanilər dövlətinin tənəzzülü ilə bağlı Şirvanşahların hakimiyyəti güclənir. Şirvanın şəhərlərində təsərrüfat həyatının dirçəlməsi, ticarətin inkişafı müşahidə edilir. Lakin elxan Əbu Səidlə Qızıl Orda xanı Özbək, sonra isə Əbu Səidin varisi Arpa xanla (1335-1336-cı illər) Özbək arasındakı hərbi əməliyyatlar nəticəsində Şirvan ərazisi yenidən viran və talan edildi.[1][2]
Arpa xan 1336-cı ildə öldükdən və Elxanilər dövləti, faktik olaraq bir sıra xırda feodal mülklərinə parçalandıqdan sonra monqol əmirləri və köçəri tayfaların başçıları hakimiyyəti öz əllərinə alaraq elxani şahzadələrini həbs edir, hakimiyyətdən salır və feodal ara müharibələri aparırdılar. Belə ki, az vaxt ərzində Elxanilər taxtında Cənubi Azərbaycanda hakimiyyətlərini möhkəmləndirən, öz aralarında rəqabət aparan Çobani və Cəlairi əmirlərinin iş başına gətirdikləri Musa, Məhəmməd, Toğa Teymur, Cahan Teymur, Satibəy xatun, Süleyman və sonuncu elxan Ənuşirəvan kimi qısamüddətli hökmdarlar bir-birini əvəz etmişdi.[3][4]
Elxanilər monqol dövlətinin dağılmağa başladığı bu dövrdə Azərbaycanın şimal vilayətləri, o cümlədən Şirvanın şəhərləri bir müddət yadelli işğalçıların əsarətindən azad olaraq dirçəlməyə başlayır, siyasi qüvvə əldə edirlər. XIV əsr ərzində və bütövlükdə XV əsrdə Şirvanşahlar dövləti Elxanilərin hakimiyyətini formal şəkildə qəbul etsələr də, əslində, müstəqil idi. Bunu numizmatik məlumatlar da təsdiq edir. Bu vaxt Şirvanda Şirvanşahlar Keyqubad və sonralar onun oğlu Kavus hökmranlıq etmişlər.
1355/6-cı ildən Şirvanın bir sıra şəhərlərindəki zərbxanalarda sikkə kəsilməsi bərpa olunur. S.Len-Pul öz kataloqunda h.736 (1335/6)-cı ildə Arpa xanın adından Şirvanda zərb edilmiş qızıl dinarın təsvirini vermişdir.[5] Bakı ərazisində tapılmış sikkə dəfinələri XIV əsrin 40-cı illərindən Bakıda sikkəxana olduğunu göstərir. Həmin sikkələrin arasında Elxanilər – sultan Süleyman və sultan Ənuşirəvanın adından Bakıda kəsilmiş sikkələr də var.[6] h.739 (1338/9)-cu ildə Şəbəran şəhərində elxan sultan Olcaytunun qızı Satibəy xatunun adından gümüş sikkə kəsilmişdir. H.745 (1344/5)-ci ildən və sonralar 750 (1349/50)-ci ildən 756 (1355)-cı ilə qədər Ənuşirəvan adından Şirvanın Beyləqan, Şirvan, Güştəsbi, Şəbəran və digər şəhərlərində dirhəmlər kəsilmişdir. M.Seyfəddinin fikrincə, "adil sultan" titulu daşıyan bəzi sikkələr Şirvanşahlar tərəfindən kəsilə bilərdi.[7][8] Elxanilər dövlətinin tənəzzülü dövründəki sikkələrdə Şirvanşahın adının olmaması Keyqubadın hakimiyyət illərini dəqiqləşdirməyə və atasının adını müəyyənləşdirməyə imkan vermir.
B.Dorn Hacı Xəlifəyə istinad edərək, Keyqubadı ondan əvvəlki Şirvanşahın nəslindən sayır, lakin bu sələfin kim olduğunu göstərmir.[9] Şirvanşahların Şərəfxan Bitlisi[10], Həsən bəy Rumlu[11], Münəccimbaşı[12] və Bakıxanov[13] tərəfindən verilmiş şəcərəsinə görə Keyqubadın atası Fərruxzaddır. M.Seyfəddini Kavusu "Şirvan və Şamaxı hakimi Keyqubadın oğlu və Mir Şeyx İbrahimin nəvəsi" adlandıran Əbd ür-Rəzzaq Səmərqəndinin məlumatını gətirir.[14][15] Bu məlumatlara əsasən Mir Şeyx İbrahim Keyqubadın atası və Kavusun babası olmuşdur. S. Aşurbəyli qeyd edir ki, yəqin ki, Səmərqəndi Şirvanşahın şəcərəsini dolaşdırmışdır, çünki Şeyx İbrahimin Dərbənd hakimi Sultan Məhəmmədin oğlu və Keyqubadın nəvəsi olduğu məlumdur.[10][16][17]
Zambaur və Bartold Keyqubad ibn Fərruxzadın hakimiyyətə başladığı tarixi h.717 (1317/8)-ci il göstərirlər.[18][19] Onların bu tarixi hansı mənbədən götürdükləri məlum deyil. Numizmatik və epiqrafik məlumatların olmaması Keyqubadın hakimiyyətinin nə vaxt başlayıb, nə vaxt qurtardığı məsələsini çətinləşdirir. Keyqubadın və onun oğlu Kavusun hakimiyyəti Elxanilər dövlətinin tənəzzülə uğradığı, vaxtilə möhtəşəm imperiyanın xarabalıqları üzərində xırda müsəlman sülalələri ilə yanaşı, Çobani əmirlərinin, sonralar isə Cəlairilərin hakimiyyətinin möhkəmləndiyi dövrə təsadüf edir. Həmin sülalələrin XIV əsrin 40-cı illərindən başlayaraq hökmranlığı Azərbaycanda dərin izlər salmışdır. Çobanilər sülaləsinin Cənubi Azərbaycanda öz hakimiyyətlərini möhkəmləndirərək, ölkəni Elxanilər adından idarə edən nümayəndələri – h.744 (1343)-cü ildə öldürülmüş Həsən Kiçik, sonra isə onun qardaşı məlik Əşrəf (h.745-758 (1344-1356/7)-cı illər) başqa əmirlərlə, o cümlədən Şirvanşahlarla şiddətli mübarizə aparırdılar.[20]. Həmin mübarizənin nəticələrini numizmatik məlumatlar əsasında izləmək mümkündür.
H.736 (1335/6)-cı ildən Şirvan şəhərlərinin sikkəxanalarında yenidən sikkə kəsilməyə başladı.[15] Elxanilər sülaləsinin son nümayəndələrinin hakimiyyətini formal surətdə qəbul edən və onların adından sikkə kəsdirən Keyqubad və onun oğlu Kavus müstəqil hakimiyyət sürürdülər və Çobani Əşrəfin Şirvanı zəbt etmək cəhdlərinə baxmayaraq öz müstəqilliklərini 1348-ci ilədək qoruya bildilər. Mənbələrdə Keyqubadın hakimiyyəti haqqında verilən məlumat çox cüzidir. Hacı Xəlifəyə görə Keyqubad ədaləti ilə şöhrət qazanmışdı.[21]
Ehtimal ki, Keyqubada ədalətli təşbihi verilməsi Şirvan əhalisinin feodallar tərəfindən istismarının zəiflədilməsi və ölkənin təsərrüfat həyatının dirçəlişi ilə bağlı idi. Şirvanşahın hakimiyyətinin möhkəmlənməsi Elxanilər dövlətinin zəifləməsi, sonra isə süqutu və Şirvanın yüz ildən çox davam edən monqol zülmündən azad olmasının nəticəsi idi.
Keyqubad, ehtimal ki, Bakıda yaşayırdı. Şirvanşahlar sarayında sonralar yanında Seyid Yəhyanın türbəsi tikilmiş Keyqubad məscidi (1918-ci ildə yanmışdır) onun adı ilə bağlıdır. Məscidin xarabaları son vaxtlara qədər qalırdı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.