Hikeşi (火消?) – Edo dövrünün Yaponiya yanğınsöndürənləri.
Edo dövründə Yaponiya şəhərləri əsasən taxta tikililərdən ibarət idi və buna görə tez-tez yanğınlar baş verə bilirdi.[1] Böyük yanğınların qarşısını almaq üçün şəhərlərdə yanğınsöndürmə briqadaları formalaşdırılmışdı.[1] Edo, Kioto və Osaka kimi böyük şəhərlərdə hikeşi briqadaları şoqunluq tərəfindən təşkil olunurdu.[1] Daymyolar və hakamotolar Edoda və qəsrlərində hikeşi briqadalarını qururdular.[1] Adi sakinlər isə məhəllələrino qorumaq üçün öz hikeşi briqadalarını təşkil edirdilər.[1]
Edo şəhərində 3 növ hikeşi mövcud olmuşdur: cobikeşi (定火消?, şoqunluğun hikeşiləri), daymyo hikeşi (大名火消?, daymyoların hikeşiləri) və maçi hikeşi (町火消?, şəhərlilərin hikeşiləri).[1]
Cobikeşi
Cobikeşi briqadaları 1650-ci ildə 4 briqada ilə qurulmuş, 1657-ci ildə baş vermiş Meyreki yanğınından sonra böyüdülmüş, 1704-cü ildə isə 10 briqadadan ibarət olması qərarlaşdırılmışdır.[1] Cobikeşilər şoqunluğun rəsmiləri hesab olunurdular və hatamotolardan əmr alırdılar.[1] Hər cobikeşi birliyi 36 samuraydan ibarət idi.[1] Samuraylar bu işə görə şoqunluqdan ödəniş alırdılar.[1]
Cobikeşilər şəhərdəki yanğınlarla və digər təcili vəziyyətlərlə mübarizə aparır, bu zaman daymyo hikeşilərə və maçi hikeşilərə başçılıq edirdilər.[1] Edo şəhəri böyüdükcə onlar daha az adekvat olmuş və digər yanğınsöndürənlərlə münasibətləri pisləşmişdir.[1] 1760-cı illərə qədər cobikeşilərin digər hikeşilərlə əməkdaşlığı çox zəif olmuşdur və 1792-ci ildə cobikeşilərin adi sakinlərin məhəllərində fəaliyyət göstərmələri qadağan olunmuşdur.[1] 1819-cu ildə isə cobikeşilərin fəaliyyət sahəsi Edo qəsrinin xarici xəndəyi ilə məhdudlaşdırılmışdır.[1]
Daymyo hikeşi
1629-cu ildə şoqunluğun əmri ilə daymyolar Edoda öz hikeşilərini təşkil etməyə başlamışdırlar.[1] Qanuna görə hər 10.000 kokuya görə 30 yanğınsöndürən ayrılmalı idi.[1] Daha sonra daymyo hikeşi briqadaları böyüdülmüş, yanğınsöndürən və yanğın müşahidəçiləri şəklində yenidən formalaşdırılmışdır.[1]
Müşahidəçilərin şəhərin strateji nöqtələrinə yerləşdirilirdilər.[1] Yanğınsöndürənlərin isə 4 vəzifəsi olurdu: bəziləri dərhal yanğın bölgəsinə çağırılır; bəziləri Edo qəsri, Zoco məbədi, Asakusa düyü anbarı kimi müəyyən strukturların yaxınlığındakı postlara təyin edilir; bəziləri öz yaşayış məntəqələrinə mühafizəçi kimi qoyulur; bəziləri isə şoqunluğun xüsusi vəzifələrini yerinə yetirirdilər.[1][2]
Maçi hikeşi
Edo şəhərinin maçi hikeşi briqadaları ilk dəfə 1718-ci ildə kommersiya tikililərini qorumaq məqsədilə yaradılmışdır.[2] 1723-cü ildə briqadaların sayı 47-ə yüksəldilmiş, daha sonra 48 olmuşdur.[2] Maçi hikeşilər şəhər sakinləri tərəfindən idarə olunurdular, hər briqada komandir, komandir köməkçiləri, nərdivan daşıyıcıları, adi yanğınsöndürənlər, xərəkçilərdən ibarət idi.[2]
Bəzən yanğının söndürülməsində kömək etmək, xüsusilə də, baş verən dağıntıları təmizləmək üçün maçi hikeşilərə könüllülər də qoşulurdular.[2] Lakin bəzi könüllülər yanğının söndürülməsi əvəzinə, yanğının nəticələri barədə mərcləşməklə maraqlandıqları üçün narahatçılığa səbəb olurdular.[2] Həm bu cür könüllülərin səbəb olduğu mənfi reputasiyaya, həm də sosial ayrı-seçkiliyə görə maçi hikeşilərə samurayların yaşadıqları rayonlarda fəaliyyət göstərməyə icazə verilməmişdir.[2]
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.