From Wikipedia, the free encyclopedia
Hatsuhinode (初日の出?) – Yaponiyada ilin ilk gün doğumunu seyr etmək adəti. Yeni il adətlərindən biridir.
Heyan dövründən etibarən Yaponiya imperatorları və zadəganlar yeni ilin ilk günündə günəş tanrısı Amaterasunu qarşılayırdılar. Yeni ilin ilk günündə gün doğumunu seyr etmək Meyci dövründə populyar adətə çevrilmişdir.[1]
Hatsuhinode hər ilin ilk günündə – 1 yanvar tarixində qeyd olunur. İnanca görə yapon mifologiyasında uğur gətirən tanrılardan biri olan Toşiqami ilin ilk gün doğumunda peyda olur. İnsanlar hatsuhinodeni qeyd edərək yeni il üçün uğur arzu edirlər.[2]
Dağlar və dəniz sahilləri insanların hatsuhinode üçün getməyə üstünlük verdikləri yerlərdir. İbaraki prefekturasının sahilində yerləşən Oaray İsosaki məbədi ilk gün doğumunu seyr etmək üçün ən gözəl yerlərdən biri hesab olunur, belə ki, inanca görə Toşiqami Yeni ildə bu məbədə ayaq basır. Bunlardan əlavə, "Tokyo Skytree" göydələni, Fuci dağı, Motosu və Yamanaka gölləri də Yaponiyada ilin ilk doğumunu seyr etmək üçün populyar yerlər hesab olunur.[3] Bəzi şəxslər hatsuhinodeni təyyarədə qeyd edirlər. "Japan Airlines" və "All Japan Airways" şirkətləri xüsusi olaraq hatsuhinode uçuşları həyata keçirir.[3]
Yaponiya tərəfindən idarə olunan bütün ərazilərdə yeni ilin ən erkən gün doğumu kimsəsiz Minamitori adasında gerçəkləşir (5:27). Oqasavara adalarında yerləşən Hahacima adası isə ən erkən gün doğumunun baş verdiyi məskunlaşılmış adadır (6:20). Yaponiyanın dörd böyük adasında ən erkən gün doğumu Fuci dağının zirvəsində gerçəkləşir (6:42).[4]
Kiçik adalar və dağlar istisna olmaqla Yaponiyada yeni ilin ən erkən gün doğumu saat 6:46-da Çiba prefekturasının Çoşi şəhərində yerləşən İnubo burnunda baş verir.[2]
Yaponiyada yeni illə bağlı ilk şeylər xüsusi əhəmiyyətə malikdir. İlin ilk məbəd ziyarəti hatsumode adlanır. Hatsuyume ilin ilk yuxusuna, hatsuvaray ilin ilk gülüşünə deyilir.
Yapon dilində "qorayko" termini də gün doğumunu seyr etmək mənasına gəlir, lakin hatsuhinodedən fərqli olaraq bunu dağda etməyi bildirir. İnanca görə dağ nə qədər yüksəkdirsə, əldə olunan uğur o qədər çox olur.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.