Remove ads
Azərbaycanda konqres mərkəzi From Wikipedia, the free encyclopedia
Gülüstan sarayı — Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində, zirvəsində Şəhidlər Xiyabanının olduğu dağın aşağı ətəklərində yerləşən ictimai binadır. Binanın daxilində çoxməqsədli təyinata malik geniş ölçülü restoran zalı yerləşir.[2]
Gülüstan sarayı | |
---|---|
40°21′30″ şm. e. 49°49′54″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | BMT-nin 50 illiyi (İstiqlaliyyət küç. 1) |
Aidiyyatı | Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi |
Memar | Hafiz Əmirxanov, Nazim Hacıbəyov |
Sifarişçi | Əliş Ləmbəranski |
Tikilmə tarixi | 1979 – 1980 |
Üslubu | Modern |
İstinad nöm. | 142 |
Kateqoriya | Bina |
Əhəmiyyəti | Milli əhəmiyyətli tarixi və memarlıq abidəsi[1] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
"Gülüstan" sarayı 1980-ci ildə tikinti işləri üzrə Azərbaycan SSR-nin Nazirlər şurasının sədr müavini Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir[3][4]. Sarayın memarları olaraq Nazim Hacıbəyov və Hafiz Əmirxanov, inşaat işləri üzrə konstruktorlar isə Novruz İsmayılov və Kamil Kərimov seçilmişdilər[2]. Binanın layihəsi "Bakgiproqor" institutunda hazırlanmışdır[5]. 1982-ci ildə sarayın müəllif kollektivi (memarlar Nazim Hacıbəyov və Hafiz Əmirxanov, konstruktorlar Novruz İsmayılov və Kamil Kərimov, Fira Rüstəmbəyova və Teodor Şarinskinin başçılığı altında mühəndislərdən ibarət işçi qrupu, eləcə də inşaatçılar Tofiq Əhmədov və Armais Kevorkov) Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür[2][5].
Saray ümumşəhər, həm də respublika miqyaslı kütləvi tədbirlərin — məsələn, konsert, dövlət qəbulları və ya yeni il axşamlarının keçirilməsinə hesablanmışdır[5].
20 sentyabr 1994-cü ildə Gülüstan sarayında ümummilli lider Heydər Əliyevin başçılığı və təşəbbüskarlığı ilə "Əsrin Müqaviləsi" adlı neft sazişi imzalanmışdır. Böyük Britaniyanın "BP", ABŞ-nin "AMOCO", "Penzol", Rusiyanın "Lukoyl" və "TPAO" şirkətləri bir konsorsiumda birləşmişlər[6].
Gülüstan sarayında müxtəlif illərdə Azərbaycan mətbuatının 135-yaşlı yubileyi (2010)[7][8], Beynəlxalq humanitar forum (2011)[9], Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümü (2011) və digər bu kimi[10], önəmli tədbirlər keçirilirdi.
Gülüstan sarayının binası, Bakı körfəzinin və şəhər mənzərəsinin ən uğurlu şəkildə müşahidə etməyin mümkün olduğu Bakının dağlıq hissəsində yerləşdirilmişdir. Bu yerdə relyef qərbdən şərqə doğru kəskin düşür. Layihənin müəllifləri planlaşdırma zamanı bundan uğurla istifadə etmişdilər[5]. Mümarşünas Rəna Əfəndizadə belə mürəkkəb relyefdə sarayın tikintisi üçün memarların həcmli qərarını olduqca cəsarətli və doğru olduğunu hesab edirdi. Əfəndizadənin sözlərinə görə, saray "relyefin ümuni strukturunu pozmadan, kənarları boyunca sərilmişdir"[2].
Layihənin müəllifləri sarayın arxitekturasında Azərbaycan milli memarlığı üçün ənənəvi vahid motivləri tətbiq etmişdilər: tağ sırası ilə çərçivələnmiş eyvanlar, binanın ümumi fasadına özünəməxüsus görkəm bəxş edirlər. "Sovet memarlarının ən yaxşı əsərləri. 1981–1982-ci illər" kitabın müəlliflərinin sözlərinə görə, bu eyvan, "birinci mərtəbənin divarlarının üstündə konsol şəklində asılaraq, yüngüllüyün, eləcə də zərif işıq və kölgə oyunlarının təəssüratını yaradır.
Gülüstan sarayı iki mərtəbədən və aşağıda yerləşən əlavə kürsülük mərtəbəsindən ibarətdir. Birinci mərtəbədəki səhnə meydançası ilə təchiz və improvizasiya edilmiş disko klub, stolüstü oyunlar və bilyard üçün nəzərdə tutulmuş otaqlar, 100 yerlik kinozal, 40 yerlik uşaq kafesi, həmçinin 75 və müvafiq olaraq 129 yerdən ibarət barlarda mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılırdı. Birinci mərtəbədə suvenirlərin və müxtəlif milli məmulatların mağazaları, həmçinin geniş qarderoblar yerləşirdi[5].
İkinci mərtəbədə yerlən və iki foyedən ibarət olan 960 yerlik zala iki geniş parad nərdivan aparır. Böyük zalın səhnəsi antresol mərtəbəsində yerləşən artist otaqlarının pandusları ilə əlaqələndirilmişdir. Barların yerləşdiyi nəfis tərtibatlı foyedən 179 yerlik ikiyaruslu şərq restoranına və oturacaqlı 149 yerlik banket zallarına doğru qapılar açılır[5].
Sarayın inşaat həcmi 79 424 m³, faydalı sahəsi isə — 8525 m² təşkil edir[5].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.