From Wikipedia, the free encyclopedia
Esxil (qəd-yun. Αἰσχύλος, E.ə. 525, Elefsis– e.ə. 456, Cela) — qədim yunan dramaturqu, avropa və yunan faciəsinin banisi.
Esxil (e.ə. 525–456) ilk yunan faciə yazarıdır. O, təxminən e.ə. 525-ci ildə Afinanın yaxınlığında Elevsin qəsəbəsində zadəgan ailəsində anadan olmuşdur. Esxilin həyatı Afina tarixinin ən mühüm dövrünə təsadüf edir. E.ə. 510-cu ildə Psistratlar tiranlığı yıxılmış, Afinada demokratiya uğrunda mübarizə genişlənmişdir. 500-cü ildə Kiçik Asiyada İran himayəsində olan yunan şəhərləri üsyan qaldırmış, İran hökuməti isə üsyanı amansızcasına yatıraraq Milet şəhərini yerlə yeksan etmişdir. Bundan sonra da İran və yunan müharibələri başlamışdı. İran şahı Dara e.ə. 492-ci ildə ilk hücuma keçmiş və bunun ardınca müharibə qızışmışdı. 480-ci ildə Salamin adasında, 479-cu ildə isə Plateydə və Mikalda yunanlar iranlıları məğlub etmişlər; bununla da həmin müharibə yunanların qələbəsi ilə bitmişdir.
Esxilin ailəsi İran-yunan müharibələrində fəal iştirak etmişdir. Qardaşı Kinger Marafon meydanında aldığı ağır yaradan ölmüşdür; ikinci qardaşı Amini Salamin yaxınlığında vuruşlar başladığı vaxt hərbi gəmi komandanı idi. Esxilin özü isə Marafonda, Salamində, Plateyada vuruşmuş və bir neçə dəfə yaralanmışdı.
Müharibə bitdikdən sonra Esxil bütün həyatını teatra və yaradıcılığa həsr etmişdir. Rəvayətə görə 72 və ya 90 əsər yazmışdır. On üç dəfə dram müsabiqələrində qalib gəlmişdir. İlk dəfə e.ə. 458-ci ildə Afinanı tərk etməyə məcbur olan Esxil, 456-cı ildə Gele şəhərində ölmüşdür.
Onun çox zəngin ədəbi irsindən bizə ancaq yeddi faciə gəlib çıxmışdır: "Xahiş edənlər", "İranlılar" (e.ə. 472), "Fiv ələyhinə yeddi adam" (e.ə. 467), "Prometey" (yazılış tarixi məlum deyil), Oresteya üçlüyü: "Aqamemnon", "Xoeforlar", "Evmendilər". Bu üçlük e.ə. 458-ci ildə səhnəyə qoyulmuşdur.
Esxil yunan faciəsinin banisidir. Esxilə qədər yunan dramı sadəcə dini bir mərasim olub, hələ lirikadan ayrılmamışdı; onda dramatik ünsürlər olduqca zəif idi. Bütün hadisələr birinci aktyor hesab edilən xor başçısı vasitəsilə verilirdi; buna görə də mükalimə yox idi. Esxil, bir gəlişdə ikinci aktyoru səhnəyə gətirməkdə canlı mükalimə yaratmış, bir neçə əsr yunan dramaturgiyasında davam edən faciə quruluşunu müəyyənləşdirmişdir.
"İranlılar" əsəri öz azadlıqları uğrunda ədalətli müharibə aparan yunanların vətənpərvərlik hisslərini tərənnüm edirdi. Esxil qalan əsərlərin mövzularını yunan dastanlarından, müxtəlif əsatir silsiləsindən alsa da, onlar müasir ictimai-siyasi məsələlər ilə sıx bağlı idi. Başqa sözlə, həmin mövzular da Esxilin ictimai-siyasi, əxlaqi, fəlsəfi fikirlərinin ifadəsinə xidmət edirdi. Onun əsərlərində e.ə. V əsrin başlanğıcında Afina demokratiyasının ilk məfkurəvi cəhdləri öz əksini tapmışdır. Esxil faciələrində qəbilə quruluşun məfkurə qalıqlarının tənqidi, ata və ana haqqı, Areopaq ətrafında gedən kəskin mübarizələr və sairə kimi ciddi məsələlərə toxunur. "Xahiş edənlər" əsərində o, qəbilə quruluşu ilə əlaqədar evlənmək qanun-qaydaları əleyhinə çıxış edir. Faciənin məzmunu o qədər də mürəkkəb deyil. Danayın qaçmış əlli qızı Aqros hakiminə müraciət edir ki, onları təqib edən nişanlılardan xilas edib öz himayəsi altına alsın. Hökmdar bu məsələni şəxsən həll etməyə ixtiyarlı olmadığı olmadığl üçün tərəddüd göstərir. O, xalq məclisi çağırır. Xalq məclisində qızların xahişi qəbul olunur. Misirdən gələn vəkilin təhdidlərinə baxmayaraq hökmdar qızları himayə edir. Əsərdə əsas rolu oynayan qızların (danaidlər) xorudur. Bütün hadisələr də onların taleyi ətarfında mərkəzləşir. Arqos hökmdarı xalqın iradəsi olmadan məsələ həll edə bilmir. Dramatik cəhətdən də əsər çox sadədədir. Burada mükalimə zəif, lirik ünsürlər qüvvətlidir. Surətlər aydınlaşmamışdır.
"İranlılar" əsərində Daranın oğlu Kserksin Yunanıstana hücumu verilmişdir. Əsər iki nöqteyi-nəzərdən diqqəti cəlb edir. Üçlüyün bu hissəsi müstəqil mövzu və müstəqil problemi həll edir. Əsərin mövzusu əsatirdən deyil, müasir həyatdan alınmışdır.
Əsər xor ilə başlayır. Ağsaqqalrdan təşkil olunmuş xor Kserksin hücumunu yada salıb, nə isə, bu müharibənin iranlılar üçün xeyirli nəticə ilə bitəcəyinə şübhə edirdilər. Onlar İran ordusunun taleyindən narahatdırlar. Kserksin anası Atossa da pis yuxular görmüşdür. Xorun şübhələri ilə Atossanın pis yuxusu birləşərək əsərin əvvəlində müztərib bir əhvali-ruhiyyə oyadır. Doğrudan da bir az sonra qasid gəlib İran hərbi gəmilərinin uğradığı hərbi pərişanlığı təsvir edir. Atossanın xor başçısı ilə söhbəti və qasidin xəbəri, yunan demokratiyasının mədhinə həsr edilib. Burada öz vətənlərini xarici işğalçılardan müdafiə edən yunan qəhrəmanları tərifləndiyi kimi, işğalçılığın əxlaqi məansı da verilmişdir. "Ölüm sünbülü, məğrurluqdan doğur ki, buradan ancaq göz yaşları biçmək olar" fikri işğalçılığı pisləyir.
Sonra Kserksin özü pərişan bir halda içəri girir. Burada da Şahın xor ilə birlikdə ağlaması, daha doğrusu ağı səhnəsi verilmişdir.
Artıq bu əsərdə mükalimə qüvvətlənmişdir. Hadisələr üzvü surətdə bir-birinə bağlı olmasa da, vahid ideya ətrafında inkişaf edir. Rəvayətə görə, təzəcə müharibədən qayıtmış yunan gəncləri, əsəri böyük ruh yüksəkliyi ilə qarşılamışlar.
"Fiv ələyhinə yeddi adam" Edipin iki oğlu arasında hakimiyyət uğrunda gedən mübarizəni təsvir edir. Mövzu, Fivaida əsatirlər silsiləsindən alınmışdır ki, Sofokl onu daha dərin işləmişdir.
Bu əsərdə Esxil dövlət və bir mərkəziyyət təşkli ehtiyacını, eyni zamanda vətəni yadellilərdən mnüdafiəni tərənnüm etmişdir.
"Prometey" əsərini Esxil üçlük şəklində yazmışdır. Birinci əsər "Od gətirən Promotey", ikinci əsər "Zəncirlənmiş Prometey", üçüncü əsər isə "Xilas olmuş Prometey"dir. Bizə gəlib çatan ancaq üçlüyün ikinci hissəsidir. Bu əsər Esxilin şah əsəridir. Əsərdə insanın yaratdığı və yaratmaqda olduğu mədəniyyət Zevsin yaydığı cəhalət və varlıq üzərində qələbə çalır. Zevsin simasında istibdadı, zülmü, cəhaləti pisləmişdir.
Əsər dramatik cəhətdən mükəmməl qurulduğu kimi, surətləri də çox aydındır. Hər bir əsatiri sürət canlı insan səciyyəsini verir.
Esxilin son əsəri "Oresteya" üçlüyüdür. Əsərin mövzusu Troya əsatirlər silsiləsinin qayıdış hissəsindən götürülmüşdür. Mövzu mürəkkəb olmaqla bərabər, dramatik cəhətdən də qüvvətlidir. Artıq burada bir gəlişdə üçüncü aktyor iştirak edir. Bununla mükalimələr zənginləşmiş, lirik ünsürlər azalmışdır. Əsərdə Esxil analıq haqqının məhvi və atalıq haqqının qələbəsini təsvir edir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.