Bakı Dövlət Universitetinin Hüquq fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri.
Hüquq fakültəsi | |
---|---|
Bakı Dövlət Universiteti | |
Yaradılma tarixi | 1928 |
Dekan | Zaur Əliyev |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Digər məlumatlar | |
Sayt | law.bsu.edu.az |
Tarixi
Hüquq fakültəsinin açılmasının zəruriliyi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qəbul etdiyi "Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında" 1 sentyabr 1919-cu il tarixli Qanunda da öz əksini tapmışdır. Qanun Bakıda dörd fakültədən – Şərq şöbəsi olan tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət dövlət universitetinin yaradılmasını nəzərdə tutmuşdur. Bununla belə, yalnız iki fakültə – dörd kursdan ibarət tibb fakültəsi və bir (birinci) kursdan ibarət tarix-filologiya fakültəsi üçün müvəqqəti ştat və smeta müəyyən edilmişdir. Həmin dövrdə Hüquq fakültəsini (eləcə də fizika-riyaziyyat fakültəsini) sırf maddi-texniki səbəblər və hüquqşünas kadrların çatışmazlığı səbəbindən yaratmaq mümkün olmamışdır.
1927–28-ci dərs ilində Şərq fakültəsinin nəzdində hüquq şöbəsi fəaliyyətə başlamışdır. Bu, Azərbaycan xalqının tarixində ilk dəfə olaraq məhkəmə və inzibati-dövlət aparatı orqanlarında çalışa bilən milli hüquqşünas kadrların hazırlanmasının başlanğıcı idi. Hüquq şöbəsinin bazasında 1928-ci il dekabrın 17-də müstəqil fakültə təşkil edilmişdir. Qeyd etmək lazımdır ki, Şərq fakültəsi nəzdində hüquq şöbəsinin təşkili məsələsində Universitetin o dövrdəki rektoru (özü də ilk azərbaycanlı rektoru) – böyük təşkilatçı, ədib və dövlət xadimi Tağı Şahbazinin müstəsna xidmətləri olmuşdur.
Hüquq fakültəsi iki şöbədən – məhkəmə və inzibati-təsərrüfat şöbələrindən ibarət olmuşdur. Dövlət və hüquq nəzəriyyəsi üzrə mütəxəssis, tanınmış hüquqşünas, Qırmızı Professura İnstitutunun məzunu, prof. A. O. Mişel ADU-nun Hüquq fakültəsinin ilk dekanı təyin olunmuşdur.
Hüquq fakültəsi müstəqil fakültə kimi fəaliyyətə başlayanda onun 11 kafedrası var idi: Hüquq və dövlət nəzəriyyəsi; Tarixi və dialektik materializm; Hüquq fəlsəfəsi; Təsərrüfat məişəti tarixi; Beynəlxalq hüquq; Cinayət hüququ; Təsərrüfat hüququ; Mülki hüquq; Dövlət hüququ; Ticarət-sənaye hüququ və statistika.
Bu kafedralar fəlsəfə-sosiologiya, hüquq və iqtisad fənn komissiyalarında birləşirdilər. Hüquq fakültəsi yarananda burada Sovet qanunvericiliyi fənnindən kafedranın müdiri prof. V. A. Udintsev, Dövlət və hüquq nəzəriyyəsi fənnindən kafedranın müdiri prof. A. O. Mişel, Mülki hüquq fənnindən eyniadlı kafedranın müdiri prof. V. N. Dyakov və Cinayət hüququ fənnindən kafedranın müdiri prof. N. N. Polyanski dərs deyirdilər.
1930-cu ilin əvvəllərində Universitetin bağlanması məsələsi meydana çıxmışdır. Bu isə öz növbəsində Hüquq fakültəsinə də təsirini göstərmişdir. Belə ki, 1930-cu ilin iyununda ADU-nun Hüquq fakültəsinin bazasında Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutu yaradılmışdır və o, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin ixtiyarına verilmişdir. Hüquq fakültəsi tarixinin universitet mərhələsinin birinci hissəsi belə yekunlaşmışdır. Hüquq fakültəsinin 1930-cu ildən 1941-ci ilədək, yəni yenidən ADU-nun tərkibinə qaytarılana qədər olan dövrü haqqında danışarkən vurğulamaq lazımdır ki, o illərdə fakültə partiya-sovet orqanları üçün ideoloji və inzibati-təsərrüfat kadrları hazırlamışdır.
Hüquq fakültəsi 1930–1933-cü illərdə Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutu kimi fəaliyyət göstərmiş, 1933-cü ildə Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutunun tələbə-müəllim kontingenti İctimai-İqtisadi İnstitutun tərkibinə verilmiş və həmin İnstitutun Hüquq fakültəsinə çevrilmişdir. Hüquq fakültəsinin tarixinə onun ilk azərbaycanlı dekanı kimi (Böyükağa Talıblının Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutunun direktoru kimi fəaliyyəti nəzərə alınmasa) daxil olmuş dos. M. Y. Quliyev İctimai-İqtisadi İnstitutun Hüquq fakültəsinə 3 il başçılıq etmişdir.
İctimai-İqtisadi İnstitutun Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna çevrilməsi ilə əlaqədar olaraq burada bir sıra kadr islahatları da aparılmış, bəzi vəzifələrə yeni şəxslər təyin edilmişlər. Hüquq fakültəsində də belə dəyişiklik oldu. Belə ki, hələ 1928-ci ildə ADU-nun Şərq fakültəsinin Hüquq şöbəsinə müəllim kimi işə cəlb edilən prof. Qasım Cəfər oğlu Cəfərov (1887–1952) 1936-cı ildə Xalq Təsərrüfatı İnstitutunun Hüquq fakültəsinin dekanı seçilmişdir. Beləliklə, Petroqrad Universitetinin Hüquq fakültəsinin 1916-cı il məzunu və mülki hüquq üzrə alim olan professor Q. C. Cəfərov müstəqil Hüquq fakültəsinin tarixinə onun ikinci azərbaycanlı dekanı kimi daxil oldu. Qeyd edək ki, Q. C. Cəfərov Hüquq fakültəsinə qısa fasilələrlə 16 il ərzində — 1936–1952-ci illərdə rəhbərlik etmişdir. Prof. Q. C. Cəfərov BDU-nun elmi işçilər bölməsinin məsul katibi vəzifəsində 10 il çalışmış, Siyasi və Elmi Biliklərin Yayılması üzrə Azərbaycan Cəmiyyətinin dövlət və hüquq bölməsi İdarə Heyətinin üzvü olmuşdur.
Hüquq fakültəsinin ADU-dan kənardakı tarixi 1941-ci ilə qədər davam etmişdir. 1941-ci ildə müharibənin başlanması və ali məktəb müəllimlərinin və tələbələrinin əksəriyyətinin cəbhəyə getməsi ilə əlaqədar olaraq, bir sıra ali məktəblər, o cümlədən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu ADU-ya birləşdirildi. Hüquq fakültəsi o vaxtdan etibarən Universitetin tərkibinə birdəfəlik daxil oldu.
Həmin tarixdə fakültənin 4 kafedrası – Mülki hüquq (kafedra müdiri Q. C. Cəfərov), Cinayət hüququ (kafedra müdiri Q. M. Məmmədov), Beynəlxalq hüquq (kafedra müdiri V. İ. Lisovski) və Dövlət hüququ (kafedra müdiri əvvəlcə V. N. Xatuntsev, sonra isə B. A. Hüseynov) kafedraları var idi.
Müharibə ilə əlaqədar bir sıra başqa fakültələrdə olduğu kimi, Hüquq fakültəsində də qiyabi şöbə açılmışdır. 1944-cü il aprelin 30-dan etibarən Hüquq fakültəsində 4 illik təhsil müddəti tətbiq edilmişdir. Müəllim və dərs vəsaitləri çatışmazlığı üzündən fakültədə bir sıra fənlərin tədrisi ləğv olunmuşdur.
1952–1962-ci illərdə Hüquq fakültəsinin dekanı dos. Qurban Qulaməli oğlu Məmmədov (1910–1968) olmuşdur. O, bu təyinata qədər isə ADU-nun qiyabi işlər üzrə prorektoru vəzifəsində (1950–1952) çalışmışdır. O, dekan kimi fəaliyyət göstərdiyi illər boyunca Beynəlxalq hüquq kafedrasında işləmişdir.
1980–1985-ci illərdə Hüquq fakültəsinin dekanı vəzifəsinə prof. İsa Məmmədov (1924–1986) seçilmişdir.
1985–1989-cu illərdə Hüquq fakültəsinin dekanı vəzifəsinə prof. Firudin Səməndərov (1939) seçilmişdir. O, 1970-ci ildə namizədlik, 1995-ci ildə doktorluq dissertasiyası işini müdafiə etmişdir. 1992–1993-cü illərdə BDU-nun rektoru olmuşdur. 1995-ci ildən BDU-nun Cinayət hüququ və Kriminologiya kafedrasının müdiridir.
1989-cu ildən 1998-ci ilə qədər Hüquq fakültəsinin dekanı prof. Məmmədxan Rəsulov (1933–1998) olmuşdur. O, 1961-ci ildən BDU-nun Hüquq fakültəsinin Mülki hüquq kafedrasında baş müəllim kimi fəaliyyət göstərmiş, sonra isə Mülki proses, əmək və ekologiya hüququ kafedrasının dosenti, professoru, 1976–1978-ci illərdə xarici tələbələrin təhsili üzrə dekan müavini, 1978-ci ildən 1989-cu ilədək Hüquq fakültəsinin dekan müavini vəzifələrində çalışmışdır.
2001–2002-ci illərdə Hüquq fakültəsinin dekanı prof. Namiq Əliyev (1956) olmuşdur. O, sonradan Ədliyyə Nazirliyində və Azərbaycan Respublikası Milli Məclisində şöbə müdiri vəzifələrində işləmişdir. 1984-cü ildə namizədlik, 2004-cü ildə isə doktorluq dissertasiya işini müdafiə etmişdir. 2006–2011-ci illərdə Azərbaycan Respublikasının Gürcüstanda, 2011–2016-cı illər ərzində Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub.
2002–2003-cü illərdə Hüquq fakültəsinin dekanı prof. Yusif Mehdiyev (1937–2003) olmuşdur. O, 1970-ci ildə namizədlik dissertasiyası işini müdafiə etmişdir. 1974–1985-ci illərdə Hüquq fakültəsinin dekan müavini vəzifəsində işləmişdir. 1990-cı ildə Mülki hüquq kafedrasının müdiri seçilmiş və ömrünün sonuna qədər bu vəzifəni daşımışdır.
2003–2007-ci illərdə Hüquq fakültəsinin dekanı prof. Kamilə Sarıcalinskaya (1926–2012) olmuşdur. K. Q. Sarıcalinskaya 1950-ci ildən Cinayət hüququ kafedrasının müəllimi olmuş, sonra pedaqoji fəaliyyətini Cinayət prosesi kafedrasında davam etdirmişdir.
2007–2011-ci illərdə Hüquq fakültəsində dekan vəzifəsini prof. F. Y. Səməndərov əvəz etmişdir.
2011–2022-ci illərdə Hüquq fakültəsinin dekanı prof. Əmir Əliyev olmuşdur.
2022-ci ilin may ayında Hüquq fakültəsinin dekanı vəzisəfinə hüquq üzrə fəlsəfə doktoru Zaur Əliyev seçilmişdir.
Kafedralar
- Konstitusiya hüququ kafedrası
- Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrası
- Mülki hüquq kafedrası
- Mülki proses və kommersiya hüququ kafedrası
- Cinayət hüququ və kriminologiya kafedrası
- Cinayət prosesi kafedrası
- Kriminalistika və məhkəmə ekspertizası kafedrası
- Əmək və ekologiya hüququ kafedrası
- Beynəlxalq ümumi hüquq kafedrası
- Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrası
- İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO kafedrası
Təhsil
Bakalavr ixtisasları
- Hüquqşünaslıq
Magistratura ixtisasları
- Dövlət və hüquq nəzəriyyəsi və tarixi
- Dövlət hüququ
- Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası
- Mülki və təsərrüfat hüququ
- Beynəlxalq hüquq
- Əmək hüququ; sosial təminat hüququ
- Transmilli cinayət hüququ
- İnformasiya hüququ
- İnzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ
- Beynəlxalq iqtisadi hüquq
- Turizm hüququ
- İdman hüququ
- Tibbi hüquq
- İnsan hüquqları
- Kommersiya hüququ
- Avropa hüququ
- Dəniz və enerji hüququ
Əqli mülkiyyət hüququ 2022/2023-cü tədris ilindən isə "Vergi hüququ" və "Ekologiya hüququ" ixtisaslaşmaları üzrə də kadr hazırlığına başlanılacaqdır.
Beynəlxalq elmi əməkdaşlıq
BDU Hüquq fakültəsi fəaliyyətə başladığı ilk vaxtlardan etibarən dünyanın nüfuzlu elm-təhsil mərkəzləri ilə sıx əlaqələr yaratmış, bu əlaqələr tədrisin keyfiyyətinin və elmi səviyyəsinin yüksəldilməsinə xeyli dərəcədə müsbət təsir göstərmişdir. Bu əlaqələr bu gün də davam və yüksək səviyyədə inkişaf etdirilir.
Bu əlaqələr üzrə ali təhsil müəssisələrini bir neçə istiqamətdə qruplaşdlrmaq olar:
Əməkdaşlıq üzrə ikili diplom proqramlarının qurulduğu və birgə beynəlxalq nərkəzlərin yaradıldığı xarici dövlətlərin aparıcı ali təhsil müəssisələri kimi aşağıdakılar qeyd edilə bilər:
- ABŞ-nin Tüleyn Universitetinin Hüquq fakültəsi
- Almaniyanın Vürzburq Universiteti nin Hüquq fakültəsi
- Almaniyanın Halle-Vittenberq Universitetinin Hüquq fakültəsi
- Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universitetinin Hüquq fakültəsi
- Fransanın Lyon-2 Universitetinin Hüquq fakültəsi
- Litvanın Vilnus Universitetinin Hüquq fakültəsi
Birgə elmi əlaqələrlə sıx əməkdaşlıq əlaqələrinin qurulduğu (kadr mübadiləsi, birgə elmi tədbirlərin keçirilməsi, elmi jurnalların və başqa vəsaitlərin buraxılması və s.) xarici dövlətlərin aparıcı ali təhsil müəssisələri isə bunlardır:
- Türkiyənin Ankara Universitetinin Hüquq fakültəsi
- Türkiyənin İstanbul Universitetinin Hüquq fakültəsi
- Türkiyənin İstanbul Ticarət Universiteti
- Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universitetinin Hüquq fakültəsi
- Ukraynanın Vergi Xidməti Milli Universitetinin Hüquq fakültəsi
- Ukraynanın Milli Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutu
- Gürcüstanın İ. Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Hüquq fakültəsi
- ABŞ-nin Sirakus Universitetinin Hüquq fakültəsi
- Almaniyanın Maks Plank adına Beynəlxalq və Müqayisəli Cinayət Hüququ İnstitutu
- Rusiya Federasiyasının Kazan Federal Universitetinin Hüquq fakültəsi
- Rusiya Federasiyasının Dağıstan Dövlət Univedrsitetinin Hüquq fakültəsi
- Litvanın Vilnüs Universitetinin Hüquq fakültəsi
- Özbəkistanın Daşkənd Hüquq Universiteti
- Moldovanın Kişinyov Dövlət Universitetinin Hüquq fakültəsi.
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.