hüquq elmləri doktoru, professor From Wikipedia, the free encyclopedia
Bəhram Zahidov (11 iyul 1951, Qaravəlli, İmişli rayonu) — 2004–2016-cı illərdə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu direktorunun elmi işlər üzrə müavini, hüquq elmləri doktoru, professor, Dünya Azərbaycanlıları Konqresinin üzvü, Hüquq Elmləri üzrə Respublika Problem Şurasının sədr müavini vəzifəsində çalışmışdır, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Yusif Məmmədəliyev adına mükafat laureatı, Respublika Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, Hüquqşünaslar Birliyinin üzvü[1].
Bəhram Zahidov 1951-ci ildə İmişli rayonunun Qaravəlili kəndində anadan olmuşdur. Orta məktəbi, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, SSRİ Baş Prokurorluğunun Sankt-Peterburq şəhərindəki İstintaq İşçilərini Təkmilləşdirmə İnstitutunu uğurla başa vurmuşdur. Qəsdən adam öldürmə ilə, narkobizneslə, terrorizmlə və mütəşəkkil cinayətkarlıqla mübarizənin cinayət hüquqi və kriminoloji problemlərinə həsr edilmiş çoxsaylı əsərlərin müəllifi, beynəlxalq ekspertdir[1].
Taleyində Heydər Əliyevin müstəsna rolu olduğunu tez-tez vurğulayan Bəhram Zahidov, deyir:
“70-ci illərdə Heydər Əliyevin hüquq fakültəsinə qəbulla bağlı gördüyü tədbirlərin və hüquq-mühafizə orqanlarında apardığı təmizləmə siyasətinin nəticəsi idi ki, mən hüquq fakültəsində oxumaq imkanı qazandım. Ali təhsilli hüquqşünas və Sov.İKP üzvü kimi Moskva Hərbi dairəsində xidmətdə olarkən ona ünvanladığım müraciətim cavabsız qalmadı. Tezliklə cavab aldım ki, hərbi xidmətdən tərxis olunduqdan sonra respublikanın prokurorluq orqanlarına gəlməliyəm. Belə də oldu. Tez bir vaxt ərzində məni prokurorluq orqanlarına işə qəbul etdilər. Qısa müddət işlədikdən sonra prokuror müavini vəzifəsinə keçirildim. İşlədiyimdən heç beş il keçməmişdi ki, gənc yaşlarımda müstəqil olaraq rayon prokuroru kimi olduqca məsuliyyətli bir vəzifəyə təyin edildim. Uğurla işlədim. Müsbət iş təcrübəm yayıldı. Başqalarına nümunə göstərildim. Buna baxmayaraq xalq cəbhəsi hakimiyyətə gəldikdən sonra, respublikanın xalq deputatı olsam da, Sabirabad rayon prokuroru vəzifəsindən qanunsuz olaraq azad edildim. Xalqın təkidli tələbi ilə Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bir çoxları kimi mənim də pozulmuş hüquqlarım bərpa edildi. Mən Bakı şəhərinin Xəzər (Əzizbəyov) rayon prokuroru vəzifəsinə təyin edildim. Onun sədr olduğu Milli Məclisin Dövlət Quruculuğu və Hüquq Siyasəti Daimi Komissiyasının üzvü seçildim. Bütün bunlar, onlarla sadə və zəhmətkeş insanlara Heydər Əliyevin göstərdiyi atalıq qayğısının tipik nümunəsi kimi səciyyələndirilə bilər. Mən Ulu Öndərimiz Heydər Əliyevi həmişə minnətdarlıqla yad edirəm. Mənim az-çox uğurlarımda onun böyük rolu olmuşdur. Onun ruhuna bir Hacı kimi daim dualar oxuyuram” |
1992-ci ildə Azərbaycan Dövlət Universitetinin "Cinayət hüququ və kriminologiya" kafedrasının aspirantı olmuş və 1999-cu ildə "Qısqanclıq motivi ilə qəsdən adam öldürmə, onunla mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib, hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. 2002-ci ildə Bakı Dövlət Universitetinin "Cinayət hüququ və kriminologiya" kafedrasının doktoranturasına qəbul edilmiş, BMT-nin və Azərbaycan hökumətinin sifarişi əsasında tədqiqatlar apararaq "Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin aktual problemləri (cinayət-hüquqi və kriminoloji istiqamətlər)" mövzusunda doktorluq dissertasiyasını 22 oktyabr 2015-ci ildə BDU-nin nəzdində yaradılmış Dissertasiya Şurasında uğurla müdafiə etmiş və hüquq elmləri doktoru elmi dərəcəsi almışdır[2]. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Qərarı ilə "Cinayət hüququ və kriminologiya, cəza icra hüququ" ixtisası üzrə professor elmi adı verilmişdir. 2003-cü ildə ABŞ-nin Nyu-York Elmlər Akademiyasının, 2014-cü ildə Avropa Təbiət Elmləri Akademiyasının, 2015-ci ildə Rusiya Federasiyasının Hüquq Elmlər Akademiyasının, 2016-cı ildə Türk Dünyası Beynəlxalq Hüquq Akademiyasının həqiqi üzvü-akademiki seçilmişdir. Narkobiznes və terror üzrə Beynəlxalq Ekspertdir[3].
1975–1976-cı illərdə Sovet Ordusunda- Moskva hərbi dairəsində xidmətdə olmuşdur. Ehtiyatda olan ədliyyə kapitanıdır. Hərbi xidmətdən sonra İmişli rayon XDS İcraiyyə Komitəsində, Azərbaycan Dəmiryolunun İmişli hissəsində hüquq şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1977–2003-cü illərdə SSRİ sonra isə Azərbaycan Respublikası prokurorluğunda rəhbər vəzifələrdə işləmişdir. Quba rayon prokurorunun köməkçisi, müavini, Tərtər(Mirbəşir), Şamaxı, Sabirabad, Bakı şəhərinin Xəzər rayonunda prokuror vəzifələrində işləmişdir. Respublikanın Baş Prokurorluğunda şöbə və idarə prokuroru, idarənin böyük prokuroru vəzifələrində işləmişdir. Baş ədliyyə müşaviri xüsusi rütbəsi vardır. Bütün rütbə dərəcələrini mükafat qaydasında və növbədənkənar almış, çoxsaylı mükafatlarla təltif edilmiş, müsbət iş təcrübəsi İttifaq miqyasında yayılmışdır. Prokurorluq orqanlarında işlədiyi dövrdə heç bir cəza almamışdır. Elmi-tədqiqat fəaliyyətinə keçməyi və doktorluq dissertasiyasını müdafiə etmək məqsədilə, öz ərizəsinə əsasən 18 iyul 2003-cü il tarixdə respublikanın prokurorluq orqanlarından təqaüdə çıxmışdır. Quba, Tərtər, Şamaxı rayon xalq deputatları sovetinin deputatı olmuşdur. 1990–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı[4], 1993–1995-ci illərdə isə Milli Məclisin "Dövlət quruculuğu və hüquq siyasəti" daimi komissiyasının üzvü kimi bir çox qanunların, o cümlədən Azərbaycan Respublikasının ilk Milli Konstitusiyasının hazırlanmasında, müzakirəsində və qəbulunda iştirak etmişdir.
Prokurorluq orqanlarında təqaüdə çıxdıqdan sonra, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Fəlsəfə və Hüquq İnstitutu direktorunun elmi işlər üzrə müavini vəzifəsində işləmişdir. Bu dövrdə İnstitut Elmi Şurasının üzvü, Hüquq elmləri üzrə Respublika Problem Şurasının sədr müavini olmuş, Respublikada hüquq elmlərinin inkişafı və bu sahədə Milli Strategiyanın icrası üzrə AMEA-nın Rəyasət Heyəti tərəfindən yaradılmış "İşçi Qrupu" nun sədr müavini, Dissertasiya Şurasının sədri, üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının hüquq elmləri üzrə Ekspert Şurasının üzvü, AMEA-nın nəzdində yaradılmış "Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz dövriyyəsinə qarşı mübarizə Komissiyası"-nın sədri-Akademiya prezidentinin müavini vəzifələrində işləmişdir. "Elmi əsərlər", "Qanun", "Hüquqi dövlət və qanun" və bir sıra digər elmi jurnalların baş redaktorunun müavini, habelə hüquq elmləri üzrə respublika terminologiya komissiyasının və dünya Azərbaycanlıları Konqresinin üzvü olmuşdur[5].
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2016-cı il tarixli 277 saylı qərarı ilə Fəlsəfə və Hüquq İnstitutunun hüquq elmləri üzrə struktur bölmələrinin və ştat vahidlərinin ləğv edilməsi ilə əlaqədar olaraq, onunla bağlanılmış əmək müqaviləsinin icraatına öz ərizəsinə əsasən 16 yanvar 2017-ci il tarixli 13 nömrəli əmrlə xitam verilmişdir. Bundan sonra ictimai əsaslarla Azərbaycan Uşaq Fondu sədrinin müavini kimi fəaliyyət göstərmişdir. 2 sentyabr 2019-cu ildə Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirliyinin Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunda, sonra isə həmin nazirliyin Milli Aerokosmik Agentliyinin Mərkəzi Aparatında baş hüquq məsləhətçisi vəzifəsində işləmişdir. Hazırda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Hüquq və kadrlarla iş şöbəsinin müdiri vəzifəsində işləyir və həmin təşkilatın Rəyasət Heyətinin üzvüdür.
1992-ci ildən BDU-nun Aspiranturasına qəbul olunmuş və Aspiranturanı bitirib tədqiqat işini uğurla müdafiə etmişdir. 2003–2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi kimi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Bu dövrdə fakültə Elmi Şurasının üzvü, Təhsil nazirinin əmri ilə Akademiyanın hüquq ixtisasları üzrə dövlət imtahan komissiyasının sədri olmuş, Akademiyanın professoru seçilmişdir[6]. Elmi rəhbərliyi altında bir nəfər elmlər doktoru, 10 nəfər elmlər namizədi, 31 nəfər magistr, 40 nəfər bakalavr təhsilli kadr hazırlamışdır. Hazırda AAK-ın hüquq elmləri üzrə Ekspert Şurasının üzvüdür. Uzun illər Azərbaycan televiziyasında "İnsan və qanun", "Hüquq dərsləri" verilişinin aparıcısı olmuşdur. Azərbaycan Jurnalistlər İttifaqının üzvüdür. 30-dan çox monoqrafiyanın, 1 kommentariyanın, 250-dən çox elmi məqalənin, 12 dərs proqramının müəllifidir.
Monoqrafiyalarının 2-si Almaniyada çap edilmişdir. Azərbaycan Respublikası Hüquqşunaslar, Jurnalistlər və Yazıçılar Birliklərinin üzvüdür. Göstərdiyi xidmətlərə görə Türkiyə Cümhuriyyətinin müxtəlif ali məktəblərində və elmi tədqiqat mərkəzlərində- İstanbul, Qazi, Zirvə, "28 Mayıs", Məlikşah və digər Universitetlərinin fəxri fərmanları ilə təltif edilmiş və elmi jurnallarının redaksiya heyətlərinə üzv seçilmişdir[7].
Tərtər rayon prokuroru vəzifəsində işləyərkən, 1988–1989-cu illərdə Qarabağın sərhəd bölgəsində, müharibə şəraitində ictimai asayişin təmin edilməsində və prokuror nəzarətinin gücləndirilməsində xüsusi xidmətlərinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 28 yanvar 1988-ci il tarixli Fərmanına müvafiq olaraq, SSRİ Ali Sovetinin Rəyasət heyəti adından 6 oktyabr 1989-cu ildə "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı, SSRİ DİN-nin Daxili Qoşunlar Baş idarəsinin Azərbaycana dislokasiya edilmiş 5433 saylı hərbi hissə komandanının 2 aprel 1989-cu il tarixli 22 nömrəli əmri ilə "Xidmətdə fərqlənməyə görə" I dərəcəli döş nişanı ilə təltif edilmişdir. Tərtər rayonunda yaradılmış özünümüdafiə batalyonunun qərargah üzvü olmuş və rayonun erməni silahlı birləşmələrinin hücumlarından qorunmasında şəxsən iştirak etmişdir. Əmək və Müharibə Veteranı, Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvüdür. Rusiya Veteranlar Komitəsinin qərarı ilə "Qələbənin 70 illiyi", "Qələbənin 75 illiyi" xatirə medalları ilə, Azərbaycan Respublikası Veteranlar Təşkilatı tərəfindən 9 sentyabr 2016-cı ildə "General Əliağa Şıxlınski" və "Həzi Aslanov" medalları ilə təltif edilmişdir. [8].
285 məqaləsi çap edilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.