Yaranması

1911-ci ildə Azərbaycanda ilk futbol komandaları yaranmağa başlayıb. Həmin dövrdə ingilislərin neft yataqlarına meyl etməsi futbolun inkişafına müsbət və mənfi təsirlərini göstərib. Futbolun vətəni İngiltərə olduğundan onların Bakıya gəlməsi yerli əhali arasında da bu idman növünü populyarlaşdırdı. Elə Bakıda ilk futbol komandasının da adı "Britaniya klubu" oldu. Əvvəlcə burada oyunlar keçirən "Britaniya klubu" 1912-ci ildə Gürcüstana yola düşərək ilk beynəlxalq oyununu keçirib. Tbilisidə keçirilən qarşılaşmada, yerli "Sokol" Bakı təmsilçisinə 2:4 hesabıyla məğlub olub. Azərbaycanda sovet hökuməti qurulanadək gürcülərlə Bakı komandalarının 11 görüşü baş tutub və ümumi hesab Azərbaycan komandalarının xeyrinə olub.

1914-cü ildə Bakı Futbol İttifaqı (BFİ) yaransa da, bu təşkilatın ömrü çox sürməyib. 1917-ci ildə sovet hökuməti qurulandan sonra 20 komandanı birləşdirən BFİ süquta uğrayıb. 1920-ci ildə futbol həyatı Bakıya qayıdıb və ilk şəhər birinciliyinin qalibi "Sokol" olub. 1923-cü ilin yazında komsomolun Zaqafqaziya olimpiadası keçirilib. Tbilisidə düzənlənən yarışa meydan sahiblərilə yanaşı, Bakı, Batumi, İrəvan komandaları da iştirak edib. Bütün görüşlərdə qələbə qazanan bakılılar ilk olimpiadanın qalibi olub. 1925-ci və 1926-cı illərdə də Bakı komandası birinci yeri tutub.

1921-ci ildə Bakıda fəaliyyət göstərən komandalar arasında "Komsomolçu" və "İdman" daha uğurla çıxış edib. 1923-cü ildə "Komsomolçu"nun adı dəyişdirilib və bir çox variantlar arasından "Proqress" seçilib. Bundan sonra isə "Proqress"lə "İdman"dan vahid komanda yaratmaq zəruri hesab edilib. Yenidən ad məsələsi gündəmə çıxıb. Bu dəfə qərar daha ədalətli olub: iki komanda arasında görüş keçirərək vahid komandaya qalibin adını vermək. "Proqress" 4:2 hesablı qələbə qazanıb və adını tarixdə əbədiləşdirib. Daha çox Balaxanı sakinlərindən ibarət olan bu komanda, 1926-cı ildə Zaqafqaziya çempionatında Azərbaycanı təmsil edib. Tbilisidə keçirilən turnirin açılış oyununda qonaqlar – Bakı və İrəvan komandaları üz-üzə gəlib. Balaxanı futbolçuları ilk rəsmi oyunda 4:0 hesabıyla qələbə qazanıb. Meydan sahibləri erməniləri daha iri hesabla (7:0) məğlub edib. Son oyunda gürcüləri heç-heçə də qane edirdi. Oyunun bitməsinə 4 dəqiqə qalmış hesab 3:3 idi, lakin Qnezdovun qolu ilk çempionatın qalibi adını "Proqress"ə gətirdi.

İlk Zaqafqaziya çempionu adını bu futbolçular qazanıb: qapıçılar – Aqapov, Makoqonov; müdafiəçilər – Maraxtanov, Kosenkov; yarımmüdafiəçilər – Frolov, İvanov, Pantsev; hücumçular – Qnezdov, Yeliseyev, Kuznetsov, Makoqonov, Komarov, Semyanistı. Oyunlardakı sxemə gəlincə 2–3-5 sistemi tətbiq olunub. Növbəti mövsüm "Proqress"in Azərbaycanı təmsil etməyinin əleyhinə çıxan bir neçə komanda öz oyunçularını da ezam etməyi təklif edib. Heyətdə xeyli dəyişikliyə baxmayaraq, komanda gürcülərlə "duel"dən xalla ayrıla bilib – 1:1. Gürcülərin ermənilərlə də qarşılaşması 1:1 bitib, bakılıların ilk pilləyə şansı xeyli artıb. Komanda erməniləri 6:3 hesabı ilə məğlub edib. Bu oyunda qapıçı İkonnikov ermənilərin iki penalti zərbəsini dəf etməyə müvəffəq olub. Beləcə, ikinci Zaqafqaziya çempionatının qalibi adına yenə də Azərbaycan komandası layiq görülüb.

1931-ci ildən etibarən "Proqress" Lenin rayonunun komandası adlandırıldı. Bundan 1 il sonra isə Almaniyaİngiltərənin fəhlə komandalarıyla qarşılaşan komanda müvafiq olaraq 5:3 və 5:2 hesablı qələbələrə imza atıb.

Azərbaycan futbolçuları ilk beynəlxalq yoldaşlıq görüşlərini 1926-cı ildə keçiribIər. Bakının gənclərdən ibarət seçmə komandası İranın yığma komandasına qalib gəlib – 4:3. Azərbaycan Pedaqoji İnstitutunun futbolçuları ilə İran yığma komandasının görüşü heç-heçə (0:0) nəticələnib. Həmin il Bakının "Tərəqqi" komandası da İran futbolçularını məğlub edib – 3:1.

1929-cu ildə Bakının yığma komandası İranda bu ölkənin seçmə komandasına (4:1), Tehranın yığma komandasına (11:0 və 4:0) qarşı keçirdiyi oyunların hər üçündə qələbə qazanıb.

1930–1931-ci illərdə Azərbaycanı yoldaşlıq görüşlərində Bakının seçmə fəhlə komandası təmsil edib. Komanda Almaniyanın seçmə fəhlə komandası (4:3 və 1:0) və İngiltərənin seçmə fəhlə komandası (5:2 və 3:1) üzərində qələbə qazanıb. İkinci Dünya müharibəsindən sonrakı illərdə Azərbaycan futbolçuları xarici ölkələrdə əsasən "Neftçi"nin timsalında tanınıblar.

1937–1948

1922-ci ildən SSRİ birincilikləri şəhərlərin yığma komandalarının iştirakıyla keçirilirdi. 1937-ci ildən isə qərara alındı ki, çempionat klub komandalarının iştirakıyla təşkil edilsin. Həmin vaxt Azərbaycanda bir neçə sahənin təmsilçisi olsa da, neft sahəsi sanki unudulmuşdu, halbuki həmin dövrdə Bakı artıq neft şəhəri kimi şöhrət qazanmışdı. Buna görə də "qara qızıl" sahəsində çalışanlar tezliklə futbol komandası yaratdılar. Ad üzərində də çox fikirləşmək lazım gəlmədi. Elə öz adlarını da komandaya verdilər, amma həmin dövrdə rus dili daha işlək olduğundan komanda əvvəlcə "Neftyannik" adlandırıldı. Komandanın geyimində və emblemində də onun neftçilərə məxsus olduğunu bildirən nişanələr əks olundu. Emblemdə neft buruğunun fonunda kiril əlifbasının "H" hərfi "Neftyannik" sözünün birinci hərfi idi. Təbii ki, "qara qızıl"ın da rəngi formanın əsasını təşkil etdi. Həmin dövrdə neftlə bərabər "ağ qızıl" adlandırılan pambıq da Azərbaycanın şöhrətlənməsində neftdən az rol oynamadığından qərara alındı ki, pambığın rəngi də formada əks olunsun. O vaxtdan Azərbaycan futbolunun tarixinə çevrilən "Neftçi" ağ-qara rənglərə sadiq qaldı.

Yarandığı ildən SSRİ çempionatının "Q" qrupunda çıxış edən komanda debüt ilində 12 komanda arasında 11-ci yeri tutdu. Həmin il SSRİ kuboku uğrunda yarışlarda isə 1/64 finalda İrəvanın, 1/32 finalda isə Batuminin "Dinamo" komandalarına qalib gəlsə də, 1/16 finalda Tbilisi "Dinamo"suna uduzaraq mübarizəni dayandırdı. 1938–1941-ci illərdə "Neftçi" Azərbaycan və Zaqafqaziya birinciliklərində iştirak edib. Müharibənin başlaması ilə əlaqədar olaraq, futbolçular da Böyük Vətən Müharibəsinə yollanıblar. Həlak olanlar arasında isə müharibəyəqədərki dövrdə komandanın şərəfini qorumuş Mirmehdi Ağayev də olub. 1938-ci ildə SSRİ kubokunda iştirak etmiş "Neftçi" zona yarışlarındaca məğlub olub. Müharibə sona yaxınlaşdıqca artıq komanda da fəaliyyətini bərpa edirdi. 1944-cü ildə "Neftçi" yenidən Azərbaycan birinciliyinə qayıtdı və bir il sonra Azərbaycan çempionu oldu. 1946-cı ildə SSRİ çempionatının 2-ci Cənub yarımqrupunda çıxış edən "Neftçi" 1947-də İkinci qrupda 4-cü yerə yüksəldi. Növbəti mövsüm 17 yaşlı Ələkbər Məmmədovun debüt ili oldu.

1949–1959

1949-cu ildə güclülər dəstəsini genişləndirmək qərarı nəticəsində "Neftçi" də A qrupunda debüt etdi. Həmin heyətə sonralar tanınmış hakimə çevrilən Tofiq Bəhramov və məşhur Ələkbər Məmmədov da daxil idi. "Neftçi" A qrupu tarixində ilk oyununu o vaxt Lenininin adını daşıyan indiki "İsmət Qayıbov" stadionunda HHQ (Hərbi Hava Qüvvələri) ilə keçirib. Bu tarixi matçda komanda 1:0 hesabı ilə qalib gəlib. SSRİ çempionatının A qrupunda ilk qolu isə Viktor Anoşkin vurub.

Çempionatın startı sensasion oldu: beş turdan sonra birinci pilləyə "Neftçi" yüksəlmişdi, lakin təcrübəsizlik tezliklə özünü göstərdi və yekunda komanda 14-cü oldu.

Növbəti çempionatda isə komanda daha zəif çıxış edərək, sonuncu – 19-cu pilləni tutub elitanı tərk etdi. 1951-ci il Azərbaycan futbol tarixinə ən dramatik mövsüm kimi daxil oldu. Güclülər dəstəsindəki uğursuzluqdan sonra "B" qrupuna yuvarlanan komanda əsas heyəti qoruya bildi. 18 komandanın yarışdığı turnirin ilk turlarından "Neftçi" liderliyi ələ keçirdi. İkinci dövrənin finişində əsas rəqibləri olan – Minsk "Dinamo"suna, Moskva "Lokomotiv"inə və Vilnüs "Spartak"ına müvafiq olaraq 4:2, 2:1 və 4:0 qalib gələn "Neftçi"nin elitaya dönəcəyinə şübhə edən yox idi. Son iki matçı komanda yeni tikilmiş Respublika stadionunda keçirdi. Son səfər Orta Asiyaya oldu. Daşkənd, Frunze (indiki Bişkək), Alma-Ata və İrəvanda zəif rəqiblərlə oyunlarda da flaqmanın xal itirməyəcəyi gözlənilirdi, amma faciə Daşkənddən başladı. Matçın ilk dəqiqələrində Ələkbər Məmmədovu cərimə meydançasında yıxırlar, lakin Abramaşvili penaltidən yararlanmır. Bu azmış kimi, Jamkoçan iki dəfə topu öz qapımıza göndərir. Onlarla təhlükəli imkan yaradan bakılılar, yalnız Terentyevin ifasında vurulan bir qolla təsəlli tapdı. Bu məğlubiyyət komandanı "sındırdı" və qalan görüşlərdə o aktivinə yalnız 2 xal yaza bildi. Nəticədə "Neftçi" elitaya vəsiqə verən ilk 3 pillədən geri qaldı. 50-ci illərdə "Neftçi"nin güclülər dəstəsinə qayıtmaq səyləri bəhrəsini vermədi. 1954-cü ildə komanda "A" qrupuna qayıtmağa daha yaxın idi. İlkin qrup mərhələsinin qaliblərindən biri olmuş komanda, final yarışlarının ilk oyununda Leninqrad (indiki Sankt-Peterburq) "Zenit"inə 0:1 məğlub oldu, Rostov "torpedoçuları" və İrəvan "spartakçıları"nı müvafiq olaraq 2:0 və 4:2 yendi, lakin finişdə qazanılan bir xal, "Neftçi"nin "elitaya qayıtmasına imkan vermədi.

1960–1972

1960-cı ildə SSRİ-nin futbol federasiyasının güclülər dəstəsinin iştirakçılarının sayını 22-yə yüksəltməsi, "Neftçi"nin lehinə qəbul edilmiş bir qərar oldu. Debüt mövsümündə bakılılar yalnız 21-ci oldu, amma gənclərlə zəngin olan kollektivin üzvləri xeyli təcrübə topladı. 1961-ci il mövsümündə komandanın "sükanı arxası"na tanınmış məşqçi Boris Arkadyev keçdi. Əsas heyət 18-ci olsa da, əvəzedicilərin çempionatında "Neftçi" 5-ci yeri tutdu. Həmin il məktəblilərin ümumittifaq spartakiadasında Azərbaycan yığması çempion oldu. Həmin uşaqlardan təşkil olmuş komandanın bir neçə üzvü 1966-cı ildə ölkə arenasında sözlərini dedi. 1962-ci il mövsümü "Neftçi"nin doğru yolda olduğunu göstərdi: komanda çempionatı 10-cu pillədə bitirdi. Növbəti çempionata komandanı Ələkbər Məmmədov hazırlaşdırdı. Mütəxəssislər komandanın hücum futbolu oynadığını qeyd etməklə yanaşı, futbolçuların da püxtələşdiyini vurğulayırdı. Ölkə çempionu olmuş Moskva "Spartak"ından 1 (1:1), Kiyev "Dinamo"sundan 3 (3:2 və 1:1), İrəvan "Ararat"ından isə 4 (2:0 və 2:1) xal almağı bacaran Məmmədovun yetirmələri yekun cədvəlində 5-ci oldu, lakin növbəti iki mövsümü komandanın aktivinə yazmaq olmaz. 1964-cü il mövsümündə 12-ci, bir il sonra isə 11-ci pilləylə kifayətlənməli olan klubun uğursuzluğu futbolçuların arxayınçılıqlarıyla izah edilir. Rəhbərlik 1965 mövsümünün birinci dövrəsindən sonra məşqçi dəyişikliyinə əl atsa da, (Məmmədovu Sokolov əvəz etdi), nəzərəçarpacaq "inqilab" baş tutmadı.

"Qızıl" il

Nəhayət, Azərbaycan futbol tarixinə qızıl hərflərlə yazılmış 28-ci SSRİ çempionatı başladı. Birinciliyin ilk iki oyununu Bakıda keçirməsinə baxmayaraq, təmsilçimiz Minskin "Dinamo" və Kuybışevin (indiki Samara) "Krılya Sovetov" komandalarıyla qolsuz heç-heçələrlə kifayətləndi. Debüt uğurlu alınmasa da, növbəti oyun tariximizə düşdü: SSRİ çempionatlarında ilk dəfə olaraq Moskva "Dinamo"su "Neftçi"ylə oyunda məğlubiyyət acısı daddı (0:1). 8 turdan sonra "Neftçi" artıq 3-cü pillədə idi: təmsilçimiz 4 qələbə və 4 heç-heçə əldə etmişdi. Həm də bu qələbələrdən biri tariximizə ən böyükhesablı kimi düşdü: Kutaisi "Torpedo"su Bakıdan 7 cavabsız qolla yola salındı, lakin gözlənilmədən "Neftçi"nin heyətində eniş müşahidə olundu və növbəti 8 turda komandamız cəmi 5 xal topladı. Son nəticələr rəhbərliyi qane edə bilməzdi və komandanın baş məşqçisi Viktor Sokolov vəzifəsindən azad edildi. "Neftçi"nin baş məşqçisi gənc Əhməd Ələsgərov oldu. Çempionat sona yaxınlaşdıqca, flaqmanımızın sanki ikinci nəfəsi açıldı. Ardıcıl qələbələr futbolsevərlərimizi yenidən ümidləndirdi. Anatoli Banişevskinin SSRİ yığmasının heyətində İngiltərədəki dünya birinciliyində çıxışı "Neftçi"nin hücum xəttində müəyyən boşluqlar yaratsa da, Kazbek Tuayev bu missiyanı üzərinə götürməyi bacardı, lakin çempionatın sonlarında "Banya" da sevimli klubuna qoşuldu. Karyerasının ən parlaq dövrünü yaşayan 20 yaşlı istedad, həlledici oyunda rusların sevimli komandası olan "Spartak"ı darmadağın elədi. Çempionatın son matçında təmsilçimizə bürünc medal qazanmaq üçün "xalq komandası" ilə oyunda heç-heçə də kifayət edirdi, lakin Respublika stadionuna toplaşmış 40 min azarkeş "Neftçi"dən yalnız qələbə gözləyirdi. "Ağ-qaralar" 3:0 hesabıyla qələbə qazanaraq, tariximizdə ilk dəfə olaraq SSRİ çempionatının medallarını qazandı. Qolların ikisini Banişevski vurdu. Həmin mövsüm ölkə çempionu olmuş Kiyev "dinamoçular"ı ilə oyunlarda 3 xal qazanmış yeganə komanda "Neftçi" oldu. Ukrayna futbolunun flaqmanından sonra ən çox böyükhesablı qələbə qazanmış komanda "Neftçi" idi. Əhməd Ələsgərovun yetirmələrinin hesabında 6 belə qələbə var idi. "Əzmkar qələbə" mükafatına da bakılılar layiq görüldü. Təmsilçimiz "Kayrat"la birgə hesabda geri ola-ola ən çox qələbə əldə edən komanda oldu. Komandamızın bombardiri Kazbek Tuayev oldu. Onun aktivində 14 qol vardı. Bu nəticə çempionatda 6-cı göstərici idi. Banişevski çempionat oyunlarının yalnız yarısında iştirak etsə də, 12 dəfə fərqlənməyə macal tapdı. Hər iki futbolçu SSRİ-nin 33 ən yaxşı oyunçusu sırasına daxil edildi. Eyni zamanda SSRİ yığmasında "Neftçi" Sergey Kramarenkoyla da təmsil olundu.

"Neftçi"nin heyətində "bürünc" medal qazananlar:

1967-ci il mövsümünü Azərbaycan futbolsevərləri böyük həsrətlə gözləyirdi. Əgər Kiyevin, Tbilisinin və Minskin "Dinamo"ları, Moskvanın "Spartak"ı və digər bir neçə komanda sovetlər məkanında müsbət imic qazanmışdısa, "Neftçi" bu yöndə hələ ki ilk addımını atmışdı və indi təmsilçimizə yerini möhkəmlətmək üçün xeyli əziyyət çəkmək lazım idi. Digər tərəfdən futbolsevərlərimiz "bürünc il"indən sonra Əhməd Ələsgərovun yetirmələrindən daha yüksək əyarlı medallar umurdu. Son mövsümdə bürünc medal qazanmış komandayla oyunlarda hər bir kollektiv ikiqat əzmlə "vuruşur" və belədə, hər bir matçda "Neftçi" əzmkarlıq nümayiş etdirməli idi. "Sovetski sport" qəzetinin mövsümöncəsi ilk dəfə təsis etdiyi turnirdə "Neftçi" heç də pis nəticə göstərmədi. Komandamız yarımfinaladək irəliləməyi bacardı. Yarımfinalda "ağ-qara"ları Kutaisi "Torpedo"su gözləyirdi. Həmin "Torpedo" ki, son çempionatda Bakıda 0:7 hesablı məğlubiyyətə uğramışdı. Nəzərə alsaq ki, rəqib meydanında da "Neftçi" 1:0 hesablı qələbə qazanmışdı, Ələsgərovun komandasının qonşu respublikanın komandasına qarşı arxayın çıxdığını təxmin etmək çətin deyil. Məhz bu səbəbdən gürcülər oyunun əsas və əlavə vaxtında heç-heçəni qoruya bildi. Penalti seriyasında isə komandamız qeyri-dəqiqliyə yol verincə, yalnız 3-cülüklə kifayətlənməli oldu. Hər halda çempionatın startına bir neçə gün qalmış belə nəticə qənaətbəxş sayılırdı. Təəssüf ki, çempionatda "Neftçi"nin işləri o qədər də uğurlu alınmadı. Xüsusilə də, köhnə "xəstəlik" inkişaf etməyə başlamışdı: rəqib meydanında zəif oyun və bunun nəticəsində alınan məğlubiyyətlər. Çempionatın sonlarına yaxın "Neftçi"nin ilk onluğa düşəcəyi belə inandırıcı görünmürdü, amma finişdə flaqmanımızın inanılmaz dönüşü bu düşüncələri alt-üst etdi. Son 5 turda qazanılan 5 qələbə "Neftçi"ni çempionatı 5-ci pillədə qapamağa imkan verdi.

Növbəti mövsümdə də "Neftçi" eniş dövrünü davam etdirdi. Doğrudu, 1968-də Azərbaycan SSRİ çempionatında ilk (və sonuncu) dəfə 2 komandayla təmsil olunmuşdu, amma nə Gəncə "Dinamo"su, nə də "Neftçi" tam potensialını aça bilmədi. Əgər gəncəlilərin qarşısına güclülər dəstəsində yerini möhkəmlətmək məqsədi qoyulmuşdusa, flaqman medallar uğrunda mübarizə aparmalı idi, amma "Dinamo" elitanı tərk etdi, "Neftçi" isə yalnız 9-cu oldu. 1969-da 7-ci olan komandada 1970-ci ildə eniş başladı. Anatoli Banişevski artıq əvvəlki kimi güclü deyildi və böyük futbolu tərk etmişdi, Tuayev Orconikidze (indiki Vladiqafqaz) "Spartak"ına, Markarov isə "Ararat"a keçmişdi. Oqtay Atayevin "Ot "Proqress"a do "Neftçi" kitabında yazdığı kimi, rəhbərlik də artıq məsuliyyət hissini itirmişdi və futbolçularda həddən artıq arxayınçılıq yaranmışdı. Komanda mövsümün sonunu çox pis başa vuraraq, bir il əvvəlki ilə müqayisədə 4 pillə gerilədi. SSRİ Kubokunun yarımfinalınadək irəliləməyi bacaran "Neftçi" burada Tbilisi "Dinamo"suna 0:1 hesabı ilə uduzaraq, mübarizəni dayandırdı. Respublika rəhbərliyi baş məşqçi Əhməd Ələsgərov, məşqçi Valentin Xlıstov və rəis Rauf Adıgözəlov vəzifələrindən azad olundular. Ələkbər Məmmədov baş məşqçi təyin edildi, Tuayevlə Banişevski komandaya qayıtdı. Buna baxmayaraq, 1971-ci ili uğurla başa vurmaq mümkün olmadı. Burada isə daha çox SSRİ Futbol Federasiyasının qeyri-obyektivliyi rol oynadı. Çempionata uğurla başlayan komandanın heyətində Anatoli Banişevski ilə Vitali Şevçenko SSRİ yığmasına cəlb olundu. İkinci dövrədə isə iki dəfə "Neftçi" hakimlərin qeyri-obyektivliyi ilə üzləşdi. Daşkənddə "Paxtakor"la və Rovtovda OİK-lə matçlarda hakimlər "Neftçi"nin qapısına oyundankənar vəziyyətdən vurulan qolları saydılar. Onların qeyri-obyektivliyindən əsəbləşən futbolçularımızdan Sergey Kramarenko, Rafiq Quliyev, Vyaçeslav Semiqlazov və Vladimir Bruxti diskvalifikasiya olundular. SSRİ Futbol Federasiyası və İdman Komitəsi "Neftçi"nin çempionatdan xaric edilməsi məsələsini qaldırıb. Hətta bu qərar qəbul edilsə də, sonda məmurlar fikirlərini dəyişiblər. 1972-ci il mövsümü isə məşqçi dəyişiklikləri və böyük uğursuzluqla yadda qaldı. Belə ki, Ələkbər Məmmədov işdən azad edildikdən sonra komandaya qısa müddət ərzində Anatoli Qryazev, sonra Jarkov başçılıq etdi, amma bunlar da "Neftçi"ni birinci liqaya düşməkdən xilas edə bilmədi.

1973–1976

Birinci liqadan qayıtmaq üçün "Neftçi"yə 4 il lazım oldu. Komanda hər mövsüm Yüksək liqaya namizədlər sırasında olsa da, hər dəfə nə isə çatışmırdı. 1973-cü ildə birinci dövrədən sonra "Neftçi" liderlər arasında olsa da, ikinci dövrənin ilk 7 turunda komanda 7 xal itirərək işini çətinləşdirdi. Üstəlik son turlarda "Neftçi" əsas rəqibləri olan "Lokomotiv", "Çernomores" və "Krılya Sovetov"a uduzdu. Bunun da səbəbi o idi ki, komanda demək olar ki, bütün mövsümü eyni heyətlə keçirdi və sona yaxın oyunçularda güc qalmadı. Növbəti il də "Neftçi" Yüksək liqaya qayıtmağa yaxın idi. İlk məğlubiyyəti 7-ci turda alan komanda 17 tur birinci yerdə getdi. Sonra mövqeyini əldən versə də, ikinci dövrədə yenidən liderliyi ələ keçirdi, amma 8 oyunda 9 xal toplamaq kimi zəif nəticə komandanı mövsümü başa vurduğu 5-ci yerə yuvarlandı. Bu nəticəni "Neftçi" 1975-ci ildə də təkrarladı və daha bir mövsümü aşağı liqada keçirməli oldu. Nəhayət, bizim üçün əlamətdar olan 1976-cı il gəldi. Komandaya yeni baş məşqçi Gennadi Bondarenko təyin edilmişdi. Bu da gələcəyə ümidlə baxmağa imkan verirdi. Komandanı "Çernomores"ə gedən Sergey Kramarenko tərk etmişdi. "Neftçi" çempionatın əvvəlini də uğursuz başladı və 7 turdan sonra komanda 9 xalla 5-ci yerdə idi. Buna baxmayaraq, mövsümün gedişində bakılılar özlərini toplayıb istər "ev"də, istərsə də səfərdə qiymətli xallar əldə etdi. Banişevski əvvəlki kimi təhlükəli olmasa da, komandaya xeyir verirdi. Onunla yanaşı heyətə cəlb olunmuş hücumçu Elbrus Abbasov da özünü göstərə bildi. Həmin mövsüm 28 qol vuran Abbasov birinci dəstənin bombardiri adını da qazandı. Nəticədə "Neftçi" ikinci yeri tutaraq, "Kayrat"la birgə tarixində üçüncü dəfə Güclülər dəstəsinə vəsiqə qazandı. Maraqlıdır ki, əvvəlki iki halda komanda çempionatdakı reformalar nəticəsində buna nail olmuşdusa, bu dəfə öz əməyinin bəhrəsini gördü. Həm də həmin ildə komandanın heyətində bir nəfər də olsa, gəlmə futbolçu yox idi və hamısı Azərbaycan futbolunun yetirməsi idi. 1976-cı ildə Güclülər dəstəsinə vəsiqə qazanan futbolçular:

Qapıçılar: Yuri Romenski;

Müdafiəçilər: Rafiq Quliyev, Arif Orucov, Asəf Namazov, Bəxtiyar Qulamov, Rəşid Özbəyov, Valeri Oqerçuk;

Yarımmüdafiəçilər: Tofiq Abbasov, Səməd Qurbanov, Əbdülqəni Nurməmmədov, Asif Əliyev;

Hücumçular: Anatoli Banişevski, Nikolay Smolnikov, Elbrus Abbasov, Rafiq Əlizadə, Füzuli Cavadov.

1977–1988

Dörd illik fasilədən sonra Güclülər dəstəsindəki ilk mövsüm "Neftçi" üçün çox ağır keçdi. Komanda pis təsir bağışlamasa da, hücum xətti istənilən effekti vermirdi. Anatoli Banişevski ağır zədə üzündən uzun müddət meydana çıxa bilmədi. Ötən mövsüm birinci dəstənin bombardiri olmuş Elbrus Abbasov isə hesabına cəmi bir qol yazdıra bildi. Nəticədə sonadək aşağıya yuvarlanmaq qorxusu ilə yaşayan "Neftçi" son turda Bakıda "Dnepr"lə heç-heçə oynamaqla Güclülər dəstəsində qala bildi. 1978-ci il də komanda üçün yaddaqalan heç nə ilə əlamətdar olmadı. "Neftçi" son turda Bakıda "Dnepr"i 4:1 udmaqla rəqibini Birinci liqaya göndərib özü yerini qorudu. Yaddaqalan o oldu ki, Anatoli Banişevski "Dnepr"lə həmin oyunda özünün çempinatlardakı 81-ci qolunu vurub yığmada vurduğu 19 qolla birlikdə uğurunu 100-ə çatdırdı və "Qriqori Fedotov klubu"na üzv oldu. 1978-ci il Banişevski üçün son mövsüm oldu və o, karyerasını bitirib Moskva Ali Məşqçilər Məktəbinə oxumağa getdi. Hücum xəttində isə İsgəndər Cavadovun erası başladı. "Dnepr"lə oyunda Banişevskiyə qol pası verən Cavadov Güclülər dəstəsində də özünün ilk qolunu vurdu. Bu mövsüm bitən kimi Gennadi Bondarenkonu baş məşqçi postunda SSRİ yığmasının keçmiş üzvü İqor Netto əvəz etdi, amma o növbəti mövsümü başa vura bilmədi və komandanı çətin vəziyyətdə qoyub Moskvaya qayıtdı. "Neftçi"ni növbəti dəfə birinci liqaya düşməkdən "Araz"dan gətirilmiş Əhməd Ələsgərov xilas etdi. Ümumiyyətlə, "Neftçi"nin elitadakı bu 11 ili əsasən liqanı tərk etməmək uğrunda aparılan mübarizə idi. 1981-ci ildə 10-cu yeri tutan "Neftçi", bir də 1987-də bir pillə irəliləyə bildi. 1985-ci ildə isə komandamız Güclülər dəstəsində qalmaq üçün "Dauqava" (Riqa), MOİK (Moskva) və "Çernomorets"lə (Odessa) birlikdə keçid turnirində iştirak etməli oldu. Burada 6 oyundan 7 xal toplayan "Neftçi" ikinci yeri tutaraq elitada daha bir il qaldı. Növbəti mövsümdə isə rəhbərlik tamamilə dəyişdi. Baş məşqçi postuna Ruslan Abdullayev gətirildi. Anatoli Qryazevlə Rafiq Bağırov isə onun köməkçiləri təyin edildilər. Komanda çempionatda pis start götürsə də getdikcə özünü toparlaya bildi. Heyətdə olanlardan İsgəndər Cavadov, Maşallah Əhmədov, Valeri Pançik və Aleksandr Cidkov SSRİ-nin olimpiya yığmasına namizədlər sırasına düşdülər. Xüsusilə də Maşallah Əhmədov bombardirlərin yarışında liderlərdən idi. Düzdü, o sonda çempionatın bombardiri olmasa da, 13 qol vurmaqla SSRİ-nin 33 ən yaxşı futbolçusu siyahısına düşdü. Futbolumuzun sonuncu belə uğuru 1971-ci ildə olmuşdu. Çempionatda isə birinci dövrədən sonra 6-cı olan "Neftçi" yekunda 13-cü yerə yuvarlandı. Bu Ruslan Abdullayevin işindən azad olunması ilə nəticələndi. 1987-ci ildə onun yerinə gətirilən Aleksandr Sevidov oğlu Yurini ikinci məşqçi təyin etsə də, ailə dueti azarkeşlərin yalnız nifrətini qazandı və komandanı 6 turdan sonra sonuncu yerdə qoyub Bakını tərk etdi. "Neftçi" ilk dəfə olaraq əvəzedici heyəti çalışdıran Ağasəlim Mircavadova tapşırıldı. Onun gəlişi oyun intizamına təsirini göstərdi və komanda çempionatı 9-cu yerdə başa vurdu. Bu azarkeşlərə növbəti mövsüm üçün ümid versə də, 1988-ci il mövsümü Azərbaycanın futbol flaqmanı üçün çox pis başladı. Söhbət heç də idman nəticələrindən getmir. Məsələ ondadır ki, SSRİ-də başlayan qarışıqlıq Azərbaycana da təsir etdi. Xüsusilə də Dağlıq Qarabağ münaqişəsi daim "Neftçi"ni sıxışdırmağa çalışan SSRİ Futbol Federasiyasına əsas verdi. Onların çıxardığı qərarla Bakı azarkeşləri sevimli komandalarını birinci dövrədə doğma meydanda görə bilmədi. Yalnız səfərdə oynamaqla isə lazımi xalları toplamaq çətin idi. Bunun nəticəsində futbolçularda özünəinam da itmişdi. Sona 9 tur qalmış vəziyyəti ağırlaşan "Neftçi"nin baş məşqçisi Ağasəlim Mircavadov işdən azad edildi. Onun vəzifəsi isə tezliklə Yuri Kuznetsova tapşırıldı, amma keçmiş bakılı da komandanı xilas edə bilmədi və qalan 9 matçdan 8-ini Bakıda keçirməsinə baxmayaraq, futbolçularımız SSRİ çempionatının Güclülər dəstəsi ilə son dəfə vidalaşdılar. 1988-ci ildə Azərbaycan futbolu üçün ən yaddaqalan hadisə Yunis Hüseynovla İqor Ponomaryovun SSRİ-nin olimpiya yığmasına cəlb edilməsi oldu.

1989–1991

Son dəfə birinci liqada mübarizəyə başlayan "Neftçi" respublikada futbolun ikinci plana keçdiyi bir vaxtda getdikcə gerilədi. Bir tərəfdən Dağlıq Qarabağda başlayan müharibə, digər tərəfdən isə ümumiyyətlə, SSRİ-nin dağılmasına doğru aparan proseslər futbola marağı öldürmüşdü. Bəzi respublikalar isə, ümumiyyətlə, SSRİ çempionatında oynamaqdan imtina etmişdi. Bu hadisələr çox davam etmədi. 1989-cu ildə 22 komanda arasında 8-ci yeri tutan "Neftçi" növbəti mövsümdə də bu göstəricini təkrarladı. Hər şeyin sona yaxınlaşdığı 1991-də isə SSRi dağılanda komandamız 15-ci yerdə idi.

Beləliklə, "Neftçi"nin SSRİ çempionatlarındakı 54 illik macəraları sona çatdı. Bu müddətdə komandamız 27 mövsüm Güclülər dəstəsində 884 matç keçirdi. Onlardan 253-də qalib gələn "Neftçi" 361-ni məğlubiyyətlə, 270-ni isə heç-heçə başa vurub. Bu matçlarda rəqib qapısından 907 top keçirən komandamız öz qapısından 1141 qol buraxıb.

1992–2006

Azərbaycan müstəqilliyini elan edən kimi futbol məmurlarının gördüyü ilk iş I Milli Çempionatı keçirmək oldu. AFFA-nın təşkil etdiyi ilk Azərbaycan çempionatında 26 komanda iki yarımqrupda mübarizəyə başladı. İlk milli çempionatda qalib gələn "Neftçi" ilk Azərbaycan çempionu kimi tarixə düşdü. Ümumi Azərbaycan futbolunda baş verən geriləmə "Neftçi"yə də təsirsiz ötüşmədi və aparıcı futbolçuların demək olar ki, hamısı ölkəni tərk edib xaricə üz tutdular. Hər il çempionatın yeni formatda keçirilməsi də futbolun inkişafına mane olurdu.

Milli çempionatda hər mövsüm bir neçə komanda çıxışını dayandırırdı. Bununla belə, Neftçi Bakı, Turan TovuzQarabağ ilə birlikdə bütün çempionatlarda çıxış edib. Bu çempionatlarda "Neftçi" 6 dəfə (1992, 1995/96, 1996/97, 2003/04, 2004/05, 2010/11) ölkə çempionu adını qazandı. Üç çempionluqdan başqa "Neftçi" 1 dəfə (2000/2001) gümüş, 3 dəfə (1994/95, 1998/99, 1999/2000) bürünc medal qazanıb. Milli çempionatlarda "Neftçi"nin 3 futbolçusu müxtəlif vaxtlarda bombardir adını qazanıb. Samir Ələkbərov (1992/93) 16 qolla, Nazim Əliyev (1994/95) 26 qolla, (1995/96) isə 23 qolla, Qurban Qurbanov (1996/97) 34 qolla hamını qabaqlayıblar. Ölkə kuboku yarışlarında isə bütün mövsümlərdə iştirak edən "Neftçi" 6 dəfə finala yüksəlib ki, bunların da 5-də (1994/95, 1995/96, 1998/99, 2001/02, 2003/04) qalib gəlib.

Klublar beynəlxalq arenada

Müstəqillik dövrü Azərbaycan futbolu üçün Avropa kuboklarında iştirak etmək imkanı da yaratdı. 1994-cü ildə qitədə debüt edən klublarımız arasında "Neftçi" ilk xalı qazanmaqla tarixə düşüb. 1994/95 mövsümündə "Apoel"lə (Kipr) Sumqayıtda keçirilən cavab görüşü 0:0 hesabı ilə nəticələnib. 1995/96-da isə ilk matçda Bakıda "Lokomotiv" (Sofiya, Bolqarıstan) üzərində 2:1 hesabı ilə qələbə qazanan "Neftçi" klub turnirlərində ilk qələbəmizi qeyd etdi. 2004/05 mövsümündə isə Çempionlar Liqasında iştirak edən komandamız tarixində ilk dəfə olaraq Avropa kuboklarında ilkin mərhələni geridə qoydu. "Neftçi" Bosniya və Herseqovinanın "Şiroki Briyeq" klubuna səfərdə 1:2 (qol: Zaur Tağızadə) hesabı ilə uduzsa da, Bakıda 1:0 (Emin Quliyev) qalib gələrək ikinci mərhələyə keçdi. Burada isə rəqib Rusiyanın MOİK (Moskva) klubu oldu. Tofiq Bəhramov adına stadiondakı ilk matçda hesab açılmasa da, Moskvada MOİK 2:0 hesabı ilə qalib gəldi.

2005-ci il də komandamız üçün uğurlu başladı. MDB və Baltikyanı ölkələrin çempionları arasında keçirilən "Birlik kuboku"nda Azərbaycanı təmsil edən "Neftçi" ölkəmizin tarixində ilk dəfə olaraq turnirin finalına yüksəldi. Həlledici matçda Rusiya "Lokomotiv"i 2:1 hesabı ilə qalib gəlsə də, gümüş medal da uğur sayıldı. Xüsusilə də, 1/4 finalda əbədi düşmənimiz Ermənistan çempionu "Pünik" üzərində 2:0 hesablı qələbə azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılandı. Komanda çempionatda da bu uğuru davam etdirərək olduqca gərgin keçən birinciliyin qalibi oldu. Turnirin sonuna yaxın "Neftçi" əsas rəqibi Xəzər-Lənkəran klubundan geri qalsa da, öz aralarındakı oyunu qələbə ilə başa vuraraq, qalibin "Qızıl oyun"da müəyyənləşməsinə şərait yaratdı. Gəncə şəhər stadionunda 20 min azarkeşin izlədiyi möhtəşəm matçda lənkəranlılar Oqtay Dərəlioğlunun qolu ilə irəli keçsələr də, əvvəlcə Ruslan Abbasov hesabı bərabərləşdirdi, sonra isə Zaur Tağızadə qələbə qolunu vurdu. Beləliklə, komandamız 5-ci dəfə çempion olaraq, Azərbaycanın Ən titulu komandası oldu. "Neftçi" daha bir rekorda həmin il Çempionlar Liqasında imza atdı. İlk mərhələdə İslandiya çempionu "Hafnarfyordur" ilə qarşılaşan çempion ilk dəfə olaraq hər iki oyunu qələbə ilə başa vurdu – Bakıda 2:0, Hafnarfyordurda 2:1. İkinci mərhələdəki rəqib "Anderlext"in (Belçika) gücünü isə vaxtilə UEFA kubokunu, Kuboklar kubokunuAvropa Superkubokunu qazanması da göstərir. Səfərdə 5:0 məğlub olmağımıza baxmayaraq, Bakıda 1:0 hesabı ilə qalib gəldik.

2006-cı il bir il əvvəlki ilə müqayisədə daha uğurlu alındı. "Birlik kuboku"na daha iddialı yollanan komanda 2006-cı ildə komanda "Birlik kuboku"nu Bakıya gətirdi. Ermənistan qarşılaşmadan imtina edərək turnirdə iştirakını yarımçıq dayandırdı. "Neftçi" isə finalda da "Kaunas"a (Litva) qalib gələrək (4:2) Azərbaycan futbol tarixində ilk dəfə olaraq bu kuboku qazandı.

Həmçinin bax

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.