Azərbaycan İstiqlal Muzeyi — Azərbaycan xalqının milli-azadlıq hərəkatını əks etdirən eksponatların saxlandığı muzeydir. Muzey Mərkəzində yerləşir.
Azərbaycan İstiqlal Muzeyi 1991-ci il yanvarın 9-da yaradılıb. O vaxt muzeyin cəmi 7000 eksponatı olub. Hazırda bu göstərici 22 000 eksponatdan artıqdır.[3] Muzeyin ekspozisiyası 6 zalda nümayiş etdirilir: Azərbaycan İstiqlal Muzeyində rəsm və heykəltaraşlıq əsərləri, xəritələr, şəkillər, kitablar, pul əskinasları və başqa eksponatlar nümayiş etdirilir. Muzeyin ekspozisiyasında müxtəlif tarixi hadisılırı aid maraqlı tematik sərgilər və tədbirlər keçirilir.
Əslində bu muzeyin tarixi daha uzaq dövrə – 1919-cu ilə gedib çıxır. Çünki Azərbaycanın ilk dövlət muzeyi də məhz İstiqlal Muzeyi olub. 1919-cu il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin quruluşunun birinci ildönümü münasibətilə elə parlamentin binasında təşkil olunan İstiqlal Muzeyi cəmisi bir neçə ay fəaliyyət göstərmişdi. 1920-ci ilin 28 aprelində Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra muzey fəaliyyətini dayandırdı.
Muzey öz fəaliyyətini 71 il sonra müstəqilliyimizlə birlikdə bərpa etdi. Beləliklə, 1991-ci il yanvarın 9-da İstiqlal Muzeyi yaradıldı. 1919-cu ildə yaradılan muzeydən heç bir eksponat qalmasa da, yenidən fəaliyyətə başlayan muzey "İstiqlal" adını alaraq, birinci muzeyin mənəvi varisi oldu.
Muzeyin yaradılmasında məqsəd ən qədim zamanlardan müasir dövrümüzə qədər Azərbaycan xalqının mədəni-tarixi həyatındakı mühüm hadisələri və xalqımızın azadlığı uğrunda çarpışan fədailərin mübarizə yolunu əks etdirməkdir. Muzey 6 zaldan ibarətdir.
1-ci zalda Azərbaycanın dövlət rəmzləri – ölkəmizin üçrəngli bayrağı, Dövlət Gerbi, Dövlət himni və Dövlət Konstitusiyasını əks etdirən sənədlər nümayiş olunur. Bu zalda XVIII əsrin ikinci yarısında Azərbaycanın xanlıqlara bölünməsinə, Vətənimizin işğalı uğrunda Rusiya ilə İran arasında gedən müharibələrə (1804–1828), Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin bağlanmasına dair materiallar da yer alıb.
Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində ölkəmizin ərazisinin 20% zəbt olunub. İşğal olunmuş ərazilərdə digər mədəniyyət müəssisələri ilə yanaşı, 22 muzey də qalıb, zəngin eksponatları qarət olunub. Bu muzeylərdən yalnız Cəbrayıl və Füzuli rayonlarındakı tarix-diyarşünaslıq muzeylərinin xilas olunmuş eksponatları bizim muzeydə nümayiş olunur.
2-ci zal XIX əsrin ikinci yarısından XX əsrin əvvəlinədək olan dövrü əhatə edir. Bu dövr Azərbaycan üçün tarixi baxımdan qısa, lakin mahiyyətinə görə çox zəngin dövr olub. Bu, mədəniyyət və elmin, neft sənayesinin inkişafı, H. Z. Tağıyev, M. Nağıyev, M. Muxtarov kimi neft milyonçuları tərəfindən yeni binaların, məktəblərin, teatrların, xəstəxanaların tikildiyi dövr idi. Həmin tarixi dövrü əks etdirən materiallar bu zalda nümayiş olunur. Burada həmçinin A. A. Bakıxanovun, M. C. Topçubaşovun, milli mətbuatımızın əsasını qoyan H. B. Zərdabinin və digər ədib və ziyalıların fəaliyyətini əks etdirən materiallar toplanıb. Zalın digər bölməsində 1918-ci il 31 mart soyqırımına həsr olunmuş fotofaktlar, arxiv materialları, sənədlər nümayiş etdirilir. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə bu zalda geniş yer ayrılıb. Zalın eksponatlarında Cümhuriyyətin yaradıcılarından olan Məhəmməd Əmin Rəsulzadə, F. X. Xoyski, Ə. B. Topçubaşov və digər görkəmli şəxsiyyətlərin tarixi anlarını əks etdirən fotolar, o zamanın pul vahidləri, poçt markaları, həmin dövrün müxtəlif hadisələrini əks etdirən materiallar yer alıb.
Tarixdən bəllidir ki, 1828-ci ildə Türkmənçay müqaviləsinin bağlanması ilə Azərbaycan 2 hissəyə bölündü: şimali Azərbaycan çar Rusiyasına, cənubi Azərbaycan isə İrana birləşdirildi. Vətənimizin cənubunda yaşayan azərbaycanlılar XX əsrin əvvəlində öz müstəqilliyi uğrunda mübarizəyə qalxdılar.
Muzeyin 3-cü zalı bu mövzuya həsr olunub. Burada Cənubi Azərbaycanda baş vermiş milli-azadlıq hərəkatlarından – 1905–1911-ci illər Məşrutə hərəkatı, 1917–1920-ci illər Şeyx Məhəmməd Xiyabani hərəkatı, 1941–1945-ci illərdəki "21 Azər" hərəkatından (Seyid Cəfər Pişəvərinin başçılığı ilə) danışılır. Buradakı materialların bir çoxu "21 Azər" hərəkatının iştirakçısı olmuş tarixçi Lütfəli Ərdəbilinin köməyi ilə toplanıb. Zalda həmçinin Cənubi Azərbaycanda görkəmli şəxsiyyətlərin, şair və yazıçıların, elm xadimlərinin portretləri nümayiş etdirilir.
4-cü ekspozisiya zalı iki hissədən ibarətdir. Birinci hissəsi ötən əsrin 20–30-cu illərində Azərbaycanda repressiyaya məruz qalan görkəmli şəxsiyyətlər haqqında məlumat verir. Zalın digər bölməsi isə II Dünya müharibəsində (1939–1945) ölkəmizin qəhrəman oğul və qızlarının ön və arxa cəbhədə göstərdiyi şücaəti əks etdirir. Burada nümayiş olunan silah, partladılmış mərmi, çap maşını, Morze teleqraf aparatı, səhra telefonu xüsusi maraq doğurur.
5-ci zal Qarabağ hadisələrinə həsr olunub. 1988-ci ildən başlayaraq Ermənistanın ölkəmizə qarşı işğalçılıq müharibəsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları zəbt olunub. Bu dövrdə Ermənistan ərazisindəki tarixi yurdlarımızdan, habelə Dağlıq Qarabağ və ətraf bölgələrdən 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün düşüb. Bu mövzuya muzeydə böyük yer ayrılıb. Burada 20 Yanvar hadisələrini, Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotolar, müxtəlif sənədli materiallar da nümayiş etdirilir. Zalda həmçinin Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçib, şəhidlik zirvəsinə ucalan milli qəhrəmanlarımızın şəkilləri, onların bəziləri haqqında məlumat, şəxsi əşyaları, hərbi geyim formaları nümayiş etdirilir.
1993-cü il iyunun 15-də Heydər ƏliyevBakıya dəvət olunur və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Bu tarixdən başlayaraq ölkəmizin keçdiyi inkişaf yolu haqqında məlumatı muzeyin ziyarətçilərinə 6-cı zalda geniş məlumat verilir. Burada müstəqil Azərbaycanın dövlət və ordu quruculuğunu, xarici siyasətini, iqtisadiyyatını, Azərbaycanın tarixi üçün çox əhəmiyyətli olan "Əsrin müqaviləsi"nin (1994) bağlanması, ölkəmizin mədəniyyətini, beynəlxalq təşkilatlarda iştirakını əks etdirən fotoxronika nümayiş olunmaqla yanaşı, sabiq prezident Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan prezident İlham Əliyevin fəaliyyətini əks etdirən materiallar diqqəti cəlb edir. Ekspozisiyada Xalq rəssamı Altay Hacıyevin "Cavad xan", rəssam-heykəltaraş Sabir Çopurovun neftdən istifadə edərək əl ilə çəkdiyi "Qarabağ", Əzim Əzimzadənin II Dünya müharibəsinə həsr olunmuş rəsm əsərləri, keramist-rəssam Məzahir Əfşarın "Dədə Qorqud" maketi və digər eksponatlar nümayiş olunur.[4]