Azərbaycanlı rəssam From Wikipedia, the free encyclopedia
Avşar Məzahir Ərtuğ Babaş oğlu (12 yanvar 1955, Avşar, Ağcabədi rayonu) — Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dizaynerlər Birliyinin, UNESKO Beynəlxalq Plastik Sənətlər Dərnəyinin, GƏSAM – Türkiyə Mədəniyyət Nazirliyi Sənət Əsərləri Sahibləri Birliyinin üzvü, Türkiyənin Akdeniz Universitetinin professoru.
Məzahir Ərtuğ Avşar | |
---|---|
Məzahir Ərtuğ Babaş oğlu Avşar | |
Doğum tarixi | 12 yanvar 1955 (69 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | yazıçı, rəssam |
Təhsili |
Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbi V.Muxina adına Sankt-Peterburq Sənaye Rəssamlığı Akademiyası |
Mükafatları | "Türk Dünyasına Hizmət" mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Məzahir Ərtuğ Avşar 12 yanvar 1955-ci ildə Ağcabədi rayonunun Avşar kəndində dünyaya gəlib. Kənddəki Nizami adına orta məktəbi bitirdikdən sonra Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə qəbul olunub. 1978-ci ildə həmin məktəbin Monumental rəssamlıq bölümünü bitirib.[1] 1973–1975-ci illərdə Polşa və Almaniyada hərbi xidmət keçib. 1978–1984-cü illərdə V. Muxina adına Sankt-Peterburq Sənaye Rəssamlığı Akademiyasında təhsil alıb və Dekorativ tətbiqi sənət fakültəsinin Keramika bölümündən məzun olub.[2]
Bakıya döndükdən sonra Azərbaycan Mədəniyyət Nazirliyi nəzdində Muzeylərin tərtibatı idarəsində çalışıb. Müxtəlif illərdə Azərbaycan Elmlər Akademiyasının Beynəlxalq "Sovet türkologiyası", "Xəzər", "Qurtuluş" və "Qobustan" jurnallarında bədii redaktor vəzifəsində işləyib.
Müəllimlik fəaliyətinə Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinin Dizayn kafedrasında başlayıb. 2000-ci ildə Türkiyə Cümhuriyyəti Səlcuq Universiteti rektorluğunun dəvəti ilə Konyaya gəlib və burada Gözəl sənətlər fakültəsini qurub. Professor kimi həmin fakültənin Keramika kafedrasının müdiri vəzifəsində on il (2000–2010) çalışıb. 2010–2018-ci illərdə həmin universitetin Sənət və tasarım fakültəsinin professoru, eləcə də Seramik tasarım kafedrasının müdiri olub. 2018-ci ildən Akdeniz Universitetinin Gözəl sənətlər fakültəsinin professorudur.[3]
1999-cu ildə Türkiyə prezidenti tərəfindən Ankara Çankaya Köşkündə "Türk Dünyasına Hizmət" mükafatı ilə mükafatlandırılıb. 1986-cı ildə SSRİ Rəssamlar İttifaqına, 1989-cu ildə SSRİ Dizaynerlər İttifaqına üzv qəbul olunub. Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dizaynerlər Birliyinin, UNESKO Beynəlxalq Plastik Sənətlər Dərnəyinin, GƏSAM – Türkiyə Mədəniyyət Nazirliyi Sənət Əsərləri Sahibləri Birliyinin üzvüdür.
Məzahir Ərtuğ Avşar öz əsərlərində türk xalqlarının tarixinə və mədəniyyətinə müraciət edir, bu zəngin xəzinədən faydalanaraq modern sənət əsərləri yaradır. Daha çox keramik heykəl formasında olan əsərlərində o, Avrasiyanın qayaüstü rəsmlərinə, qədim türk damğalarına, xatirə-məzar daşlarına, Orxon-Yenisey yazılarına, türk dastanlarına istinad etməklə türk tarixinin şərəfli mücadilələrlə zəngin səhifələrini və qəhrəmanlıq ruhunu canlandırır.
Rəssamın üçölçülü formaya qarşı həssaslığı, incəliklərlə zəngin yaradıcılıq üslubu onun hazırladığı heykəllərdə özünü açıq-aydın büruzə verir. Bu gün Konyadakı Səlcuq Universitetinin Əlaəddin Keyqubad şəhərciyində Məzahir Ərtuğ Avşarın müəllifi olduğu üç xatirə-abidə ucalır.
Keramikadan hazırlanmış "Totem" xatirə-abidəsi Səlcuk Universitetinin Süleyman Dəmirəlin adını daşıyan Mədəniyyət Mərkəzinin önündə durur. Bu abidə tarixdən bu günə baxan çoxlu sayda türk igidinin masqa-üzlərini əks etdirir. İki rəngdə olan mərmərdən hazırlanmış "Xəbərdarlıq" heykəli rəssamın çalışdığı Sənət və Tasarım fakültəsinin binası önündə ucalır. Məzahir Ərtuğ Avşarın bir başqa məşhur əsəri ağac parçalarından hazırlanmış "Türkün təkəri" abidəsidir. Bu iki abidədə rəssam türk tarixinin ağrılı səhifələrinə diqqət çəkməklə birlik və bərabərliyin önəmini vurğulayır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.