From Wikipedia, the free encyclopedia
Azərbaycan–Ermənistan sazişi və ya Zəngəzur qəzası ilə bağlı Ermənistan və Azərbaycan arasında imzalanmış razılaşma — 23 noyabr 1919-cu ildə Tiflis şəhərində Ermənistan və Azərbaycan respublikaları arasında ABŞ nümayəndəsi Ceyms Reyin vasitəçiliyi ilə imzalanmış sülh müqaviləsi nəzərdə tutulur. Sülh müqaviləsi Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun Zəngəzurda qırğınlar həyata keçirən və bölgəni öz əlində saxlayan erməni silahlı dəstələrinə qarşı uğursuz hərbi hücumundan sonra reallaşdı. Hücümün bir məqasədi də Naxçıvan azərbaycanlıları ilə birbaşa əlaqə qurmaq və onları ermənilərə qarşı dəstəkləmək idi.[1][2]
Azərbaycan-Ermənistan sazişi | |
---|---|
Zəngəzur qəzası ilə bağlı Ermənistan və Azərbaycan arasında imzalanmış razılaşma | |
| |
Hazırlanma tarixi | 23 noyabr 1919 |
İmzalanma tarixi | 23 noyabr 1919 |
İmzalanma yeri | Tbilisi, Gürcüstan |
İmzalayanlar |
Azərbaycan Ermənistan |
Azərbaycan–Ermənistan sazişi Vikimənbədə |
Sülh müqavilə imzalansa da, hərbi münaqişənin qarşısını bir dəfəlik almaq mümkün olmadı. Zəngəzurda azərbaycanlılara qarşı davam edən qırğınlara görə 1920-ci ilin martında hərbi əməliyyatlar yenidən bərpa edildi və Qarabağda ermənilərin üsyanı başladı. Lakin aprel ayında Azərbaycan bolşevik qüvvələri tərəfindən ələ keçirildi.[3][4]
1918-ci ildə Rusiya imperiyasının dağılmasından sonra formalaşan Ermənistan və Azərbaycan respublikaları öz aralarındakı ərazi münaqişələrinə görə 2 il müddətinə davam edəcək hərbi münaqişəyə başladılar.[5] Mübahisə mövzusu olan ərazilər Naxçıvan, Zəngəzur və Qarabağın dağlıq hissəsi idi.[6][7] Naxçıvan Osmanlı imperiyasının Cənubi Qafqaza etdiyi hərbi kompaniya zamanı ələ keçirilmişdi, lakin onların geri çəkilməsindən sonra Azərbaycan türklərinin hakim olduğu Araz Türk Cümhuriyyəti yaradıldı. Araz Türk Cümhuriyyəti iki ay nmövcud olduqdan sonra 1919-cu ilin may ayında ingilis-erməni birləşmələri onu sonlandırdılar və bölgədə ingilislərin yardımı ilə erməni hakimiyyəti quruldu. Lakin erməni hakimiyyəti cəmi iki ay çəkdi və yerli əhali üsyan qaldıraraq onları qovmağı bacardılar.[8][9] 1920-ci ilin sentyabrında Türkiyə və Ermənistan arasında müharibə sonlandıqdan sonra Naxçıvan Sovet Azərbaycanının tərkibində muxtar bölgə olaraq qaldı.[10]
Zəngəzur kimi Qarabağın dağlıq hissəsində də Rusiya imperiyasında mərkəzi hakimiyyət çökdükdən sonra qarışıqlıq hökm sürməkdə idi. 1918-ci ilin sonlarında Qarabağ və onun mərkəzi olan Şuşa şəhəri Azərbaycan–Osmanlı qüvvələri tərəfindən ələ keçirildi.[11] Mudros atəşkəs müqaviləsindən sonra Osmanlı ordusu bölgəni tərk etdi və onların yerinə General Tomsonun komandanlığı altında ingilis hərbi birləşməsi gəldi. General Tomson ən azından müvəqqəti olaraq Qarabağın Azərbaycanın tərkib hissəsində saxlanılmasına qərar verdi, lakin ən son qərar Paris Sülh Konfransında veriləcəkdi.[12][13] 1919-cu ilin avqustnda Qarabağ ermənilərinin milli şurası Azrbaycan hakimiyyətini rəsmən tanısa da, 1920-ci ilin martında onlar Ermənistan Respublikasının lehinə üsyana başladılar. Üsyan nəticəsində Azərbaycan qüvvələri Şuşadakı erməniləri tamamilə məğlub etdilər. Aprel işğalından sonra Qızıl Ordu birləşmələri kənd yerlərində olan erməni dəstələrini də məğlub etməyi bacardılar.[14] 1921-ci ildə verilən qərar ilə Qarabağ Sovet Azərbaycanının tərkib hissəsində saxlanılsa da, ona muxtariyyət verildi. Beləliklə də, Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.[15]
1918-ci ildə Zəngəzurda iki millət arasında münasibətlər gərgin həddə çatmışdı. Osmanlının bölgəyə daxil olması ilə birlikdə bu münaqişə bir qədər səngidi. Sərdarabad döyüşündən sonra imzalanmış Batum sülh müqaviləsinə görə Ermənistanın ərazisi 12.000 kvşkm olaraq müəyyən edildi.[16]Ermənistan rəsmi olaraq Qarabağ və Zəngəzura olan iddiadan əl çəkdi. Ermənistan rəsmi olaraq Qarabağ və Zəngəzura olan iddiadan əl çəkdi. Ermənistan Respublikasının Batumda Osmanlı ilə imzaladığı müqaviləni tanımayan general Andranik 5 minlik dəstə ilə Türkiyədən Zəngəzura gəldi. Zəngəzurda yerli erməni komitəsi Andranikin hərəkatını dəstəkləyirdi. Andranik öz dəstəsi ilə İranın şimalında ingilis qüvvələri ilə birləşməyə çalışdı, ancaq Xoy yaxınlığında Osmanlı qoşununa məğlub oldu. Ardınca Naxçıvana geri çəkilən Andranikin dəstəsi bu ərazidə güclü müqavimətə rast gəldi. Naxçıvanın ələ keçirilməsinin çətinliyini görən Andranik Zəngəzura geri döndü. Andronik və onun kimi bir digər erməni silahlı dəstə komandanı Qarejin Nijdenin məqsədi Zəngəzuru "yenidən erməniləşdirmək" idi.[17][18][19] Andronik və digərləri bu prosesi azərbaycanlılara qarşı etnik təmizləmə, on minlərlə insanı qovma[20][21] və kəndləri yandırma ilə həyatya keçirməkdə idilər.[22]
Zəngəzurda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və onların yerinə erməniləri yerləşdirməsinə görə Osmanlı hökuməti Ermənistana nota verdi. Ermənistan hökuməti Andronikin hökumətə tabe olmadığını, rəsmi Ermənistanın Qarabağa və ya Zəngəzura heç bir iddiasının olmadığını bildirdi. Andranik Zəngəzurda həyata keçirilən qətliamlardan sonra 1918-ci ilin oktyabrında Qarabağı ələ keçirmək üçün Şuşaya hücuma başladı. Zəngəzurdan Şuşaya gedən yol Həkəri çayının ətrafındakı azərbaycanlı və kürdlərdən ibarət kəndlərdən keçirdi. Bu əraziyə Sultan bəy Sultanovun dəstəsi nəzarət edirdi. 1918-ci ilin noyabrında başlanan döyüşlər sonrası daşnaklar böyük itki verərək Laçın daxil olmaqla bir neçə müsəlman kəndini ələ keçirə bildi. Şuşaya artıq 40 km məsafə qalırdı. Bu döyüşlər baş verən zaman artıq Azərbaycana general Tomsonun rəhbərliyindəki Britaniya korpusu daxil olmuşdu. Tomson hərbi əməliyyatların dayandırılması üçün Bakıdan Şuşaya region üzrə köməkçisi Skviri göndərdi. Şuşadan Laçına gedən Skvir daşnak ordusunun Gorusa geri dönməsini tələb etdi.[19][23]
İngilis general Şatervort deklarasiya yayaraq Qarabağ və Zəngəzurun general-qubernatoru vəzifəsinə Xosrov bəy Sultanovun təyin olunduğunu təsdiqlədi [24] Andronikin də Gürcüstana getməsi Zəngəzur ermənilərini çətin vəziyyətə salmışdı. Ermənilər Ermənistan hökumətindən onlara komissar təyin edilməsini istədilər. Ermənistan hökuməti ingilislərlə açıq münaqişəyə girmək istəmədiyi üçün oraya gizli şəkildə komissar göndərdi. Komissara Zəngəzuru Ermənistana birləşdirmək əmr edilmişdi. 1919-cu ilin ilk aylarında ingilis zabitləri Zəngəzura gələrək erməni Milli Komitəsindən Azərbaycan hökumətini tanımasını tələb etdilər. Erməni Milli Komitəsi bu tələbi rədd etdi. Erməniləri razı salmağın mümkün olmadığı məlum olanda general Şatervort Gorusa getdi. Gorusdakı danışıqlarda Şatervort Xosrov bəy Sultanovun Zəngəzur qubernatoru kimi tanınmasını tələb etsə də o da məqsədinə nail ola bilmədi. Şatervort tələbin yerinə yetirilməyəcəyi təqdirdə erməni Milli Komitəsi üzvlərinin həbs ediləcəyi və Gorusun bombardman ediləcəyi barədə xəbərdarlıq etdi. Bütün bu təhdidlər nəticəsiz qaldı. Vəziyyəti belə görən Şatlvort Ermənistan hökumətini Zəngəzurun daxili işlərinə qarışmaqda ittiham edərək mayda ərazini tərk etdi.[19]
Ermənilərin inadkarlığı ingilislərin mövqeyini dəyişdirməsinə yol açdı. Artıq ingilislər Azərbaycana Zəngəzura hər hansısa hərbi müdaxilənin hərbi təcavüz kimi qiymətləndiriləcəyini bildirirdilər. Eyni zamanda erməni hökumətinə də artıq Azərbaycanın Zəngəzurdakı ermənilərlə hesablaşmalı olacağı da bildirilmişdi. Bu vəziyyətdən istifadə edən yerli erməni komitəsi bölgədə yaşayan azərbaycanlılara qarşı kütləvi etnik təmizliyə başladı. Kütləvi qətl və zorakılıq nəticəsində Zəngəzurdan İrana böyük köç başlandı. Qan tökülməsi Azərbaycanda ciddi etirazlara səbəb oldu. İyunun 21-də "Azərbaycan" qəzeti ermənilərin dağ keçidlərini bağladığını, 150 min mal-qarası olan 10 min müsəlman köçərinin yay otlaqlarına çıxışı olmadığı barədə məlumat yaydı. Sultanov hökumətdən hərbi müdaxilə üçün izn istədi. Azərbaycan ordusu 1919-cu ilin yayında Qarabağda nəzarəti ələ keçirdikdən sonra Müsavat partiyasının lideri Rəsulzadə Zəngəzurun azad olunması və Culfa yolunu açmağın vaxtının çatdığını bildirdi.[25][19]
Azərbaycan hərbi əməliyyatlara hazırlaşırdı. İngilis ordusunun Azərbaycanı tərk etməsi də bu prosesin sürətlənməsinə yol açdı. Azərbaycanlıların etnik təmizləməyə məruz qalması ilə birlikdə, ermənilərin müsəlmanlara öz sürülərini Zəngəzura gətirmələrinə qadağa qoyması casus belli olaraq ortaya çıxdı.[26] Cavad bəy Şıxlınskinin komandanlığındakı I diviziya və Davud bəy Yadigarovun komandanlığındakı II süvari alayı səfərbər edilmişdi. Buna qədər Zəngəzurun indiki Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonları ərazisi Azərbaycan ordusunun nəzarətində idi. Zəngəzurun erməni Milli Komitəsi isə indiki Gorus, Mehri, Qafan, Sisian rayonlarına nəzarət edirdi. Sultan bəy Sultanov da öz dəstəsi ilə hücum üçün hazırlıqlara başlamışdı. Oktyabrın sonunda Cavad bəy Şıxlınski Laçından Dığ kəndinə qədər irəliləyərək bu ərazidə olan erməni dəstəsinə Gorusa gedən yolun açılması barədə ultimatum verdi. Erməni dəstəsi bu ultimatumu rədd etdikdən sonra Azərbaycan ordusu noyabrın əvvəlində Zəngəzur hərəkatına başladı. Zəngəzuru ələ keçirmə əməliyyatı 4 noyabrda Azərbaycan hərbi qüvvələrinin cəmləşdiyi Qarabağdan başladı.[27]
Eyni zamanda Naxçıvandakı yerli idarəetmə komitəsi Sisian ərazisinə, 2 türk diviziyası isə Zəngəzurun mərkəzinə doğru hücuma başladı. Müharibənin ilk günlərində erməni ordusu bütün cəbhə boyu geri çəkilməyə məcbur oldu. Ancaq Azərbaycan ordusunun Keçəldala-Dığ istiqamətində məğlubiyyəti müharibənin taleyini dəyişdirdi. Böyük itki verən Azərbaycan ordusu[27] noyabrın 7-də ilkin mövqeyinə qayıtmağa məcbur oldu.[19] 2019[28] Noyabrın ortalarında İngiltərə və ABŞ rəsmisi olan Oliver Vardrop və polkovnik Ceyms Rey müharibənin dərhal dayandırılmasını tələb etdilər. 20 noyabr 1919-cu ildə Tiflisdə danışıqlar başladı və 23 noyabrda Ermənistan və Azərbaycanın baş nazirləri Xatisyan və Yusifbəyli sülh müqaviləsi imzaladılar.[19]
ABŞ-nin və İngiltərənin Qafqazdakı nümayəndələri bölgədə hərbi vəziyyətin kəskinləşməsinin Paris Sülh Konfransının işinə maneçilik göstərəcəyi barədə narahatlıqlarını Azərbaycan və Ermənistan hökumət başçılarına bildirdilər. ABŞ nümayəndəsi C. Rey tərəflər arasındakı mübahisəli məsələləri dinc yolla həll etmək üçün Tiflisdə konfrans keçirilməsini təklif edirdi. Noyabrın 20–22-də Tiflisdə Azərbaycan və Ermənistan hökumət başçıları Nəsib bəy Yusifbəyli və Aleksandr Xatisyanın başçılığı ilə nümayəndə heyətlərinin görüşləri keçirildi. Noyabrın 23-də isə vasitəçi-təminatçılar olan müttəfiqlərin Qafqazdakı Ali komissarının müavini Ceyms Rhea və Gürcüstan xarici işlər naziri Y. Gegeçkori iştirakı ilə tərəflər arasında saziş imzalandı.[29] ABŞ-də çalışmış tarixçi Riçard Hovanisyan bu müqaviləni sadəcə "əsasən niyyət bəyannaməsi" olaraq təsvir edir.[30][3][4]
Saziş beş maddədən ibarət idi:[30][31]
Sazişin imzalanmasından dərhal sonra Azərbaycan tərəfi ordularını geri çəkir. Lakin qısa müddət sonra Azərbaycan tərəfi Ermənistanı 300 müsəlmanın ölümü ilə nəticələnən Zəngəzura hücumda günahlandırır. İttihamda erməni tərəfinin toplarla müsəlman kəndlərini dağıtdığı bildirilirdi.[32] Noyabrın 29-da Ermənistan Zəngəzur yaxınlığında hərbi toqquşmalar faktını təsdiqləyir, lakin əməliyyatın yalnız türk qoşunlarına qarşı həyata keçirildiyini bildirir. Dekabrın 8-də Azərbaycan Zəngəzurla bağlı komissiyanın yaradılmasını tələb edir, əks halda müqavilədən çıxacağını bildirir. Nəticədə noyabrın 26-na planlaşdırılan Azərbaycan-Ermənistan konfransı yalnız 14–21 dekabr tarixlərində baş tutur. Bu konfransda heç bir praktiki qərar qəbul edilmir. 11–12 mart 1920-ci ildə Azərbaycan təxminən 90 yük qatarı dolu silah-sursat və döyüşçünü Zəngəzura göndərir.[12] Məqsəd yenidən Zəngəzura hücum edib, onu geri almaq idi. Azərbaycanın Zəngəzurda ermənilər üzərinə hücumuna bir neçə gün qaldığı düşünülən zamanda, yəni 25 mart tarixində Qarabağdakı ermənilər Ermənistana birləşmək üçün üsyana başladılar.[33] Üsyan Azərbaycan ordusu tərəfindən yatırıldı və Şuşadakı erməni məhəllələri yenidən ələ keçirildi.[14]
1920-ci ili 28 aprelində Bakıda bolşeviklər hakimiyyəti ələ keçirir. 10 avqust 1920-ci ildə RSFSR ilə Birinci Ermənistan Respublikası arasında müqavilə bağlanılır. Bu müqaviləyə əsasən RSFSR Qızıl Ordusu Ermənistan və Azərbaycan SSR arasında mübahisəli Qarabağ, Zəngəzur və Naxçıvan ərazilərini işğal edir.[3][4] Zəngəzur məsələsi 1921-ci ilin iyuluna qədər aktiv oldu. Ermənista sovetləşdirildikdən sonra üsyan başladı və ZƏngəzura da yayıldı. İyulda sovetlərdən Zəngəzurun Sovet Ermənistanının bir parçası olacağı ilə bağlı təminat alan üsyançı erməni millətçiləri İrana getdilər və beləliklə, üsyanı sonlandırdılar.[34]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.