Abdulla Qarayev
From Wikipedia, the free encyclopedia
Remove ads
From Wikipedia, the free encyclopedia
Abdulla İsmayıl oğlu Qarayev (14 yanvar 1910, Bakı – 8 dekabr 1968, Bakı) — BDU-nun rektoru (1944-1950), tibb elmləri doktoru (1940), professor, Azərbaycan SSR Əməkdar elm xadimi (1943), Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1949).[1][2]
Abdulla Qarayev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Dəfn yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | |
Mükafatları |
|
Abdulla Qarayev 14 yanvar 1910-cu ildə Bakı şəhərində anadan olub. O, 10 nömrəli orta məktəbdə təhsil alıb. 1927-ci ildə Bakı Xalq Maarifi Şöbəsinin Pedaqoji Texnikumunu bitirib. Birinci ali təhsilini Bakı Dövlət Universitetində alan Qarayev 1930-cu ildə universitetin Pedaqoji fakültəsinin Təbiət bölməsini bitirib. Daha sonra 1932-1936-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. [1][2]
Abdulla Qarayev əmək fəaliyyətinə 1927-ci ildə başlayıb. O, 1930-cu ildə Bakı Dövlət Universitetində təhsilini başa vurduqdan sonra istedadlı tələbə kimi universitetin İnsan və heyvan fiziologiyası kafedrasında işlə təmin edilib. Professor P.Y.Rostovsevin rəhbərliyi altında çalışan A.Qarayev həyatını nəzəri və eksperimental fiziologiyanın inkişafına həsr etmişdir.[1][2]
Abdulla Qarayev 1942-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Tibb İnstitutunun Normal fiziologiya kafedrasında ikinci professor, Bakı Dövlət Universitetində isə İnsan və heyvan fiziologiyası kafedrasının müdiri vəzifələrinə seçilib (1940-1942) və fiziologiya sahəsində ilk milli professor olub. Alim 1942-1944-cü illərdə Bakı Dövlət Universitetinin elmi hissə üzrə prorektoru, 1944-cü ilin sentyabrından 1950-ci ilin oktyabrına qədər isə rektoru vəzifələrini icra edib.[1][2]
1941-1942-ci illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dekanı olan Abdulla Qarayevə fakültənin Elmi Şurasına biologiyanın müxtəlif sahələri, o cümlədən insan və heyvan fiziologiyası üzrə dissertasiyaları müdafiəyə qəbul etmək hüququ verilib. 1952-ci ilin mayından 1956-cı ilin iyuluna qədər Azərbaycan Elmlər Akademiyası Biologiya və kənd təsərrüfatı elmləri şöbəsinin akademik-katibi kimi fəaliyyət göstərib. Sonrakı dövrlərdə biologiya elmləri şöbəsi akademik-katibinin müavini kimi, bu şöbənin nəzdində müvafiq ixtisaslar üzrə namizədlik və doktorluq dissertasiyalarını müdafiəyə qəbul etmək hüququ olan Birləşmiş Şura yaradılmasına nail olub.[1][2]
Alimin səyi nəticəsində 1953-cü ildə Elmlər Akademiyası Zoologiya İnstitutunun nəzdində Fiziologiya şöbəsi yaradılmışdır. İlk vaxtlar cəmi iki əməkdaşı olan şöbənin əsasında 3 ildən sonra müstəqil Fiziologiya bölməsi yaradılıb və idarəetmə Abdulla Qarayevə həvalə olunub. Bölmə əməkdaşlarından A.Loginov, M.Mehdiyev, Q.Qədirov, T.Qayıbov, H.Hüseynov, H.Həsənov, R.Qasımov, S.Ocaqverdizadə, M.Əliyev, A.Dadaşov, Q.Qəhrənmanov, S.Cəbiyeva, N.Hacıyeva, R.Qafarova, Ş.Tağıyev, M.Qafulov, F.Hacıyev, Z.Əlikişibəyova, Ə.Tağıyeva və başqaları respublikada fiziologiyanın müxtəlif sahələrinin inkişafı istiqamətində Abdulla Qarayevlə birlikdə çalışıblar.[1][2]
Abdulla Qarayev 1961-1963-cü illərdə Respublika Ali və Orta İxtisas Təhsili Komitəsinin sədri təyin olunub. Sədr olduğu dövrlərdə ali məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni fakültə və ixtisasların açılmasına xüsusi diqqət yetirib. 1965-ci ildə Ali Attestasiya Komissiyası Abdulla Qarayevə insan və heyvan fiziologiyası (indeks 102) üzrə namizədlik və doktorluq dissertasiyalarını müdafiəyə qəbul etmək ixtiyarı verib. Yalnız Azərbaycan alimləri deyil, hətta qonşu respublikaların mütəxəssisləri belə bu şuranın iclaslarında dissertasiyalarını müdafiə etmək imkanı qazanıblar. A.İ.Qarayev Azərbaycanda eksperimental fizioloji istiqamətin təşəbbüsçüsü olmuş və həmin məktəbin əsasını qoymuşdur.[1][2]
Azərbaycan Ali və Orta İxtisas Təhsili Komitəsinin 1968-ci il fevralın 2-də SSRİ Nazirlər Sovetinin Elm və Texnika üzrə Dövlət Komitəsi kollegiyasının qərarı ilə Fiziologiya bölməsi əsasında Azərbaycan SSR Elmlər Akademiyasının Fiziologiya İnstitutu yaradılıb və akademik Abdulla Qarayev 1953-1968-ci illərdə institutun ilk direktoru təyin olunub. Hazırda bu institut, eləcə də Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Normal fiziologiya kafedrası və Bakı şəhərində bir küçə alimin adını daşıyır. Abdulla Qarayev 1947-ci ildə Azərbaycan SSR Ali Sovetinin və 1948-ci ildə isə Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin deputatı seçilib. Akademik 1935-ci ildə Leninqradda, 1959-cu ildə Buenos-Ayresdə, 1962-ci ildə Leydende, 1965-ci ildə Tokioda fizioloqların beynəlxalq konqreslərində iştirak edib.[1][2]
Bir neçə illik gərgin elmi axtarışın qanunauyğun nəticəsi olaraq 1937-ci ildə iki mövzu üzrə müdafiə etmişdir. "Sulu karbonların əzələlərin potensiallarının mənşəyində əhəmiyyəti" mövzusunda yazdığı dissertasiya işi skelet əzələsində baş verən elektrik hadisələrində sulu karbonların (karbohidratların) rolunun mahiyyəti haqda yeni elmi nəzəriyyə idi. Bu fundamental əsərinə görə gənc alimə tibb elmləri namizədi alimlik dərəcəsi verilmiş, "Diafraqmanın fiziologiyasına dair" mövzusunda yazdığı ikinci dissertasiya işinə görə isə o, biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
A.Qarayev 1938-ci ildə Kurortologiya və Fiziki Üsullarla Müalicə İnstitutu nəzdində yaradılan laboratoriyaya rəhbərlik edir. Laboratoriyada dünyada analoqu olmayan Naftalan neftinin, Azərbaycanın şəfaverici sularının (Badamlı, İstisu, Turşsu və s.) və dərman bitkilərindən hazırlanan preparatların insan orqanizminə müalicəvi təsirinin öyrənilməsi istiqamətində eksperimental və kliniki araşdırmalar aparılır.
Abdulla Qarayev 1940-cı ildə (30 yaşı olarkən) tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün "Bioelektrik hadisələrinin nəzəriyyəsinə dair" son dərəcə aktual dissertasiya işini müdafiə edir. Bu dissertasiya işi ilə A.Qarayev o zamanlar bioelektrik hadisələrinin mənşəyi haqqında mövcud olan nəzəriyyələri darmadağın edərək özünün son dərəcə orijinal nəzəriyyəsini irəli sürür. Bu nəzəriyyənin əsasında 1934–1935-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "Ümumi və müqayisəli fiziologiya" laboratoriyasında subliminal, yəni aşağı qıcıq qapısından da aşağı (zəif) qıcıqların səbəb olduğu məhəlli oyanma və bu oyanmaların orqanizmin funksional vəziyyətinə təsiri barədə tədqiqatlar aparılır.
1940-cı ildən etibarən A.Qarayev elmi axtarışlarını özünün pedaqoji fəaliyəti ilə məharətlə əlaqələndirib. O illərdə Azərbaycan dilində dərsliklərə böyük ehtiyac var idı. A.Qarayev dərsliklərin yaradılması kimi son dərəcə məsuliyyətli işlə də məşğul olmağa vaxt tapıb. O, "Sinir və əzələ fiziologiyası" (1932), "Tənəffüsün fiziologiyası" (1934), "Həzm və sorulmanın fiziologiyası" (1940), "Endokrinologiya" (1945), "Analizatorların fiziologiyası" (1952) və "Mərkəzi sinir sisteminin fiziologiyası" (1952) adlı dərslikləri nəşr etdirməklə bu sahədə milli kadrların hazırlanmasına böyük töhfə verib. Lakin bütün bunlar gənc professoru qətiyyən qane etməmiş və o, elmi axtarışlarını davam etdirməklə bərabər, həm də elmi kadrların hazırlanmansına böyük qüvvə sərf etmişdir.
Azərbaycan fizioloqları məktəbinin formalaşdırılması Abdulla Qarayevin ən ali məqsədi olub. Böyük məqsədə çatmaq üçün SSRİ miqyasında Azərbaycan fiziologiya elmini, bu sahədə yetişdirilən milli kadrları tanıtmaq lazım idi. Bu baxımdan fizioloqların, biokimyaçıların və farmakoloqların 1947-ci ildə VII, 1948-ci ildə isə VIII Ümumittifaq qurultaylarında A.Qarayevin dərin məzmunlu çıxışları böyük maraqla qarşılanmışdır. Onun orqanizmin toxuma və hüceyrələrinin karbohidratlarla təchiz olunmasında qanın formalı elementləri (qan hüceyrələri) və qlikogenin əhəmiyyətinə həsr olunmuş çıxışları bu sahədə yeni elmi nəzəriyyəsinin formalaşdırılmasında mühüm rol oynadı.
Abdulla Qarayevin elmi yaradıcılığında interoreseptorlar (daxili reseptorlar) və maddələr mübadiləsi problemi xüsusi yer tutur. O, bu problemin həllinə hələ 1950-ci ildən başlayıb. Bölmədə digər problemlərlə yanaşı, interoreseptorlar və maddələr mübadiləsi sahəsində də tədqiqat işləri davam etdirilib. Müəyyənləşdirilib ki, insan və heyvan orqanizmində baş verən maddələr mübadiləsinin tənzimlənməsində interoreseptorların rolu şəksizdir. Maddələr mübadiləsinin tənzimlənməsində iştirak edən daxili orqanlarda yerləşən reseptorlar istənilən maddələrin, xüsusən də sulu karbonların, zülalların və s. kimyəvi birləşmələrin mübadiləsini stimulə edir. Yəni, müxtəlif daxili orqanların daxili reseptorlarının qıcıqlandırılması qanın tərkibində qlükozanın, zülal fraksiyalarının miqdarının artmasına və bəzi mübadilə fermentlərinin fəallığının xeyli yüksəlməsinə səbəb olur. Tədqiqatlar nəticəsində öyrənilib ki, interoseptiv mübadilə refleksləri mövcuddur və onlar ekstroseptiv reflekslərlə ekvivalent təşkil edir.
Bu problemə dair aparılan elmi araşdırmalar A.Qarayev tərəfindən 1953-cü ildə ümumiləşdirici məqalə, 1957-ci ildə isə sanballı elmi monoqrafiya ("İnteroreseptorlar və maddələr mübadiləsi" Bakı, 1957) şəklində nəşr olunub. O zamanlar bu monoqrafiya Ümumitifaq miqyasda elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. İnteroreseptorlar və maddələr mübadiləsi probleminə dair daha sonralar aparılmış tədqiqatların nəticələri akademik A.Qarayevin rəhbərliyi altında müdafiə olunan doktorluq və namizədlik dissertasiyalarında öz geniş əksini tapıb. Habelə Abdulla Qarayev orqanizmin immun-bioloji və müdafiə-uyğunlaşma reaksiyalarının tədqiqi ilə də məşğul olub. Onun leykositlərin faqositoz fəallığını orqanizmin daxili və xarici mühitində gedən dəyişikliklərlə əlaqədar araşdırılmasına dair apardığı elmi axtarışlar əsasında yazdığı "Faqositozun fiziologiyası" monoqrafiyası 1960-cı ildə nəşr olunub.
Akademik A.Qarayevin rəhbərliyi altında tibb elmləri namizədi alimlik dərəcəsi almış M.Səfərov onun təklifi ilə 1967-ci ildən etibarən postnatal ontogenezin müxtəlif mərhələlərində beyin şöbələrinin toxuma və mitoxondrilərində qamma-aminoyağ turşusu mübadiləsinə benzolun təsirini öyrənməyə başlayıb. İndiyədək bu tədqiqatlar əsasında 10 namizədlik və 1 doktorluq dissertasiyası yazılıb. Hazırda bu istiqamətdə tədqiqatlar müvəffəqiyyətlə davam etdirilir.
Akademik A.Qarayev həyatının son illərində aclıq və toxluq zamanı MSS-də gedən neyrofizioloji, neyrokimyəvi və neyromorfoloji proseslərin tədqiqinə xüsusi diqqət yetirib. Bunun nəticəsi olaraq akademik A.Qarayevin vəfatından sonra 1969-cu ildə yeni direktor, professor H.Həsənovun rəhbərliyi altında institutda "Beyin və davranış" şöbəsi yaradılıb. Şöbənin əsas elmi istiqaməti qida və su motivasiyası zamanı MSS-də gedən neyrofizioloji, neyrokimyəvi və neyromorfoloji dəyişiklikləri tədqiq etməkdən ibarət idi.
Akademik A.Qarayev 1960-cı ildən etibarən apardığı tədqiqatlarında interoreseptorların təsirindən MSS-nin adaptasiyaya uğraması haqqında dahiyanə fikir söyləyib. "Funksional sitokimya" laboratoriyası son 35 ildə akademik A.Qarayevin bu ideyası üzərində tədqiqat işləri aparıb və tədqiqat işləri bu gün də davam edir. Tədqiqatların nəticələri sübut edir ki, orqanizmin hər bir hüceyrəsində gedən maddələr mübadiləsinin vəziyyəti haqqında interoreseptorların vasitəsilə sensor siqnallar MSS-nin müvafiq şöbəsində yerləşən spesifik neyronlar – neyroreseptorlar vasitəsilə qəbul olunur və həmin neyronlarda "adaptasiyanın struktur izi"ni yaradır. Son tədqiqatlar sübut edir ki, "adaptasiyanın struktur izi" orqanizmin adaptiv davranış reaksiyalarının neyrohumoral mexanizminin əsasını təşkil edir. Bu tədqiqatlar əsasında 2 doktorluq və 20 namizədlik dissertasiyası müdafiə olunmuşdur.
Abdulla Qarayevə 1943-cü ildə "Azərbaycan SSR Əməkdar elm xadimi" fəxri adı verilmişdir. Həmçinin alim Lenin ordeni, 3 dəfə "Qırmızı əmək bayrağı" ordeni, "Qırmızı ulduz" ordeni və medallarla təltif olunmuşdur.
Abdulla Qarayev 8 dekabr 1968-ci ildə Bakıda vəfat etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.