From Wikipedia, the free encyclopedia
Əsma binti Umeys (ərəb. أسماء بنت عميس الخثعمية; Məkkə – 660, Dəməşq) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. Əsma Həbəşistana, oradan isə Yəsribə (Mədinəyə) hicrət etmişdir. Buna görə də "iki dəfə hicrət edən səhabə" kimi tanınır.
Onun atası Umeys ibn Məad Qəhtan qəbiləsinə daxil olan Bənu Həsam ibn Ənmar tayfasından, anası Hind isə Avf ibn Züheyr əl-Himyarinin qızı idi[2]. Doğulduğu dəqiq tarix məlum deyil, lakin o, əri Cəfər ibn Əbu Taliblə birlikdə İslamı qəbul etmiş və buna görə də ilk müsəlman qadınlardan hesab olunur[3][4]. 615-ci ildə əri ilə birlikdə Efiopiyaya mühacirət etmişdir. O zaman onun üç oğlu var idi: Abdullah, Məhəmməd və Avn.
628-ci ildə digər mühacirlərlə birlikdə Mədinəyə köşür və 629-cu ildə əri Mütə döyüşündə şəhid olur. Daha sonra Əbu Bəkrlə evlənir və 632-ci ildə Məhəmməd adlı bir oğlu doğulur. Sonradan o, saleh xəlifə Əlinin həyat yoldaşı olur və İbn əl-Kəlbinin dediyinə görə, onun bu evlilikdən daha iki oğlu — Yəhya və Avn — dünyaya gəlir. Yəhya körpə ikən vəfat etmiş və Avn haqqında ixtilaf vardır ki, bu da Avn ibn Cəfərlə çaşqınlıqdan yaranmışdır. Onun ölümünün dəqiq tarixi də məlum deyil: bəzi mənbələrdə 658-ci il və 680-ci ildən sonrakı tarixlər qeyd olunur. Başqa məlumatda onun Əli ibn Əbu Talibdən sonrada yaşadığı deyilir.
Əsmanın əhəmiyyəti daha çox onun xəlifə Əlinin ailəsinə münasibətilə bağlıdır: o, Fatimənin gecə vaxtı keçirilən gizli dəfn mərasimində iştirak edən azsaylılardan biri idi. Deyilənə görə o, Fatimə və Əlinin evliliyində də iştirak etmişdir, lakin Əsmanın Efiopiyadan qayıtması və toy tarixini (623) nəzərə alsaq, məlumatın dəqiqliyi çətin görünür[5][6][7]. Bəzi məlumatlara görə, imamlar Muhəmməd əl-Baqir və Cəfər əs-Sadiq də onun haqqında yüksək sözlər demişlər[8][9].
Əsma Peyğəmbərdən hədislər nəql etmiş[10][11][12], öz növbəsində oğlu Abdullah ibn Cəfər, Səid ibn Müseyyab və Urvə ibn əl-Zübeyr ondan hədislər nəql etmişlər. Əl-Yaqubi Əsma binti Umeysin "kitabı"ndan bəhs edir, bu kitab Məhəmməd peyğəmbərin hədislərindən ibarət idi.[13][14]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.