Remove ads

Asiyanın cənubunda yerləşən İran qədim Şərqin inkişaf etmiş ölkələrindən biri olmuşdur. Bu inkişaf mədəniyyətdə də özünü təzahür etdirmişdi. Qədim İran mədəniyyəti öz mənəvi zənginliyi ilə şöhrət tapmışdır. Qədim İran əhalisinin etnik tərkibi müxtəlif idi: buraya elamlılar, kutilər, lullubilər, sular, turukilər, prototürklər və başqaları daxil idi. Ölkənin "İran" adlandırılmasına gəldikdə isə, onun coğrafi anlayış olduğu bir çox müəllifləri də məsələn, Y. Yusifovun "Qədim Şərq tarixi" əsərində qeyd edilir.

Remove ads

Qədim dövrdə İran mədəniyyəti

Qədim İranın zəngin mədəniyyəti incəsənətin müxtəlif sahələrində – ədəbiyyatda, təsviri sənətdə, memarlıqda, həmçinin elmdə, təhsildə əks olunmuşdu. Ədəbiyyatın əsas nümunələri əfsanələrdə, dini rəvayət və hekayətlərdə; təsviri sənət müxtəlif məişət tipli əşyaların bəzədilməsində; memarlıq isə, zərdüşt ideologiyası ilə bağlı məbəd tikililərində təcəssüm tapırdı. Mədəniyyətin əsas faktı olan yazını qazıntılar üzə çıxarmışdı. Bunlar akkad və elam mixi yazılı kitabələrldə olan piktoqrafik yazılar idi. Mədəniyyətin əsas sahəsini təşkil edən elm dünya mədəniyyət xəzinəsinə özünün yaratdığı təqvim sistemi ilə daxil olmuşdur.

B.e.ə. VI–IV əsr İran incəsənəti

B.e.ə. V–IV əsrlərdəki İran incəsənəti, tədqiqatçıların fikrincə, öz sələflərinə nisbətən daha kübar olub, saray mədəniyyətinə daha yaxındır. Bu incəsənətdə qəddarlıq, assuriyalıların sənətinə xas kobudluq yoxdur, bu mədəniyyət daha sakit və rəvandır. Lakin bütün bunlarla yanaşı, mədəniyyətlərdə varislik də mövcuddur. Təsviri incəsənətin başlıca elementləri canlıların – ilk növbədə, qanadlı öküz, şir, şahin quşunun təsvirilə bağlıdır. Hərbçilərin və şirlərin döyüş səhnələrini, zəfərlərini əks etdirən relyeflərin təsviri daha geniş vüsət tapmışdır.

B.e.ə. II əsr Iran mədəniyyəti

B.e.ə. II əsrdə İran da Misir kimi Makedoniyalı İskəndər (356–323) tərəfindən zəbt edilən ellin mədəniyyətinin tərkibinə daxil edilir. İskəndər ölkədəki həyat tərzinin, dünyagörüş sisteminin kökündən dəyişdirilməsini vacib hesab etmir. Hətta özü "Babil şahlığına təyin olunma mərasim" ənənəsinə sadiq qalaraq öz tac qoyma mərasimini şəhərin baş məbədində həyata keçirir. Makedoniyalı İskəndərin ölümündən sonra Qədim Mesopotamiyanın süqutu prosesi başlayır.

III əsr İran mədəniyyəti

III əsrdə İranı Sasanilər sülaləsi idarə etməyə başlayır. Onlar öz kök və mənşələrinin allahdan götürdüklərini sübut etməyə çalışırlar. Bu məqsədlə, müvafiq əmrlərə əsasən hərbçilərin qələbə dolu yürüşlərini əks etdirən səhnələrdən ibarət möhtəşəm relyeflərin təsvirinə geniş yer verilir. Lakin Farslar üçün heç də bütün müharibələr uğurlu deyildi. Sasani İranının bir çox abidələri bu müharibələrin xarabalıqları altında itib batmışdır. Sasani incəsənətindən bizə saray və məbədlərin xarabalıqları, bir sıra qab, xalça və ipək parçaların hissələri qalmışdır. Xalça sənəti isə, bu ölkə incəsənətinin ən möhtəşəm nailiyyəti hesab edilməlidir. Rəvayətə görə Ktesifondakı möhtəşəm Taq-Kəsra sarayının baş zalında döşəməyə salınmış nəhəng xalını bu sarayı zəbt etmiş vəhşi ərəblər bir neçə hissəyə bölərək qənimət kimi 20 min dirhəmə Məkkədə satmışlar. Sarayın divarları freskalarla, gözəllərin, musiqiçilərin, allahların rəsmləri ilə zəngin idi. Sasani İranının dövlət dini zərdüştçülük hesab edilirdi. Dinin belə adlandırılması onun banisi Zərdüştün adı ilə bağlıdır. Zərdüştün tarixi şəxsiyyət olub-olmaması elmi cəhətdən dəqiqləşdirilməyib. Lakin bir çox alimlər onu real şəxs hesab edirlər. Belə fərz olunur ki, Zərdüşt e.ə. XII–X əsrlər arasında yaşamışdır. O öz vətəni olan Şərqi İranda dini fikirləri, təlimi ilə çıxışlar etmişdir. Bu hərəkətlərinə görə hakimlər tərəfindən hücumlara məruz qalaraq ayrı-ayrı yerlərə qaçmış və düşmənlərindən biri tərəfindən qətlə yetirilmişdir. Zərdüştün qanunları qədim abidə hesab edilən "Avesta"da öz əksini tapmışdır. Bu dini abidə özündə müqəddəs ilahi və hüquqi kəlamları, fikirləri birləşdirir. Həmin kitabda dualar, nəğmə və himnlər başlıca elementlər hesab edilir. Avestanın mətni III–VII əsrlərdə Sasanilər dövründə köçürülmüşdür. İran panteonuna işıq, həqiqət və müqavilə allahı Mitra, su ilahəsi Anahit daxil idi. Bu allahlara irandilli tayfalar sitayiş edirdilər. Avestada və əhəmənilər dövründə Ahuramazda (Hörmüzd) qabaqcıl mövqeyə malik idi və baş Allah hesab edilirdi. Avestada həyatın və kainatın yaradılması Ahuramazdanin əməli kimi qiymətlənirilir. Zərdüşt təliminə görə şər ilə xeyir, yalan ilə həqiqət arasında ölüm-dirim mübarizəsi gedir və bu ehkamlar Avestada öz əksini tapır. Avestanın ən qədim hissəsini qatlar (mahnı oxuma) təşkil edir. Bunlar həmin dini abidənin Yasna (dua, ibadət) bölməsində təmsil olunur. Qatlarda Zərdüştün təlimi təmsil olunur. Zərdüşt təlimində təkallahlılıq ideyası irəli sürülərək tərənnüm olunur. Yuxarıda qeyd olunduğu kimi, Zərdüştün təsvirinə görə xeyir və şər dünyanın əvvəlindən mövcud olmuş və onların arasındakı mübarizə daimidir, lakin haqq ifadəçisi olan xeyir şərə həmişə qələbə çalır. Bu ideyanın qayəsindən çıxış edərək zərdüştçülükdə atəşə etiqad və sitayiş qələbə kimi, haqqın qalib gəlməsi və xeyirin təntənəsi kimi çıxış edir. Xeyir — işıq, od anlamında, şər isə, qaranlıq obrazında təcəssüm edilir. Məhz bundan irəli gələrək İranda oda səcdə, sitayiş ayini ilə əlaqədar çoxlu sayda od məbədləri tikilməyə başladı. Məbədlər gümbəz xarakterli zaldan, xüsusi postamentdə qoyulmuş müqəddəs oddan ibarət idi. Bu cür od məbədlərində təbəqələşmə mövcud idi. Sosial statusa əsasən hər kəsin hökmdarlıq dövründə xüsusi odu mövcud idi. Ən məşhur və hamı tərəfindən etiqad edilən od Həqiqət rəmzi olan Bəhramın odu idi. Avestanın Yasna hissəsində maldarlıq təsərrüfatından bəhs edilirdi. Burada Hörmüzd (Ahuramazda) malqaranın yaradıcısı kimi qələmə verilir. Avestanın digər bölməsi "Yaşta" (qurban vermə) adlanır. Burada ayrı-ayrı ilahələrə həsr olunmuş mahnı və himnlər üstünlük təşkil edir. Belələrindən biri Mitra allahıdır. Bu allaha qədim Hind-İran tayfaları həmişə sitayiş etmişlər. Yaştlarda Qayamarta sitayiş etmək də tövsiyə edilir. Bu Hörmüzdün yaratdığı ilk İnsandır. Qeyd edilir ki, Hörmüzdün fikrini ilk dəfə məhz Qayamart oxumuş və dinləmişdi. Yaştlarda Zərdüştün mədhi də başlıca yer tutur. Bu mədhlərin məzmununu Zərdüştün xeyirxah fikir sahibi, ilk kahin, döyüşçü və maldar, Hörmüzdə ilk sitayiş edən köhnə dinlərdən üz döndərən ilk kəs olması təşkil edir. Bu dini abidə boyu Zərdüştün obrazının bəzən mifikləşdirilməsinin də şahidi oluruq. Əsərin başlıca ideyasını aşağıdakı üçlük — gözəl danış, gözəl düşün və gözəl iş gör təşkil edir. Bütün bunların yerinə yetirilməsi isə həqiqi həyat tərzinin ən başlıca şərti olmalıdır. Zərdüştün fikrincə, insanın bu real həyatda gördüyü, etdiyi, dedikləri onun ölümündən sonrakı həyatının davamını, məzmununu təşkil edir. Onun nəzəriyyəsi öyrədir ki, ölümündən 3 gün sonra ruh xüsusi məhkəmə tərəfindən təhlil edilir, gələcək tale haqqında hökm çıxarılır. Hakim din kimi zərdüştlük VII əsrə qədər davam etsə də, ərəb istilasından sonra islam dininin zorla qəbulu zərdüştlüyün sona yetməsinə başlıca səbəb oldu. Lakin bütünlükdə zərdüşt dini və Sasani mədəniyyətinin digər müsəlman mədəniyətlərinə təsirini heç də inkar etmək olmaz. Bu təsir ərəb-müsəlman mədəniyyətində, ərəblər vasitəsilə İspan və digər Qərbi Avropa ölkələri incəsənətində, Çindən Atlantikayadək böyük bir ərazidə duyuldu.

Remove ads

Orta əsrlərdə və müasir dövrdə İran mədəniyyəti

IX – X əsrlərdə ərəblərdən asılı olan İranda knyazlıqlar formalaşmağa başlayır. Orta əsrlər tarixində İran gah Sasani, gah səlcuqlar, gah da monqolların əsarəti altında olmuş, lakin XV əsrdən başlayaraq İslam cərəyanı olan şiə bayrağı altında öz dövlətçiliyini qura bilmişdir. Bu hadisə İranı həm siyasi – iqtisadi, həm də mədəni cəhətdən dirçəldə bildi. Lakin İranın uzun illər ayrı- ayrı yadellilərin tabeliyində olması milli ədəbiyyatın, incəsənətin püxtələşməsinə müəyyən mənada təsir göstərmişdir.

İran ədəbiyyatının görkəmli nümayəndəsi Firdovsi X əsrin ən möhtəşəm ədəbi simalarından biri hesab edilir. Onun "Şahnamə" adlı poema – epopeyası dövrün ən məşhur və gözəl əsərlərindən biri kimi tanınmışdır.

IX əsrdə İran ədəbiyyatında şüübiyyə hərəkatı (fars dilli müsəlmanların İran mədəniyyətinin müdafiəsi məqsədilə təşkil olunan hərəkat) ədəbiyyatın xeyli dərəcədə inkişafına müsbət təsir göstərdi.

Bu dövr İran mədəniyyətinin dünyaya bəxş etdiyi ən böyük töhfə farsdilli poeziyanın formalaşması oldu.

Bu poeziya intim, sevgi dolu hisslərlə zəngin lirikadan ibarətdir. Məhəbbət və sevgi hissləri vasitəsilə dünyanı yaradana- Allaha ehtiramın bildirilməsi sufist sehrindən xəbər verirdi.

Poeziya siyasətə də təsir göstərdi. Hafiz Şirazi yaradıcılığı buna sübutdur. Onun beytləri, şer bəndləri xalqın dilində zərb- məsəl, atalar sözləri kimi əzbərlənirdi. Çünkü bu kəlmələrdə böyük hikmət və məntiq vardır. Xalq belə şairlərə, məs. Sədi Şiraziyə, Ömər Xəyyama ehtiram əlaməti olaraq mavzoley tikmişdir.

Ömər Xəyyam (1048–1122) İran ədəbiyyatının ən görkəmli simalarından biridir. O, həm də alim kimi tanınmışdır. Onun rübailəri fəlsəfi, gedonik, həyəcanlandırıcı məzmun kəsb edir. Onun "cəbr" adlı əsəri, "Varlığın ümumiliyi haqqında" adlı traktatı vardır. Ömər Xəyyam 1074-cü ildə ilk dəfə müasir qriqorian təqvim sisemini irəli sürmüşdür.

İran incəsənətinin bütün dünyada məşhur olan növləri olan miniatur sənəti, kalliqrafik məlumatların bəzədilməsi, kitab örtükləri, mücrülərin bəzədilməsi xüsusi əhəmiyyət kəsb edirdi. Kəşmir örtük və şallarının bəzədilməsi müstəsnalıq təşkil edir.

İran memarları Avropada az məşhur olsalar da, onların yaratdıqları abidələr ölkənin bütün ərazilərinə – İsfahan, Şiraz, Rey, Məşhəd, Təbrizə səpələnmişdir.

İran mərkəzləşdirilmiş dövlət kimi XVI əsrdə bərpa olundu. Bu gün paytaxt olan Tehran şəhərinin yaradılmasında ölkə memarları bütün yaradıcı təxəyyül və əməklərini sərf etmişlər.

Xəttatlıq orta əsr İran incəsənətinin ayrıca qolu kimi inkişaf etmişdi. Belələrindən ən görkəmlisi Mir Əli Təbrizi hesab edilirdi. Xəttatlıqda kufi və nəsh yazı növləri başlıca yer tuturdu. "Kufi" sözü İraqın şəhərlərindən birinin adından götrülmüşdür. Bu yazı ciddi, kələ-kötür cizgilərdən ibarətdir. Daha sonralar kufi yazılar monumental abidələr üzərində də yazıldı.

Nəsh yazı üslubu daha geniş vüsət tapmışdır. Bu yazı üslubundan gündəlik işlərdə istifadə olunurdu. Başlıca yer mürəkkəbin rənginə verilirdi, çünki rəng yazılan mətnin əhval- ruhiyyəsini yaratmalı və səlis, aydın olmalı idi.

Orta əsrlər İran musiqisi müsəlman Şərqinin musiqi mədəniyyətinin tərkib hissəsini təşkil etdiyindən bu ölkənin musiqi aləmindəki xüsusiyyətlər ümumilik təşkil edirdi. İran musiqisinə qədim yunan melodiyaları əhəmiyyətli dərəcədə təsir göstərmişdi. Musiqi alətləri fərdi şəkildə istifadə olunurdu (tütək, gitara, rübab, zurna, balaban). Bəzən bu alətlər ansambl şəklində birləşirdi.

Teatr İranda incəsənət növü kimi İslamdan əvvəl mövcud olmuşdur. Orta əsrlərdə jonqlyorlardan ibarət bazugərlər, pantomima, kölgə və kukla teatrları, maska teatrları, teatrlaşdırılmış mərasimlər İranda ilk teatr formaları idi.

Şiələr arasında dini misteriyalar olan təziyələr ("ağlaşma") Kərbəlada (İraq) 680-ci il oktyabrın 10-da Məhəmməd Peyğəmbər Əleyhisəlamın nəvəsi İmam Hüseynin ölümünə həsr olunurdu. Bu misteriya bir sıra məqamlarla müşayiət olunurdu: mollanın duası, oğlanlar xoru, aktyorların şəhidin şərəfinə özlərini döymələri, bunun ardınca isə, İmam Hüseynin ölüm səhnələri müşayiət olunurdu. Bütün bu səhnələr öz emosionallığı ilə seçilirdi.

Müasir İran mədəniyyəti dünyada baş verən mədəni dəyişikliklərlə daim əlaqədə olmuş və onların əhəmiyyətli təsirini yaratmışdır. Əgər 1930-cu ilə qədər bu ölkədə küçə aktyorlarnın teatrları üstünlük təşkil edirdisə, artıq 30-cu illərdən sonra müasir tipli teatrlar formalaşmağa başlayır. Uzun illər teatr tamaşalarında qadın rollarını kişi aktyorlar ifa edirdi.

İlk film İranda 1930-cu ildə çəkilmişdi. XX əsrin ortalarında İranın kino istehsalı geniş və rəngarəng sujetli tarixi, mifoloji, musiqili, melodramatik, həmçinin dini- didaktik məzmun kəsb etməyə başladı. 1979-cu ildəki İslam İnqilabından sonra İran kinosunun dünya səviyyəsində əvvəlki şöhrəti zəiflədi. Lakin kino tənqidçilərinin nöqteyi-nəzərincə İran kinosu incə psixologizmi, humanizmi ilə sufist əhval– ruhiyyəsini saxlamaqla dünya kinofestivallarında diqqəti cəlb edir. Digər şərq filmlərindən fərqli olaraq İran filmlərində İtalyan neorealizminin ənənələri hiss edilməkdədir. Xüsusilə, A. Tarkovskinin yaradıcılığına bu ölkə kinoşünaslarının çox böyük ehtiram və hörməti vardır. İran hökuməti kinemotoqrafların üzərinə çox böyük və şərəfli vəzifə qoyur ki, bu da ölkənin, cəmiyyətin nöqsanlarının üzə çıxarılması və aradan qaldırılmasında, şəxsiyyətin mənəviyyatının formalaşdırılmasında yaxından iştırak etməkdir.

Müasir gündə Fars körfəzində neftdən əldə edilən gəlir İranda, həmçinin dəbdəbəli saray, bina, yaşayış yerlərinin, qəsəbələrin, mədəniyyət ocaqlarının inşasına əsaslı kömək edir. Xüsusilə, memarlıqda İslam mərkəzlərinin, məscidlərin, kitabxana və digər mədəni mərkəzlərin tikintisinə geniş yer verilir.

Müasir İranda hakimiyyət və dövlətin dini zəmində qurulmasına, mədəniyyət və incəsənətin bəzi sahə və istiqamətlərində qadağa və məhdudiyyətlər qoymasına baxmayaraq bu ölkənin mədəniyyəti öz axarı ilə inkişaf edir və təkmilləşir.

Remove ads

Mənbə

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.

Remove ads