From Wikipedia, the free encyclopedia
Çömçəxatun və ya Çömçəgəlin (türk. Çümçe gelin) — Azərbaycan və Anadolu türklərində mifoloji qəhrəman. Bu qəhrəmanla bağlı olaraq Azərbaycanda ən çox yağış yağmayanda, bayramqabağı günlərdə, eləcə də digər vaxtlarda əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim mərasim tipli oyun vardır.
Çömçəxatun az.-əski. چؤمچه خاتون türk. Çümçe gelin | |
---|---|
Yaşı | 14-15 (insan formasında) |
Növü |
İnsan Dönərgə (ağac) İyə (ruh) |
Sehrli gücləri |
Havaya təsir etmə, qut (müqəddəs enerji), şəklini dəyişmə (dönərgəlik) |
Təmsilçiləri |
|
Mərasiminin yayıldığı xalqlar |
Azərbaycanlılar Anadolu türkləri |
Məlumat | |
Peşə | Yağış iyəsi |
Əlaqələri | Yağış tanrısı (qurban getdiyi tanrı) |
Gözəl və mömin bir qız olan Çömçəxatunun hörməti Allah qatında hamıdan üstün idi. Ona qut verilmişdi və Allahdan nə istəsə gerçək olurdu.[1]
Quraqlıq ilində bütün heyvanlar kəsilib, insanlar qırılmaq mərhələsinə çatanda bir təpəyə çıxır, üzünü göyə tutub yağış üçün dua edir. Allah onun duasını eşidib yağış yağdırır. Ancaq Çömçəxatun yağışın altından getmir, axırda çox islanır və yamyaşıl bir ağaca çevrilir. Bu hadisədən sonra Çömçəxatun xalq arasında müqəddəs hesab edilir və il quraq keçəndə onun adına mərasimlər təşkil edilir.[1][i 1]
Bu oyunda çömçəgəzdirən gənclər arasından seçilir. O, tanınmamaq üçün köhnə paltar geyinir, xurcununa yaşıl ot və güllərlə bəzədilmiş taxta çömçə qoyur və ata minir. Bütün kəndi gəzib evlərdən pay istəyir. Getdiyi evlərdə hamı onun çömçəsinə su tökür, çantasına düyü-buğda qoyur. Evlərdən yığılan su ağacların altına tökülür, düyü kasıblara verilir, buğda isə quşlara səpilir. Mərasim bitdikdən sonra bolluq və bərəkət rəmzi olan barlı ağaca çömçə asılır.[1]
Naxçıvanın Culfa rayonunun kəndlərində yağışı çağırmaq üçün Çömçəxatun mərasimi keçirilir. 14–15 yaşlı qız uşağının tanınmaması üçün üzü boyanır, köhnə paltar geyindirilir, əlinə boş çömçə verilib ata mindirilir. Qız ata mindirildikdən sonra onun əlinə xəmir sürtülür. Bəzəkli qız xalq arasında "Çömçəxatun" kimi tanınır. Bir adam atın üstündə olan "Çömçəxatun"a rəhbərlik edir. "Çömçəxatun" at belində bütün kəndi gəzir, əllərindəki xəmiri yumaq üçün evlərdən su istəyir, yağış üçün dua edir. Getdiyi evlərdə hamı onun qabına su tökür, uşaqlar da onları müşayiət edir. "Çömçəxatun" yoldaşları ilə əkin sahələrini, bulaqları, çeşmələri gəzib yağış duasını edir və mahnısını oxuyur. Mərasim kəndi gəzib qurtardıqdan sonra başa çatır. Qazana tökülən su ilə qız əlinin xəmirini və atının başını yuyur.[1]
Bu oyun Azərbaycanın bölgələrində, xüsusən Naxçıvan və Lənkəran əkinçiləri tərəfindən "çömçəxatun gəzdirmək" adı ilə icra olunardı. Naxçıvanın Ordubad bölgəsində yağış çağırmaq üçün çömçəni yaşlı qadınlardan biri gəzdirərdi.[2]
Azərbaycanda yağışın qarşısını almaq üçün Çömçəxatun oyuncağı hazırlanır və uşaqlar onu qapı-qapı gəzdirir, ancaq xatunun geyindiyi paltarlar qırmızıdır və üzərinə su əvəzinə kül atılır.[3]
Çömçəxatun mifində verilən verilən qız qurban, onun dua etdiyi Allah isə yağış tanrısıdır. Tanrı yağış yağdırır, qız isə ona qurban gedir.[4]
Çömçəxatun mərasiminin sonunda suyun ağacın altına tökülməsi və çömçənin ağacdan asılması bu obrazın su və ağac kultları ilə bağlılığı ilə əlaqədardır. Bu mərasimlər göstərir ki, göllərin, çayların sahibi (əyəsi) olduğu kimi yağışın da əyəsi var. Onun qadın şəklində təsəvvür edilən Çömçəxatun olduğunu düşünmək olar. Çünki su ilə bağlı əyələr, su pəriləri, məleykələr qadın şəklində təsəvvür edilir.[4]
Çömçəxatun Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestrində "Çömçəgəlin" adı ilə qeydiyyata alınmışdır.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.