Yom Kippur müharibəsi
From Wikipedia, the free encyclopedia
Yom Kippur müharibəsi və ya digər adları ilə Ramazan müharibəsi, Oktyabr müharibəsi (ivr. מלחמת יום הכיפורים, Milẖemet Yom HaKipurim, və ya מלחמת יום כיפור, Milẖemet Yom Kipur; ərəb. حرب أكتوبر, Ḥarb ʾUktōbar, və ya حرب تشرين, Ḥarb Tišrīn) Misir və Suriyanın başçılığı altındakı Ərəb dövlətlərindən ibarət koalisiya ilə İsrail arasında 6–25 oktyabr 1973-cü il tarixləri arasında baş vermiş döyüşlərə verilən addır. Bəzi ədəbiyyatlarda 1973 Ərəb-İsrail müharibəsi də adlandırılır. Döyüşlər ən çox 1967-ci ildə baş vermiş Altıgünlük müharibə ərzində İsrail tərəfindən ələ keçirilmiş ərazilərdə, Sinay yarımadasında və Qolan təpələrində baş tutmuşdur. Müharibənin baş verməsinin əsas səbəblərindən biri də Misir prezidenti Ənvər Sadatın Süveyş kanalını yenidən açmağa cəhd etməsi olmuşdur.
Yom Kippur müharibəsi | |||
---|---|---|---|
Ərəb-İsrail müharibələri və Soyuq müharibə | |||
Tarix | 6-25 oktyabr 1973-cü il | ||
Yeri | Süveyş kanalının hər iki sahili, Qolan təpələri və ətraf ərazilər | ||
Nəticəsi | |||
Ərazi dəyişikliyi |
Misir Ordusu Süveyş kanalının şərq hissəsini ələ keçirdi;[6] İsrail Ordusu Süveyş kanalının cənub-qərb hissəsində 1600 km² ərazini ələ keçirdi və Misirin paytaxtı Qahirə şəhərinin 100 km məsafəsinə qədər yaxınlaşdı; İsrail Ordusu Suriya ərazisinin 500 km²-lik ərazisini ələ keçirdi və Suriyanın paytaxtı Dəməşq şəhərinin təqribən 32 km məsafəsinə qədər yaxınlaşdı.[7] |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Müharibə 6 oktyabr tarixində yəhudi xalqı üçün ən müqəddəs gün sayılan Yom-Küpür günü Ərəb koalisiyası tərəfindən İsrail mövqelərinə gözlənilən hücumla başladı. Misir və Suriya qoşunları gözlənilməz hücum nəticəsində atəşkəs xəttini keçərək Sinay yarımadası və Qolan təpələrinə daxil oldular. ABŞ və SSRİ müharibəni kəskin şəkildə pisləsə də, hər iki dövlət müharibə ərzində qarşı cəbhələrdə mövqe tutdular ki, bu da nüvə silahına malik iki dövləti qarşı-qarşıya qoydu.[17]
Misir qoşunları uğurlu hücum əməliyyatı nəticəsində Sinay yarımadasına daxil olsa da, İsrail tərəfi öz qoşunlarını üç gün ərzində toplayaraq əks-hücuma keçdi və hücumda olan Misir qüvvələrini geri çəkilməyə məcbur etdi. Suriyalıların məqsədi isə Altıgünlük müharibə ərzində itirilmiş Qolan təpələrini yenidən ələ keçirmək və mümkün olduqca İsrailin nəzarətində olan ərazilərə daxil olmaq idi. Lakin, müharibə başladıqdan cəmi üç gün sonra İsrail Silahlı Qüvvələrinin cavab həmləsi nəticəsində Suriya qoşunları əvvəlki mövqelərinə geri çəkilməyə məcbur oldular. İsrail Silahlı Qüvvələri rəqibi geri çəkilməyə məcbur etdikdən sonra, dördgünlük əks-hücum əməliyyatına başladılar və Suriya ərazisinə daxil oldular. Bir həftə ərzində İsrail artilleriyası artıq Dəməşq şəhərinin yaxınlığını atəşə tutmağa başlamışdı və buna görə Misir prezidenti Ənvər Sadat öz əsas müttəfiqinin ərazi bütövlüyü barədə narahat olmağa başlamışdı. O, belə düşünürdü ki, Sinay yarımadasının dərinliklərində yerləşən iki strateji dağ keçidinin ələ keçirilməsi ona müharibədən sonrakı danışıqlarda güclü mövqe tutmağa imkan verəcək. Buna baxmayaraq, İsrail Ordusu Sinay istiqamətində əks-hücuma başladı. Onlar iki Misir ordusunun arasına keçərək, cənub və qərb istiqamətində irəlilədikdən sonra Misir ərazisinə daxil olmuş və Süveyş şəhərinə yaxınlaşmışdı. Bu istiqamətdə gedən döyüşlərdə hər iki tərəf ağır itkilərə məruz qalmışdı.[18][19]
Oktyabrın 22-də BMT-nin vasitəçiliyi ilə atəşkəs bərpa olunsa da, hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham edirdi. İsrail 24 oktyabra qədər öz mövqelərini bir qədər də yaxşılaşdırdı və Misir 3-cü Ordusunun, həmçinin Süveyş şəhərinin mühasirəsini tamamladı. Hadisələrin bu cür inkişafı ABŞ və SSRİ arasında gərginliyin daha da artmasına gətirib çıxarırdı. Nəticədə, 25 oktyabrda ikinci dəfə atəşkəs razılığı əldə olundu və müharibə başa çatdı.