From Wikipedia, the free encyclopedia
Yaponiyada feminizm hərəkatının başlanğıcı Meyci dövrünə gedib çıxır.
1868-ci ildə Yaponiyada baş verən Meyci islahatlarından sonra hökumət Qərb dünyasından bir çox sistem, fikir və ideyanı mənimsəməyə başlamışdır. Eyni zamanda hökumət yeni dövlətə xidmət edəcək vətəndaşları yetişdirməyin yollarını kəşf etmək istəyirdi. 1870-80-ci illərdən başlayaraq aralarında müəyyən sayda qadınlar olmaqla bəzi yaponlar Qərb dünyasında inkişaf etmiş hüquq mühazirələri əsasında ictimai fikirlərini bildirməyə çalışmışdılar. Qadın hüquqları uğrunda edilən ilk tələblər Xalqın hüquqları hərəkatının bir parçasını təşkil edirdi. Qadın hüquqlarını tələb edən ilk qadın isə Kusunose Kita idi. Dul qalmış və ev başçısı olan 45 yaşlı bu qadın 1878-ci ildə petisiya yazaraq seçkilərdə iştirak etmək istədiyini bildirmişdi. Həmin dövrdə bu hüquq kişilərə məxsus idi. Hüquq müdafiəçiləri onu hələ də "İnsan hüquqlarının nənəsi" adlandırsalar da, cəhdi uğursuz olmuşdu. Buna baxmayaraq, qadınların kişi-qadın bərabərliyi və qadın hüquqları uğrunda tələbləri daha da güclənmişdir.[1]
Xalqın hüquqları hərəkatından narahat olan hökumət 1875-ci ildə mətbuata senzura gətirən qanunlar qəbul etmişdir. Şifahi ifadələr də Meyci dövrünün ilk onilliklərində qadağan idi. 1883-cü ildə feminist natiq və Xalq hüquqları hərəkatının üzvü Kişida Toşiko ictimai yerdə qadın hüquqlarını tələb etdiyi üçün həbs olunmuşdur. Kişidanın bu hərəkəti Yaponiyadakı bütün qadınlara ilham vermişdi. Minlərlə qadın cəmiyyət və ailədə qadın bərabərliyinin sivilizasiyanın göstəricisi olduğu və Yaponiyanı beynəlxalq arenada yaxşı göstərəcəyi barədə fikirlərini mənimsəmişdi. Həbsdən sonra Kişida ictimai çıxışlardan imtina edərək "Jogaku" feminist jurnalında esselər yazmağa başlamışdır. Kişidadan təsirlənənlərdən biri Fukuda Hideko idi. Fukuda qadın hüquqları dinləyiciləri üçün bir qadın təşkilatı yaratsa da, hökumət onun və anasının qurduğu məktəbi bağlamışdır. XX əsrin əvvəllərində Fukuda antimüharibəçilər və sosialistlərlə birlikdə çalışmış və 1907-ci ildə "Sekai fujin" adlı feminist qəzetini qurmuşdur.[1]
Yaponiyanın 1889-cu ildə qəbul edilən yeni konstitusiyası insan hüquqlarının qanunla məhdudlaşdırılmasını şərtləndirmişdi. Hökumət tezliklə bu cür məhdudiyyətləri tətbiq etməyə başlamışdı. 1890-cı ildə qadınların siyasi partiyalara və siyasi seçkilərə qatılmaları, eləcə də, toplaşmaq və çıxış etmək azadlıqları qadağan olunmuşdur. Bu qadağa 1900-cu ildə "İctimai asayiş polisi qanunu" altında yenidən qüvvəyə minmişdir. Bu qanunun xüsusilə 5-ci maddəsi qadın hüquqlarına məhdudiyyətlər qoyurdu və növbəti 20 il ərzində qadın aktivizminin əsas mövzusu olmuşdur. 1890-cı illərin sonundan etibarən isə qadın hüquqları Yaponiyanın ailə məcəlləsi ilə daha da məhdudlanmışdı. Bu məcəllə evin (ie) bütün üzvlərinin ev başçısına (kişiyə) tabe olduğunu göstərirdi.[2]
Qadın hüquqlarının müdafiəçiləri hüquqlar barədə leqal məhdudiyyətlərdən narazı idilər. Romançı Şimizu Tyoka 1890-cı ildə "Jogaku" jurnalı üçün yazdığı "Göz yaşları içində olan sevimli bacıma" məqaləsində bu məsələyə toxunmuşdur. 1886-cı ildə qurulmuş Yaponiya Qadınlarının Xristian Mötədillik Birliyi (YQXMB) də bu qeyri-bərabərlikdən narahat idi. YQXMB sosial və əxlaqi reformlar aparmağa çalışır, lisenziyalı fahişəlik və konkubinaya qarşı mübarizə aparırdı. Yaponiyada qanun kişilərə ancaq bir qadınla olmağa icazə versə də, çoxunun başqa qadınları var idi və hətta 1898-ci ildə qəbul edilmiş ailə məcəlləsinə qədər həmin qadınların ailədə leqal statusu mövcud idi. Bu hərəkatlar qanunlar çərçivəsində idi.[1]
Qadın hüquqlarının müdafiəçiləri arasında müharibə əleyhdarları və sosialistlər də var idi. Rus-yapon müharibəsinə qarşı olan sosialist və xristian təşkilatına mənsub bir qadın qrupu 1907-ci ildə parlamentə yazaraq 5-ci maddənin gözdən keçirilməsini tələb etmişdirlər. Onlar uğursuz olsalar da, fəaliyyətləri Fukuda Hidekonun "Sekai fujin" qəzetində yayımlanırdı. Rus-yapon müharibəsinə qarşı olan digər vacib feminist isə Yosano Akiko idi. Yosano ölkənin aparıcı ədəbi fiqurlarından hesab olunurdu. Lakin İkinci dünya müharibəsinə qədər keçən vaxtda onun baxışları dəyişmiş və Yaponiya miltarizmini dəstəkləməyə başlamışdır.[2]
1910-1930-cu illərdə Yaponiya qadınları üçün yeni dövr başlamışdır. 1910-cu illərdə onlar özlərini Yeni qadınlar adlandırırlar. 1920-ci illərdə isə Müasir qız (modan garu və ya qısa moqa). adlı yeni müasir qadın tipi ortaya çıxmışdır.
Yeni qadınlar ilk dəfə 1911-ci ildə Henrik İbsenin "Kukla evi" əsərinin baş qəhrəmanı olan Nora formasında ortaya çıxmışdır. Qərbdə olduğu kimi İbsenin bu pyesi Yeni qadınlar üçün ilham vermişdi. 1911-ci ildə Hiratsuka Rayşo "Göy corablılar" adlı qadın təşkilatı və təşkilatın "Seito" adlı jurnalını qurmuşdur. Hiratsukanın "Feminist manifesti" jurnalın birinci buraxılışında peyda olmuşdur. Göy corablıların tənqidçiləri Hiratsuka və həmkarlarını "yapon Noralar" adlandırırdılar.
1911-16-cı illərdə "Seito" jurnalı namus, abort, fahişəlik kimi mövzularda məqalələr dərc etdirmişdir və həmin dövrdə cəmiyyətdə qadınlarla bağlı mübahisəli hesab olunan suallara cavab verməyə çalışmışdır. Göy corablılara rəqib olan digər qadın təşkilatı Əsl Yeni Qadınlar Assosiasiyası (Şinşinfucinkay) idi. Hər iki təşkilat da Yeni qadınlar titulu üçün iddia irəli sürürdü.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.