From Wikipedia, the free encyclopedia
Yaponiyada antisemitizm (日本における反ユダヤ主義, Nihon ni aru hanyudayaşuqi?) ilk dəfə XX əsrin birinci yarısında yayılmağa başlamışdır. İkinci dünya müharibəsində Yaponiyada antisemitik təbliğatlar aparılsa da, Yaponiya qeyri-monoteist ölkə olduğu üçün və böyük yəhudi icmasına malik olmadığı üçün bu idealogiya heç vaxt geniş yayılmamışdır.[1]
Yapon–yəhudi münasibətləri XIX əsrin ikinci yarısında başlamışdır.[1] Yaponiyada yəhudilər haqqında ilk mənfi ideyalar 1877-ci ildə Vilyam Şekspirin "Venesiya taciri" əsərinin tərcüməsi ilə yaranmışdır.[1]
Yaponiyaya antisemitizmi 1918–22-ci illərdə Sibirdə döyüşmüş və Ağ qüvvələrlə əlaqələr yaratmış yapon əsgərlər gətirmişdir.[1] 1920-ci illərdə Yaponiyada sağçılar yəhudiləri təsvir edərkən "yəhudi təhlükəsi", "kommunizmin səbəbkarları", "dünyanı idarə etmək konspirasiyası" kimi ifadələrdən istifadə etməyə başlamışdırlar.[1] Buna baxmayaraq, liberal alim Sakuzo Yoşino və başqa yazıçılar antisemitizmi tənqid etmiş, hətta bəziləri yaponlarla yəhudilərin qohumluq nəzəriyyəsini təbliğ etmişdirlər.[1] Fələstində olmuş, sionist liderlərlə görüşmüş polkovnik Norihiro Yasue və donanma kapitanı Koreşiqe İnuzuka antisemitik olsalar da, Yaponiyanın maraqları uğrunda yəhudilərlə əməkdaşlıq etməyə razı idilər.[1] 1920–30-cu illərdə Yaponiya tərəfindən işğal edilmiş Mancuriya və Çin ərazilərində antisemitizm Ağ rus faşistləri tərəfindən təbliğ olunurdu.[1] Onlar "Our Way" qəzetində idealogiyalarını yayırdılar və bir çox varlı yəhudini qaçırıb öldürürdülər.[1]
1930-cu illərdə Yaponiyada antisemitizm Nasist Almaniyasından təsirlənmişdir.[1] Xüsusilə, 1936-cı ildə imzalanmış Antikomintern paktının bu məsələdə böyük rolu olmuşdur.[1] Adolf Hitlerin "Mənim mübarizəm" əsərinin yapon dilinə tərcümə olunmasından sonra antisemitizm antiqərbçilik və antikommunizm hərəkatının bir hissəsinə çevrilmişdir.[1] Masonluq, Rotari İnterneşnl, Çarli Çaplin, caz və pornoqrafiya yəhudi konspirasiyanın vasitələri elan olunmuşdur.[1] Beynəlxalq Siyasi və İqtisadi Assosiasiya və onun "Yudaya Kenkyu" adlı mətbu orqanı əsas antisemitik alətlər olmuşdur.[1] Leytenant-general Nobutaka Şioden bu dövrün ən əhəmiyyətli antisemitik aktivisti idi.[1] Dövrün digər antisemitik şəxslərinə siyasətçi Nobusuke Kişi, ultrasağçı Ryoiçi Sasakava, jurnalist Tokutomi Soho və diplomat Toşio Şiratori daxil idi.[2]
Bütün bunlara baxmayaraq, antisemitizm Yaponiya hökumətinin müharibə siyasətinin parçası olmamışdır.[2] Yaponiya hökuməti yəhudilərin ölkədə məskunlaşmasına icazə vermiş, nasistlərin deportasiya tələblərini qəbul etməmişdir.[2]
Müharibədən sonra Yaponiyada antisemitizm öz aktuallığını itirmişdir.[2] 1980-ci illərdə Yaponiyada yəhudilər haqqında kitabların sayında partlayış baş vermişdir.[2] Böyük hissəsi antisemitik olan bu kitablar müharibədən öncəki nəşrlərin təkrar versiyaları idi və "Sion müdriklərinin protokolları", masonluqla ABŞ-ni idarə etmək və müasir yəhudi konspirasiyaları kimi mövzulara həsr olunmuşdu.[2]
1980-ci illərin əsas antisemitik şəxslərinə şintoist keşişi Motohisa Yamakaqe, jurnalist Qo Akama və müəllim Masami Uno daxil idi.[2] Masaminin üzv olduğu Orta Şərq Problemləri üzrə Tədqiqat İnstitutu və Ribaçi Tədqiqat İnstitutu yəhudilər haqqında 9 kitablıq seriya hazırlamış, eləcə də, "Enoch" adlı antisemitik jurnal nəşr etdirmişdir.[2] Bu dövrün antisemitikləri yəhudiləri İsrail vasitəsilə dünyanı ələ keçirmək, Cənubi Koreya iqtisadiyyatı və yen vasitəsilə Yaponiya iqtisadiyyatını məhv etmək və Almaniyanın birləşməsinin qabağını almaqla ittiham etmişdirlər.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.