From Wikipedia, the free encyclopedia
Xuraman Abdulla qızı Hacıyeva (7 mart 1945, Bakı – 15 fevral 2005, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (1999).
Xuraman Hacıyeva 7 mart 1945-ci ildə Ucar rayonunun Müsüslü kəndində doğulub. Orta məktəbdən dram dərnəklərində iştirak edib. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olub. İkinci kursda oxuyanda "Arşın mal alan" bədii filmində Asya roluna çəkilib. 1966-cı ildə təhsilini yarımçıq qoyaraq Gəncəyə gedib və buradakı DDT-də aktrisa işləməyə başlayıb. Gəncədəki Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirib. Gəncə teatrında maraqlı rollar qalereyası yaradıb. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Bir müddət Naxçıvan DMDT-də aktrisalıq edərək (1998-2001) və maraqlı rollar yaradaraq yenidən GTT-yə qayıdıb. GTT-də oynadığı Ceyran ("Yolda", Hüseyn Arif), Qızılgül ("Aycan", Xanımana Əlibəyli), Rəna ("Təzə şagird", Qılman İlkin), Eyzəngül ("Şirinbala bal yığır", Salam Qədirzadə), Gülsüm ("Yadındamı?", Altay Məmmədov), Gülzar ("Tamahkar", Süleyman Sani Axundov), Cemma ("Ovod", Etel Lilian Voyniç), Humay, Ceyran ("Komsomol poeması" və "Çaloyna", İsgəndər Coşqun), Firəngiz ("Məhəbbət novellası", Şamil Xurşud və Əşrəf Hacıyev), Yetər ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Mərcan, Şirin ("Mənim nəğməkar bibim" və "Yazığam, sevmə məni", Əkrəm Əylisli), Cəvahir xanım, Nəzakət ("Büllur sarayda" və "Sən həmişə mənimləsən", İlyas Əfəndiyev), Səkinə ("Ərizə", Əli Əmirli), Zərnigar ("Sınaq pillələri", Ramiz Heydər), Nərgiz ("Bir sahilin adamları", Xalidə Hasilova), Pəri ("Kiçik təpə", Nəbi Xəzri), Sona xanım ("Qonşu qonşu olsa...", Rəşid bəy Əfəndiyev) səhnə obrazları aktrisanın yaradıcılıq nailiyyətləri sayılır.
Teatrdakı fəaliyyətinə görə Azərbaycan Respublikasının əməkdar artisti (9 fevral 1979) və xalq artisti (9 oktyabr 1999) fəxri adlarına layiq görülüb.
15 fevral 2005-ci ildə Bakıda qəflətən vəfat etmiş və Ucar rayonunda dəfn olunmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.