From Wikipedia, the free encyclopedia
Xalça məmulatları — xovsuz və xovlu xalça texnologiyasının köməyi ilə hazırlanan məişət əşyaları.
Azərbaycanda xovlu və xovsuz xalçalarla yanaşı hələ qədim zamanlardan etibarən məişətdə istifadə etmək üçün müxtəlif xalça məmulatları da istehsal olunurdu. Bir çox hallarda xalça məmulatları əvvəlcə müxtəlif növ xovsuz xalça texnologiyasının köməyi ilə, daha sonra inkişaf etdikcə xovlu xalça texnologiyasının köməyi ilə istehsal olunurdu. Ümumiyyətlə, xalçaçılıq sənətinin inkişafı baxımından xalça məmulatlarının hər biri sadədən mürəkkəbə doğru ayrı-ayrı inkişaf mərəhələsini keçmiş və xovlu xalçalara nisbətən daha əvvəlki dövrə təsadüf edir. Xalça məmulatlarının istehsalında yun, pambıq, ipək saplarla yanaşı qamış çubuğundan eləcə də quru ağac budaqlarından da istifadə edilmişdir.
Hələ qədim zamanlardan xovsuz xalça texnologiyasının köməyi ilə Azərbaycanda müxtəlif məişət məmulatları hazırlanırdı.[1] Vaxt ötdükcə məişət şəraitini yaxşılaşdırmaq üçün xalça məmulatları istehsalı hər zaman inkişaf etmiş və təkmilləşmişdir.
Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu – I minilliyin əvvəllərində) məşğul olmuşlar. Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzədilmiş at fiqurunun (e.ə. II minillik) üzərində gül-çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsindən aşkar edilmiş qızıl camın (e. ə. I minillik) səthində üstünə çul salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalça sənətinin nə qədər qədim tarixə malik olduğunu göstərir.[2]
Mərfəş, xurcun, heybə, taxtüstü, yəhərüstü, duz qabı, çul, örkən, çömçədan, sicim, yun corablar, pərdələr və s. kimi xalça məmulatlarının bir çoxu hal-hazırda da bəzi şəhər və kəndlərimizdə istehsal olunur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.