Hüquq konsepti From Wikipedia, the free encyclopedia
Unudulmaq hüququ — Avropa İttifaqında və 2006-cı ildən Argentinada tətbiq edilən konsepsiya.[1][2] Müvafiq məsələnin gündəmə gəlməsi insanların "keçmişdə etdikləri hər hansı xüsusi hərəkətə və ya fəaliyyətə görə bütün ömrü boyu və ya zaman-zaman damğalanmadan, qınaq obyektinə çevrilmədən müstəqil şəkildə özünü inkişaf etdirmək və həyatına davam etmək" istəklərindən irəli gəlirdi.[3]:231
Unudulmaq hüququna beynəlxalq insan hüquqları statusu verilməsinin praktikliyi ilə bağlı çoxsaylı mübahisələr mövcuddur: bu, bir tərəfdən informasiyaya çatımlılıq ilə bağlıdırsa, qismən də belə bir hüququn tətbiq edilməsi ilə əlaqədar hazırkı tənzimləmənin qeyri-müəyyənliyi ilə izah edilir.[4] Bundan əlavə, qeyd edilən hüququn ifadə azadlığına təsiri, şəxsi həyata hörmət hüququ ilə əlaqəsi, eləcə də unudulmaq hüququnun yaradılmasının senzura və neqasionizm vasitəsilə internetin keyfiyyətini azaldıb-azaltmayacağı ilə bağlı narahatlıq yaradan suallar mövcuddur.[5] Unudulmaq hüququnun tərəfdarları onun əhəmiyyətini bir sıra məsələlərlə əsaslandırırlar: məsələn, axtarış sistemində şəxsin adı üzrə axtarış edərkən pornoqisas saytlarının aşkarlanması; eləcə də şəxsin keçmişdə törətdiyi böyük ictimai təhlükə törətməyən cinayətlərlə bağlı məlumatların üzə çıxması və s. Əsas narahatlıq yaradan məsələ, silinmədiyi təqdirdə həmin məlumatların şəxsin onlayn nüfuzuna qeyri-müəyyən müddətə potensial olaraq təsir etmək ehtimalının olmasıdır.
Avropada məlumatların mühafizəsi üzrə qanunvericilik fərdlər barədə şəxsi məlumatların potensial zərərdən müdafiəsi məqsədi daşıyır. "Unudulmaq hüququ" anlayışı Avropada daha əvvəl mövcud olan çoxsaylı fikirlərdən qaynaqlanır. Birləşmiş Krallıqda uzun müddət, xüsusilə də Cinayətkarların Reabilitasiyası haqqında qanunvericilikdə belə bir müddəa mövcud olmuşdur ki, müəyyən vaxtdan sonra cinayətə görə ittihamlar "ödənilmiş" olur; bu da o deməkdir ki, ittiham edilənlər haqqında məlumatlar onlar sığorta olunarkən və ya iş axtararkən nəzərə alınmamalıdır. Eynilə Fransada bu hüquqa (fr. le droit à l'oubli — unudulmaq hüququ)[6] diqqət yetirilir və 2010-cu ildə Fransa qanunvericiliyində təsbit edilmişdir.[7] ABŞ-da və Avropa ölkələrində unudulmaq hüququna yanaşma tamamilə fərqlidir. ABŞ-da şəffaflıq, Birinci Düzəlişə əsasən söz azadlığı və məlumat əldə etmək hüququ adətən şəxslər və korporasiyalarla bağlı həqiqətə uyğun şəkildə yayımlanan məlumatların yox edilməsindən üstün tutulmuşdur. Termin olaraq "unudulmaq hüququ" demək olar ki, tamamilə yeni ideyadır. Avropa Ədalət Məhkəməsi, Costeha işində Google-a qarşı qərar çıxararkən "unudulmaq hüququ"nun insan hüquqlarından biri olduğunu qanuni olaraq təsdiqləmişdir.
1995-ci ildə fərdi məlumatların tənzimlənməsi sahəsində Avropa İttifaqı tərəfindən Məlumatların Mühafizəsinə dair Direktiv (Direktiv 95/46/EC) qəbul edilmişdir.[8] Direktiv hazırda beynəlxalq insan hüquqları hüququnun tərkib hissəsi hesab edilir.[9] Son zamanlarda Avropa miqyasında irəli sürülmüş Məlumatların Ümumi Mühafizəsinə dair Nizamnamə mühafizəni təmin edir və qəzetlər və digər jurnalistika fəaliyyətləri kimi "media" şirkəti siyahısına daxil edilə bilən şirkətlər üçün istisnalar müəyyən edir. Lakin Google məqsədyönlü şəkildə "media" şirkəti kimi təsnif edilməkdən imtina etmişdi, buna görə də şirkət qorunma ilə təmin edilmir. Avropa İttifaqındakı hakimlər müəyyən etmişdilər ki, beynəlxalq korporasiya olan Google məlumat toplayıcısı və emalçısı olduğundan, Aİ məlumatların mühafizəsi direktivində qeyd edilən mənada "məlumat nəzarətçisi" kimi təsnif edilməlidir. Bu "məlumat nəzarətçiləri"ndən Aİ qanunvericiliyinə əsasən, "qeyri-adekvat, əlaqəsiz və ya artıq əlaqəli olmayan" məlumatları silmək tələb olunur: bu da direktivin qlobal əhəmiyyətə malik olduğunu göstərir.[6]
Unudulmaq hüququ "fərdin müəyyən məlumatların silinməsi iddiasını əks etdirir ki, bunun nəticəsində üçüncü şəxslər artıq onları izləyə bilməzlər".[10]:121 Bu, "həyatda artıq baş verməyən keçmişdə qalmış hadisələr barədə susmaq hüququ" kimi müəyyən edilir.[11] Unudulmaq hüququ, fərdlərin axtarış sistemləri tərəfindən tapılmamaları üçün müəyyən məlumatların, video və ya fotoşəkillərin internet qeydlərindən silinməsinə imkan yaradır.[10] 2011-ci ildən etibarən pornoqisas paylaşımı kimi hadisələrin və ya düzgün verilməyən qərarlar səbəbiylə yüklənən şəkillərin verə biləcəyi zərərdən az da olsa, qorunma mövcuddur.[12]
Unudulmaq hüququ şəxsi həyatın toxunulmazlığı hüququndan fərqlənir: məxfilik hüququ və ya şəxsi həyatın toxunulmazlığı hüququ ümumi məlum olmayan məlumatları ehtiva edir, unudulmaq hüququna isə müəyyən vaxtda məlum olan məlumatların silinməsi və üçüncü şəxslərin həmin məlumatı əldə etməsinə icazə verilməməsi daxildir.[10]:122[13]
Hər hansı bir yurisdiksiyada bu hüququn tətbiq olunmasına qoyulan məhdudiyyətlər, həmin yurisdiksiyadan kənar şirkətlər tərəfindən tutulan məlumatların aradan qaldırılmasının tələb edilə bilməməsində özünü göstərir. İnsanların onlayn imicinə nəzarət etməyə imkan verən qlobal bir çərçivə yoxdur. Bununla belə, Oksford İnternet İnstitutunun eksperti, professor Viktor Mayer-Şönberger Google-ın unudulmaq hüququ ilə əlaqədar Avropa Ədalət Məhkəməsinin 2014-cü ildəki qərarının icrasını nəzərdə tutan Fransa qanunlarına riayət etməkdən boyun qaçıra bilməyəcəyini söyləmişdir. Mayer-Şönberger ABŞ da daxil olmaqla, bir çox dövlətlərin uzun illərdir öz milli qanunvericiliklərinin "ekstraterritorial təsirlər"inin olduğunu iddia etdiklərini də əlavə etmişdir.[14]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.