From Wikipedia, the free encyclopedia
Telekommunikasiya[1][2] — məftil, radio, optik və ya digər elektromaqnit sistemləri vasitəsilə müxtəlif növ texnologiyalar ilə məlumatların ötürülməsi.[3][4] Bu, insan səsi ilə mümkün olandan daha böyük məsafədə, lakin buna bənzər məqsədəuyğunluq miqyası ilə ünsiyyət qurmaq istəyindən yaranmışdır. Buna görə də poçt sistemi kimi vasitələr bu sahədən xaric edilir.
Telekommunikasiyada ötürmə vasitələri mayaklardan və digər vizual siqnallardan (məsələn, tüstü siqnalları, semafor teleqrafları, siqnal bayraqları və optik helioqraflar) elektrik kabelinə və elektromaqnit şüalanmasına qədər texnologiyanın çoxsaylı mərhələləri vasitəsilə inkişaf etmişdir. Bu cür ötürmə yolları əksər hallarda çoxlu paralel kommunikasiya seanslarının multipleksləşdirilməsinin üstünlüklərini təmin edən kommunikasiya kanallarına bölünür.
Müasir dövrdən əvvəl formalaşmış uzaq məsafəli ünsiyyətin digər nümunələrinə zərb alətlərinin kodlu ritmləri, musiqi aləti kimi istifadə olunan buynuzlar və yüksək səsli fitlər kimi səsli mesajlar aiddir. Uzun məsafəli rabitə üçün XX və XXI əsr texnologiyaları adətən elektrik və elektromaqnit texnologiyalarını əhatə edir. Bunlara teleqraf, telefon, televiziya və teleprinter, şəbəkələr, radio, mikrodalğalı ötürücü, optik lif və kommunikasiya peykləri daxildir.
İlkin telekommunikasiya şəbəkələri siqnal ötürülməsi üçün fiziki vasitə kimi metal məftillər ilə yaradılmışdır. Uzun illər bu şəbəkələr teleqraf və səs xidmətləri üçün istifadə edilmişdir. Simsiz rabitədə inqilab XX əsrin ilk onilliyində başlamış, radiokommunikasiyada qabaqcıl yeniliklər 1909-cu ildə Fizika üzrə "Nobel" mükafatına layiq görülmüş Qulyelmo Markoni, həmçinin elektrik və elektron telekommunikasiya sahəsində digər görkəmli ixtiraçılar tərəfindən önə atılmışdır. Bunlara Çarlz Vitston və Samuel Morze (teleqrafın ixtiraçıları), Antonio Meuççi və Aleksandr Qreyam Bell (telefonun ixtiraçıları və təkmilləşdiricilərindən bəziləri), Edvin Armstronq və Li de Forest (radio ixtiraçıları), həmçinin Vladimir Zvorıkin, Con Lougi Berd və Filo Farnsvort (televiziya ixtiraçılarından bəziləri).
1960-cı illərdən bəri rəqəmsal texnologiyaların yayılması ilə səsli kommunikasiya tədricən verilənlər ilə tamamlanmışdır. Metal verilənlərin ötürülməsinin məhdudiyyətləri optikanın inkişafına təkan vermişdir.[5][6][7] Mediadan müstəqil internet texnologiyalarının inkişafı məkan və vaxt məhdudiyyəti olmadan fərdi istifadəçilər üçün dünya miqyasında xidmətlərə çıxışı təmin etmişdir.
Telekommunikasiya yunanca "uzaq" mənasında olan tele- (τῆλε) prefiksi[8] və latınca "paylaşmaq" mənasını verən "communicare" felindən yaranmış mürəkkəb isimdir. İkinci sözün indiki forması fransız dilindən uyğunlaşdırılmışdır,[9] çünki onun yazılı istifadəsi 1904-cü ildə Fransa mühəndisi və yazıçısı Eduard Estonye tərəfindən qeydə alınmışdır.[10][11] Azərbaycan dilinin etimologiya lüğətinə görə, "kommunikasiya" sözü "şəxsiyyətlərarası münasibətlərdə informasiya mübadiləsi kimi təzahür edir".[12]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.