![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/0b/Korean_dance-Talchum-Mask_Dancer.jpg/640px-Korean_dance-Talchum-Mask_Dancer.jpg&w=640&q=50)
Talçum
From Wikipedia, the free encyclopedia
Talçum ( Koreya dilində 탈춤) — maska ilə təqlidi, hekayə danışaraq bəzən də mahnı oxuyaraq edilən Koreyanın milli rəqsi kimi xarakterizə olunur.Hər nə qədər talçum koreyalılar tərəfindən əsasən bütün maskalı rəqs tamaşalarını adlandırmaq üçün istifadə olunsa da, ilk vaxtlar sadəcə indiki Şimali Koreyanın Hvanqhe əyalətinin rəqslərini adlandırmaq üçün istifadə olunan regional termin idi. Hvanqhe əyalətindən Heso talçumu, Seul və ya Kyonqqi əyalətindən Sande nori, Naqdoq Çay ərazilərindən Oqvanqde nori və Deul nori, Cənub sahili ərazilərindən beş tanrının rəqsi mənasına gələn Obanqsincanq, Hamkyonq əyalətindən isə Sacatal nori daxil olmaqla, Koreyanın ecazkar maska rəqsləri bütün dünyada tanınır. Ancaq talçum günümüzdə maskalı rəqs tamaşalarını adlandırmaq üçün ümumi termin olaraq qəbul edilir. Koreyanın maskalı rəqs tamaşaları sadəcə maska taxmış rəqqaslar tərəfindən ifa edilən rəqs deyil, eyni zamanda maskalar vasitəsilə insanları, heyvanları və bəzən fövqəltəbii varlıqları təsvir edən əhəmiyyətli dramatik məzmundur. Maska rəqsi gizlədilmiş arzu və istəklərin qorxu və utanc olmadan nümayiş olunduğu bir tamaşadır. Bu tamaşalarda aşağı təbəqənin savadlı, Konfutsiçilik təlimini üstün tutan yanqbanlara (yüksək təbəqə) qarşı hiss etdikləri məyusluğu, sadə xalqın gündəlik həyatını, rahiblərin öz vəzifələrinə uyğun davranmaması və kişilərin köhnə arvadlarını tərk etməsi kimi sosial problemləri əks etdirir. Obrazlar hakim sinfin ikiüzlülüyünü və ağılsızlığını ələ salır, yeni bir dünya və daha yaxşı bir gələcək üçün dua edirlər.