Türkiyədə qadınlara seçki hüququnun verilməsi
From Wikipedia, the free encyclopedia
Türkiyədə qadınlara seçki hüququnun verilməsi 1930-cu illərdə Türkiyədə qadınların siyasi hüquqlarını qazanması üçün zəruri olan qanunların qəbul edilməsini əhatə edir. Qadınların siyasi həyatda seçmək və seçilmək hüququnu əldə etməsi Atatürkün ictimai həyatda həyata keçirdiyi islahatlardan biri idi.
1930-cu ildən etibarən qəbul edilən bir sıra qanunla Türkiyədəki qadınlara əvvəlcə bələdiyyə seçkilərində iştirak etmək, daha sonra kəndlərdə muxtar olmaq və ağsaqqallar məclislərinə seçilmək hüququ verilmişdir. Onların millət vəkili (TBMM-nin deputatı) seçmək və seçilmək hüquqları isə 1934-cü il dekabrın 5-də Konstitusiyaya və Seçki Qanununa edilən dəyişikliklə tanınıb.