Superkompüter
From Wikipedia, the free encyclopedia
Superkompüter (ing. supercomputer) – ümumi təyinatlı kompüterlə müqayisədə yüksək performans səviyyəsinə malik kompüter. Superkompüterin performansı adətən saniyədə milyon təlimat (MIPS) əvəzinə FLOPS ilə ölçülür. 2017-ci ildən bəri 1017 FLOPS-dan çox iş görə bilən superkompüterlər mövcuddur.[3] Superkompüterlə müqayisədə masaüstü kompüter yüzlərlə gigaFLOPS ilə onlarla teraFLOPS diapazonunda performansa malikdir.[4][5] 2017-ci ilin noyabr ayından etibarən dünyanın ən sürətli 500 superkompüterinin hamısı Linux əsaslı əməliyyat sistemlərində işləyir.[6] ABŞ, Avropa İttifaqı, Tayvanda, Yaponiyada və Çində daha sürətli, daha güclü və texnoloji cəhətdən üstün yuxarı miqyaslı superkompüterlər yaratmaq üçün əlavə tədqiqatlar aparılır.[7]
Superkompüterlər hesablama elmləri sahəsində mühüm rol oynayır. Onlar kvant mexanikası, hava proqnozu, iqlim tədqiqatı, neft və qaz kəşfiyyatı, molekulyar modelləşdirmə (kimyəvi birləşmələrin, bioloji makromolekulların, polimerlərin və kristalların strukturlarının və xassələrinin hesablanması) və fiziki simulyasiyalar (məsələn, kainatın ilk anlarının simulyasiyaları, təyyarə və kosmik gəmilərin aerodinamikası, nüvə silahlarının partlaması və nüvə sintezi) müxtəlif sahələrdə hesablama intensivliyi olan geniş spektrli tapşırıqlar üçün istifadə olunur. Onlar kriptoanaliz sahəsində vacib rol oynamışlar.[8]
Superkompüterlər 1960-cı illərdə təqdim edilmiş və bir neçə onilliklər ərzində ən sürətlisi Seymur Krey tərəfindən "Control Data Corporation" (CDC), "Cray Research" və onun adını daşıyan sonrakı şirkətlərdə hazırlanmışdır. İlk belə maşınlar, daha ümumi təyinatlı müasirlərindən daha sürətli işləyən, yüksək səviyyədə tənzimlənmiş adi dizaynlar idi. Onillik ərzində bir-dörd prosessor tipik olmaqla, artan miqdarda paralellik əlavə edilmişdir. 1970-ci illərdə böyük məlumat massivlərində işləyən vektor prosessorları üstünlük təşkil etmişdir. Diqqətəlayiq bir nümunə 1976-cı ildə yüksək uğur əldə etmiş "Cray-1"dir. Vektor kompüterləri 1990-cı illərdə dominant dizayn olaraq qalmışdır. O vaxtdan bu günə qədər on minlərlə hazır prosessoru olan kütləvi paralel superkompüterlər normaya çevrilmişdir.[9][10]
ABŞ uzun müddətdir ki, superkompüter sahəsində liderdir. Onlar buna əvvəlcə Kreyin bu sahədə demək olar ki, fasiləsiz üstünlüyü, daha sonra isə müxtəlif texnologiya şirkətləri vasitəsilə nail oldular. Yaponiya 1980–1990-cı illərdə bu sahədə böyük irəliləyişlər əldə etdi. Çin də bu sahədə getdikcə fəallaşdı. 2022-ci ilin may ayına olan məlumata görə, TOP500 superkompüter siyahısında ən sürətli superkompüter "Frontier", ikinci yerdə isə "Fugaku" gəlir.[11] ABŞ-da ilk 10-luqdan beşi var; Çində iki; Yaponiya, Finlandiya və Fransanın hər birində bir var.[12][13]