Sovet–Polşa müharibəsi
Birinci Dünya Müharibəsindən sonra Polşa ilə Sovet Rusiyası arasında münaqişə (fevral 1919 - mart 1921) / From Wikipedia, the free encyclopedia
Sovet-Polşa müharibəsi — Rusiyada vətəndaş müharibəsi zamanı 1919–1921-ci illərdə Polşa ilə Sovet Rusiyası, Sovet Belorusiyası, Sovet Ukraynası arasında — dağılmış Rusiya İmperiyası ərazilərində — Rusiya, Belarus, Latviya, Litva, Polşa və Ukraynada gedən müharibə. Müasir Polşa tarixşünaslığında Polşa-Bolşevik müharibəsi də adlanır. Münaqişədə Ukrayna Xalq Respublikasının və Qərbi Ukrayna Xalq Respublikasının qoşunları da iştirak etmişdilər. Müharibənin ilk mərhələsində Ukrayna Xalq Respublikasının ordusu Polşaya qarşı döyüşsə də, sonradan UXR hərbi hissələri polyakların tərəfinə keçdi.
Sovet-Polşa müharibəsi | |||
---|---|---|---|
Tarix | 1919-cu il 28 yanvar — 1921-ci il 18 mart | ||
Yeri | Ukrayna, Belarus, Polşa, Litva, Latviya | ||
Nəticəsi |
Polşanın qələbəsi Riqa sülh müqaviləsi (1921) |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Rusiyada, o dövrün sənədlərində müharibə Polşa Cəbhəsi də adlanırdı.[4]
1918-ci il noyabrın 13-də İttifaq dövlətlərinin süqutundan və 1918-ci il noyabrın 11-də imzalanan Kompyen sülh sazişindən sonra Vladimir Leninin rəhbərlik etdiyi Rusiya Sovet Federativ Sosialist Respublikası Brest-Litovsk müqaviləsini (1918-ci ilin martında İttifaq dövlətlərilə imzaladığı) ləğv etdi. Bolşeviklər qərbə doğru irəliləməyə başladılar. Onlar Alman qoşunları tərəfindən azad edilmiş və müqaviləyə əsasən Sovet Rusiyasının almanlara güzəştə getdiyi Ober Ost ərazilərini geri qaytarmaq və qərb sərhədlərinin təhlükəzisliyini təmin etmək üçün bölgəyə yeni hərbi qüvvələr cəlb etdilər. Lenin yeni müstəqillik qazanmış Polşanı (1918-ci ilin oktyabr-noyabr aylarında yaradılmışdı) Qırmızı Ordusunun digər kommunist hərəkatlarına kömək etmək və yeni Avropa inqilablarını həyata keçirmək üçün keçməli olduğu "körpü" kimi görürdü.
Eyni zamanda, müxtəlif siyasi istiqamətli Polşanın aparıcı siyasətçiləri ölkənin 1772-ci ildən əvvəlki sərhədlərinin bərpası ilə bağlı ümumi gözləntiyə malik idilər. Bu ideyanı rəhbər tutaraq Polşa dövlətinin başçısı Yozef Pilsudski (1918-ci il noyabrın 14-dən vəzifədə idi) qoşunları şərqə göndərmək haqda əmr verdi.
1919-cu ildə Qırmızı Ordu 1917–1922-ci illərdə olan Rusiyada vətəndaş müharibəsinə başı qarışmışdı. Bundan istifadə edən Polşa Ordusu asanlıqla bir çox polyakların Polşa "Kresi" kimi qəbul etdiyi ərazilərə daxil oldu. Həmin il onlar indiki Litvanın və Belarusun böyük hissəsini ələ keçirdilər. 1919-cu ilin iyul ayına qədər Polşa qüvvələri Şərqi Qalisiya ərazisinin böyük hissəsini nəzarətə götürdü və 1918-ci ilin noyabrında başlayan Polşa-Ukrayna müharibəsində 1919-cu ilin iyuluna qədər qalib gəldi. Ukraynanın Rusiya ilə həmsərhəd olan şərq hissəsində Semyon Petlyura Ukrayna Xalq Respublikasını müdafiə etməyə çalışdı. Lakin Rusiya vətəndaş müharibəsində bolşeviklər üstünlüyü əldə etdikdən sonra, qərbə doğru mübahisəli Ukrayna torpaqlarına doğru hərəkət etməyə başladılar. Onlar Petlyuranın qüvvələrini geri çəkilməyə məcbur etdilər. Petlyura Pilsudski ilə ittifaq bağlamağa məcbur oldu. 1920-ci ilin aprelində rəsmi olaraq bağlanan ittifaq səyəsində Petlyura qərbdə kiçik bir ərazini işğaldan azad etməyi bacardı.
Pilsudski hesab edirdi ki, Polşa üçün təhlükəsiz sərhədləri təmin etməyin ən yaxşı yolu hərbi əməliyyatlardır. O, Qırmızı Ordu qüvvələrini asanlıqla məğlub edə biləcəyini düşünürdü. Onun Kiyevə hücumu 1920-ci il aprelin sonlarında başladı. Mayın 7-də Kiyevin Polşa və müttəfiq Ukrayna qüvvələri tərəfindən tutulması ilə nəticələndi. Bölgədəki daha zəif olan sovet hərbi qüvvələri böyük qarşıdurmalardan yayınaraq geri çəkildiklərindən qəti şəkildə məğlub olmamışdılar. Hücum yerli əhalidən cüzi dəstək aldı və yerli əhali Petlyuranın qüvvələrinə yox, Qırmızı Orduya qoşuldu.
Qırmızı Ordu Polşanın hücumuna əks-hücumlarla cavab verdi. İyunun 5-dən Cənubi Ukrayna cəbhəsində və iyulun 4-dən Şimal cəbhəsində boşeviklər aktiv hərbi əməliyyatlara başladılar. Cənub cəbhəsində daha müasir silahlarla təchiz edilmiş polyaklar və onların müttəfiqləri nizamlı şəkildə geri çəkildilər. Şimal cəbhəsində isə geri çəkilmə tezliklə xaotik və razılaşdırılmamış qaçışa çevrildi. Sovet əks-hücumu Polşa qüvvələrini qərbə, Polşanın paytaxtı Varşavaya qədər geri atdı. Ukrayna Direktoriyası isə Qərbi Avropaya qaçdı. Sovet qoşunlarının Almaniya sərhədlərinə gəlib çatması qorxusu Qərb dövlətlərinin müharibəyə marağını və cəlb olunması şərtlərini artırdı. Yazın ortalarında Varşavanın bolşeviklər tərəfindən tutulması qaçılmaz görünürdü. Lakin avqustun ortalarında hər şey dəyişdi. Xüsusilə Qərb dövlətlərinin Polşaya köməyi müharibədə əsaslı dönüşün yaranmasına şərait yaratdı. ABŞ, Fransa və qismən Britaniyanın hərbi, siyasi və maddi köməyi sayəsində Polşa ordusu yenidən toparlandı. Polşa qüvvələri Varşava döyüşündə (12–25 avqust 1920-ci il) gözlənilməz və qəti qələbə qazandıqdan sonra cəbhədə vəziyyət yenidən polyakların xeyrinə dəyişdi. Polşa ordusunun şərqə doğru irəliləməsindən sonra Sovet Rusiyası sülh üçün danışıqlara hazır olduğunu bildirdi. Müharibə 18 oktyabr 1920-ci ildə atəşkəslə başa çatdı.
18 mart 1921-ci ildə imzalanan Riqa sülhü Polşa ilə Sovet Rusiyası arasında mübahisəli əraziləri bölüşdürdü. Riqa müqaviləsi İkinci Dünya müharibəsi başlayana qədər Polşa-Sovet sərhədini müəyyən etdi. Polşanın şərq sərhədi Kerzon xəttinin təxminən 200 km şərqində quruldu. Belə ki, 1920-ci ildə Polşanın şərq sərhədləri ilə bağlı Britaniyanın təklifi var idi. Antanta liderləri tərəfindən 1919-cu ildə Polşanın şərq istiqamətində genişlənməsinin həddi kimi Kerzon xətti təsdiq edilmişdi. Yeni Polşa-Sovet Rusiyası sərhəddi ərazini hazırkı Ukrayna və Belarus kimi ölkələrə böldü.
Polşa tərəfindən sülh danışıqlarını əsasən, Pilsudskinin siyasi rəqibləri aparırdılar. Onlar Pilsudskinin iradəsinə zidd olaraq danışıqlarda iştirak edirdilər. Bu səbəbdən aparılan sülh danışıqları iki yeni Sovet respublikasının, Ukrayna SSR və Belorusiya SSR-nin rəsmi tanınması ilə başa çatdı və onlar müqaviləyə qoşuldular. Sülh danışıqlarının nəticəsi və razılaşdırılmış yeni sərhəd, Pilsudskinin nəzərdə tutduğu kimi, Polşanın rəhbərliyi altında intermarium dövlətlərinin (Qara dənizdən Baltik dənizinə qədər ərazilər) federasiyasının yaradılması və ya onun Şərq Siyasətinin digər məqsədlərinə nail olmaq imkanlarını aradan qaldırdı.