Rusiya–Suriya münasibətləri
From Wikipedia, the free encyclopedia
Rusiya–Suriya münasibətləri — Rusiya Federasiyası və Suriya arasındakı mövcud ikitərəfli münasibətlər.
Rusiyanın Dəməşq şəhərində, Suriyanın isə Moskva şəhərində səfirliyi fəaliyyət göstərir. Bir çox ərəb dövlətlərində "Ərəb baharı" baş verənə qədər Rusiya ilə Suriya arasında tarixən möhkəm, stabil və dostluq əlaqələri olmuşdur.[1] Rusiyanın Aralıq dənizində yerləşən yeganə hərbi dəniz bazası Suriyanın Tartus limanında yerləşir.[2]
Sovet İttifaqı ilə Suriya arasında diplomatik əlaqələrin əsası 1944-cü ilin iyul ayında qoyulmuşdur. 1946-cı ilin fevralında SSRİ ilə Suriya arasında fransız qoşunlarının Suriya ərazisindən təxliyə olunması zamanı Sovet dəstəyi ilə bağlı müqavilə imzalanmışdır.[3] Təxliyə 1946-cı ilin aprel ayında başa çatmışdır. 1971-ci ildə Suriya Prezidenti Hafiz Əsəd tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən Tartus hərbi dəniz bazasını Sovet Ordusunun tabeliyinə vermişdir.[4] 8 oktyabr 1980-ci ildə hazırda da qüvvədə olan Suriya və Sovet İttifaqı arasında dostluq və əməkdaşlıq barədə müqavilə imzalanmışdır.[5][6] Bu müqavilə böhran zamanı tərəflərin birgə hərəkətini və hərbi əməkdaşlığı nəzərdə tuturdu.[7] 1992-ci ilin yanvarında Suriya hökuməti Rusiya Federasiyasını SSRİ-nin qanuni davamçısı kimi tanımışdır.
Rusiya 2011 və 2012-ci illərdə BMT Təhlükəsizlik Şurasında özünün veto hüququndan istifadə edərək Suriya hökumətinə qarşı hər hansı bir sanksiya və ya birbaşa hərbi müdaxiləyə mane olmuşdur.[8] 30 sentyabr 2015-ci ildə Rusiya Suriya vətəndaş müharibəsində aktiv iştirakçıya çevrilmişdir. Müharibə ərzində Rusiya Silahlı Qüvvələri Əsəd hökumətini dəstəkləmiş, həmçinin terrorçu qruplaşmalara və Azad Suriya Ordusunun mövqelərinə aviasiya zərbələri endirmişdir.[9]