From Wikipedia, the free encyclopedia
Əfşarlar dövlətinin banisi Nadir şah Əfşarın 1747-ci ildə sui-qəsd nəticəsində qətlə yetirilməsindən sonra Azərbaycan torpaqlarında ardıcıl olaraq iyirmi xanlıq müstəqil olur ki, bunlardan biri də Qarabağ xanlığıdır.[2] Xanlığın əsası Qarabağın Sarıcalı kəndində anadan olmuş, Cavanşirlər sülaləsinin nümayəndəsi Pənahəli xan tərəfindən qoyulmuşdur. Xanlığın əhalisini Cavanşir, İyirmi dörd, Otuzikilər, Kəbirli, Ziyadoğlular və Baharlı türk tayfaları təşkil etmişdir.[3]
Qarabağ salnaməçilərinin hamısı Qarabağ xanlığının yaranmasını sarıcalılı Pənahəli bəyin adı ilə bağlayırlar. Mirzə Adıgözəl bəy Cavanşir sülaləsinin yaradıcısı olan Pənahəli bəyin əslən Sarıcalı tayfasından оlduğunu qеyd еtmişdir. Mirzə Camal Cavanşir isə оnun bu fikrini Cavanşirlərin Sarıcalı оymağından оlmasını yazmaqla qəbul еdir.[4] Mirzə Camal bəy Qarabaği “Qarabağnamə” əsərində yazır: “Mərhum Pənah xanın əsl-nəsəbi Qarabağın Cavanşir еlindəndir. Bu еl qədim zamanlarda Türküstandan gəlmiş Bəhmənli elinin bir qоlu оlan Sarıcalı оymağındandır. Bunların atababaları Cavanşir еli arasında məşhur, adlı-sanlı, çörəkli, mal-dövlət və еhsan sahibi оlmuş adamlar idilər.”[5]
Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi.[3]
Qarabağ xanı Pənahəli xan 16 il xanlıq taxtında əyləşmişdi. Xanın ilk ən böyük döyüşü Şəki xanı Hacı Çələbi xanla baş tutmuşdur. Sözügedən dövrdə İranda və Cənubi Azərbaycanda hakimiyyəti ələ alan Məhəmmədhəsən xan Qacar da Pənahəli xanla mübarizə aparmış,[6] öz qoşunlarını Qarabağa yeridərək Şuşanı mühasirədə saxlamışdır.[7] Pənahəli xan eyni zamanda Urmiya xanlığının banisi Fətəli xan Əfşarın hücumlarına məruz qalmışdır. Bütün hücumlara baxmayaraq, Qarabağ xanlığına hücum edən xanlar heç bir uğur qazana bilməmişdilər.[8]
Pənahəli xanın hakimiyyəti dövründə xanlıq öz güclənmə dövrünü yaşamışdır. 1763-cü ildə Şirazda Kərim xan Zənd tərəfindən əsir alınan Pənahəli xan həmin ildə dünyasını dəyişir.[9] Onun cənazəsi Qarabağa göndərilir. Pənahəli xan Ağdamda dəfn olunur. Pənahəli xanın ölümündən sonra Qarabağda hakimiyyət onun böyük oğlu İbrahimxəlilə keçir.[10]
Məlikliklərə qarşı uğurlu müharibələr, Gəncə, Quba, Naxçıvan və Xoy xanlıqları, Osmanlı İmperiyası ilə münasibətlərin aparılması sahələrində İbrahimxəlil xan dövründə nisbətən daha uğurlu oldu.[11] Lakin İbrahimxəlil xanın hakimiyyətinin sonlarında xüsusən də Ağaməhəmməd şah Qacarın yürüşlərindən və Rusiya-Qacar müharibələrindən sonra xanlıq zəifləməyə başladı. Ağaməhəmməd şah Qacar Qarabağa 1795 və 1797-ci illərdə 2 yürüş etdi. İkinci yürüşdə Şuşa qalasını ələ keçirməyə nail oldu. Lakin onun Şuşada qətlə yetirilməsindən sonra İbrahimxəlil xan hakimiyyətini yenidən bərpa edə bildi.[3]
1805-ci ildə İbrahimxəlil xan ilə Rusiya generalı Pavel Sisianovun arasında imzalanmış Kürəkçay müqaviləsinə görə Qarabağ xanlığı Rusiya İmperiyasının tərkibinə keçdi.[12] 1806-cı ildə İbrahimxəlil xanın Qacarlar ilə birləşməsindən şübhələnən başda Mayor Lisaneviç başda olmaqla rus hərbçiləri heçbir araşdırma aparmadan xanı ailəsi ilə birlikdə qətlə yetirdilər. 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində imzalanmış Gülüstan müqaviləsinə əsasən Qacar İranı Qarabağın Rusiya himayəsinə keçməsini rəsmən qəbul etdi.[13]
İbrahimxəlil xanın ölümündən sonra 1806-ci ildə hakimiyyətə Mehdiqulu xan gəldi.[14] 1805-ci ilin iyulunda, Kürəkçay müqaviləsindən sonra çar I Aleksandr tərəfindən Mehdiqulu xana general-mayor rütbəsi verilmişdir. Mehdiqulu xan siyasi təzyiqlər üzündən 1822-ci ildə xanlığı tərk edərək İrana getdi. Bununla da Qarabağ xanlığı ləğv olundu.[15]
XIX əsrin başlanğıcında Qarabağ xanlığı kifayət qədər dərin mürəkkəb hərbi-siyasi vəziyyətdə idi. Xanlığın müstəqilliyini təhdid edən təhlükələr günü-gündən daha real xarakter alırdı. Bir tərəfdən Rusiya Gürcüstanda möhkəmlənməyə nail olmaqla Azərbaycan xanlıqları üzərində işğalın genişləndirilməsinə hazırlıqlar aparır, digər tərədən də Qacar sarayı Azərbaycan xanlıqlarına olan iddiasının həyata keçirilməsi üçün qoşun toplayırdı. 1802-ci ildə Qacar qoşunlarının Araz çayının şimalına adlayacağı barədə xəbərlər yayıldı. Çox böyük sayda olduğu ehtimal edilən şah qoşunlarının bir hissəsi İrəvan xanlığını nəzarət altına aldıqdan sonra Gürcüstan üzərinə irəliləməli idi. Qoşunların digər bir hissəsi isə Qarabağa gəlməli və buradan Şamaxı-Şəki istiqamətində hücumu davam etdirməli idi. Sonrakı məlumatlar göstərdi ki, Qarabağ xanlığına gələcək şah qoşunlarına Pirqulu xan rəhbərlik edirdi və bu qoşun dəstəsi Naxçıvan xanlığının ərazisinə də keçmişdir. Mövcud olan məlumatlara görə İbrahimxəlil xan oğlanlarından birini və Şəki xanlığına iddia edən kürəkəni Səlim xan Pirqulu xanın yanına göndərdi. İbrahimxəlil xan onların vasitəsilə Pirqulu xana əlavə hərbi qüvvə verməyi və Car ləzgilərini də bu işə cəlb etməyi vəd etdi. Ehtimal edilirdi ki, Pirqulu xan Qarabağ döyüşçüləri ilə möhkəmləndiriləndən sonra Şəki və Şamaxı üzərinə hücum etsin və Şəki xanlığını yenidən Səlim xana versin.[16]
Çox güman ki, çoxsaylı şah qoşunlarının İrəvan xanlığını öz nəzarəti altına alacağı, Şəkidə hakimiyyətə yenidən Səlim xanın gətirələcəyi, İbrahimxəlil xanın Şəki-Şamaxı xanlıqlarında nüfüzunun möhkəmlənə biləcəyi ehtimal yenidən İbrahimxəlil xan şah sarayı ilə əməkdaşlığa sövq etdi. İbrahimxəlil xanın başqa seçim yolu yox idi. Çünki Rusiya hələ Qafqazda o dərəcə möhkəmlənməmişdi ki, bu dövlətlə ittifaqda olaraq şah qoşunları ilə əməkdaşlıqdan imtina etmək mümkün olsun. Buna görə, İbrahimxəlil xan şah qoşunları rəhbərliyi ilə müəyyən münasibətlər qurulması imkanlarını aramağa başladı. Onun bu cəhdi isə uğursuzluqla nəticələndi. Şah qoşunları Cənubi Qafqazın dərinliklərinə doğru irəliləməkdən imtina etdi və Pirqulu xanın rəhbərliyi altında qoşun dəstəsi də Şuşaya gedib çıxmadı.[17]
Mehman Süleymanov yazır ki, “1804-cü ilin əvvəllərində Gəncə xanlığı işğal edildikdən sonra Sisianov güman etdi ki, artıq Qarabağ və Şəki xanlıqlarını ələ keçirməyin vaxtıdır.”[18] Onun nəzərincə, Qarabağ xanlığı ilə başlamış olan müzakirələr bu xanlığın Rusiya tabeçiliyinə keçməsini sürətləndirməli idi. İstər Qarabağ xanlığı, istərsə də digər xanlıqlar tərəfindən bu cür meyil hiss edilmirdi.[18]
Gəncənin işğalından dərhal sonra Qarabağ və Şirvan xanlıqlarına göndərdiyi məktubunda Sisianov onları hədələməyə başladı və onlara irad tutaraq bildirdi ki, “indiyə qədər Gəncə xanlığının rus qoşunları tərəfindən ələ keçirilməsinə bu xanlar öz münasibətlərini bildirməyiblər.” İbrahimxəlil xana yazdığı məktubunda Sisianov qeyd edir ki, “Cavad xan və onun oğlu Hüseynqulu xan 1500 nəfərlik rus qoşunu qarşısında süqut etdilər və siz də güclünün himayəsini qazanmağa çalışmalısız.” Sisianov əlavə edirdi ki, “məğrurları Allah sevmir və Cavad xan da öz qanına qəltan oldu. Ümid edirəm ki, İbrahimxəlil xan Gəncə xanının yolunu getməyəcəkdir, ümumi qaydalara riayət edərək güclüyə tabe olacaq və onunla çəkişməyəcəkdir. Rusiyanın gücü artıq siz daxil hamıya məlumdur və ona görə də İbrahimxəlil xan öz ittifaqını seçməli idi.” Daha sonra Sisianov öz tələblərini İbrahimxəlil xana çatdırırdı. İlk tələb ondan ibarət idi ki, Gəncə əhalisinin Qarabağ xanlığı ərazisində olan mal-qarası geri qaytarılsın. Rus qoşunları Gəncə yaxınlığında olarkən yerli əhali mal-qaranı Qarabağ xanlığı ərazisinə aparmışdı. Sisanovun digər tələbi ondan ibarət idi ki, Gürcüstan ərazisinə qaçıb gizlənmiş məlik Cəmşidin Qarabağda qalan oğlunu və ailəsini Sisianova təhvil versin. Sisianov Qarabağ xanından tələb edirdi ki, nümayəndəsini və ya oğlanlarından birini danışıqlar aparmaq üçün Sisianovun yanına göndərsin. Bu danışıqlarda Qarabağ xanının hansı şərtlər daxilində Rusiya təbəəliyinə qəbul olunacağı müzakirə edilməli idi.[19]
Sisianov coğrafi şəraitinə görə Qarabağ xanlığını Azərbaycanın[qeyd 1] və bunun davamı kimi bütün Fars dövlətinin qapısı kimi dəyərləndirirdi.[20] Şimali Azərbaycan xanlıqlarını işğal edib cənuba doğru irəliləmək və Qacar sarayının Şimali Azərbaycan xanlıqlarına olan iddialardan imtina etməyə məcbur etmək üçün Sisianov Qarabağ xanlığının işğalına böyük əhəmiyyət verirdi.[21]
Bu işdə Sisianov ermənilərin fəaliyyətinə xüsusi önəm verirdi. M. Süleymanov qeyd edir ki, “Hələ bölgəyə gəlməmişdən əvvəl Rusiya çarı I Aleksandr da ona Şimali Azərbaycan xanlıqlarının işğalında erməni elementlərindən istifadə edilməsini tövsiyə etmişdi.”[21] Rusiya çarı bildirirdi ki, ermənilər ticarətlə məşğul olurlar və onlar Asiyanın bütün ticarətini öz əllərində cəmləşdirmişlər. Çarın fikrincə ermənilər Azərbaycan xanlıqları ərazisində əziyyət çəkirdilər və onların öz hökumətləri ilə təmin edilməsi yaxşı olardı.[22]
İbrahimxəlil xan Rusiya hücumunun Qarabağ xanlığı sərhədinə çatdığını görəndə Sisianovla əlaqə yaratmaq məcburiyyətində qaldı. O rus generalına məktub yazdı və Mirzə Məhəmmədəli adlı birisi ilə onu Sisianova göndərdi. İbrahimxəlil xan rus generalının məktubuna cavab yazmalı olsa da, Rusiya təbəəliyini qəbul etmək haqqında konkret fikir bildirmədi. Bu Sisianovun qəzəbinə səbəb oldu. O, İbrahimxəlil xanın məktubuna cavab kimi qəzəblə bildirdi ki, İbrahimxəlil xan tərəfindən möhürlənmiş məktubu qəbul etmir. O, İbrahimxəlil xana bildirirdi ki, Qacar qoşunlarına ümid etməsin və rus silahının gücündən ehtiyatlansın. Sisianovun yazdığına görə, rus silahının qarşısında Şuşa qalası da taqət gətirməyəcəkdir. Onun yazdığına görə, bir vaxtlar Cavad xan da qalasının möhkəmliyinə əmin idi. Amma rus qoşunları qarşısında tab gətirmədi. Sisianov məktubunda bir daha Qarabağ xanlığının Rusiya təbəəliyinə keçməsi barədə fikir irəli sürürdü. Bundan sonra Sisianov əvvəlki məktubunda qeyd etdiyi şərtlərini bir daha təkrarlayırdı.[23]
İbrahimxəlil xan Sisianovun irəli sürdüyü tələbləri yerinə yetirmədi. Bundan qəzəblənın Pavel Sisianov mayor Dmitri Lisaneviçin rəhbərliyi altında Qarabağ xanlığı ərazisinə silahlı dəstə göndərməyi və öz tələblərini qəbul etdirməyi qərara aldı. Mayor Lisaneviç 1804-cü il mart ayının əvvəlində silahlı dəstə ilə Qarabağa üz tutdu. Qarabağ əhalisi rus dəstəsinin gəlməsindən xəbər tutduqda mal-qaranı yaylaqlara sürdü. Bu səbəbdən də Gəncə əhalisinə aid olan mal-qaranı Gəncəyə qaytarmaq mümkün olmadı. Mayor Lisaneviç Qarabağ xanlığı ərazisində bir sıra erməni əhalisini Gəncəyə köçürməklə kifayətlənə bildi. Mövcud məlumatlara görə, mayor Lisaneviçin silahlı dəstəsi Qarabağ xanlığı ərazisində silahlı müqavimətlə də üzləşdi.[24]
1804-cü ilin may ayının əvvələrində xanlıq ərazisində yenidən Qacar qoşunlarının hücum edəcəyi barəsində xəbərlər yayıldı. Həmin məlumata görə, Abbas Mirzə Ərdəbil yaxınlığında topladığı qoşunları hərəkətə gətirərək Qarabağ istiqamətində irəliləyirdi. Sisianovun irəli sürdüyü tələbləri Qarabağ xanının yerinə yetirməməsinə baxmayaraq, İbrahimxəlil xan kömək üçün rus qoşunlarına müraciət etməyi qərara aldı. İbrahimxəlil xan iki böyük dövlətin çoxsaylı qoşunlarının təhlükəsi altında idi. Buna baxmayaraq İbrahimxəlil xan rus qoşunlarına müraciət etməyə üstünlük verdi və Sisianovun yanına nümayəndəsini göndərdi. Pavel Sisianov ilkin vədlərində Rusiya təbəəliyini qəbul edəcək Qarabağ xanlığının müstəqilliyinin saxlanmasını mümkün sayırdı.[25]
Qacar qoşunlarının ehtimal olunan təhlükəsi ilə əlaqədar Qarabağ xanı polkovnik Pavel Karyaginə də məktub ünvanlandı. Həmin məktubda xahiş olunurdu ki, polkovnik Karyagin ya özü Qarabağ ərazisinə silahlı dəstə göndərsin, ya da Gəncədən Qarabağ ərazisinə bir top müşayiəti ilə 200-300 nəfərlik dəstə istiqamətləndirilsin və bu dəstə Əsgəranda yerləşdirilsin.[26]
İbrahimxəlil xanın Pavel Sisianova yazdığı məktubu isə İsrafil bəy adlı biri rus qoşunları baş komandanına çatdırdı. Qarabağ xanı xanlıq ərazisinin Qacar qoşunlarının hücumlarından qorumaq üçün rus qoşunlarından yardım göstərilməsini istədi. M. Süleymanov yazır ki, “Sisianov bu xahişi Qarabağ xanlığının nəzarət altına alınması üçün əlverişli fürsət kimi qiymətləndirirdi və onun gümanında Qarabağ xanı nəhayət öz xoşu ilə Rusiyanın himayəsi altına girməyə razılaşırdı.”[27] Bu səbəbdən Sisianovun irəli sürdüyü tələblərinin icra edilməməsinə baxmayaraq İbrahimxəlil xanın Rusiya imperatoru tərəfindən bağışlandığı bəyan etdi və İbrahimxəlil xanın Rusiya təbəəliyinə daxil olması üçün şərtlərini yenidən irəli sürdü. Bu şərtlər qəbul olunacağı halda Sisianov Qarabağ xanlığının mühafizəsinə yardım göstərməyə hazır idi.[27]
General Sisianovun təklifləri aşağıdakılardan ibarət idi:
Sisianov vəd edirdi ki, bu təkliflər qəbul olunacağı halda Rusiya imperatoru İbrahimxəlil xanın və onun varislərinin xanlığa olan hüququnu tanıyacaqdır. Təkliflər qəbul olunacağı halda İbrahimxəlil xan dərhal bəyan etməli idi və bunun ardınca da öz oğlanlarından birini girov kimi Sisianovun yanına göndərməli idi. Yalnız bundan sonra İbrahimxəlil xanın köməyinə topla müşayiət olunan qoşun dəstəsi göndərilməli idi.[26]
Sisianovun təkliflərinə baxmayaraq İbrahimxəlil xan onun təkliflərini qəbul etmədi. Bu, Qacar qoşunlarının Araz çayının şimalına çıxarılmasının təxirə salınması ilə bağlı idi. M. Süleymanov yazır ki, “yeni bir dinc fürsət yarandığı üçün İbrahimxəlil xan da Rusiya təbəəliyi altına düşməyə tələsmədi.”[27]
Sisianov isə Qarabağ xanının bu qərarını qəzəblə qarşıladı. 1804-cü ilin yaz və payız aylarında Sisianov bütün diqqətini İrəvan qalasının alınmasına yönəltməli oldu. İrəvan qalasından geri çəkilən kimi o öz nümayəndəsini yenidən İbrahimxəlil xanın yanına göndərdi və tələblərini bir daha onun diqqətinə çatdırdı. Bu tələblər Sisianovun digər təklifləri oxşar idi. Yeni bənd isə İbrahimxəlil xanın oğlunun yerinə nəvəsinin də girovluğa verilməsini mümkün sayırdı və eyni zamanda Rusiya xəzinəsinə verilməli olan illik verginin 8 min çervona endirilməsinə razı oldu.[28]
Sisianov 1804-cü ilin sonlarına yaxın İrəvan xanlığı üzərinə hücumda ağır məğlubiyyətə uğrayıb geri qayıtdı. Sisianovun rəhbərliyi ilə rus qoşunlarının İrəvan xanlığı üzərinə hücumda uğursuzluqla qarşılaşması Qacar sarayını yenidən Azərbaycan xanlıqları üzrə hücuma sövq etdi. Qacar sarayı da yaranmış vəziyyətdən istifadə edib İrəvan xanı ilə mübarizə ağır və böyük itkilər vermiş rus qoşunlarını yaranmış vəziyyətdən istifadə edərək Cənubi Qafqazdan çıxarıb burada möhkəmlənməyi qərara aldı. Qacar sarayı Qarabağ xanlığını ciddi nəzarət altına almaqda israrlı idi. Çünki İbrahimxəlil xanla rus qoşunları komandanlığı arasında əlaqələrin fəallaşması Qacar sarayının ciddi təşvişinə səbəb olurdu. Bu təşvişlərin aradan qaldırılması üçün Fətəli şah Qacar ciddi addımlar atılmasını vacib sayırdı.[29]
İrəvan yürüşündən geri qayıtdıqdan sonra Fətəli şah Qacar İbrahimxəlil xanın üstünə 5 min nəfərlik qoşun dəstəsi göndərdi. 1805-ci ilin yanvar ayından Qarabağ xanlığına göndərilən həmin qoşun dəstəsinə İbrahimxəlil xanın Qacar sarayında girov olan oğlu Əbülfət ağa rəhbərlik edirdi. Bununla Fətəli şah Qarabağ xanını bütünlüklə nəzarəti altına almağa yeni cəhd göstərdi.[30] Qoşun dəstəsinin hərəkətə başlaması ilə İbrahimxəlil xana yeni xəbər göndərildi ki, o, rus qoşunları ilə bütün əlaqəni kəssin, rusların Qarabağ xanlığına daxil olmasına yol verməsin. Xan eyni zamanda böyük oğlu Məhəmmədhəsən ağanı və xanlığın bir sıra bəyzadələrini əlavə girov kimi Qacar sarayına göndərməli idi. Əbülfət ağa isə Qarabağ xanının yanında qalmalı və onun bütün fəaliyyətini nəzarəti altında saxlamalı idi. İbrahimxəlil xan ondan icazəsiz heç bir qərar qəbul etməməli idi. Fətəli şah Qacar tələblərinin həyata keçəcəyi halda İbrahimxəlil xan oğlu Əbülfət ağanın girovuna çevrilməli idi. Fətəli şah bunun baş verəcəyinə əmin idi. Çünki İbrahimxəlil xanın üzərinə böyük bir qoşun dəstəsi göndərilirdi və Qarabağ xanının bu qoşun dəstəsinə müqavimət göstərə biləcəyi inandırıcı görünmürdü.[31]
İbrahimxəlil xan tələbləri qəbul etmədi. Xan onun üzərinə yürüşə gələn oğlu Əbülfət ağaya xəbər göndərdi ki, Qarabağ ərazisinə daxil olmadan geri qayıtsın. Əbülfət ağa isə bu təklifi qəbul etmədi və tezliklə Qarabağda hakimiyyəti ələ keçirə biləcəyinə ümid etdiyindən hücumu davam etdirdi. Onun rəhbərliyi altında kifayət qədər yaxşı silahlanmış qoşun dəstəsi Tuğ kəndində olan İbrahimxəlil xanın və Məhəmmədhəsən ağanın üzərinə hücum çəkdi.[32] Lakin uğur qazana bilmədi. Çünki İbrahimxəlil xan Qacar qoşunlarının qarşısını alması üçün hazırlıq görmüşdü. Həmçinin, xanın Zəngəzur mahalında olan oğlu Mehdiqulu ağa şah qoşunun yaxınlaşması xəbərini eşidən kimi ətrafına topladığı dəstəsı ilə xanın köməyinə gəldi. Nəticədə Əbülfət ağanın rəhbərlik etdiyi qoşun ağır məğlubiyyətə uğradı. Əbülfət ağa isə özünün azsaylı qoşunu ilə Araz çayının digər tərəfinə üz tutmağa məcbur oldu.[33]
Döyüşün gedişində Qacar piyadalarından və atlılarından 1000 nəfərə yaxını Qarabağ ordusu tərəfindən əsir götürüldü.[28] Bu barədə məlumatı polkovnik Pavel Karyaginə məktub yazmış İbrahimxəlil xanın oğlu Məhəmmədhəsən ağa verirdi. Həmin döyüşdən sonra Məhəmmədhəsən ağa Sisianova məktub göndərdi. Eyni zamanda İbrahimxəlil xan da Məmmədağa adlı biri ilə Sisianova məktub göndərdi. İbrahimxəlil xan istər məktubda, istərsə də şifahi ismarıcda Rusiya təbəəliyini qəbul etməyə hazır olduğunu bildirdi. Bu addımı atmaqla İbrahimxəlil xan özünü Qacar ordusunun növbəti yürüşlərindən sığortalamağa çalışdı. Şübhəsiz ki, Qacar ordusunun növbəti yürüşü xanlığı çox böyük təhlükə ilə qarşı-qarşıya qoya bilərdi.[34]
General Pavel Sisianov İbrahimxəlil xanın Rusiya təbəəliyinə hazır olması xəbərini məmnunluqla qarşıladı. O, İbrahimxəlil xanı yenidən əmin etməyə çalışdı ki, Rusiya təbəəliyinə daxil olmaqla xanlığı mühafizə etmək və Qacar qoşunlarının yeni hücumlarından qorunmaq olar. General Pavel Sisianov Qarabağ xanının düşdüyü vəziyyətin kifayət qədər təhlükəli olduğunu da nəzərinə çatdırırdı. O yazırdı ki, “Qacar qoşunları Qarabağda üzləşdikləri məğlubiyyətlə razılaşmayacaq və yazın gəlməsi ilə Qarabağ xanlığı bir daha Qacar qoşunlarının yeni hücumuna məruz qalacaqdır. Bu növbəti təhlükədən nicat tapmağın yeganə yolu isə Qarabağ xanının Rusiyaya sığınmasıdır. Rusiya himayəsini qazanmaq üçün İbrahimxəlil xan müəyyən tələbləri qəbul etməlidir. Müəyyən olaraq tələb edirəm ki, İbrahimxəlil xan tezliklə Gəncədən apardığı ilxını geri qaytarmalıdır.”[35]
Sisianov Qarabağ xanına yazdığı məktubu mayor Dmitri Lisaneviç vasitəsilə göndərdi. Gürcü zadəganlarından olan Corayev də mayor Lisaneviçin yanına verildi. Corayev əvvəllər də Sisianov tərəfindən İbrahimxəlil xanın yanına göndərilmişdi. Sisianov mayor Lisaneviç vasitəsilə İbrahimxəlil xana Qarabağ xanlığının Rusiyaya birləşdirilməsi haqqında müqavilə layihəsi göndərdi. Sisianovun tələbinə əsasən, Lisaneviç İbrahimxəlil xanı inandırmalı idi ki, müqavilənin imzalanması üçün 2 günlüyə Gəncəyə gəlsin, müqavilənin imzalanmasından sonra isə rus qoşun dəstəsi ilə birlikdə Şuşaya qayıtsın. Müqavilə İbrahimxəlil xanla general Sisianov adına yazılmışdı və onların hər iksi tərəfindən də imzalanmalı idi. Pavel Sisianov ehtimal edirdi ki, İbrahimxəlil xan Gəncəyə gəlməyə ehtiyatlana bilər. Lisaneviç eyni zamanda İbrahimxəlil xanın ərzaq ehtiyatı barədə soruşmalı idi. Çünki rus qoşunlarının ərzaq ehtiyatı tükənməkdə idi. Mayor Lisaneviç həm də İbrahimxəlil xanın böyük oğlu Məhəmmədhəsən ağaya da məktub göndərdi. O, Məhəmmədhəsən ağanı da rus mövqeyinə çəkməli və eyni zamanda ağanı Rusiya ilə qurulan münasibətlərin onun da xeyrinə olacağına inandırmalı idi. Mayor Lisaneviç eyni zamanda atların geri qaytarılması məsələsini qaldırmalı və Şuşa qalasının kəşfiyyatını aparmalı idi. İtmiş atların haqlarının ödənməsini də Sisianov tələb edirdi. Qala daxilində kəşfiyyat işlərinin aparılmasında məqsəd isə gələcəkdə Şuşa qalasına göndərilməsi planlaşdırılan rus qoşunlarının yerləşdirilməsi üçün daha münasib yerin müəyyənləşdirilməsi idi.[36]
Xanlığın irsi olaraq qorunub saxlanacağı vədi yaranmış qarışıq vəziyyətdə İbrahimxəlil xanı razı salmaya bilməzdi. Bu vəd İbrahimxəlil xanı Rusiya tərəfi ilə daha fəal danışıqlar aparmağa sövq etdi. Ona görə də, 1805-ci ilin fevral ayının 6-da Şuşaya çatan Dmitri Lisaneviçin gətirdiyi təkliflər maraqla qarşılandı.[37]
Təxminən bir həftədən sonra mayor Lisaneviç Şuşada İbrahimxəlil xanla görüşdü və imzalanması nəzərdə tutulan traktatın layihəsi ona təqdim olundu. Mövcud olan məlumata görə, Lisaneviçlə görüşün sabahı günü, fevral ayının 15-də yerli bəylərin toplantısı çağırıldı və xanlığın Rusiya himayəsini qəbul etməsi məsələsi bu toplantıda müzakirəyə çıxarıldı. Qarabağ bəyləri xanlığın Rusiya himayəsini qəbul etməsinə razı olmadılar. Bununla belə, İbrahimxəlil xan Rusiyanın himayəsini qəbul etmək ideyasından əl çəkmədi və fevral ayının 21-də öz qərarını Lisaneviçə də açıqladı.[38]
Yaranmış vəziyyətdə İbrahimxəlil xan rus generalının irəli sürdüyü təklifləri qəbul etməli oldu. Bunu o öz məktubu vasitəsilə Sisianova da bəyan etdi. İbrahimxəlil xanın Rusiya təbəəliyinə qəbul etməyə razılığını bildirən məktubunu 1805-ci il mart ayının ortalarında Qarabağ xanının nümayəndəsi olan Məhəmmədağa ilə İbrahim bəy və gürcü zadəganı Corayev Sisianova çatdırdılar. İbrahimxəlil xan Gəncəyə deyil, Gəncə vilayətinin sərhədinə gəlməyə və müqaviləni də orda imzalamağa razı idi. Sisianov bu təklifi qəbul etdi.[39]
Qacar sarayı isə Qarabağa hücum cəhdi baş tutmayandan sonra öz niyyətindən heç də əl çəkmədi. Məsələnin birdəfəlik həllini Qacar sarayı Qarabağa daha güclü qoşunun çıxarılmasında gördü. Bu məqsədlə dərhal qoşun toplanmasına da başlandı. Lakin qoşunların hərəkətə gətirilməsindən əvvəl Qacar sarayı İbrahimxəlil xanla danışıqlara bir də cəhd göstərdi. Bu səbəbdən Fətəli şah Qarabağa elçilərini göndərdi. Şah adından qiymətli hədiyyələr aparan elçilər Fətəli şahın vədlərini də xana bildirməli idilər. Xanlığı öz nəzarəti altında saxlamağa çalışan şah vəd edirdi ki, Qacar hakimiyyəti tanındığı halda Qarabağ xanlığından şah xəzinəsinə çatan bütün vasitələr İbrahimxəlil xana bağışlanacaqdır. Fətəli şah öz övladlarını girov göndərməyə də hazır olduğunu bildirirdi. İbrahimxəlil xan isə əvəzində Əsgərandakı qalaları və Şuşa qalasının üç verstliyində[qeyd 3] olan səngərləri şah qoşunları rus qüvvələrinin Qarabağ xanlığına aparan yollarını kəsməli idi. Xanlıq ərazisində yerləşən şah qoşunlarının xərclərini də Qacar sarayı üzərinə götürürdü.[33]
Sisianovun yazışmalarından qənaətə gəlmək olar ki, 1805-ci ilin fevral-aprel ayları ərzində Fətəli şahın üç elçiliyi İbrahimxəlil xanın yanına gəldi. İbrahimxəlil xan bu elçiliklərin şaha itaətlə bağlı gətirdikləri təkliflərinin heç birini qəbul etmədi.[40]
1805-ci il may ayının əvvəlində Qarabağ xanlığı ilə Gəncənin sərhəd xəttini təşkil edən Kürəkçay sahilində İbrahimxəlil xanla Sisianovun görüşü və danışıqları baş tutdu. İbrahimxəlil xanı bu görüşdə oğlanları Məhəmmədhəsən ağa, Mehdiqulu ağa, Xanlar ağa və Qarabağın bir sıra tanınmış bəyləri iştirak edirdilər. İbrahimxəlil xanın dəvəti əsasında kürəkəni olan Şəki xanı Səlim xan da ora gəldi. 1805-ci il may ayının 14-də Qarabağ xanı Rusiyanın təbəəliyini qəbul etmək barədə andı və tərtib olunmuş müqaviləni imzaladı. Bu müqavilə sonradan Kürəkçay müqaviləsi kimi tanındı.[41]
İbrahimxəlil xan imzaladığı sədaqət andında bildirilirdi ki, o, Rusiya imperatoruna sədaqətli olmaqla ona xidmət etməyə, dövlətə fayda verməyə, dövlətin maraqlarına cavab verməyən əməllərin qarşısını almağa çalışmaqla xanlığı imperator adından idarə etməyə, dövlət sirlərini qorumağa, Rusiyanın yerdəki canişininə şərtsiz tabe olmağa və s. söz verir.[40]
On bir maddədən ibarət olan Kürəkçay müqaviləsi də İbrahimxəlil xanın sədaqət andı ruhunda tərtib olunmuşdu. Müqavilənin giriş hissəsində göstərilirdi ki, bu müqavilə Qarabağ xanı İbrahimxəlil xanla Rusiya imperatoru Aleksandr Pavloviçin iradəsini həyata keçirən tam piyadə generalı Pavel Sisianov arasında Qarabağ xanının Rusiya təbəəliyinə qəbul etməsi ilə imzalanır.[42]
Müqavilənin şərtləri bu cür idi:
Bu şərtlərin müqabilində Rusiya Qarabağ xanlığına aşağıdakıları vəd edirdi:
Kürəkçay müqaviləsini imzalamaqla İbrahimxəlil xanın Rusiya himayəsini qəbul etməsi Qacar sarayının sonsuz qəzəbinə səbəb oldu. Bu müqavilənin imzalanması Qarabağa və bütünlükdə Şimali Azərbaycan xanlıqlarına olan şah iddialarına son qoyulması ola bilərdi. Qafqazın itirilməsi təhkükəsinin reallaşmaq üzrə olduğunu görən şah sarayı daha qətiyyətli addımlar atmağı qərarlaşırdı.[44]
Qacar sarayı əslində heç vaxt Qafqazı yenidən ələ keçirmək fikrindən əl çəkməmişdi. Lakin qətiyyətli addımların atılmaması, saray bürokratiyasının hakimiyyətsiz məsələlər ətrafında vaxt keçirməsi Qafqazın tədricən təsir sahəsindən çıxması və Rusiya işğalının Qafqazda genişlənməsi ilə nəticələnirdi. Mövcud olan məlumata görə, İbrahimxəlil xanın Rusiyaya meyilliliyi güclənəndə Abbas Mirzə Azərbaycandan Tehrana gəldi və şah sarayında məsləhətləşmələr apardı. O, şaha və şah əyanlarına bildirdi ki, “təcili qoşun toplanıb rusların qarşısı alınmasa, onda rus qoşunları nəinki bütün Azərbaycanı tutacaqlar, hətta Tehrana doğruda irəliləyə biləcəklər.”[44]
Fətəli şah özü də vəziyyətin ciddi olduğunu anlayırdı. Abbas Mirzənin ixtiyarında isə rus qoşunlarının qarşısını ala biləcək elə də böyük ordu yox idi. Bu səbəbdən şah qoşun toplanmasına göstəriş verməklə bərabər, Abbas Mirzəyə də əlavə yardımlar göstərəcəyini bildirdi. Saray daxilində Abbas Mirzəyə qarşı müxaliflərin olmasına baxmayaraq, Fətəli şah onun fikirləri ilə razılaşdığını bildirdi və onu Cənubi Qafqaz uğrunda yeni döyüşlərə hazırlamaq üçün yenidən Təbrizə göndərdi. Bölgədə rus qoşunlarının mövcudluğuna son qoymaq üçün Fətəli şah böyük bir qoşunla Cənubi Qafqaza doğru hərəkət etməyi qərara aldı. Nəzərdə tutulmuşdu ki, Abbas Mirzə 50 minlik qoşun dəstəsi ilə rus qoşunları üzərinə hücuma başlasın, Fətəli şah 100 min nəfərlik qoşun dəstəsi ilə hücumu daha da genişləndirsin. Abbas Mirzə Tehrandan Təbrizə qayıdandan az sonra Fətəli şah da böyük qoşun dəstəsi ilə Azərbaycana doğru hərəkət etməyə başladı və bir neçə gündən sonra Soltaniyyə çəməninə gəldi. Burada o, oğlu Əlixana, İsmayıl xan Damğaniyə və İsmayıl xan Qacara öhdələrində olan dəstələri ilə birlikdə Abbas Mirzənin qoşun dəstəsinə qoşulmağı və onun dəstəsini daha da gücləndirməyi göstəriş verdi.[45]
Yeni tarixi şəraitdə rus qoşunlarının Cənubi Qafqazda möhkəmlənməsi ilə şah sarayı barışmaq istəmirdi. Əksinə, İrəvan xanlığının ərazisində aarılan döyüşlər Fətəli şah da Gəncənin də ruslardan geri alınması üçün müəyyən fikirlər yaratdı. Bunu Fətəli şah onun qəbuluna gəlmiş kabardin hakimlərinə də bəyan etdi. Fətəli şah bildirirdi ki, Abbas Mirzəni qoşun dəstəsi ilə Gəncə üzərinə göndərməyə, özü isə 1805-ci ilin avqust ayında Tiflis üzərinə hücum etməyə hazırlaşır. Fətəli şah və ona sığınmış olan gürcü şahzadəsi belə güman edirdi ki, Quba xanı Şeyxəli xanın və Şamaxı xanı Mir Mustafa xanın dəstəyi rus qoşunları üzərinə hücumu daha da uğurlu edəcəkdir.[46]
Kabardin hakimlərinə göndərdiyi məktubunda Fətəli şah yaxın vaxtlar üçün öz planlarını bir daha açıqladı. Fətəli şahın sözlərinə görə, onun qoşunlarında 400 ədəd top mövcud idi. Fətəli şah Kabarda hakimlərinə yazırdı ki, “bu hücum zamanı mən rusları qıracam, məhv edəcəm və onları Gürcüstandan qovacağam. Mən Fətəli şah Kabarda hakimlərindən Qacar qoşunlarının hücum xəbərini eşidən kimi öz silahlı dəstələri ilə rusların üzərinə hücum etmələrini və Qacar qoşunlarına qoşulmaqlarını tələb edirəm.”[47]
Qarabağ üzərinə yürüşə başlamazdan əvvəl Fətəli şah İbrahimxəlil xana bir daha məktub göndərdi və onu Rusiya ilə olan münasibətlərindən çəkindirməyə çalışdı. Fətəli şah inandırmağa çalışırdı ki, rusların Qafqaza gəlişi uzunmüddətli ola bilməz və ona görə də Rusiya himayəsini qəbul etməyin gələcəyi yoxdur. Onun sözlərinə görə, Rusiya çarı Fars sərhədlərini aşsa belə yenədə burada uzun müddətli duruş gətirə bilməzdi. Qafqazda mövcud olan rus hərbçilərini balıqçı adlandıran şaha görə, onların bu az qüvvəsi heç bir nəticəyə nail ola bilməyəcəkdi. Rus qoşunlarının Gürcüstan işğal etməsini şah müvəqqəti uğur adlandırır və bu uğurun səbəbini bir tərəfdən gürcü çarının fərsizliyi və gücsüzlüyü, digər tərəfdən də həmin vaxt şah qoşunlarının Xorasanda olması və rus qoşunlarına müqavimət göstərilməsi ilə əlaqələndirirdi. Fətəli şah daha sonra əlavə edirdi ki, “nəhayət rus qoşunlarının Gürcüstandan qovulması qərara alınmışdır və orada yerləşən kafirlərə divan tutulacaqdır. Mən bu məqsədimə nail olacağıma şübhə etmirəm. 1804-cü ildə ciddi hazırlıq görülmədən İrəvan xanlığı ərazisində rus qoşunları məğlub edilmişdisə, indi toplanan saysız qoşunlara qarşı çıxmağa Sisianov cəsarət etməzdi.”[48]
Rus mənbələrinin məlumatına görə, Qafqaza hücuma başlayan şah qoşunlarının qarşısını almaq üçün Pavel Sisianovun ixtiyarında kifayət qədər qüvvə yox idi. Rus generalı 1200 nəfərlik qoşun dəstəsinə və 9 ədəd topa malik idi. Bununla isə şah qüvvələrinin qarşısını almaq elə də asan olmayacaqdı. Belə bir şəraitdə Sisianov qərara aldı ki, Xəzər dənizində olan hərbi gəmilər vasitəsilə Ənzəli və Rəştə desant çıxarsın və bununla şah qüvvələrinin diqqətini Cənubi Qafqazdan yayındırsın.[49]
Bununla belə, Abbas Mirzənin rəhbərliyi altında olan qoşun dəstəsi qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün Təbrizdən hərəkətə başladı və hər qəsəbəsində düşərgə saldı. Bu qoşun dəstəsinin yaxınlaşması xəbərini eşidən kimi İbrahimxəlil xan öz adamları vasitəsilə Sisianova məktub göndərdi və ondan əlavə hərbi yardım istədi. Çünki Mayor Dmitri Lisaneviçin tabeliyində olan kiçik dəstənin Abbas Mirzə qoşunu qarşısında davam gətirəcəyi xanda şübhə oyadırdı. Sisianov bir neçə gündən sonra İbrahimxəlil xanın məktubuna cavab yazdı. Həmin məktubunda Sisianov qaldırılan məsələ ilə bağlı cavab vermək əvəzinə İbrahimxəlil xanı nəvəsini girov kimi Tiflisə göndərməkdə günahlandırdı.[48]
Pavel Sisianov bu məktubunda da ondan kömək istəyən İbrahimxəlil xanın nə üçün nəvəsini girov kimi Tiflisə göndərmək məsələsinə xüsusi diqqət yetirdi. Bundan kidayət qədər əsəbiləşmiş olan Sisianov İbrahimxəlil xanı verdiyi vədə əməl etməsə qoşun dəstəsini Qarabağdan geri çəkəcəyi və xanın şah qoşunu ilə üzbəüz qalacağı barədə hədələyirdi. İbrahimxəlil xanın Qarabağa əlavə rus qoşun dəstəsinin göndərilməsi xahişinə cavab olaraq isə Sisianov hirslə bildirirdi ki, “mənim kimsənin məsləhətinə ehtiyacım yoxdur və tabeliyim altında olan qoşun dəstələrinin hara və nə üçün göndərilməsini mən özüm müəyyənləşdirirəm.”[50]
Bir müddət sonra yenidən İbrahimxəlil xan Sisianova məktub yazdı və bu məktubu mayor Lisaneviç vasitəsilə Sisianova göndərdi. İbrahimxəlil xan həmin məktuba Fətəli şahdan aldığı növbəti məktubu da əlavə etdi. Yazdığı məktubunda İbrahimxəlil xan bir daha vəziyyətin mürəkkəbliyini Pavel Sisianovun diqqətinə çatdırmaqla girov göndərilməməsinə də aydınlıq gətirirdi. İbrahimxəlil xanın yazdığından belə bir qənaətə gəlmək olar ki, onun oğlunun rusların əlində girov olduğu halda nəvəsinin girov olub-olmaması məsələsi narahatlıq doğurmamalı idi. Oğlu deyəndə, o, Məhəmmədhəsən ağanı nəzərdə tuturdu və bildirirdi ki, Məhəmmədhəsən ağa onsuzda bütünlüklə mayor Lisaneviçin nəzarəti altında idi. O, biri tərəfdən İbrahimxəlil xan Əsgəranın Abbas Mirzə qoşunlarının nəzarəti altında olduğunu və Gəncəyə gedən yolun bağlı olduğunu yazaraq bu şəraitdə nəvəsinin rus generalının yanına göndərilməsinin qeyri-mümkünlüyünə işarə edirdi. İbrahimxəlil xan yenidən rus qoşunlarının köməyinə ehtiyac olduğunu Sisianova çatdırdı və bildirdi ki, “Fətəli şah da qoşunla Qarabağ xanlığına gəlmək və Əsgəran ətrafında Abbas Mirzənin dəstəsi ilə birləşmək niyyətindədir.”[50]
Rus tarixçiləri Araz çayını keçməmişdən əvvəl Abbas Mirzə tərəfindən Qacar qoşunlarının iki dəstəyə bölündüyünü bir dəstəsinin Pirqulu xanın rəhbərliyi altında Xudafərin istiqamətinə, digər dəstənin isə İrəvan xanlığını istiqamətinə göndərildiyini qeyd edirlər.[51] Lakin M. Süleymanov qeyd edir ki, “Abbas Mirzə bütün qoşun dəstəsi ilə Qarabağ xanlığı üzərinə hücum etdi və yalnız əsas hədəf məntəqisini Qarabağ üzərində cəmlədi.”[52]
“Məəsərəe-Soltaniyyə” əsərində bildirilir ki, Abbas Mirzə Qarabağa qoşun çıxarmaq üçün Fətəli şahın fərmanını alan kimi Azərbaycana yollandı və hər yolu ilə Qarabağa doğru istiqamət götürdü.[52] Əsərdə qeyd olunur ki, əvvəlcə İsmayıl xan Damğaninin rəhbərliyi altında olan bir dəstəni Abbas Mirzə ön dəstə kimi Araz çayı sahilində, Xudafərin körpüsü istiqamətinə göndərdi. Mirzə Məhəmməd Sadıq Vəqayeneqara görə isə, şah özü İsmayıl xan Damğaniyə göstəriş verdi ki, dəstəsi ilə Xudafərin körpüsünə doğru irəliləsin. Bu dəstə Xudafərin körpüsünü nəzarət altına almaqla onun təhlükəsizliyini və Qacar qoşunlarının rahatlıqla Araz çayını adlamasını təmin etməli idi.[52]
Şah sarayının Azərbaycan xanlıqları üzərinə planlaşdırılan hücumunun Tiflisə qədər davam etdiriləcəyini bəyan etməsi və bu niyyətin həyata keçirilməsi üçün şah qoşunlarının Araz çayına yaxınlaşması bölgədəki rus qüvvələrinin vəziyyətini xeyli çətinləşdirdi. Rus tarixçilərinin yazdığına görə, Sisianov Rusiya imperatorundan Qacar qoşunları ilə döyüşə girməmək tapşırığı almışdı.[51] Digər tərəfdən isə Qacar qoşunları ilə müqayisədə Sisianovun ixtiyarındakı qüvvələrin sayı xeyli az idi. Zərurət yarandığı halda bu qüvvələrlə Qacar qoşunlarına müqavimət göstərmək elə də asan olmayacaqdı. Sisianov isə Qacar qoşunları ilə qarşılaşmaq məcburiyyətində idi. Əks vəziyyətdə rus qoşunları öz mövqelərini tərk edib Cənubi Qafqazdan çəkilməli idilər. Buna yol verməmək üçün Sisianov ixtiyarında olan qüvvələrin yenidən qruplaşdırılmasını birdə nəzərdən keçirdi və Qacar qoşunlarının yürüşü başlamazdan əvvəl Samxetiyada olan Tiflis alayının iki taborunun Gəncəyə gətirilməsini mümkün saydı.[48]
Qacar qoşunlarının Qarabağ xanlığı üzərinə hücumu iyun ayının əvvəllərinə təsadüf edirdi. Araz çayının bol sulu olduğu bu vaxtda Xudafərin körpüsü Araz çayını adlamaq üçün xüsusi hərbi əhəmiyyət kəsb edirdi və bu körpünü nəzarət altına almaqla şah qoşunlarının Qarabağ xanlığı ərazisinə daxil olmasına maneçilik yaratmaq mümkün olacaqdı. Bu vəzifəni həyata keçirmək üçün Qarabağ xanlığı ərazisində mayor Dmitri Lisaneviçin rəhbərliyi altında olan dəstədən başqa bir qüvvə yox idi.[53]
Rus tarixi ədəbiyyatında olan məlumata görə, mayor Lisaneviçin rəhbərliyi altında Şuşa qalasında olan dəstə cəmi 300 nəfərdən ibarət idi. Bu dəstə ilə mayor Lisaneviç həm qalan, həm də İbrahimxəlil xanın özünü nəzarət altında saxlamalı, qala daxilində Rusiya işğalına qarşı müxalifətçiliyin baş qaldırmasına, İbrahimxəlil xanın digər Azərbaycan xanları və Qacar sarayı ilə məktublaşmasına yol verməməli idi. Lakin yaranmış vəziyyətin təhlükəli olmasını nəzərə alaraq İbrahimxəlil xan mayor Lisaneviçin dəstəsinin Xudafərin istiqamətinə göndərilməsinə nail oldu. Bu dəstənin gücünün artırılması üçün Məhəmmədhəsən ağanın rəhbərliyi altında olan bir atlı dəstəsi də mayor Lisaneviçlə birlikdə Xudafərin körpüsü ətrafına göndərildi. Nəzərdə tutulmuşdu ki, Xudafərin körpüsündə şah qüvvələrinin qarşısını müəyyən müddət saxlamaqla Qarabağ əhalisinin tarlalarda yetişdirdiyi məhsulların toplanmasınaa vaxt qazanılsın. Eyni zamanda da güman edilirdi ki, şah qüvvələrinin Xudafərin körpüsündə ləngidildiyi vaxt Sisianov tərəfindən göndərilən əlavə kömək də gəlib çata bilər.[54]
Lakin Məhəmmədhəsən ağanın və Lisaneviçin dəstəsi Araz çayına yetişənə kimi şah qüvvələri artıq Xudafərin körpüsünü adlamışdılar. Qarabağ xanlığı ərazisinə ilkin daxil olan dəstələrdən biri İsmayıl xanın rəhbərliyi altında olan dəstəsi idi. Bu dəstə Araz çayını adlayan kimi Cəbrayıl bağlarında mövqe seçdi. Mayor Lisaneviçlə Məhəmmədhəsən ağa Araz çayına gələndə İsmayıl xan dəstəsi ilə artıq Qarabağ xanlığında döyüş mövqeləri tutmuşdular. Məhəmmədhəsən ağa ilə mayor Lisaneviç Xudafərin körpüsünə vaxtında çata bilməsələr də, Xudafərin körpüsü ilk adlamış olan İsmayıl xanın dəstəsi üzərinə hücum etməyi qərara aldılar. Sisianovun yazışmalarından aydın olur ki, bu dəstələr arasındakı döyüş iyun ayının 9-da baş verdi.[50]
General Pavel Sisianovun yazışmalarından aydın olur ki, iyunun 9-10-da baş verən döyüş mayor Lisaneviçin dəstəsi üçün kifayət qədər ciddi bir döyüş olmuş və döyüşün gedişində ruslar da itkilərlə qarşılaşmışdılar. Sisianov bu itkilərin verilməsini İbrahimxəlil xan tərəfindən kifayət qədər kömək göstərilməməsində görürdü. Araz çayı yaxınlığındakı döyüşdə Məhəmmədhəsən ağanın rəhbərliyi altında Qarabağ xanlığının 100 nəfərlik atlı dəstəsi iştirak edirdi ki, bunu da Sisianov kifayət saymırdı və İbrahimxəlil xanın böyük dəstə göndərilməli olduğunu yazırdı.[50]
Mayor Lisaneviçin dəstəsi ilə qarşılaşmadan sonra Qacar ordusunun Araz çayının cənubuna çəkilməsi haqqında məlumat farsdilli mənbələrdə öz əksini tapmamışdır. Mirzə Məhəmməd Sadiq bəy Vəqayeneqarın yazdığına görə, İsmayıl xan Damğaninin rəhbərliyi altında olan dəstə Xudafərin körpüsünü keçdikdən sonra Cəbrayıl yaxınlığında qarşı tərəfin dəstəsi ilə qarşılaşdı. Məhəmmədhəsən ağa şah qüvvələrinin qarşısını saxlamaq üçün irəli çıxdı. Lakin Qacar dəstəsinin qarşısını almaq mümkün olmayacağı üçün Məhəmmədhəsən ağa dəstəsini meşələrə çəkdi. İsmayıl xan Damğani Qarabağ atlılarını təqib etdi və sonra da baş verənlər haqqında Abbas Mirzəyə çatdırdı. Mənbədəki məlumata görə, bundan sonra İbrahimxəlil xan dəstəsini Məhəmmədhəsən ağanın köməyinə göndərdi. Müəllifin rus dəstəsinin sayı haqqında verdiyi məlumat doğru deyil. Müəllifə görə, rusların köməyə yetişməsi İsmayıl xan Damğanini qorxutmadı. O yenidən xan dəstəsinin və rusların üzərinə hücum etdi və onların Şuşa qalasına çəkilməyə məcbur etdi.[55]
“Məəsərəe-Soltaniyyə” əsərində isə bildirilir ki, Qacar qoşunlarının hücum xəbərini eşidəndə İbrahimxəlil xan oğlu Məhəmmədhəsən ağanın rəhbərliyi altında olan dəstəni rus dəstəsi ilə birlikdə Xudafərin körpüsünün mühafizəsinə göndərdi. Mənbəyə görə, İsmayıl xan Damğani dərhal Qarabağ xanı tərəfindən göndərilən dəstə ilə döyüşə girdi. Buradakı məlumatlardan aydın olur ki, qarşılaşmanın ikinci günü də döyüş davam etdi və ikinci gün Qarabağ dəstəsi geri çəkildi. Bildirilir ki, bu qarşılaşma zamanı şah döyüşçülərinin göstərdiyi məharət İsmayıl xan Damğaninin sevincinə və bu sevincdən göz yaşlarının axmasına səbəb oldu. Çünki şah sarayı üçün əhəmiyyət kəsb edən bu yürüşün ilk döyüşünün Abbas Mirzənin və Fətəli şahın arzusunda olduğu nəticə ilə başa vurmaq mümkün olmuşdu. Mənbənin məlumatına görə, döyüşün ilk günündə baş verən qarşıdurma haqqında Abbas Mirzəyə xəbər çatdırıldı. Çox güman ki, Abbas Mirzə Araz çayının şimalında çox böyük rus qoşun dəstəsinin dayandığını güman edirdi və ona görə də dərhal İsmayıl xan Damğaninin köməyinə yollanmağı qərara aldı. O, qarşıdurmanın ikinci günü döyüşün baş verdiyi əraziyə gəlib çıxdı. Mənbədən məlum olur ki, Abbas Mirzə də geri çəkilən dəstənin təqibində oldu və Məhəmmədhəsən ağanın dəstəsi ilə rus dəstəsini Ağoğlana qədər təqib etdi. Abbas Mirzə Ağoğlançayın mühafizəsini Nəcəfqulu xan Gorus adlı birinə tapşıraraq öz qoşun dəstəsi ilə Çanaxçıya qədər irəlilədi. Başqa bir mənbənin məlumatına görə isə, Məhəmmədhəsən ağanın dəstəsi İsmayıl xan Damğaniyə güclü müqavimət göstərməyə çalışdı. Lakin bir nəticə olmadı. Bildirilir ki, Məhəmmədhəsən ağa çoxlu itki verəndən sonra meşəliklərə çəkilməli oldu. İsmayıl xan Damğani bu dəstəni meşədə mühasirə edib Abbas Mirzəyə xəbər göndərdi. Abbas Mirzə də bu xəbəri eşidəndə Əhərdən hərəkətə başladı. O gələnə kimi Məhəmmədhəsən ağa mühasirədən çıxaraq Şuşa qalasına pənah apardı. Onları tapa bilməyəndə isə, Ağoğlançay yaxınlığında düşərgə saldı.[56]
Rus mənbələrində və Qarabağnamələrdə Xudafərin yaxınlığında baş verən ilk qarşıdurmada Abbas Mirzənin iştirakı barədə məlumat yoxdur. Qarabağnamə müəllifləri də Cəbrayıl meşələrində tərəflər arasında qanlı döyüşlər olmasını təsdiq edirlər. Qeyd olunur ki, şiddətli döyüş axşama kimi davam etdi. Havanın qaralmağa başlaması ilə döyüş də dayandırıldı. Məhəmmədhəsən ağa qardaşı Əbülfət ağanın Şuşa qalasının olan yaxınlarının xan əleyhinə iğtişaş yarada biləcəyindən ehtiyatlanaraq qalaya qayıtmağı məqsədəuyğun saydı. Bu məqsədlə, həm öz atlılarını, həm də rus döyüşçülərini hərəkətə gətirərək o biri gün səhər Tuğ kəndinə yetişdi. Şah qüvvələri bundan xəbər tutaraq Məhəmmədhəsən ağanın qarşısını kəsməyə cəhd göstərsələr də, buna nail ola bilmədilər. Şah qüvvələri Məhəmmədhəsən ağanın və onlarla birlikdə olan rus qoşunlarının qarşısını kəsməklə Şuşa qalasını müdafiəsiz qoymaq və Abbas Mirzənin gəlişini ilə onun ələ keçirilməsini asanlaşdırmaq istəyirdilər.[57] Məhəmmədhəsən ağa və onu müşayiət edən rus qüvvələri Tuğ kəndində hərəkət edib Şuşa qalasına daxil ola bildi. Şah qüvvələri bu istəklərinə nail ola bilmədilər və Şuşa qalasının 4 ağaclığında[qeyd 4] olan Ağbulaqda dayandılar. Bir müddət sonra isə Abbas Mirzə Çanaxçı çayı ətrafına gəlib orada düşərgə qurdu. Şuşa qalasına hücuma başlamazdan əvvəl Abbas Mirzə qoşun sərkərdəsi olan Şahsevən sərdarını beş min nəfərlik bir dəstə ilə Əsgəran qalası istiqamətinə göndərdi ki, Tiflisdən gələ biləcək rus dəstələrinin qarşısını saxlaya bilsin. Ümumiyyətlə, qoşun bu cür planlaşdırılmışdı ki, Abbas Mirzə bir tərəfdən, Əsgəran ətrafında olan dəstə isə başqa bir istiqamətindən Şuşa üzərinə hücum etsin.[58]
M. Xəzani yazır ki, “Qacar sarayı təkcə Qarabağa qoşun yeritməklə kifayətlənmədi. Abbas Mirzənin Qarabağda yerləşən qərargahı Qarabağ əhalisi arasında ruslara qarşı təbliğat işini genişləndirməklə özünə yerlərdə bir dəstək də qazanmağa çalışırdı. Bu işlərə Əbülfət ağa rəhbərlik edirdi. O, xüsusilə erməni kəndləri içərisində təbliğat aparır, erməni məliklərini və koxalarını şahpərəst mövqe tutmağa meyilləndirirdi. Nəticədə bir sıra məliklər və erməni koxaları Abbas Mirzənin qərargahına gələrək hədiyyələr alır və şaha sədaqət nümayiş etdirməklə öz maraqlarını qorumağa çalışdılar.”[58]
Qarabağ əhalisi arasında ruslara və İbrahimxəlil xana qarşı təbliğat aparılmasını farsdilli mənbələrdə təsdiq edirlər. Əbülfət ağa yerli erməniləri şaha tərəf çəkməyə çalışmaqla İbrahimxəlil xanı da zəiflətmək istəyirdi. Ermənilərin bu hərəkətləri isə Sisianovun özünü də təəccübə salmışdı. Rus qoşunlarının bölgəyə gəlməsi üçün can atan, Rusiya sarayı ilə əlaqələr yaratmaq istəyən ermənilərin bölgədə olan rus qüvvələrini və ya Rusiya himayəsini qəbul etmiş İbrahimxəlil xanı deyil, şah qüvvələrini müdafiə etməsi rus qüvvələrinin ağır olan vəziyyətini daha da ağırlaşdıra bilərdi. Bunun qarşısını almaq üçün Sisianov Qarabağ ermənilərinə müraciət etdi, onları şah meyilli mövqedən çəkindirməyə çalışdı: “Yəni siz indiyə kimi igidliyi ilə seçilən Qarabağ erməniləri sizin nüfuzlu Qarabağ xanınız Rusiya İmperiyasının daimi təbəəliyini qəbul etdikdən sonra dəyişmişsiniz? Siz indi imperator qüvvələrinin qüdrətinə arxalanaraq daha da cəsur olmalı idiniz. Amma siz arvad xasiyyətli olmuşsunuz, yalnız ticarətlə məşğul olan ermənilərin tayına çevrilmişsiniz.”[59]
Sisianov vəziyyətin ciddi olduğunu anlayırdı. Yenicə Rusiya himayəsi altına alınan Qarabağ xanlığının qorunmasına nail olmaq üçün o, polkovnik Pavel Karyaginin rəhbərliyi altında bir yeger taborunu Qarabağa göndərdi. Bu tabor Lisaneviçin dəstəsi ilə birləşərək şah qoşunlarının hücumunun qarşısını almalı və Qarabağın rus nəzarəti altında qalmasını təmin etməli idi. Lakin Pavel Sisianov bu qüvvələrin də şah qoşunlarının qarşısının alınması üçün yetərli olmayacağını görürdü. Ona görə nəzərdə tutulmuşdu ki, özü də Qarabağa göndərdiyi dəstələrin köməyinə hazırlaşsın və vəziyyət mürəkkəbləşəcəyi halda Tiflis alayının iki taboru ilə birlikdə Qarabağa yollansın.[59]
Sisianov bu barədə İbrahimxəlil xana da məlumat çatdırdı və onun qarşısında məsələ qaldırdı ki, “İbrahimxəlil xan da Pavel Karyaginin dəstəsinin Qarabağa yetişməsinə və mayor Lisaneviçin dəstəsi ilə birləşməsinə lazımi kömək göstərsin.”[60]
Şuşa ətrafında vəziyyət təhlükəli olaraq qalırdı. İbrahimxəlil xana göndərilən təkliflərinə cavab almayan Abbas Mirzə Şuşa üzərinə hücum etməyi qərara aldı. O, Nəcəfqulu xan Gorus adlı sərkərdəsini bir dəstə ilə Ağoğlandakı düşərgəsinin mühafizəsində saxladı və özü isə Şuşaya doğru hərəkətə başladı. Şuşa yaxınlığında Abbas Mirzə Qarabağa əlavə kömək kimi göndərilən rus dəstəsinin Əsgərana yaxınlaşması xəbərini aldı.
Abbas Mirzə qoşunlara istirahət vermədən dərhal Əsgəran istiqamətinə yollanmağı qərarlaşdırdı. İsmayıl bəy qoşun çərxçisi təyin edildi. Tanınmış sərkərdələr olan Pirqulu xan Qacar, Əli xan Qovanlı, Sadıq xan Əzadanlı atlı dəstələrin rəhbərləri təyin edildilər. Fərahani və Kəzzaz tüfəngdarları Hacı Allahverdi xan Qacarın rəhbərliyi altına verildilər. Qoşun dəstəsi yenidən qruplaşdırıldı və Abbas Mirzə qoşunların mərkəzində mövqe tutdu. Axşam
qürubuna üç saat qalmış Abbas Mirzənin qoşun dəstəsi Əsgəran yaxınlığına yetişdi.
Əsgərana yaxınlaşmaqda olan rus dəstəsi polkovnik Karyaginin rəhbərliyi altında olan dəstə idi. Tərkibində 16-cı yeger alayının 400 döyüşçüsü və iki topu olan bu dəstə iyun ayının 21-də hərəkətə başladı və həmin ayın 24-də Əsgəran yaxınlığındakı Şahbulaq çayına yetişdi. Elə burada da Karyaginin dəstəsi Abbas Mirzənin döyüşçüləri ilə üzbəüz gəldi və tərəflər arasında qanlı döyüş başladı. Rus mənbələrinə görə, şah qoşunları 3 min nəfərlik bir dəstə idi. Amma bu dəstənin sürətli hücumu Karyaginin dəstəsini uzun müddət müdafiə olunmağa məcbur etdi. Arada yaranan fürsətdən istifadə edərək rus dəstəsi axşama yaxın Əsgərana yetişə bildi. Daha irəliləmək mümkün olmadığı üçün rus dəstəsi Qarağacı məntəqəsindəki müsəlman qəbiristanlığında mövqe tutmalı oldu.
Həmin qəbiristanlıq döyüş aparmaq tutmaq üçün elə də münasib bir yer deyildi. Çoxsaylı təchizat arabaları ilə qəbiristanlıq daxilindəki dar cığırlarla irəliləmək çətin idi. Amma Karyagin geri qayıdıb Şahbulaqda mövqe tutmağı da məqsədəuyğun saymadı. Şah qoşunlarının təhlükəsindən qorunmaq üçün ruslar arabalardan dövrə qurdular, onların ətrafında xəndək qazdılar, xəndək boyunca isə daşlar düzdülər. Toplar atəş vəziyyətinə gətirildi. Abbas Mirzə rusların bu müdafiə tədbirlərindən heç də çəkinmədi və öz tüfəngdarlarına müvafiq mövqelər tutmağı əmr etdi. Fars mənbələrinə görə, Fətəli şah oğlunun rəhbərliyi altında olan qoşun dəstəsinin ruslarla qarşılaşdığını eşitcək Damğani dəstəsini və öhdəsində 4 top olan Hüseynqulu xan Qacarı da Abbas Mirzənin köməyinə göndərdi. Bu qüvvələrin Əsgəran ətrafına yetişməsi Abbas Mirzənin zərbə qüvvəsini daha da gücləndirdi.
Güclənmiş şah qüvvələri dərhal rusların müdafiə mövqelərinin üzərinə hücuma keçdilər və tərəfələr arasında ciddi bir döyüş başladı. Bu döyüşlə rusların mövqelərini ələ keçirmək mümkün olmasa da hər halda onların Şuşaya irəliləmək niyyətinin qarşısı alındı. Rus mənbələrinə görə, Karyaginin dəstəsindən 33 nəfər öldürüldü və 164 nəfər yaralandı. Atlar arasında da itkilər çox idi. Polkovnik Karyagin üç güllə yarası aldı, onun köməkçisi mayor Kotlyarevski isə ayağından yaralandı. Ona görə də polkovnik Karyagin Şuşa qalasına doğru irəliləmək imkanını əldən verdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.