From Wikipedia, the free encyclopedia
Qafqaz yürüşü — 1734-1735-ci illəri əhatə edən bu yürüş Səfəvi-Osmanlı müharibəsinin (1730-1736) son böyük hərbi kompaniyasıdır. Bu yürüş nəticəsində Səfəvi ordusu qələbə qazanmış və Qafqaz üzərində yenidən Səfəvi hakimiyyəti bərpa edilmişdir.
Qafqaz yürüşü | |||
---|---|---|---|
Səfəvi-Osmanlı müharibəsi (1730-1736) və Nadirin yürüşləri | |||
| |||
Tarix | 1734-1735 | ||
Yeri | Cənubi və Şimali Qafqaz | ||
Səbəbi | Nadir xan Əfşarın Qafqazı Osmanlı imperiyasından və Çar Rusiyasından geri alıb Səfəvi imperiyasına qaytarmaq istəyi. | ||
Nəticəsi | Müharibəni sonlandıran mütləq Səfəvi qələbəsi.[1] | ||
Ərazi dəyişikliyi | Qafqazda hələ də müqavimət göstərən Osmanlı qarnizonları təslim oldu. Tiflis, İrəvan və Gəncə geri qaytarıldı. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
1722-ci ildə Səfəvi imperiyasının paytaxtı olan İsfahanın əfqan üsyançılar tərəfindən ələ keçirilməsi ilə faktiki olaraq dövlətə son qoyulmuşdu. Elə bununla eyni dönəmdə Qafqazın böyük bir hissəsi də Osmanlı hakimiyyəti altına düşmüşdü.
Qafqaz cəbhəsi Mesopotomiya cəbhəsi ilə birlikdə Osmanlı-Səfəvi müharibəsinin əsas cərəyan etdiyi regionlardan biri idi. 1720-ci illərdə Səfəvi imperiyasının əfqan üsyanı nəticəsində faktiki olaraq devrilməsi Osmanlı imperiyasına nəinki Qafqazı, həmçinin İranın qərb bölgələrinə qədər yayması ilə nəticələnmişdi. Nadirin İranın qərbinə və Osmanlı hakimiyyəti altında olan İraqa hücumundan sonra imperiyanın qərb sərhədləri bir qədər təhlükəsiz vəziyyətə gətirildi. Lakin şimalda vəziyyət fərqli idi və görünürdü ki, İstanbul hökuməti Qafqazı öz hakimiyyəti altında saxlamaqda qərarlıdır. Osmanlı rəhbərliyi bunu həyata keçirmək üçün Qafqaza Köprülü paşanın komandanlığı altında yeni güclü ordu göndərmişdi.[4]
1734-1735-ci illər yürüşünün əsas hədəfi Şirvan torpaqlarını yenidən ələ keçirmək idi. 1734-cü il avqustunda Şirvanın paytaxtı Şamaxı ələ keçirildi. Təhmasib xan Cəlairin Osmanlılarla Krım tatarlarının birləşmiş ordularını darmadağın etməsindən sonra Qafqazın cənub-şərqində olan bu döyüş nəticəsində onların geri çəkiliş yollarının çoxu qapadıldı. Nadirin son zərbəsindən sonra Osmanlı ordusu şimaldakı dağlara səpələndilər.
Şimaldakı dağlarda düşmənin təqib olunması təhlükəli hesab edildiyindən qışın yaxınlaşmasını da nəzərə alan Nadir Gəncəni mühasirəyə almağa yollandı. Gəncəyə gələn Səfəvi ordusu çox güclü qalalarla əhatələnmiş şəhərlə qarşılaşdılar. Bu zaman Səfəvi ordusu hələ də güclü artilleriya qüvvələri baxımından zəif olaraq qalmaqda idi. Ordudakı artilleriya silahları daha çox meydan döyüşləri üçün nəzərdə tutulmuşdu və mühasirə artilleriyası mövcud deyildi. Olanlar isə şəhər qalasına və divarlarına qarşı yetərli deyildi.
Mühasirəni əllərindəki artilleriya silahları ilə yara bilməyəcəklərini anlayan Səfəvi ordusu qalanı lağımlar qazmaqla dağıtmaq planını qəbul etdilər. Lakin lağımların haradan atıldığı barədə baxtında kəşfiyyyat materialları alan Osmanlı ordusu o yerlərə basqın həyata keçirdi. Yeraltı lağımlarda əlbəyaxa baş tutmuş döyüşdə Səfəvi ordusu 30-40 itki verib, 700 Osmanlı döyüşmüsünün ölməsinə səbəb olan 6 partlayıcını işə sala bilsələr də, əsas hədəf olan divarları dağıtmaq istəyinə nail ola bilmədilər.
Nadir həmçinin İrəvan və Tiflisi blokadaya alaraq, Osmanlı sərəskəri Köprülü Abdulla paşanı cavab tədbirləri həyata keçirməyə məcbur etmək istəyirdi. Bağdad valisi Əhməd paşanın ilkin danışıqlarını qənaətbəxş hesab etməyən İstanbul hökuməti 50 min süvari, 30 min yeniçəri və 40 topdan ibarət nəhəng bir ordunu bölgədəki Osmanlı maraqlarını qoruması üçün bölgəyə göndərdi. Orduya Köprülü paşa komandanlıq etməkdə idi.
Gəncə mühasirədə saxlanılsa da, onu ələ keçirmək mümkün görünmürdü. Nadiri Rusiya nümayəndəsi Qolitsin də müşayiət edirdi. Gəncəni uzun müddət mühasirədə saxlayan Nadir heç cür uğur qazana bilmirdi. Şəhəri güclü istehkam qurğularına, şəhərdəki Osmanlı qarnizonu uzun müddət mühasirəyə tab gətirə biləcək ərzaq ehtiyatına və artilleriya texnikasına sahib idi. Şəhərə edilən hücumlar nəticəsiz qalırdı. Nadir hətta Gəncə çayının axın istiqamətini dəyişdirərək qala divarlarına yönləndirməsi də nəticə vermədi.
Nadirin qalanı təslim etmələri üçün müdafiəçilərə göndərdiyi məktub da nəticə vermədi. Nadir Osmanlı qarnizonuna şəhəri təslim edəcəkləri halda canlarının bağışlanacağı və sağ-salamat evlərinə getmələri üçün şərait yaradılacağını bildirirdi. Osmanlı qarnizonu isə bunu rədd etdi və yalnız sultanın əmri olacağı halda şəhəri boşaldacaqlarını bildirdilər.
Abdulla paşa ilə döyüş həlledici əhəmiyyətə sahib idi və ona görə də, Nadir Gəncə qalasının mühasirəsini dayandırmağı lazım bildi. Abdulla paşa üzərində qələbə əldə edildiyi halda tək Gəncədə deyil, Cənubi Qafqazdakı digər Osmanlı qarnizonlarının da geri çəkilməkdən başqa çarəsi qalmayacaqdı. Amma Abdulla paşanın Qars qalasını tərk etməməsi Nadir üçün anlaşılmaz olaraq qalırdı. Osmanlı qoşunlarının oradan çıxmayacağı təqdirdə yenidən qala mühasirəsinə əl atılması isə Nadir üçün arzuolunmaz idi.[5]
Abdulla paşanı döyüşə sövq etmək və qaladan çıxarmaq üçün Nadir bir süvari alayını Qarsa tərəf göndərdi. Həmin alay qala ətrafındakı yaşayış məntəqələrini qarət etməli və bununla da Abdulla paşanın diqqətini özünə cəlb etməli idi. Amma Nadirin bu gedişi nəticə vermədi.
1735-ci ilin may ayında Nadir qoşunu ilə Gəncədən Qarsa doğru hərəkətə başladı. Gəncə qalasının mühasirəsinin davam etdirilməsi üçün bir dəstəni orada saxladı. Həmin dəstəyə Baba xan rəhbərlik edirdi. Dəstə 12 min nəfərdən ibarət idi. Bir dəstə də Şirvana göndərildi. Bu dəstə Şirvanı ləzgilərin hücumundan qorumalı idi. Nadir isə əsas qüvvələrlə Qarsa doğru irəliləməyə başladı.[6]
Abdulla paşanın və eləcə də Nadirin qarşı-qarşıya gələn qoşununun sayı barədə müxtəlif rəqəmlər mövcuddur. "Aləm Ara-ye Naderi"də Osmanlı qoşunlarının sayı 300 min nəfər, "Tarix-e Cahanqoşa-ye Naderi"də 20 min nəfər, tarixi ədəbiyyatda isə 80 min nəfər göstərilir. Nadirin qoşunlarının sayı isə Osmanlı qoşunundan ən azı iki dəfə az olduğu güman edilir.
Kiçik toqquşmalar xaric heç bir iri çaplı toqquşma baş vermədi. Nadirin cəhdlərinə baxmayaraq, Abdulla paşa qaladan çıxıb həlledici döyüşə girmədi. Nadir qərara gəldi ki, Qarsdan çəkilərək İrəvan qalasını mühasirəyə alsın. O, güman edirdi ki, belə olacağı halda Abdulla paşa onu təqib edəcəkdir. "Aləm Ara-ye Naderi"yə görə isə. Nadir Qars ətraflarında ərzaq tapmaqda çətinlik çəkmiş və İrəvana getməyə məcbur olmuşdur. Bu çəkilmə Abdulla paşa tərəfindən zəiflik əlaməti kimi qiymətləndirildi və o, Nadiri təqib etməyə başladı.[7]
Abdullanın sərkərdələrindən olan və Qars ətrafındakı toqquşmalarda Nadirə qarşı döyüşmüş Teymur paşa Nadir in ordusunu arxadan qorumaqla vəzifələndirilmiş Xanəli xan Kükəla və Əliqulu xan Əfşar tərəfindən pusquya düşürüldü və darmadağın edildi. Teymur paşa canını Qars qaçmaqla xilas edə bildi. Teymur paşanın məğlubiyyətindən sonra Abdulla paşa bütün orduya yürüş hazırlığı əmri verdi.[6]
Döyüşün əvvəlində Nadirin sərkərdəsi Yarbəy xanın rəhbərliyi altında olan topçular Osmanlılara güclü zərbələr vurmuşdu. Səhər açılan kimi Nadir 6 min nəfərlik cəzayirçi dəstəsini irəli çıxardı, bu dəstənin ardınca qumsal yüksəkliklərdə mövqe tutmuş olan sərkərdələr tabeçiliklərində olan qoşun dəstəsi ilə döyüş meydanına doğru irəlilədilər. Nadir özü də döyüşlərdə iştirak edirdi. Osmanlı hücumu dəf edildi və onlar geri çəkildi.
Bu hücumun ardıyca Teymur və Əkbər paşaların rəhbərlik etdiyi yeni Osmanlı hücumu reallaşdı. Nadirin qoşunu inadla müqavimət göstərsə də, Osmanlı qoşunu daim yeni qüvvələrlə təmin edilirdi. Nadir yavaş-yavaş geri çəkilmə əmri verdi və bu Osmanlı komandanlığı tərəfindən döyüş meydanından qaçma kimi qiymətləndirildi. Nadiri izləyən osmanlı ordusu müəyyən yerə çatdıqdan sonra Nadirin əmri ilə gizlədilmiş artilleriya qurğularından güclü atəşə məruz qaldılar. Osmanlı ordusunun cinahları güclü itkiyə məruz qaldı. Nadirin özü cəzayirçilər dəstəsi ilə Osmanlı sərəsgərinin, yüksəkliklərin birinin üzərində yerləşdirdiyi topların üzərinə hücum çəkdi, bir dəstəni isə sol tərəfdə yerləşdirilmiş artilleriya mövqeləri üzərinə göndərdi. Nadir yüksəklikdə qurulmuş Osmanlı toplarının hamısını ələ keçirdi və bununla öz qüvvələrinə qarşı tərəfdən yaradılmış artilleriya təhlükəsini qismən neytrallaşdırdı.
Tələyə salınmış Osmanlı ordusu çaşqınlıq içində qaçmağa başladı. Abdulla paşa qaçmağa çalışarkən atından yıxıldı və qaracurlu tayfasından Rüstəm adlı döyüşçü onun başını kəsərək Nadir xana verdi. "Aləm Ara-ye Naderi"də Abdulla paşanın qaracurlu Ağabəy tərəfindən öldürüldüyü bildirilir. Belə ki, Osmanlı xüsusi dəstəsi arasında bir nəfərin bahalı geyimi onun diqqətini cəlb edir və o, həmin şəxsi öldürüb başını kəsir. Kəsdiyi başı Nadirin yanına gətirərkən əsir Osmanlı əsgərləri meyidin kimə məxsus olduğunu deyirlər. Nadir Abdulla paşanın meyidini hörmətlə Qarsa dəfn olunmağa yola salır.[8]
Təxminən 5 saat davam edən əməliyyat nəticəsində xeyli sayda Osmanlı sərkərdəsi qətlə yetirilir. Qətlə yetirilənlər arasında Osmanlı sultanının kürəkəni və Diyarbəkir valisi Soltan Mustafa paşa da var idi. Nadir onnu da meyidini hörmətlə dəfn olunmaq üçün İrəvan qalasına göndərir.
Osmanlı imperiyasının Nadir tərəfindən ağır formada məğlub edilməsi Rusiyanın cəsarətlənməsinə səbəb oldu. Rusiya Krım tatarlarının Abdulla paşanın qoşununa qoşularkən Qara dəniz sahillərində Rusiyanın sərhədlərini pozmasını bəhanə edərək osmanlı imperiyasına müharibə elan etdi və Azovu işğal etdi. Avstriya da bu fürsətdən istifadə etməyə qərar verdi. Lakin onlar rus müttəfiqləri kimi uğur qazana bilmədilər və Qorçka döyüşündə çox ağır formada məğlub edildilər.
Bu yürüşün nəticəsində Nadir Qafqazdakı rəsmi Səfəvi hakimiyyətini qəti olaraq bərqərar etdi. Osmanlıların məğlub edilib qovulması ilə birlikdə, Qafqaz qalan ruslar da razılıq əsasında şəhərləri təhvil verib geri çəkildilər. Bu yürüşdən sonra daha şimala da uğurlu yürüş təşkil edən Nadir sonra da qurultay toplayaraq özünü şah elan etdi.[9]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.