From Wikipedia, the free encyclopedia
Professor Ceyms Moriarti (ing. Professor James Moriarty) — Şerlok Holms haqqında əsərlərin baş mənfi personajı, güclü kriminal təşkilatın rəhbəri, kriminal dünyanın dahisi. O ancaq "Sonuncu iş" hekayəsində peyda olsa da, bir çox hekayələrdə törədilən cinayətlərin arxasında məhz onun durması şübhəsizdir.
Ceyms Moriarti | |
---|---|
ing. James Moriarty | |
| |
Yaradan | Artur Konan Doyl |
Əsər | Şerlok Holms əsərlər seriyası |
İlk görünmə | Son problem |
Canlandıran | Ralf Fayns, Lourens Olivye, Aleksey Qorbunov |
Məlumat | |
Cinsi | kişi |
Ölüm tarixi | 1891 |
Ölüm yeri | |
Milliyyəti | ingilis |
Peşəsi | cinayətkar, universitet müəllimi[d], riyaziyyatçı |
Vikianbarda əlaqəli mediafayllar |
Artur Konan Doyl Şerlok Holmsu öldürmək istəyərkən bunu məhz Moriartinin əli ilə etmişdi. Hesab olunur ki, o Moriarti personajını məhz bu səbəbdən yaratmışdı. "Sonuncu iş" hekayəsində Holmsla Moriarti Reyxenbax şəlaləsinə yıxılsalar da, Holms bu qarşıdurmadan sağ çıxır.[2]
"Şerlok" adı kimi "Moriarti" də qədim irland adıdır[3] və irland köklərinə malik olan Artur Konan Doyl tərəfindən əsərlərdə irland adlarından istifadə edilməsində qeyri-adi heç nə yoxdur.
"Sonuncu iş" hekayəsində Şerlok Holms öz düşmənini "Professor Moriarti" adlandırır və onun adını bizə söyləmir.[4] Şerlok Holmsun "dirilərək" qayıtdığı "Boş ev" hekayəsində isə məşhur detektiv öz düşmənini "Professor Ceyms Moriarti" adlandırır.[2]
Şerlok Holms onu belə təsvir edir:
"O yaxşı ailədəndir, əla təhsil alıb və anadangəlmə fenomenal riyazi qabiliyyətə malikdir. Onun 21 yaşı tamam olanda o Nyüton binomu haqqında traktat yazıb Avropada məşhurlaşmışdı. Bundan sonra onu kiçik universitetlərimizdən birində riyaziyyat kafedrasına rəhbərlik etməyə çağırdılar. Onu parlaq gələcək gözləyirdi. Ancaq onun damarlarında cinayətkar qanı axır. Onda qəddarlığa irsi meyl var. Onun qeyri-adi zəkası bu meyli nəinki cilovlamır, hətta gücləndirərək onu daha təhlükəli edir. Dərs dediyi universitet şəhərciyində onun haqqında qara-qura şayiələr yayılırdı və son nəticədə o kafedradan istefa verərək Londona köçməli oldu. Burada o zabit olmağa hazırlaşam gəncləri imtahana hazırlamaqla məşğuldur."[4] |
Bəzi müəlliflər hesab edirlər ki, burada "kiçik universitet" dedikdə, Lids Universiteti[5] nəzərdə tutulur, bəziləri isə Durham Universitetini[6] təklif edirlər.
Hadisələrin "Sonuncu iş" hekayəsindən əvvəlki illərdə cərəyan etdiyi 1914-cü ildə yazılmış "Dəhşətlər dərəsi" povestində Moriarti haqqında deyilir ki, o "Avropanın ən parlaq zəkası kimi cəhənnəm qüvvələrinə rəhbərlik edir", habelə burada professorun xarici görünüşü inspektor Makdonaldın dilindən təsvir olunur:
"Onun arıq sifəti, boz saçları və mübaliğəli nitqi var. Biz onunla vidalaşanda o oğluna qəddar və soyuq dünya ilə görüşqabağı xeyir-dua verən doğma ata kimi əlini mənim belimə qoydu".[7]
Professor çox varlı olsa da, bunu gizlədir. Şerlok Holmsun fikrincə, onun azı iyirmi bank hesabı var və çox güman ki, əsas kapitalı hardasa Almaniyada və Fransada saxlanır.
Şerlok Holmsun dediyinə görə, Moriarti evli olmamışdı.
Şerlok Holms Professor Moriartini "Cinayət aləminin Napoleonu" adlandırır. Bu ifadə 1888–1901-ci illərdə Skotland-Yardın cinayət-axtarış bölməsinə rəhbərlik etmiş ser Robert Anderson tərəfindən 1907-ci ildə real cinayətkar Adam Uort haqqında deyilmişdi.[8]
Artur Konan Doyl öz personajına riyaziyyata meyillilik kimi xüsusiyyət vermişdir. Hesab edilir ki, bu xüsusiyyəti o dostu general-mayor Dreysondan götürmüşdür.[8]
"Dəhşət dərəsi" povestində Şerlok Holms Moriartini məşhur "oğru tutan" və cinayətkar sindikatın rəhbəri Conatan Vayldla (1725-ci ildə edam edilmişdir) müqayisə etsə də[7], hesab etmək olar ki, professor Moriartinin prototipi Conatan Vayld deyil, məşhur cinayətkar Adam Uortdur. Holmsşünas Vinsent Starret qeyd edir ki, bu barədə yazıçı doktor Qrey Çandler Briqqsə məlumat vermişdir.[8]
Adam Uort 1844-cü ildə yoxsul alman yəhudilərinin ailəsində anadan olmuşdur və beş yaşında ikən valideynləri ilə birlikdə Amerikaya köçmüşdü. 14 yaşında ikən evdən qaçan Adam 1860-cı ildə Nyu-Yorka gələrək Vətəndaş müharibəsinin əvvəlində şimallıların qoşunlarına könüllü yazılır. Manassas yaxınlığında döyüşdə yaralanan Adam bizə məlum olmayan səbəbdən həlak olanların siyahısına düşür. Bu haldan müəyyən dələduz əməllər üçün istifadə edən Adam müxtəlif adlardan istifadə etsə də, son nəticədə Alan Pinkertonun Milli Detektiv Agentliyinin fərarilərin axtarışı ilə məşğul olan agentləri onu ifşa edirlər və o Nyü-Yorka qaçmalı olur.
Kriminal Nyu-Yorkda özünə banda yığan Adam qarətlərlə məşğul olur. O cinayətləri öz intellektinin köməyi ilə təşkil edir və odlu silahdan istifadə etmirdi. O öz yoldaşlarına da odlu silahdan istifadəni qadağan etmişdi.
20 noyabr 1869-cu ildə onun dəstəsi Bostonda yerləşən Boylstoun Milli Bankını qarət edərək oradan milyon dollar nağd pul və qiymətli kağızları götürüb İngiltərəyə qaçmışdılar. Bu qarət çox dəqiq edilmişdi. Bankın xəzinəsi ilə qonşu binada ofis açaraq onlar sonra ara divarı sökməklə xəzinəyə daxil ola bilmişdilər.
1871-ci ildə Paris Kommunası darmadağın ediləndən sonra Adam Parisə gələrək burada "Amerikan barı"nı açır. Bu məşhur barda fransız mətbəxi və amerikan içkilərini təklif edən səviyyəli restoran və oxu zalı var idi. Üçüncü mərtəbədə isə qeyri-qanuni qumarxana açılmışdı və polis axtarışı təhlükəsi yarananda həmin qumarxana məkanı xüsusi mexanizmlə adi kafeyə çevrilə bilirdi.
Lakin məşhur Pinkerton detektiv agentliyinin rəhbərlərindən biri olan Vilyam Pinkerton müştəri adı ilə bara gələrək Adamı ifşa edir və məşhur qarətçi 1873-cü ilin qışında Londona qaçmalı olur.
Londonun məşhur Meyfer rayonunda Henri Raymond adı altında yaşayan Uort elə buradan öz cinayətlərinə rəhbərlik edirdi. 15 il ərzində Adam Uort qarət sahəsində ixtisaslaşmış cinayət imperiyası yarada bilmişdi. Cinayətkar qruplar mürəkkəb sistem əsasında qurulmuşdu və sadə icraçılar əsl sifraişçilərin kim olduğunu bilmirdilər. Bu halda, ələ keçəcəkləri təqdirdə onlar heç bir məlumat verə bilmirdilər və polis bu cinayətlərin arxasında məhz Uortun dayandığını bilmirdi.
Adam elə qudrətli cinayətkar idi ki, onun imperiyasına məxsus olan "Şamrok" buxarlı yaxtası Cənubi Amerikanın sahil şəhərlərində yerləşən bankları soymağa çəkinmirdi.
Henri Raymond adı altında Adam Londonda əsl kübar həyat tərzi sürürdü: o at yarışları ilə maraqlanırdı və 10 atdan ibarət ilxısı da var idi. 1877-ci ildə o Londonun Klapam-Kommon rayonunda malikanə də almışdı. İkimərtəbəli evin yanındatennis kortu, tir, boulinq üçün tala da var idi. Öz mənzilində isə o dəbdəbəli qonaqlıqlar verirdi.
Pinkertonun hesablamalarına görə karyerası ərzində Adam Uort azı 2 milyon dollar qazana bilmişdi.[8]
Artur Konan Doyl Uortun mövcudluğundan 1893-cü ilin yayında xəbər tuta bilərdi. Yazıçı artıq Şerlok Holmsu öldürməyə hazırlaşırdı və iyulun 24-də "Pel Mell qazett" 17 il əvvəl Aqnyü qalereyasından oğurlanmış rəsm haqqında məqaləsi Londonu lərzəyə salmışdı. Söhbət Geynsboronun "Corcina, Devonşir hersoginyası" tablosundan gedir. Ola bilsin ki, Doyl da bu məqaləni oxumuşdu.
Lakin Uortun prototip olmasının əleyhinə belə bir arqument də gətirmək olar ki, Moriartinin xarici görünüşü cəmi 154 sm boyu olan Uortdan kəskin şəkildə fərqlənirdi.
Lakin "Dəhşət dərəsi" povestində Doyl Uort tərəfindən tablonun oğurlanması faktını süjetin əsas qayəsinə çevirmişdi və düşünmək olar ki, burada yazıçı məhz Adam Uort tərəfindən Geynsboronun tablosunun oğurlanmasına eyham vurmuşdur.
Moriartinin prototipləri sırasında öz rəqiblərini sıradan çıxartdığı üçün mənfi reputasiyaya malik olan astronom Saymon Nyukomb[9], Moriarti kimi asteroidlərin dinamikası haqqında riyazi əsərin müəllifi olan Karl Fridrix Gauss[10] və Nyüton binomu haqqında tədqiqatların müəllifi olan Srinivasa Ramanujanın[11][12] da adları çəkilir.
Moriarti həm də başqa müəlliflərin (C. Norbu, C. Qardner, E. Qorovis) də Şerlok Holms haqqında yazdığı əsərlərin personajı qismində çıxış edir.
1 aprel 1981-ci ildə kəşf edilmiş 5048 nömrəli asteroidə "Asteroidin dinamikası" adlı əsər yazmış Professor Moriartinin şərəfinə Moriarti adı verilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.