Penisillin — 1928-ci ildə Aleksandr Fleminq tərəfindən kəşf olunan antibiotik. Penisillinlər mikroorqanizmlərin həyat fəaliyyəti məhsulları əsasında işlənib hazırlanmış ilk antimikrob dərman qrupudur. Onlar böyük β-laktam antibiotiklər (β-laktamlar) sinfinə aiddirlər. Bu sinfə həmçinin sefalosporinlər, karbapenemlər və monobaktamlar da daxildir. Bu antibiotiklərin quruluşunda dördüzvlü 《β》-laktam həlqəsi ümumidir.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Penisillinlərin təsnifatı
Təbiilər: ► Benzilpenisillinin (penisillinin) natrium və kalium duzları ► Benzilpenisillinin prokain (penisillinin novokain duzu) ► Benzatin benzilpenisillinin ► Fenoksimetilpenisillin Yarımsintetiklər: ► İzoksazolilpenisillinlər (Oksasillin) ► Aminopenisillinlər (Ampisillin, Amoksisillin) ► Karboksipenisillinlər (Karbenisillin, Tikarsillin) ► Ureidopenisillinlər (Azlosillin, Piperasillin) ► İnhibitordan müdafiə olunmuş penisillinlər (Amoksisillin/klavulanat, Ampisillin/sulbaktam, Tikarsillin/klavulanat, Piperasillin/tazobaktam)
Təsir mexanizmi
Penisillinlər (və bütün digər β-laktamlar) bakterisid təsirə malikdirlər. β-laktamları parçalayan xüsusi fermentlərin- β-laktamazaların hasil edilməsi ilə əlaqədar olaraq, mikroorqanizmlər arasında geniş yayılmış qazanılmış davamlılığı aradan götürmək üçün bu fermentlərin aktivliyini geri dönməyən ləngidən, β-laktamaz inhibitorları adlanan birləşmələr – klavulan turşusu (klavulanat), sulbaktam və tazobaktam işlənib hazırlanmışdır. Onlar kombinə edilmiş (inhibitordan müdafiə olunmuş) penisillinlərin hazırlanmasında istifadə edilirlər.
Aktivlik spektri
Təbii penisillinlər aşağıdakılara qarşı aktivdirlər:
► Qrammüsbət bakteriyalar
- (Streptococcus spp., Staphylococcus spp., Bacillus spp., az dərəcədə- Enterococcus spp. qarşı)
- Enterokokklar (E. faecalis)
- listeriyalar (L. Monocytogenes)
- erizipelotriks (E. rhusiopathiae)
- əksəriyyət korinobakteriyalara (C.diphtheriae daxil olmaqla) və bir-birinə yaxın mikroorqanizmlərə.
► Qrammənfi bakteriyalardan: (Neisseria spp., P.multocida, H.ducreyi)
► Əksəriyyət anaerob bakteriyalara (aktnomisetlər, Peptostreptococcus spp., Clostridium spp.)
► Spiroxetlərə (Treponema, Borrelia, Leptospira)
İzoksazolilpenisillinlər (penisillinazostabil, antistafilokok penisillinlər) Bu qrupun əsas AMDV-si oksasillindir. Oksasillinin stafilokok β- laktamazasına qarşı davamlılığı əsas klinik əhəmiyyət kəsb edir. Bunun sayəsində oksasillin böyük əksəriyyət stafilokok ştamlarına (PRSA daxil olmaqla) – xəstəxanadan kənar infeksiyaların törədicilərinə qarşı yüksək aktiv olur. Aminopenisillinlər və inhibitordan müdafiə olunmuş aminopenisillinlər Aminopenisillinlər bütün β-laktamazalarla hidrolizə uğrayırlar. Aşağıdakılara qarşı aktivdirlər: ► Enterobabacteriaceae -E. coli, Shigella spp., Salmonela spp. və P. Mirabilis (Şigellalara qarşı aktivliyinə görə ampisillin bir qədər amoksisillindən üstündür). ► Haemophilus spp. ► H.pylori. Qrammüsbət bakteriyalar və anaeroblara qarşı aktivlik spektri və səviyyəsinə görə aminopenisillinlər təbii penisillinlərlə müqayisə edilə bilər. Lakin listeriyalar aminopenisillinlərə daha həssasdırlar.
İnhibitordan müdafiə olunmuş aminopenisillinlərin antimikrob spektri (amoksisillin/klavulanat, ampisillin/sulbaktam): ► Qrammənfi bakteriyalar: Klebsiella spp., P. vulgaris, C.diversus ► B.fragilis qrupundan olan anaeroblar ► β-laktamazanın hasil edilməsi ilə əlaqədar qazanılmış rezistentliyi olan mikroflora: stafilokoklar, qonokoklar, M.catarrhalis, Haemophilus spp., E. coli, P. mirabilis.
Karboksipenisillinlər və inhibitordan müdafiə olunmuş karboksipenisillinlər Qrammüsbət bakteriyalara qarşı karbenisillinin və tikarsillinin təsir spektri ümumiyyətlə digər penisillinlərə uyğun gəlir, lakin aktivlik səviyyəsi aşağıdır. Karboksipenisillinlərin effektivliyi bir çox bakteriyaların müxtəlif β-laktamazalar hasil edə bilməsi nəticəsində məhdudlaşır. Aşağıdakılara qarşı aktivdir: ► Enterobabacteriaceae (Klebsiella spp., P. vulgaris, C.diversus müstəsna olmaqla), ► P.aeruginosa və digər ferment hasil etməyən mikroorqanizmlər. Ureidopenisillinlər və inhibitordan müdafiə olunmuş ureidopenisillinlər ► Qrammüsbət bakteriyalar: karboksipenisillinlərdən əhəmiyyətli dərəcədə üstündürlər və aminopenisillinlər və təbii penisillinlərə yaxınlaşırlar ► Qrammənfi bakteriyalar: Enterobabacteriaceae ailəsinə, P.aeruginosa, digər psevdomonad və ferment hasil etməyən mikroorqanizmlərə (S.maltophilia) qarşı yüksək aktivlik. Lakin ureidopenisillinlərin müstəqil klinik əhəmiyyəti kifayət qədər məhduddur, hansı ki, onların həm stafilokokların, həm də qrammənfi bakteriyaların böyük əksəriyyət β-laktamazalarının təsirinə labilliyi ilə izah olunur. İnhibitordan müdafiə olunmuş ureidopenisillinlər (piperasillin/tazobaktam): bütün penisillinlər arasında daha geniş spektrdə (anaeroblar daxil olmaqla) və yüksək səviyyədə antibakterial aktivliyə malikdir. Buna baxmayaraq, digər inhibitordan müdafiə olunmuş penisillinlərdə olduğu kimi C sinfindən olan β- laktamazalar hasil edən ştamlar piperasillin/tazobaktama davamlıdırlar.
Ehtiyat tələb edən hallar
► Allergiya: Penisillin qrupunun bütün AMDV-ə çarpazdır. Sefalosporinlərə allergiyası olan bəzi pasiyentlərdə penisillinlərə də allergiya qeyd edilə bilər. Allerqoloji anamnezi nəzərə almaq, şübhəli hallarda dəri sınaqları aparmaq lazımdır. Prokainə (novokainə) allergiyası olan pasiyentlərə benzilpenisillin prokain təyin etmək olmaz. ► Hamiləlik: Penisillinlər, inhibitordan müdafiə olunmuşlar daxil olmaqla hamilə qadınlarda istifadə edilirlər. ► Döşlə əmizdirmə: Baxmayaraq ki, penisillinlər ana südündə yüksək konsentrasiya yaratmırlar, südverən qadınlara onların tətbiqi yenidoğulmuşun sensibilizasiyasına, onlarda səpginin meydana gəlməsinə, kandidoz və diareyanın inkişaf etməsinə gətirib çıxara bilər. ► Pediatriya: Yenidoğulmuşlarda və erkən yaşlı uşaqlarda penisillinlərin, böyrəklərin ekskresiya sisteminin yetkin olmaması ilə əlaqədar olaraq kumulyasiyası mümkündür. Qıcolmaların əmələ gəlməsi ilə neyrotoksik təsir riskinin atması qeyd edilir. Oksasillini istifadə etdikdə tranzitor hematuriya müşahidə oluna bilər. Piperasillin/tazobaktam 12 yaşa qədər uşaqlara tətbiq edilmir. ► Heriatriya: Yaşlı adamlarda böyrəklərin funksiyasının yaş dəyişiklikləri ilə əlaqədar olaraq, penisillinlərin dozalanma rejiminin korreksiyası gərək ola bilər. ► Böyrəklərin funksiyasının pozğunluğu: Bir halda ki, penisillinlər başlıca olaraq, dəyişilməmiş halda böyrəklərlə ekskresiya olunurlar, böyrək çatışmazlığı zamanı dozalanma rejimini korreksiya etmək lazımdır. ► Qanın laxtalanmasının patologiyası: Trombositlərin aqreqasiyasını pozan karbenisillinin istifadəsi zamanı qanaxma riski arta bilər. Bu daha az dərəcədə ureidopenisillinlər üçün səciyyəvidir. ► Stomatologiya: Penisillinlərin, xüsusilə genişlənmiş spektrli və inhibitordan müdafiə olunmuşların uzun müddət tətbiqi ağız boşluğunun kandidozunun inkişaf etməsinə gətirib çıxara bilər. ► Uzun müddət müalicə zamanı kandidoz və disbakterioz təzahürləri meydana gələ bilər.
Göstərişlər
Təbii penisillinlər Hal-hazırda təbii penisillinləri yalnız məlum etiologiyalı infeksiyaların empirik terapiyası üçün istifadə etmək məqsədəuyğundur. İnfeksiyanın xüsusiyyətindən və gedişinin ağırlığından asılı olaraq təbii penisillinlərin parenteral (adi və ya təsir müddəti uzadılmış) və ya peroral dərman formalarının tətbiqi mümkündür.
► S.pyogenes ilə törədilən infeksiyalar və onların nəticələri:
- Tonzillofaringit;
- Skarlatina;
- Qızılyel;
- Revmatizmin ilboyu davam edən profilaktikası.
► S.pneumoniae ilə törədilən infeksiyalar:
- Xəstəxanadan kənar pnevmoniya;
- Meningit;
- Sepsis;
- Splenektomiyadan sonra pnevmokok infeksiyalarının profilaktikası.
► Digər streptokoklar ilə törədilən infeksiyalar:
- İnfeksion endokardit (gentamisin və ya streptomisinlə birgə)
► Meninqokok infeksiyaları (meningit, meninqokoksemiya); ► Sifilis; ► Leptospiroz; ► Gənə borreliozu (Laym xəstəliyi); ► Qazlı qanqrena; ► Aktinomikoz. Təsir müddəti uzadılmış penisillinlər: ► Tonzillofaringit; ► Sifilis (neyrosifilisdən başqa); ► Qızılyelin, skarlatinanın və revmatizmin profilaktikası.
Fenoksimetilpenisillin yüngül və orta ağırlıqda olan streptokok infeksiyalarının (tonzillofaringit, qızılyel) müalicəsində tətbiq olunur. Penisillinə qarşı qonokokların davamlılığının artması ilə əlaqədar olaraq onun qonoreyanın müalicəsində empirik tətbiqi məqsədəuyğun deyil.
Oksasillin ► Müxtəlif lokalizasiyalı stafilokok infeksiyaları (oksasillinə həssaslıq təsdiq edildikdə və ya metisillinorezistentliyin yayılmasına cüzi risk olduqda) ► Dərinin, yumşaq toxumaların, sümüklərin və oynaqların infeksiyaları ► Pnevmoniya ► İnfeksion endokardit ► Meningit ► Sepsis
Əks göstərişlər
► Penisillinlərə qarşı allergik reaksiya. Bezilpenisillin prokain həmçinin prokainə (novokainə) allergiyası olan pasiyentlərə də əks göstərişdir. İnsanların təqribən 10%-i pensilinə alergiyası olduğunu deyir. Buna baxmayaraq belə insanların 90%-i əslində pensilinə alergiyası olmayada bilər. Pensilinə ciddi alergiyalar 0.03 ehtimalla müşahidə olunur. Yəni hər 100 adamdan sadəcə 3-də belə hal qeydə alınır.
Pasiyent üçün məlumat
Penisillinləri daxilə kifayət qədər su içməklə qəbul etmək lazımdır. Ampisillin və oksasillini yeməkdən 1 saat əvvəl (ya da yeməkdən 2 saat sonra), fenoksimetilpenisillini, amoksisillini və amoksisillin/klavulanatı qida qəbulundan asılı olmayaraq qəbul etmək lazımdır. Dozanı ötürdükdə onu imkan daxilində tez qəbul etmək; təxminən digər dozanın atma vaxtı çatdıqda qəbul etməmək; dozanı artırmamaq. Terapiyanın davametmə müddətinə və rejiminə, xüsusilə streptokok infeksiyaları zamanı riayət etmək. Bir neçə gün ərzində yaxşılaşma olmadıqda və yeni əlamətlər meydana gəldikdə həkimlə məsləhətləşmək lazımdır. Səpgi, övrə və ya allergik reaksiyanın digər əlamətləri meydana gəldikdə DV-nin qəbulunu dayandırmaq və həkimə müraciət etmək lazımdır.[1]
Istinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.