From Wikipedia, the free encyclopedia
Orxan Kamal (türk. Orhan Kemal, 15 sentyabr 1914[1], Ceyhan, Adana ili[2] – 2 iyun 1970[2][1], Sofiya[2]) — türk yazıçısı və dramaturqu. Əsl adı Mehmet Reşid Öyüdçü olan Orxan Kamal türk ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. O, roman, hekayə, pyes, şeir kimi fərqli janrlarda bir çox əsərə imza atsa da daha çox romançı kimi tanınmışdır. İlk hekayələr kitabı “Çörək davası” (1949) və “Kiçik adamın qeydləri” sərlövhəsi altında nəşr etdirdiyi avtobioqrafik səpkili silsilə romanlarla məşhurluq qazanmışdır. Ədəbi həyatının ən qaynar dövrü 1960-cı illərə təsadüf edir. Adanada torpaq və fabrik işçilərinin dünyasını, İstanbuldakı məhəllələri, fabrik çevrələrini əsərlərində əks etdirmişdir. “Murtuz”, “Xanımın ciftliyi” , “72-ci hissə” adlı əsərləri müəllifin yaradıcılığının şedevri hesab olunur. Adana futbol klubunda futbol oynamışdır. Qolçu Rəşid adı ilə tanınmışdır.
Orxan Kamal | |
---|---|
türk. Orhan Kemal | |
Doğum adı | Mehmet Raşit Öğütçü |
Təxəllüsü | Orhan Kemal |
Doğum tarixi | 15 sentyabr 1914[1] |
Doğum yeri | |
Vəfat tarixi | 2 iyun 1970[2][1] (56 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | beyin qansızması[d] |
Dəfn yeri | |
Fəaliyyəti | ssenarist, yazıçı, şair |
Fəaliyyət illəri | 1949-cu ildən |
Əsərlərinin dili | türk dili |
Janr | roman |
Vikianbarda əlaqəli mediafayllar |
Orxan Kamal 15 sentyabr 1914-cü ildə Adananın Ceyhan qəzasında dünyaya gəlmişdir. Atası o zaman Çanaqqala cəbhəsində, Dardanosda topçu leytenantı olan advokat Abdulqədir Kamal Bəy, anası isə Rüşdiyyə məzunu, iki il məmləkətində ibtidai sinif müəllimliyi etmiş Adanalı Əzimə xanımdır. Uşaqlığının ilk illəri Adanada keçmişdir. Birinci Dünya müharibəsindən sonra Adananın Fransa tərəfindən işğal olunmasından sonra ailəsi ilə ilk öncə Niğdeyə, sonra Konyaya köçmüşdür. Konyada olduğu dövrdə Kuvayı-milliyə hərəkatına qarşı Dəlibaş üsyanının şahidi olmuşdur. Kuvayı-milliyə dəstəsinə qatılmış olan atası üsyanın yatırılmasından sonra TBMM-ə Kastamonu millət vəkili olaraq seçilmişdir. Ankaraya köçən ailəsi 1923-cü ildə təkrar Adanaya qayıtmışdır. Ceyhanda təsərrüfatla məşğul olmağa başlayan atası “Toksöz” qəzetini çıxartmışıdr. Takriri-sükun qanunu ilə bir çox qəzet kimi “Toksöz” də bağlanmış və Abdulqədir Kamal bəy 11 ay həbsdə yatmışdır. 1930-cu ildə Adanada Ahali-Cümhuriyyət firqəsini quran Abdulqədir bəy “Ahali” adlı qəzet yayınlamışdır.
Atasının aktiv siyasət həyatı içində olmasına baxmayaraq Orxan Kamal bu illərdə siyasətlə maraqlanmamışdır. Abdulqədir bəy Sərbəst Cümhuriyyət firqəsinin fəaliyyətinə xitam verməsindən sonra Suriyaya qaçmışıdr. 1931-ci ildə bütün ailə Beyrutda yaşamağa başlamışdır.
Orxan Kamal Suriyada olan atasının yanına gedəndə orta təhsilini öz istəyilə yarıda qoymuş və Beyrutda qabyuyan və mətbəə işində çalışmışıdr. Bir il sonra təkbaşına Türkiyəyə dönərək ata nənəsinin himayəsinə sığınmışdır. Adanada kombayn fabriklərində işçilik və katiblik etmişdir. Bu illərdə üzləşdiyi hadisələr gələcəkdə “Ata evi”, “Avara illər” romanlarının yaranmasına səbəb olmuşdur. 1937-ci ildə pambıq kombaynı fabrikində işçi kimi çalışan Nuriyə xanımla evlənmişdir. Bir il sonra ilk övladı Ulduz dünyaya gəlmişdir. Həbsxana illəri və ilk hekayələri 1938-ci ildə əsgərlik çəkmək üçün Niğdeyə getmışdir. Hərbi xidmətdə olarkən “Maksim Qorki və Nazim Hikmətin kitablarını oxumaq”, “yad rejimlər lehində təbliğat və üsyana təşviq” cinayətindən dolayı 5 il həbs cəzasına məhkum edilmış və Kayseri həbsxanasına göndərilmişdir. İlk şeirini Kayseri həbsxanasında yazmışıdr. “Divarlar” adlı şeiri “Yeddigün” dərgisində Rəşad Kamal imzası ilə çıxmışdır.
Atası Abdulqədir Kamal bəy səkkiz illik sürgündən sonra 1939-cu ildə Adanaya dönmüşdür. Orxan Kamal atasının dəstəyilə öncə Adana həbsxanasına, onun Berqama Ağır cəza bölüyünə keçməsindən sonra Bursa həbsxanasına köçürülmüşdür. 1940-ci ildə Bursa həbsxanasında məşhur şair Nazim Hikmətlə tanış olmuş, onun sosial görüşlərindən təsirlənmişdir. Üç il yarım Nazim Hikmətlə otaq yoldaşı olan Orxan Kamal ondan fransız dili, fəlsəfə və siyasət dərsləri almışdır. Orxan Kamalı şeir yerinə roman və hekayə yazmağa təşviq edən də Nazim Hikmət olmuşdur. İlk qələm təcrübəsi “On səkkiz yaş” adlı romanını Nazim Hİkmətin köməyi ilə yazmışdır. Bir təcrübə olaraq yazdığı, lakin yayınlamadığı bu romanın ardınca hekayə yazmağa başlamışdır.
İlk hekayələrini “Bacaksız Orxan” təxəllüsü ilə yazmışdır. 1940-cı ildə “Yeni ədəbiyyat” dərgisində çıxan “Balıq” onun yayınlanan ilk hekayəsidir. İlk dəfə 1943-cü ildə “İkdam” qəzetində dərc olunan “Asma çubuğu” adlı hekayəsində Orxan Kamal təxəllüsünü işlətmişdir. Rumın yazıçısı Panait İstrati və rus yazıçısı Maksim Qorkinin hekayələrindən təsirlənmişdir. Orxan Kamal həyatdan alınmış adi mövzuları səmimi bir dillə qələmə almışdır.
1943-cü ildə həbsdən çıxdıqdan sonra Adanaya dönmüşdür. Adananın Karataş ilçəsində torpaq daşıma işində fəhləlik, Türkiyə Cümhuriyyəti Dövlət Dəmiryollarında hamballıq etmişdir. 1944-cü ildə anadan olan oğluna Nazim adını qoymuşdur. Həbs olunduğu üçün tamamlaya bilmədiyi 35 günlük əsgərlik xidmətini başa vurmaq üçün 1945-ci ilin yayında hərbiyə çağırılmışdır. Əsgərlikdən gələndən sonra tərəvəz daşımaqla məşğul olmuş, Vərəm Savaş Cəmiyyətində məmurluq etmiş, ancaq maddi tələbətaını ödəyə bilmədiyindən bu işlərdən uzaqlaşmışdır. Bu illərdə hekayə yazmağa davam edən və ədəbiyyat dərgilərində əsərləri çap olunan Orxan Kamal oxucular tərəfindən bəyənilən, tanınmış bir yazar kimi tanınmışdır. 1945-ci ildə bir ədəbiyyat dərgisinin keçirdiyi anket sorğusunda oxucular tərəfindən ən bəyənilən hekayəçi seçilmişdir. İlk hekayə kitabı “Duyğu” 1948-ci ildə, ilk romanı “Ata evi” 1949-cu ildə çap olunmuşdur.
1949-cu ildə atası vəfat etmiş və həmin ildə doğulan övladına atasının adını qoymuşdur. Bu dönəmdə ailəsi ilə birlikdə İstanbula köçmüş, həyatının sonrakı illərində dolanışığını kitab, məqalə, film ssenarisi yazaraq təmin etmişdir. 1952-ci ildə yayınladığı “Murtuz” və “Cəmilə” romanları ilə yazıçı kimi şöhrətlənmişdir.
1954-cü ildə “Bərəkətli torpaqlar üzərində” romanı ilə torpaqsız becərmə işçilərinin dramını ədəbiyyat dünyasına gətirmişdir. Eyni ildə “72-ci hissə” əsərini yazmağa başlamışıdr. 1957-ci ildə dördüncü övladı İşıq doğulmuşdur. 1958-ci ildə “Qardaş payı” əsəri ilə Səid Faiq hekayə ərmağanını almışdır. Film üçün senarilər yazsa da çoxu senzuradan geri dönmüşdür. O senariləri “İlhan F. Dəmir”, “Yıldız Okur” imzalarıyla qələmə almışdır.1964-cü ildə “Dövlət quşu” romanı əsasında hazırlanan “Alacəhrələr” tamaşası ilk dəfə teatra addım atmışdır. İstanbul şəhər teatrlarında səhnələşdirilən pyes iki ay yarımdan sonra bilinməyən bir səbəblə səhnədən qaldırılmışdır. 1965-ci ildə “Nazim Hikmətlə üç il” adlı xatirə kitabını nəşr etdirmişdir. Eyni il yayınlanan “Bir Filiz vardı” əsəri ilə avtobioqrafik romana qayıtmışdır. Burada 1960-cı ildə tanış olub duyğusal bir münasibətə girdiyi, ancaq əlaqələrinin aşkara çıxmağından qısa bir müddət sonra ayrılmaq məcburiyyətində qaldığı son eşqini qələmə almışdır.
1966-cı ildə “hücrə çalışması və komunizm təbliğatı” etdikləri ittihamıyla iki dostu ilə birlikdə həbs olunmuşdur. “Cinayət hesab olunan bir cəhət tapılmadığı” haqqında sənədlə bir ay sonra azadlığa çıxmışdır. Bəzi romanlarını pyes olaraq təkrarən qələmə alan yazar 1967-ci ildə “72-ci hissə” romanını dramlaşdırmışdır. Əsər Ankara sənət teatrı tərəfindən səhnələşdirilmişdir. Orxan Kamal bu pyesi ilə Ankara sənətsevərlər dərnəyi tərəfindən ən yaxşı pyes yazarı seçilmişdir. 1969-cu ildə “Türk Dil Qurumu mükafatı”nı və “Səid Faiq hekayə mükafatı”nı “Öncə çörək” adlı kitabı ilə almışdır. Bolqar Yazarlar Birliyinin dəvətilə 1970-ci ildə Sofiyaya getmişdir. Bu səfərdən əsil məqsədi ata nənəsinin nəslinin olduğu yerləri gəzib qeydlər aparmaq və “93- dən bu yana” adıyla ailəsinin hekayəsini yazmaq olmuşdur.
Lakin bu istəyini gerçəkləşdirə bilməmişdir. Keçirdiyi beyin qanaması səbəbilə müalicə aldığı xəstəxanada 2 iyun 1970-ci ildə vəfat etmişdir. Nəşi xüsusi bir maşın karvanı ilə birlikdə 5 iyun 1970-ci ildə vətənə gətirilmişdir. İstanbuldakı Zincirlikuyu məzarlığında dəfn olunmuşdur. Xatirəsini yaşatmaq üçün İstanbulun Bəyoğlu bölgəsində, Cahangir səmtində Orxan Kamal Muzeyi açılmışdır. 1972-ci ildən bəri adına bir roman yarışması (Orhan Kemal Roman Armağanı) düzənlənməkdədir. Həmçinin İstanbulun Fateh məhəlləsində Ordu küçəsində adına bir kitabxana (Orhan Kemal İl Halk Kütüphanesi) verilmişdir.
Orxan Kamal yoxsul təbəqələrin – fəhlələrin, tələbələrin, fahişə qadınların həyatından bəhs edən hekayə və romanlar yazmış, insan və cəmiyyət münasibətlərini təbii bir dillə əks etdirmişdir. 27 roman, 19-u hekayə kitabı ilə yanaşı, dram əsərləri, memuar, ədəbi tənqidi və publisistik yazılar qələmə almışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.