Norveç Avroviziya Mahnı Müsabiqəsində
From Wikipedia, the free encyclopedia
Norveç Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1960-cı ildə qoşulmuş və ümumilikdə 58 dəfə müsabiqədə iştirak etmişdir. Avroviziya qatılmasından sonra ölkə yalnız iki dəfə müsabiqədə iştirak etməmişdir. 1970-ci ildə müsabiqənin qaydalarına etiraz olaraq ölkə iştirakdan imtina etmiş, 2002-ci ildə isə bir neçə il ard-arda göstərdiyi zəif nəticələr səbəbindən Avropa Yayım İttifaqı tərəfindən müsabiqədən kənarlaşdırılmış və növbəti il yenidən geri dönmüşdür. Norveç üç dəfə Avroviziyada qələbə qazanmışdır. Müsabiqəni ölkədə yeganə yayımlamaq hüququ olan NRK telekanalı Norveçin Avroviziya təmsilçilərini telekanalın təşkil etdiyi Melodi Grand Prix mahnı festivalı vasitəsilə seçir.
Üç dəfə Avroviziyada qalibiyyət əldə edən Norveçin ilk qələbəsi 1985-ci ildə Bobbysocks qrupunun ifa etdiyi "La det swinge" mahnısı ilə qazanılmışdır. İkinci Avroviziya qalibiyyətini isə Norveçə Secret Garden qrupu norveç dilində səsləndirdikləri "Nocturne" mahnısı ilə qazandırmışdır. Norveç müsabiqədə üçüncü dəfə 2009-cu ildə Aleksandr Rıbakın ifa etdiyi "Fairytale" mahnısı ilə qələbə qazanmışdır. 2009-cu ildə Norveçin müsabiqədə topladığı 387 xal Avroviziyanın 1975-2015-ci illərdəki səsvermə metoduna görə rekord saydır.
Norveç eyni zamanda dörd dəfə müsabiqəni 0 xalla başa vurmaqla və həmçinin, 11 dəfə müsabiqədə sonuncu yeri tutmaqla özünə məxsus antirekordlara da malikdir. İndiyədək Norveç üç dəfə Avroviziyaya ev sahibliyi etmişdir; bunlardan ikisi paytaxt Osloda və biri isə Bergen şəhərində keçirilmişdir.